Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır

Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır

01.08.2014 [09:52]

Prezident İlham Əliyev: Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır
Məlum olduğu kimi, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın bütün sahələrdə hərtərəfli və dinamik inkişafını təmin edib. Məhz bu inkişafın nəticəsidir ki, hazırda beynəlxalq maliyyə-iqtisadi böhranının dünyanın ayrı-ayrı ölkələrində ciddi kataklizmlərlə müşayiət olunmasına baxmayaraq, respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Və Azərbaycan cari ilin ilk yarısını da inkişaf tempi ilə başa vurub. Belə ki, 2014-cü ilin 6 ayı ərzində Azərbaycan iqtisadiyyatında bütün parametrlər baxımından müsbət göstəricilər əldə olunub. İlin əvvəlindən bəri iqtisadiyyatımız 2,1 faiz artıb, həmçinin, makroiqtisadi sabitlik təmin edilib. Bəhs edilən müddətdə dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6 faiz yerinə yetirilib.
Sevindirici haldır ki, respublika iqtisadiyyatının dayanıqlılığının durmadan artması sosial məzmunlu infrastruktur layihələrinin daha intensiv yerinə yetirilməsində, insanların həyat səviyyəsinin yüksəlməsində öz əksini tapır.
Beləliklə, cari ilin birinci yarısında ölkə iqtisadiyyatının daha da genişlənməsi və müsbət dinamikanın qorunub saxlanılması paralel surətdə sosial sferada genişmiqyaslı islahatların həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Bu cəhətdən respublikamızda əhalinin pul gəlirlərinin getdikcə artmasını və həyat səviyyəsinin ilbəil yüksəlməsini xüsusi vurğulamaq gərəkdir. Yeri gəlmişkən, iyulun 10-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında dövlət başçısı ilin birinci yarısında respublikamızda əhalinin pul gəlirlərinin artaraq inflyasiyanı üstələməsindən məmnunluğunu ifadə edib və bu sahədə Azərbaycanın bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb: “Əhalinin pul gəlirləri isə 4,7 faiz artıb, yəni, inflyasiyanı 3 dəfə üstələyir. İstənilən ölkə üçün bu, ən arzu olunan balansdır”.
Təbii ki, ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı qarşıya daha geniş hədəflər qoyulub. Respublika iqtisadiyyatında müşahidə edilən müsbət dinamika Azərbaycanda insanların həyat şəraitini ilbəil yaxşılaşdırmağa imkan verir. Ölkə üzrə əməkhaqları, təqaüdlər, sosial müavinətlər getdikcə artırılır. Hazırda Azərbaycanda orta əməkhaqqı artaraq 440 manat və ya 560 dollar səviyyəsinə çatıb. Dövlət əhalinin pul gəlirlərinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ölkəmizdə keçmiş Sovet dönəmindən qalan əmanətlərin qısa müddətdə və MDB məkanında ən yüksək əmsalla əhaliyə qaytarılması bunun daha bir təsdiqidir.
Onu da deyək ki, Azərbaycanda əhalinin sosial müdafiəsi yalnız insanların pul gəlirlərinin davamlı olaraq artırılması ilə məhdudlaşmır. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında vurğuladığı kimi: “Eyni zamanda, əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir. Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır”.
Həqiqətən də, respublikamızda sosial sahədə dövlət siyasəti kompleks xarakter daşıyır, o cümlədən də müasir dövrün tələbləri ilə uzlaşan bir sıra institusional tədbirləri əhatə edir. Bu sırada qaçqın və məcburi köçkün soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, əlillərin sosial reabilitasiyası, şəhid ailələrinə qayğının artırılması, eləcə də sosial müavinətlərin ödənilməsində şəffaflığın təmin edilməsi kimi mühüm tədbirləri sadalamaq mümkündür. Cari ilin birinci yarısında Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi kampaniyası reallaşdırılıb. Dərin sosial əhəmiyyət daşıyan bu kampaniya çərçivəsində 2014-cü il fevralın 17-dən mayın 1-dək ölkənin bütün yaşayış məntəqələrini əhatə etməklə 245 xəstəxana, diaqnostika mərkəzi, dispanser və poliklinikada əhalinin tibbi müayinəsi təşkil edilib.
Bu müddətdə ölkə əhalisinin 65,6 faizi və ya 6 milyon 230 min nəfərdən çoxu tibbi müayinədən keçirilib, onlardan 545 mini ambulator müalicə alıb, təxminən 25 min nəfər stasionar müalicəyə cəlb edilib, 8 min nəfər isə Bakı şəhərində yerləşən müxtəlif tibb ocaqlarında müalicəyə göndərilib.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sözügedən iclasında vurğuladığı kimi, ölkəmizdə əhalinin sosial müdafiəsi istqamətində həyata keçirilən islahatlar əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Qarşıda isə daha genişmiqyaslı hədəflər durur. Dövlət başçısı həmin çıxışında ölkəmizin sosial sahədə siyasətinin hədəflərini açıqlayaraq bildirib: “Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır. Buna nail olmaq üçün, hesab edirəm ki, bütün imkanlarımız vardır”.
Sosial infrastruktur layihələri icra edilir
Heç şübhəsiz, ötən müddət ərzində əldə edilən dinamik iqtisadi inkişaf nəticəsində Azərbaycanın maliyyə imkanları da kifayət qədər genişlənib. Əgər bir vaxtlar respublikada, hətta təqaüdlərin, müavinətlərin ödənilməsinə belə maliyyə vəsaiti tapılmırdısa, hazırda Azərbaycan beynəlxalq miqyasda sərmayələr ixrac edən bir ölkəyə çevrilib. Elə Nazirlər Kabinetinin məlum iclasındakı çıxışında da Prezident İlham Əliyev məhz ölkəmizdə sosial məzmunlu infrastruktur layihələrini reallaşdırmaq üçün geniş maliyyə imkanları olduğunu bir daha vurğulayaraq deyib: “Bizim 54 milyarddan çox valyuta ehtiyatlarımız vardır. Bu da bizə inam, əminlik verir, imkan verir ki, bundan sonra da böyük infrastruktur və sosial layihələrimizi icra edək”.
Eyni zamanda, cari ilin ilk yarısında da ölkə miqyasında sosial infrastruktur layihələrinin icrası uğurla davam etdirilib. Belə ki, 2014-cü ilin 6 ayı ərzində regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilib və yaxud əsaslı təmir olunub. Hazırda 300-dən çox sosial təyinatlı obyektin təmir-tikintisi davam etdirilir.
Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı çərçivəsində isə, ötən 6 ayda 10 təhsil, 8 gənclər və idman obyektində təmir-tikinti işləri yekunlaşdırılıb. Hazırda 100-ə yaxın təhsil, səhiyyə, mədəniyyət və digər sosial təyinatlı obyektdə işlər intensiv surətdə davam etdirilir.
Vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında, həmçinin, infrastruktur layihələrinin 2018-ci ilədək başa çatdırılmasının bir vəzifə kimi qarşıda durduğunu diqqətə çatdırıb: “Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaqdır”.
Yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır
Kimsəyə sirr deyil ki, əhalinin məşğulluğu probleminin aradan qaldırılması ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycan insan inkişafı göstəricisinə görə dünyada öncül mövqedə qərarlaşıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Respublikanın regionlarında hər bölgənin ənənələri, əmək ehtiyatları nəzərə alınmaqla yeni iş yerlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki Dövlət Proqramının uğurla reallaşdırılması nəticəsində respublikamızda təxminən 1milyon 300 min yeni iş yeri açılıb ki, onların da təqribən 1 milyonu daimi iş yeridir. Cari ildə isə sayca üçüncü regional inkişaf proqramı qəbul edilib və bu proqramın icrası nəticəsində ilin əvvəlindən bəri 65 min yeni iş yeri açılıb. Qeyd edək ki, ilin birinci yarısında yaradılan iş yerlərinin təxminən 52 mini daimi iş yeridir. Son bir il ərzində ölkədə iqtisadi fəal əhalinin sayı 1,5 faiz artaraq 2014-cü ilin birinci yarısında 4 milyon 794 min nəfərə, məşğul əhalinin sayı isə 1,7 faiz artaraq 4 milyon 556 min nəfərə çatıb. Cari ildə üçüncü regional inkişaf proqramı qəbul edilib. Burada da ölkə miqyasında yeni iş yerlərinin yaradılması ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Haqqında bəhs olunan regional inkişaf proqramının icrası nəticəsində cari ilin altı ayında 65 min yeni iş yeri açılıb ki, onlardan da 52 mini daimi iş yeridir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasındakı çıxışında, həmçinin, ölkəmizdə işsizliyin böyük dərəcədə aradan qaldırıldığından, eyni zamanda, ölkədə əhalinin say tərkibinin artmasından məmnunluğunu ifadə etməklə yanaşı, həm də vurğulayıb ki, yeni iş yerlərinin yaradılmasına bundan sonra da ciddi diqqət yetirilməlidir: “İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 703 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31