Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın təşəbbüsləri, regional və beynəlxalq əməkdaşlıq Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasına etibarlı zəmin yaradır

Azərbaycanın təşəbbüsləri, regional və beynəlxalq əməkdaşlıq Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılmasına etibarlı zəmin yaradır

03.03.2017 [09:43]

Prezident İlham Əliyev: Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq
Azərbaycanın daim özünün xoş məramına sadiq qalaraq qlobal məkanda yeni əməkdaşlıq platformalarından çıxış etməsi heç kəsə sirr deyil. İndiyədək ölkəmiz regional və qlobal əhəmiyyətli bir sıra layihələrin həyata keçirilməsinə sanballı töhfələr verib. Özünün məqsədyönlü siyasətində daim milli maraqlardan çıxış edən Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri odur ki, ölkəmiz sıx partnyorluq əlaqələri qurduğu tərəfdaşları ilə münasibətlərində bir qayda olaraq səmimi mövqe nümayiş etdirir, əməkdaşlığın qarşılıqlı faydalılıq prinsipi əsasında dərinləşməsinə çalışır və yeni faydalı təşəbbüslər irəli sürür. Ölkəmizi fərqləndirən bu cəhətlər enerji siyasətində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək Azərbaycanın fəal iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra irimiqyaslı enerji layihələri uğurla həyata keçirilib. Məhz respublikamızın şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı sayəsində Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
Hazırda isə Azərbaycanın fəal iştirakı ilə Cənub Qaz Dəhlizi inşa olunur. Resurs mənbəyi Azərbaycanın “Şahdəniz” yatağı olan yeni layihənin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Artıq Cənub Qaz Dəhlizinin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib.
Bu günlərdə isə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər üç toplantısının Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun təsdiqi ilə yanaşı, ölkəmizin regional və qlobal miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi qazandığı böyük nüfuzun növbəti təzahürüdür.
Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi enerji və milli təhlükəsizlik layihəsidir
Hazırkı dönəmdə dünyada baş verən kataklizmlərin, ölkələr arasında təzyiq və təhdid hallarının artmasının fonunda Azərbaycanın liderliyi ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” layihəsinin regional və qlobal miqyasda strateji önəmi xüsusilə nəzərə çarpır. Məlumdur ki, bir sıra hallarda enerji marşrutları istehsalçı və istehlakçı ölkələrə yönəlmiş təzyiq vasitəsi qismində istifadə edilir. Bir neçə il bundan əvvəl soyuq qış aylarında Avropanın kifayət qədər ciddi hal alan məlum qaz böhranı ilə üzləşməsi deyilənlərin təsdiqidir. Elə indinin özündə də neft amili qlobal məkanda manipulyasiya predmetinə çevrilib. Ayrı-ayrı supergüc dövlətlər birjalarda neftin qiymətini süni şəkildə azaltmaqla rəqiblərinə siyasi təzyiq göstərməyə çalışırlar. Azərbaycan bəzi dövlətlərin enerji siyasətində belə qeyri-konstruktiv mövqe tutmalarının qəti əleyhinədir. Ölkəmizin ədalətli mövqeyi belədir: Enerji amili heç vaxt siyasi tələb vasitəsinə çevrilməməlidir.
Regional və qlobal miqyasda enerji təhlükəsizliyi baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji mahiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət kəsb edir. Şaxələndirilmiş boru kəməri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısındakı nitqində Azərbaycanın liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizini enerji və milli təhlükəsizlik layihəsi kimi səciyyələndirərək deyib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, biz istehsalçılara da lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacımız var. Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə Cənub Qaz Dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir”.
Cənub Qaz Dəhlizinin resurs bazasını ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilən nəhəng “Şahdəniz” qaz yatağı təşkil edir. “Şahdəniz” yatağının istismarı ilə bağlı müqavilə isə 1996-cı ildə imzalanıb. Layihə çərçivəsində cədvəl üzrə gedən işlərin 2018-2020-ci illərdə tamamlanması nəzərdə tutulub. Layihə tamamlandıqdan sonra Azərbaycan qazı daha da böyük həcmdə qonşu və Avropa ölkələrinə nəql ediləcək.
“Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Prezident İlham Əliyev vurğulayıb ki, Cənub Qaz Dəhlizi XXI əsrin layihəsi hesab oluna bilər. Avropanın enerji təhlükəsizliyi üçün nəzərdə tutulan bu dəhliz 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin yerinə yetirilməsinə 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
“Cənub Qaz Dəhlizi” layihəsi dörd hissədən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir. Qısa müddətdə layihənin böyük hissəsi tamamlanıb. Prezident İlham Əliyev yaradılan yeni qaz dəhlizinin ayrı-ayrı seqmentləri üzrə işlərin gedişində yaxşı irəliləyiş olduğundan məmnunluq ifadə edərək vurğulayıb: “... Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. Bu, yaxşı irəliləyişin göstəricisidir”.
Əlamətdar haldır ki, Azərbaycan böyük regional və qlobal əhəmiyyət daşıyan belə önəmli layihədə aparıcı qüvvə kimi çıxış edir. Ölkəmizin bir sıra digər layihələrdə olduğu kimi, “Cənub Qaz Dəhlizi” layihəsində də liderlik keyfiyyətləri nümayiş etdirməsi olduqca qürurverici haldır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bəhs olunan layihənin həyata keçirilməsində Azərbaycanın fəal şəkildə iştirak etdiyini nəzərə çatdıraraq bildirib: “Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.
Azərbaycanın yaratdığı nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı gələcəkdə də öz müsbət rolunu oynayacaq
Yuxarıda vurğuladığımız kimi, Azərbaycan dövlətlər və şirkətlər arasında beynəlxalq əməkdaşlığa böyük önəm verir. Respublikamızın fəal iştirakı ilə yaranan səmərəli əməkdaşlıq platformaları həm istesalçı ölkə kimi Azərbaycana, həm də istehlakçı tərəfdaşlarımıza böyük iqtisadi fayda gətirməkdədir. Respublikamızın enerji sektorunda transmilli şirkətlərlə, tranzit ölkələrlə və istehlakçı tərəfdaşları ilə regional və qlobal əməkdaşlığının tarixi bir neçə on ili əhatə edir və kifayət qədər önəmli faktlarla zəngindir.
Azərbaycan hökuməti ilə xarici şirkətlərin nümayəndələri arasında təxminən bir il gedən danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə “Əsrin kontraktı” adını alan müqavilə imzalanıb. Sonralar Azərbaycana böyük nüfuz qazandıran, geniş iqtisadi və maliyyə imkanları açan uğurlu enerji siyasətinin əsası da məhz Ümummilli lider Heydər Əliyevin çox böyük səyləri hesabına imzalanan bu müqavilə ilə qoyulub. “Əsrin müqaviləsi”nin işə düşməsi ilə Azərbaycanın yeni inkişaf erası başladı və enerji sektorunda əsaslı işlər görüldü.
“Əsrin müqaviləsi” ilə təməli qoyulan yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın inkişafında, ölkəmizin müasir reallıqlarının yaranmasında müstəsna rol oynayıb. Prezident İlham Əliyev bəhs olunan toplantıdakı nitqində bu məqama diqqət çəkərək deyib: “Bugünkü Azərbaycan böyük mənada həmin siyasətin nəticəsidir. Milyardlarla ölçülən xarici sərmayələrin cəlb edilməsi və Azərbaycana məxsus neft yataqlarının işlənilməsi uğurlu inkişaf üçün əhəmiyyətli ilkin şərait yaratdı. Neft satışından əldə olunan vəsait infrastruktur və sosial layihələrə, insan kapitalının inkişafına yönəldilmişdir və biz bunun nəticəsində ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmuşuq. Sərmayələr və beynəlxalq əməkdaşlıq olmasaydı, 1990-cı illərin ortalarında bunların heç birini etmək mümkün olmazdı”.
“Əsrin kontraktı”ndan sonra Azərbaycanın və transmilli şirkətlərin, tranzit və istehlakçı dövlətlərin iştirakı ilə formalaşan beynəlxalq komanda daha bir neçə regional və qlobal əhəmiyyətli layihəni reallaşdırmağa nail olub. Ötən dövrdə beynəlxalq əməkdaşlıq formatı çərçivəsində Azərbaycandan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəməri, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib. Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, bütün bu layihələri məhz beynəlxalq əməkdaşlıq çərçivəsində reallaşdırmaq mümkün olub: “Bütün bunlar Azərbaycan, Gürcüstan və Türkiyə arasında regional əməkdaşlıq, habelə beynəlxalq maliyyə qurumlarının və bu layihələri strateji hesab edən ABŞ hökumətinin dəstəyi nəticəsində ərsəyə gəlmişdir. Layihələr, həqiqətən də, strateji idi, çünki onlar regionumuzun enerji xəritəsini dəyişməyə başlamışdır. Beləliklə, Azərbaycan dünya bazarlarına neft tədarük edən etibarlı tərəfdaşa çevrilmişdir və bu gün bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faiz təşkil edir”.
Uğurlu beynəlxalq əməkdaşlıq “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də davam etdirilir. 2012-ci ildə İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Trans-Anadolu qaz kəmərinə dair tarixi müqavilə imzalanıb. Bununla da Cənub Qaz Dəhlizinin icrasının əsası qoyulub. 2015-ci ilin mart ayında Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin - TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Layihə çərçivəsində nəzərdə tutulan işlər koordinasiya olunmuş beynəlxalq əməkdaşlıq sayəsində müxtəlif ölkələrdə həyata keçirilir. Prezident İlham Əliyev əminliyini ifadə edərək bildirib ki, bu əməkdaşlıq gələcəkdə də öz əhəmiyyətli rolunu oynayacaq: “Hesab edirəm ki, biz nadir və xüsusi beynəlxalq əməkdaşlıq formatını yaratmağa müvəffəq olmuşuq. Əlbəttə ki, müxtəlif dövlət, şirkət və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsinin əsas səbəbi olmaqla yanaşı, gələcəkdə də özünün əhəmiyyətli rolunu oynayacaq. Çünki bu qlobal layihənin icrası başa çatdırıldıqdan sonra bizim əməkdaşlığımız müxtəlif sahələr üzrə davam edəcəkdir”.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, Azərbaycana yeni iqtisadi dividendlər gətirəcək, ölkəmizin regional və qlobal miqyasda nüfuzunu daha da artıracaq, eyni zamanda, Avropanın enerji xəritəsini dəyişəcək Cənub Qaz Dəhlizinin reallaşdırılmasına beynəlxalq komandanın bütün üzvləri tərəfindən güclü siyasi iradə göstərilir. Azərbaycanın dövlət başçısının qeyd etdiyi kimi, regional və artıq beynəlxalq əməkdaşlıq, qarşılıqlı etimad və dəstək bu layihənin həyata keçirilməsinin ən vacib elementlərindəndir. Prezident İlham Əliyev layihənin birgə səylərlə uğurla reallaşdırılacağına möhkəm əminliyini ifadə edərək deyib: “Biz “Cənub Qaz Dəhlizi” layihəsini həyata keçirəcəyik. Biz bu uğura birgə nail olacağıq”.
“Cənub Qaz Dəhlizi” layihəsi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsinə mühüm təsir göstərir
Eyni zamanda, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amil kimi çıxış edir. Əminliklə demək mümkündür ki, uğurlu enerji əməkdaşlığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə müsbət təsir göstərən mühüm faktora çevrilib. Öz iqtisadi təhlükəsizliyini maraqlı tərəflərin siyasi təzyiqlərinin asılılığından qurtarmağı hədəfləyən Avropa enerji daşıyıcılarının idxalı marşrutlarının geniş və etibarlı diversifikasiyasına nail olmağa çalışır. Karbohidrogen ehtiyatları ilə zəngin olan və geniş tranzit imkanlara malik Azərbaycan Avropanın bu həyatı təlabatını qarşılamağa hazır olan ölkədir. Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlığını, eyni zamanda, yeni istiqamətlərlə daha da zənginləşdirmək niyyətindədir.
Cənub Qaz Dəhlizinin reallaşdırılması Avropa üçün yalnız marşrutların şaxələndirilməsi baxımından önəmli deyil. Yeni qaz dəhlizinin resurs mənbəyi olan “Şahdəniz” Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həyata keçirilən bu layihə Avropa ölkələrinə özlərinin qaz tədarükü mənbələrini şaxələndirmələrinə imkan verəcək. Xəzərin Azərbaycan sektorundakı qaz ehtiyatlarının Avropa üçün yeni mənbə olmasının önəminə diqqət çəkən Prezident İlham Əliyev deyib: “Biz enerji şaxələndirilməsi haqqında danışanda nəqletmə marşrutları ilə yanaşı, mənbələr barəsində də danışırıq. Xəzər dənizinin Azərbaycan sektorunda olan mənbələr yeni mənbələrdir və bu, regionun və Avropa istehlakçılarının qaz ilə təchizatında yeganə yeni mənbədir”.
Öz növbəsində Avropa İttifaqına daxil olan ölkələr də Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən və istehlakçıların daha etibarlı qaz təchizatına hesablanan yeni enerji layihəsinin önəmini yüksək qiymətləndirirlər. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında çıxış edən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç bəhs olunan layihənin Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “Mən bu layihənin Avropa İttifaqı üçün, Avropanın enerji təhlükəsizliyi və şaxələndirmə planlarımız, rəqabətliliyi və Avropanın enerji təchizatının şaxələndirilməsini dəstəkləyən açıq likvid bazar kimi qalmasını təmin edən planlarımız üçün strateji əhəmiyyətini və bu çox mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını nə dərəcədə qiymətləndirdiyimizi bir daha vurğulamaq istərdim”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 624 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30