Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk Avropa Oyunları Azərbaycanın möhtəşəm nailiyyəti kimi tarixə düşdü

İlk Avropa Oyunları Azərbaycanın möhtəşəm nailiyyəti kimi tarixə düşdü

08.07.2015 [09:53]

Prezident İlham Əliyev: Birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir
Müasir müstəqil Azərbaycanın mühüm gerçəkliklərindən birini də ölkəmizin beynəlxalq dialoq məkanı kimi çıxış etməsi təşkil edir. Azərbaycanın çoxsaylı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi bu baxımdan müstəsna əhəmiyyət daşıyır. Məhz cari il iyunun 12-dən 28-dək dünyanın idman nəbzinin tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla ev sahibliyi edən ölkəmizdə döyünməsi xüsusilə qeyd edilməlidir. Bakıda yeni inşa olunan möhtəşəm Olimpiya Stadionunda baş tutan birinci Avropa Oyunlarının son dərəcə heyrətamiz açılış və bağlanış mərasimi “qoca qitə”nin idman tarixində yeni bir səhifə açmaqla yanaşı, Azərbaycanın gücünü və potensialını dünyaya nümayiş etdirmiş oldu.
Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq müşahidə edildi
Azərbaycanın uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına beynəlxalq miqyasda da böyük maraq müşahidə edildi. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğul olub. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışıb. Oyunlar 100-dən artıq ölkədə, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada yayımlandı. Artıq dünya ictimaiyyəti ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edilməsi ilə bağlı yekun qənaət ifadə edir, bunu Azərbaycanın möhtəşəm nailiyyəti kimi səciyyələndirir. Əsas etibarilə diqqətə çatdırılır ki, yarışların hər məqamı Azərbaycanın ilk Avropa Oyunlarına çox yüksək səviyyədə hazırlaşdığını göstərir. Məlumdur ki, belə genişmiqyaslı yarışların təşkili üçün ev sahibi ölkələrinə təxminən 7 il vaxt verilir. Azərbaycana gəldikdə, ölkəmiz bu sahədə də rekorda imza ataraq Oyunlara hazırlığı cəmi iki il yarıma ən yüksək səviyyədə tamamlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə çıxışı zamanı qeyd edib ki, birinci Avropa Oyunları ölkəmiz və Avropa üçün tarixi hadisədir: “Ölkəmiz üçün ona görə tarixi hadisədir ki, bu günə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq idman yarışı keçirilməmişdir. Avropa üçün isə ona görə ki, Avropada başqa qitələrdən fərqli olaraq, heç vaxt qitə Oyunları keçirilməmişdir”.
Birinci Avropa Oyunları dünya idman tarixində əlamətdar hadisə oldu
Vurğulandığı kimi, birinci Avropa Oyunları dünya idman tarixində vacib hadisə oldu və bəşəriyyətin həyatında mühüm yer tutan idmanın təqdimatına yeni standartlar gətirdi. Bununla yanaşı, ilk Avropa Oyunlarının açılış və bağlanış mərasiminin kompozisiyaları sülhü, humanizmi, insanlar, sivilizasiyalar arasında barışığı, Şərq və Qərbin harmoniyasını əks etdirdi. Özünün sürətli inkişafı sayəsində birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanan Azərbaycan yarışlara uğurla ev sahibliyi etməklə yanaşı, ölkə reallıqlarını da nümayiş etdirmiş oldu. Ən əsası, vurğulandığı kimi, ilk Avropa Oyunları Azərbaycanın güclü potensialını, ən mürəkkəb vəzifələrin öhdəsindən layiqincə gəlmək bacarığını əyani şəkildə təsdiqlədi.
İlk Avropa Oyunları Azərbaycan idmanının inkişafını göstərdi
Sadalananların fonunda bir məqama da xüsusi toxunmaq lazımdır. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkəmizdə idmanın inkişafı mütəmadi səciyyə daşıyır. Eyni zamanda, dövlət tərəfindən idmana göstərilən xüsusi diqqət və qayğının məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq idman yarışlarında əldə etdiyi göstəricilər ildən-ilə daha da yaxşılaşır. Məhz “Bakı-2015” ilk Avropa Oyunlarının nəticələri bu qəbildən olan nümunələr sırasındadır.
Beləliklə, Azərbaycanın idman müstəvisində beynəlxalq nüfuzu güclənməkdə və bu istiqamətdə beynəlxalq aləmdə ölkəmizin uğurları artmaqdadır. Bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Prezident İlham Əliyevin bəhs olunan çıxışında vurğuladığı kimi, idmançıların qələbələri bu Oyunları daha da böyük zirvəyə qaldırdı: “Mən tam əminəm ki, bəlkə, burada oturanlar və ümumiyyətlə, ictimaiyyət arasında, yəqin müxtəlif fərziyyələr var idi ki, bizim komandamız neçənci yeri tutacaq. Amma, bəlkə, heç kim inanmırdı ki, bu, ikinci yer olacaqdır. Bu, tarixi qələbədir. Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir”.
İlk Avropa Oyunları dünyaya Azərbaycan reallıqlarını nümayiş etdirdi
Beləliklə, bütün bu nailiyyətlər Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirmiş oldu. Növbəti dəfə bəlli oldu ki, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilən Azərbaycan beynəlxalq miqyasda baş verən kataklizmlərə baxmayaraq, öz müstəqil inkişaf yolunda irəliləyir. Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Eyni zamanda, ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür ki, bu da inkişafın fundamental komponenti kimi çıxış edir. Bunlarla yanaşı, ölkəmizdə mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur. Əminliklə qeyd etmək olar ki, bu gün dünya azərbaycanlıları qürur və iftixar hissi keçirirlər ki, onları müdafiə və himayə edən, hər bir azərbaycanlının inam və güvən yeri olan müstəqil Azərbaycan dövləti var.
Nəticə etibarilə, Azərbaycan özünün milli inkişaf modeli, eyni zamanda, ictimai-siyasi sabitlik və iqtisadi tərəqqisi ilə milli dövlətlər üçün pozitiv nümunə - örnək qismində çıxış edir. Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin və mühafizə olunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Bu zamana qədər əldə edilən nailiyyətlər isə beynəlxalq şəraitdən asılı olmayaraq qarşıdakı dövrün də uğurlu olacağını deməyə əsas verir. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi uğurla irəli gedir”.
NURLAN

 
Paylaş:
Baxılıb: 627 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31