Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Birinci Avropa Oyunlarının möhtəşəm şəkildə təşkili milli maraqlarımızı hədəfə alanların planlarını fiaskoya uğratdı

Birinci Avropa Oyunlarının möhtəşəm şəkildə təşkili milli maraqlarımızı hədəfə alanların planlarını fiaskoya uğratdı

02.07.2015 [09:53]

Azərbaycan dövləti islamofob dairələrin, anti-Azərbaycan mərkəzlərin və erməni lobbisinin apardığı çirkin kampaniyanı ifşa etdi
Müasir Azərbaycan öz inkişafına görə regionun lider dövlətdir. Və ölkəmizin bu cür inkişaf mərhələsinə çatması heç də təsadüfi deyil. Belə ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən, demokratik ənənələrə əsaslanan siyasi kurs Azərbaycanın bütün istiqamətlərdə inkişafında mühüm rol oynayıb. Öz növbəsində, iyunun 12-də start götürən, 28-də isə bağlanış mərasimi keçirilən birinci Avropa Oyunları, sözün əsl mənasında, bu inkişafın təntənəli ifadəsinə çevrilməyi bacardı. 17 gün ərzində bütün dünyanın diqqət-nəzəri Azərbaycana yönəldi. İstər mədəniyyətimiz, siyasi-iqtisadi inkişafımız, həmçinin, idman hərəkatımız haqqında dolğun məlumatları, istərsə də, ən böyük problemimiz olan Ermənistanın Dağlıq Qarabağı və 7 rayonumuzu işğal etməsi faktını bütün dünyaya açıq şəkildə çatdıra bildik. Bununla yanaşı, bütün dünyaya tolerantlıq nümunəsi sayılan Azərbaycanda insan hüquqlarının qorunmasının, vətəndaş cəmiyyətinin inkişafının, söz azadlığına hörmətin ən yüksək səviyyədə təmin edildiyi avropalı turistlər tərəfindən əyani şəkildə müşahidə olundu. Təsadüfi deyil ki, birinci Avropa Oyunlarını seyr etmək üçün ölkəmizdə olan xarici turistlər öz ölkələrinin KİV-lərinə verdikləri açıqlamalarda Azərbaycanın yüksək inkişaf əldə etdiyini, ölkəmizdəki sabitliyi və vətəndaşlar arasında qarşılıqlı hörməti dəyərləndirirlər.
Belə demək mümkündürsə, birinci Avropa Oyunlarını 24 illik müstəqillik tarixinə malik Azərbaycan dövlətinin bu qısa zamanda çoxsaylı uğurlara imza atmaqla yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildiyinin əyani ifadəsi də adlandıra bilərik. Öz uğurlarını bütün sahələrdə, bütün müstəvilərdə paralel şəkildə əks etdirə bilən Azərbaycan dövləti istər daxili, istərsə də xarici arealda sabit, milli maraqlara söykənən, problemlərin həllinə istiqamətlənən, vətəndaşlarının hüquq və azadlıqlarının genişləndirilməsini özündə əks etdirən, ən əsası, münasibətlərin və əlaqələrin normal və tərəfdaşlıq çərçivəsində inkişafını təmin edən siyasətin yürüdülməsinə nail olduğunu bir daha sübut etdi. Qısa zaman kəsiyində birinci Avropa Oyunlarına hazırlıq işlərini başa çatdıran ölkəmiz prosesə “mane olmaq” üçün səfərbər edilən, Azərbaycana qarşı bütün güclərini birləşdirmiş anti-Azərbaycan mərkəzlərin, erməni lobbisinin və onun nəzarətindəki ölkədaxili “beşinci kolon” nümayəndələrini, o cümlədən, islamofob dairələrin apardığı çirkin qarayaxma kampaniyası ilə qarşı-qarşıya gəldi. Hər zaman Azərbaycana qarşı ikili standartlar tətbiq edən bu “beynəlxalq statuslu” və şəbəkələşmiş antimilli qüvvələr bu dəfə də ölkəmizə qarşı bir neçə “istiqamət”dən “hücum”a keçməyi qərarlaşdırmışdılar.
Bəli, Azərbaycan dövlətinin beynəlxalq aləmdə müsbət imicinin günü-gündən artması, tolerantlıq məkanı kimi tanınması, mühüm beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilməsi ermənilərin havadarı qismində çıxış edən “Freedom House”, “Human Rights Watch” və bu kimi özünü “demokratiya keşikçisi” kimi təqdim edən, əslində isə milli dövlətlərə qarşı səlib yürüşü aparan təşkilatları həddindən artıq çox narahat edirdi. Bunun nəticəsi idi ki, qeyd edilən qurumlar birinci Avropa Oyunlarına qarşı böhtan kampaniyası həyata keçirir, var gücləri ilə bu sivil, kütləvi idman yarışına mane olmağa çalışırdılar.
Əslində, indiyə qədər tərtib etdikləri, daha doğrusu, ermənilərin maraqlarını qorumaq üçün yaydıqları qondarma hesabatlarında ölkəmizə qarşı qərəzli mövqedən çıxış edən bu təşkilatların əsl siması hər kəsə məlum idi və bunun fonunda işğalçı Ermənistanı insan hüquq və azadlıqlarının qorunmasında daha “yüksək reytinq”lə təqdim etməyə çalışan həmin qurumlar sonda anladılar ki, artıq onların yalanlarına inanan yoxdur. Birinci Avropa Oyunlarında iştirak edən kontingentlərin nümayəndələri onların Azərbaycan haqqında uydurduqları yalanları təkzib etdilər. Bu məqam həmin islamofob, anti-Azərbaycan mərkəzlərin və erməni lobbisinin məğlubiyyətinin əsas səbəblərindən birinə çevrildi. İstər xarici idmançılar, istər beynəlxalq KİV nümayəndələri, istərsə də turistlər əsl həqiqəti görərək ölkəmizdəki sabitliyi, inkişafı və tolerant mühiti olduqca yüksək dəyərləndirdilər.
Beləliklə, ölkəmizin əldə etdiyi bu uğurlar gələcək nailiyyətlərimizin təməli sayılır. Belə ki, beynəlxalq miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənəyə çevrilir. Birinci Avropa Oyunları və Azərbaycan dövlətinin bu Oyunlara yüksək səviyyədə ev sahibliyi etməsi zaman-zaman fəallaşaraq, ölkəmizə qarşı “qara piar” kampaniyası aparan qurumların bütün planlarını fiaskoya uğratdı.
Yeri gəlmişkən, qeyd etdiyimiz kimi, Azərbaycanın uğurlarına sevinməyən, əksinə, bu uğurlara qara yaxmaq üçün hazır dayanmış və ölkə daxilində milli maraqlara xəyanət etməyi özünə peşə seçmiş “beşinci kolon” nümayəndələri də məhz onlara himayədarlıq edən erməni lobbisinin və anti-Azərbaycan şəbəkənin sifarişi ilə ilk Avropa Oyunlarını hədəfə götürmüşdülər. Bəzi radikal müxalifət partiyaları və onların nəzarətindəki mətbu ruporlar erməni lobbisinin danışan dilinə və tribunasına çevrildi. Həmin “ermənidən betər ermənilərin” apardığı şantaj, böhtan kampaniyasının hansı çirkin niyyətlərə əsaslandığı isə onların məqsəd və məramlarında bütövlükdə əks olunurdu. Erməni lobbisinin ölkəmizə qarşı reallaşdırmağa çalışdığı layihələrin önündə yer alan bu mətbu xəyanət mücəssəməsi və onun sahibləri puldan, həmçinin, şəxsi maraqlardan yana hətta ermənilərlə birlikdə eyni yalanı danışa biləcəyini növbəti dəfə sübuta yetirdi.
Amma Azərbaycan dövləti və xalqı bir daha göstərdi ki, milli birlik bütün şəbəkələrin məkrli planlarını pozmağa qadirdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin bu şəbəkə üzərində inamlı və qətiyyətli qələbəsi isə bir reallığı növbəti dəfə sübuta yetirdi - Azərbaycan müstəqil dövlətdir və bugünki Azərbaycan hakimiyyətinin mənbəyi Azərbaycan xalqıdır...
P.SADAYOĞLU

 
Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31