Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sürətlə modernləşən Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir

Sürətlə modernləşən Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir

09.12.2014 [10:07]

Prezident İlham Əliyev: İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir
Ötən ay Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransı ölkəmizdə sənayenin inkişafına böyük diqqət göstərildiyini və bu sahənin güclü şəkildə təşviq olunduğunu bir daha təsdiqlədi. Xatırladaq ki, dünyanın 20 ölkəsindən 300-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransda müasir sənaye siyasətində yeni yanaşmalar müzakirə olunub. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində müasir dövrdə sənaye inkişafı sahəsində yeni çağırışları belə ümumiləşdirib: “Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır”.
Son 10 ildə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artıb
Son 10 ildə müstəqil Azərbaycanın dinamik sosial-iqtisadi inkişafını şərtləndirən ən mühüm cəhətlərdən biri ölkənin müasirləşdirilməsi və bu strateji kursa uyğun olaraq modern, dünya trendlərinə cavab verən sənaye quruculuğu siyasətinin aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Sürətlə modernləşən ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət yetirilir”.
Qeyd edək ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan müasir sənaye quruculuğunu reallaşdırmaq üçün real zəmin və geniş imkanlar mövcuddur. Respublikanın zəngin əmək, xammal və kadr potensialı, əlverişli biznes mühiti, investisiya qoyuluşunun təşviq edilməsi, dövlətin nümayiş etdirdiyi siyasi iradə, institusional islahatların dəstəklənməsi, möhkəm daxili sabitlik və digər amillər ölkəmizdə müasir sənaye quruculuğunu şərtləndirir. Təsadüfi deyil ki, yuxarıda haqqında bəhs olunan müraciətində Prezident İlham Əliyev ölkəmizdə sənaye quruculuğuna hərtərəfli diqqət göstərildiyinə diqqət çəkərək vurğulayıb: “Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır”.
Beləliklə, davamlı dövlət dəstəyinin sayəsində son 10 ildə Azərbaycan sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ötən ay Bakıda keçirilən “XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda Beynəlxalq sənaye konfransında qeyd olunduğu kimi, respublikamızda 2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdən biri olub. Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb. Ölkəmizdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlib. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəlib. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən, tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb.
Ölkədə iqtisadiyyatın şaxələndirilməsi prioritet hədəflərdən biri elan olunub
Respublikamızda Prezident İlham Əliyevin səyləri ilə iqtisadiyyatın məqsədyönlü şəkildə şaxələndirilməsi siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, dövlət başçısı ötən ay Bakıda keçirilən Beynəlxalq sənaye konfransının iştirakçılarına ünvanladığı müraciətində iqtisadiyyatın diversifikasiya siyasətinin ölkəmiz üçün prioritet hədəf olduğunu bir daha nəzərə çatdırıb: “İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir. Bu vəzifənin reallaşdırılması sənayenin inkişaf etdirilməsini, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir”.
Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasına dövlət tərəfindən böyük dəstək göstərilir. Ölkəmizdə 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanıb. Prezident İlham Əliyevin müxtəlif vaxtlarda imzaladığı Fərman və sərəncamlar, regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramları ölkədə qeyri-neft sektorunun, o cümlədən də qeyri-neft sənayesinin inkişafına güclü hüquqi təminat yaradıb. Dövlət başçısı hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca Qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu, sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir.
Beləliklə, deyə bilərik ki, Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanıb. Respublikamızda müasir dünya təcrübəsinə uyğun olaraq texnoparklar yaradılır. Sumqayıtda yaradılan texnoparklarda rezidentlər güzəştlərdən bəhrələnərək uğurla fəaliyyət göstərirlər. Gələcəkdə Mingəçevir və Gəncə şəhərlərində də texnoparkların yaradılması nəzərdə tutulub.
Ümumiyyətlə, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafının təşviq edilməsi və dəstəklənməsi sayəsində respublikanın sənaye xəritəsi əhəmiyyətli dərəcədə zənginləşib. Belə ki, son 10 il ərzində respublikanın müxtəlif regionlarında 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb.Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib və bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib.
Ölkə sənayesinin gələcəyi isə, heç şübhəsiz ki, müasir dünya trendlərinə cavab verən innovativ, elm tutumlu müəssisələrin yaradılması ilə bağlıdır. Respublikamızda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Müstəqillik illərində Azərbaycanda İKT-nin inkişafına 3 milyard ABŞ dollarından artıq vəsait yatırılıb. Nəticədə, son 10 ildə informasiya və rabitə sahəsinin inkişafı 8,2 dəfə artıb. 2013-cü il fevralın 8-də “Azerspace-1” peykinin uğurla orbitə çıxarılması ilə ölkəmiz beynəlxalq kosmik ailənin üzvünə çevrilib.
Bütün bunlar Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq ölkəmizdə modern sənaye quruculuğu istiqamətində inamlı addımlar atılmasını təsdiqləyir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 678 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31