Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçirilir

Bakıda Azərbaycan Gənclərinin VII Forumu keçirilir

03.06.2014 [09:22]

İyunun 2-də Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VII Forumunun rəsmi açılışı olub.
AzərTAc xəbər verir ki, 2 minədək gəncin bir araya gəldiyi Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, tələbə gənclər təşkilatlarının sədrləri, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.
Forum iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət edən Forum iştirakçıları onların məzarları üzərinə güllər qoyublar.
Heydər Əliyev Sarayında keçirilən tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Foruma hazırlıq məqsədilə bütün rayon və şəhərlərdə gənclərin konfransları keçirilib. Konfranslarda VI Forumdan keçən dövr ərzində görülən işlərə nəzər salınıb, qarşıda duran vəzifələr müzakirə olunub. Bununla yanaşı, Foruma 1783 nümayəndə seçilib. Hazırda onlardan 1739-u tədbirdə iştirak edir. O, iştirakçılarını sayını əsas götürərək Forumun səlahiyyətli olduğunu bildirib.
Qeyd edilib ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilib. 1997-ci il fevralın 1-də Forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Ulu öndər Heydər Əliyev ilk Forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında Fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində layiqli yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin Forumun iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra əvvəlki forumlardan bəri gənclərlə bağlı görülən işlərə dair hesabat xarakterli sənədli film nümayiş etdirilib.
Gənclər və idman naziri Azad Rəhimov ötən Forumdan bu günədək görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.
Vurğulanıb ki, ilk dəfə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu ali toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirib, Ümummilli liderin birinci Forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilib. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində müstəqillik illərində mühüm addımlar atılıb, böyük uğurlar qazanılıb.
Məruzədə gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə, eləcə də dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsinin dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğu diqqətə çatdırılıb.
Nazir məlumat verib ki, XXI əsr bütün hadisələrin, prioritetlərin və beynəlxalq vəziyyətin böyük sürətlə dəyişməsi ilə seçilir. Lakin hazırda Prezident İlham Əliyev tərəfindən aparılan gənclər siyasəti bu çağırışlara adekvat və qabaqlayıcı cavab verir. Hazırda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. Təkcə onu demək kifayətdir ki, 2012-2013-cü illərdə Dövlət Proqramının müvafiq bəndlərini icra etmək üçün 5 qrant müsabiqəsi elan edilib, ümumi büdcəsi 11 257 124 manat təşkil edən 327 layihə maliyyələşdirilib. Azərbaycan hökuməti Dövlət Proqramının həyata keçirilməsi üçün 80 milyon vəsait ayırıb.
Azad Rəhimov deyib ki, VI Forumdan ötən 31 ay ərzində gənclər siyasətinin müxtəlif sahələrini əhatə edən 343 tədbir keçirilib, onlardan 254-ü ölkə səviyyəli, 89-u beynəlxalq tədbir olub. Bu tədbirlərdə hər il orta hesabla 200 mindən artıq gənc iştirak edib. Bu müddətdə 6 mindən çox gənc isə beynəlxalq mübadilənin iştirakçısı olub.
Nazir bildirib ki, ötən il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, hər biri 10 min manat olmaqla 6 mükafat elm, təhsil, mədəniyyət və ictimai fəaliyyət sahəsində xüsusi nailiyyətləri olan ilk laureatlara təqdim edilib. Bundan əlavə, Bakıda Gənc Alimlərin Beynəlxalq Forumu keçirilib. Bu beynəlxalq tədbirdə 95 ölkədən 400-dək gənc alim və doktorant iştirak edib.
Azad Rəhimov onu da deyib ki, nazirlik tərəfindən 2006-2014-cü illərdə təşkil edilən “Məzun yarmarkaları”na 5 minə yaxın vakant iş yeri çıxarılıb, gənclərdən 1500 nəfəri daimi, 500 nəfəri isə mövsümi və ödənişli staj işlərinə cəlb olunub. Tələbələrə sosial dəstək məqsədilə Dövlət Proqramında nəzərdə tutulan “Azərbaycanın tələbə kartı” hazırlanıb və təmənnasız paylanılıb. Eyni zamanda, ötən dövrdə Dövlət Proqramının icrası nəticəsində gənclər siyasətinin normativ-hüquqi bazası təkmilləşdirilib. 2011-ci ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Gənclər Fondu təsis edilib. Fondun gənclərin ictimai təşəbbüslərinin artırılması sahəsində xüsusi rolu olub. Qısa müddətdə Gənclər Fondunda qrant müsabiqələrinin keçirilməsi üçün aydın, şəffaf, operativ idarəetmə və qiymətləndirmə sistemi yaradılıb.
Nazir çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə gəncləri haqqında dediyi bu sözlərlə tamamlayıb: “Müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyasının bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində öz həllini tapacaqdır”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. O, müstəqil Azərbaycan gənclərinin Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ilk Forumundan 18 il keçdiyini, Ulu öndərin daim gənclərin himayədarı olduğunu diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Ümummilli lider Heydər Əliyevin sağlam düşüncəli yeni nəslin formalaşmasında xidmətlərini xatırladıb, gəncliyimizin bu gün də Ulu öndərin xatirəsini minnətdarlıq hissi ilə yad etdiyini vurğulayıb.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Azərbaycanda dövlət tərəfindən gənclərə həmişə diqqət və qayğı göstərildiyini bildirib, ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə Naxçıvan gəncliyinin rolunu diqqətə çatdırıb. O, Azərbaycanın bütün şəhər və rayonlarından gəlmiş gənclərin bu tarixi tədbirdə böyük ümid, yeni baxış və maraqlı təşəbbüslərlə iştirak etdiklərini deyib. Bildirib ki, Forumda hökmran olan işgüzar və təşəbbüskar şərait daha müsbət nəticələrin əldə olunmasına imkan yaradacaq.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsini rəisi Raqif Abbasov çıxış edərək Forumun əhəmiyyətindən, eləcə də rəhbərlik etdikləri təşkilatların reallaşdırdıqları layihələrdən danışıblar.
Çıxış edənlər Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayıblar. Bildirilib ki, bu proqram dövlətimizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərimizin rolu qeyd edilib.
Sonra Forumun bölmə iclasları başlayıb. Bölmə iclaslarında gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi, gənclərin ictimai həyatda iştirakı və beynəlxalq əməkdaşlığı, müasir gənclərin təhsil və elmin inkişafında rolu, habelə gənclərin sahibkarlıq fəaliyyətlərinin inkişafı, yaradıcı gənclərə dəstək kimi mühüm məsələlər müzakirə olunub.
İyunun 3-də keçiriləcək yekun iclasında isə qətnamə və Forum iştirakçılarının Azərbaycan gənclərinə müraciəti qəbul ediləcək.

Paylaş:
Baxılıb: 870 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Gündəm

Sosial

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31