Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Human Rights Watch” təşkilatının hesabatı qərəzlidir

“Human Rights Watch” təşkilatının hesabatı qərəzlidir

16.05.2014 [10:15]

Xəbər verildiyi kimi, bir neçə gün öncə “Human Rights Watch” qeyri-hökumət təşkilatı Azərbaycanla bağlı hesabat açıqlayıb. Hesabatda ənənəvi olaraq Azərbaycana qarşı qeyri-obyektiv münasibət ifadə olunub.
Hesabata münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, “Human Rights Watch” Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatıdır.
S.Fətəliyeva qeyd edib ki, bu təşkilat Azərbaycanda gedən proseslərə obyektiv münasibət bildirmir. Onun sözlərinə görə, “Human Rights Watch” ölkəmiz haqqında məlumatları ayrı-ayrı “hüquq müdafiəçilərindən” və müxalifət partiyalarından alır. “Digər tərəfdən, təşkilat ölkəmizin inkişafını, müstəqil siyasət yürütməsini istəməyən qüvvələrin tribunasına çevrilib. Bu mənada “Human Rights Watch” təşkilatının son hesabatı da məhz bu amillərlə bağlıdır”, - deyə komitənin sədr müavini vurğulayıb.
S.Fətəliyeva bildirib ki, “Human Rights Watch”un sonuncu hesabatı da bu təşkilatın nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. Onun sözlərinə görə, “Human Rights Watch”un reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir: “Ümumiyyətlə, təşkilatın ayrı-ayrı dövlətlərdə baş verənlərə verdiyi “qiymət” onun ikili standartdan çıxış etdiyini göstərir. Təkcə Ermənistanla Azərbaycana münasibətdə sərgilənən mövqe “Human Rights Watch”un öz fəaliyyətində demokratik prinsipləri və meyarları deyil, konkret sifariş və maraqları əsas tutduğunu ortaya qoyur. Bu təşkilat, konkret qüvvələrin tapşırıqlarını icra edir”.
Belə hesabatların təəssüf doğurduğunu deyən millət vəkilinin fikrincə, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə yanaşı, ölkəmizdə demokratiya sahəsində də ciddi irəliləyişlər əldə edilib. “Azərbaycanın beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, mövqeyi xeyli güclənib. Ölkəmiz Cənubi Qafqaz regionunda liderdir. Təbii ki, bu nəticələr uğurlu, düzgün siyasətin, iqtisadi, siyasi və hüquqi islahatların həyata keçirilməsi sayəsində əldə olunub. Azərbaycanın demokratik inkişaf və insan hüquqlarının qorunması sahəsində qazandığı nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də qiymətləndirilir. Eləcə də, ölkəmiz mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə fəal əməkdaşlıq edir, öhdəliklərini məsuliyyətlə yerinə yetirilir. Belə olan halda, “Human Rights Watch” təşkilatının ölkəmizə qarşı tənqidlərinin heç bir əsası yoxdur”, - deyə komitə sədrinin müavini vurğulayıb.
“Bəzi xarici təşkilatlar hesabatlarında açıqladığı məqamları, faktları kifayət qədər araşdırmadan, ümumiləşdirmə aparmadan ifadə edirlər. Belə olan halda isə qeyri-obyektivlik qaçılmaz olur”. Bu fikri isə “Demokratiya və İnsan Hüquqları Komitəsi” Qeyri-Hökumət Təşkilatının sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, “Human Rights Watch”un Azərbaycanla bağlı son hesabatı ədalətsizlikdir. Çünki Azərbaycanda demokratik azadlıqlar, o cümlədən, mətbuat azadlığı var. Onun sözlərinə görə, mətbuat çəkinmədən, müəyyən hədləri aşaraq istənilən şəxslər haqqında həqiqətə uyğun olan və ya olmayan müəyyən məqamları səhifələrində çap etdirsə də, onlara qarşı heç bir tədbir görülmür.
“Human Rights Watch” kimi təşkilatlar hər zaman yerləşdiyi və ya təsir dairəsində olduğu ölkənin maraqlarına xidmət edən açıqlamalarla çıxış edirlər. “Human Rights Watch”un Azərbaycanla bağlı yaydığı son hesabat da müəyyən təsirlər altında verilib. Bəzi ölkələr var ki, Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmirlər. Bu baxımdan da onlar hər zaman Azərbaycana təzyiq etməklə təsir altında saxlamağa cəhd edirlər. Hesabatdakıların hamısı həmişə olduğu kimi Azərbaycana qarşı olan mövqelərinin tərkib hissəsidir. Düşünürəm ki, ümumiyyətlə, bu cür hesabatlara əhəmiyyət vermək lazım deyil”, - deyə Ç.Qənizadə qeyd edib.
“Lider” televiziyasının aparıcısı Mətanət Agamirli də bildirib ki, əslində, “Human Rights Watch” təşkilatının qərəzli mövqeyi cəmiyyətimizdə hər kəsə bəllidir. Bu baxımdan təşkilatın növbəti hesabatı heç də təəccüb doğurmur. Çünki bu təşkilat Azərbaycana qarşı qərəzli mövqeyi ilə hər zaman seçilib. Onun sözlərinə görə, artıq 20 ilə yaxındır ki, “Human Rights Watch”un hesabatında ancaq Azərbaycan əleyhinə çıxışlar, tənqidlər oxuyuruq: “Əslində, son 20 ildə Azərbaycanda gedən prosesləri, baş verən dəyişiklikləri, inkişafı görməzdən gəlmək nə qədər qərəzli olduqlarını təsdiqləyən faktlardan sadəcə biridir. Təbii ki, Azərbaycan demokratik dəyərlərə söykənən hüquqi bir dövlətdir. Eyni zamanda, ölkəmiz regionda bütün parametrlər üzrə lider dövlət rolunda çıxış edir, gündən-günə qüdrətlənən, möhkəmlənən Azərbaycanın inkişafına anti-azərbaycançı qüvvələr sevinməyə bilərlər. Bu baxımdan hesab edirəm ki, maraqlı qüvvələrin əlində alətə çevrilən bəzi təşkilatların hesabatlarında Azərbaycan haqqında əks olunan obyektivlikdən kənar, böhtan dolu, qərəzli münasibətlərin, fikirlərin qətiyyən əsası yoxdur. Əslində, hər kəsə bəllidir ki, Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir. Ölkədə azərbaycançılıq, dövlətçilik, demokratiya, ədalətlilik, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən siyasət həyata keçirilir. Və bu siyasətdən Azərbaycanın hər bir vətəndaşına pay düşür, hər bir vətəndaşın azad, sərbəst yaşamaq hüquqlarını, həmçinin, söz azadlığını təmin edir. Qeyd etdiyim kimi, sevindiricidir ki, Azərbaycanımız dünya birliyində özünə layiq yerdə təmsil olunmaqla yanaşı regionda siyasi, iqtisadi və strateji proseslərə təsir göstərməyə qadir ölkədir. Xüsusilə son illərdə ölkəmizin beynəlxalq arenada güclənən nüfuzu Azərbaycan dövlətinin nə qədər uğurlu xarici və daxili siyasət yürütdüyünün təzahürüdür. Sadəcə, təəssüfedici haldır ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycana ikili standartlarla yanaşmaqda davam edir və ədalətsiz mövqe sərgiləyirlər”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 706 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31