Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda həyata keçirilən davamlı islahatlar ölkədə sosial və iqtisadi inkişafa güclü təkan verib

Azərbaycanda həyata keçirilən davamlı islahatlar ölkədə sosial və iqtisadi inkişafa güclü təkan verib

30.03.2017 [09:34]

Prezident İlham Əliyev: Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıbdır
Son 13 ildə Azərbaycanın dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Hazırda bütün dünyada nümunə kimi qəbul edilən inkişafın Azərbaycan modelinin səciyyəvi cəhətlərindən söhbət açarkən ölkənin regionlarının tarazlı şəkildə inkişaf etdirilməsinin strateji kurs kimi müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq müxtəlif istiqamətləri əhatə edən layihələr yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə deyil, respublikanın bütün bölgələrində reallaşdırılır. Nəticədə, ölkənin potensialından daha səmərəli istifadə olunur, regionlarda iqtisadi aktivlik artır və işsizlik problemi həllini tapır, insanların sosial təminatları getdikcə güclənir. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik ki, artıq respublikamızda paytaxt Bakı ilə bölgələr arasında fərq minimuma enib, bölgələrin sakinləri həm yüksək iş şəraiti, həm də bütün kommunal rahatlıqlarla təmin olunublar.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ciddi konseptual əsaslara söykənir və Prezident İlham Əliyevin fərmanları ilə təsdiqlənərək 2004-cü ildən bəri böyük uğurla reallaşdırılan müvafiq Dövlət proqramlarında nəzərdə tutulan konkret hədəflərə istiqamətləndirilib. Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı beşillik Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü cənab İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan cənab İlham Əliyev xalqın inamını qazanaraq Prezident seçildikdən sonra Öz vədinə sadiq qaldı. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Beləliklə, tam qətiyyətlə demək mümkündür ki, son 13 ildə respublikamızda regionların sosial-iqtisadi inkişafında bəhs olunan Dövlət proqramları mühüm rol oynayıb. Təsadüfi deyil ki, martın 28-də Saatlıda Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində dövlət başçısı sözügedən Dövlət proqramlarının uğurlu icrasının ölkəmizdə yeni reallıqlar yaratdığına xüsusi diqqət çəkib: “Vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla icra edilir və ölkəmizdə yeni reallıqlar yaradıbdır”.
Beləliklə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının reallaşdırılması Azərbaycanı infrastruktur təminatı baxımından güclü dövlətə çevirib. Respublikamızda müasir infrastruktur yaradılıb. Dövlət proqramları çərçivəsində ölkə miqyasında elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunur, kənd və magistral yollar tikilir. O cümlədən infrastrukturun yenilənməsi biznes üçün daha yaxşı şərait yaradıb, sosial-iqtisadi inkişafa təkan verilib. Təkcə bu il kənd yollarına dair 40-dan çox layihə icra edilir. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, sosial obyektlərin tikintisi uğurla gedir.
Azərbaycan infrastruktur təminatı baxımından güclü dövlətə çevrilib
Müvafiq Dövlət proqramları çərçivəsində güclü infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. 2004-cü ildən bu günə qədər Azərbaycanda 26 elektrik stansiyası tikilib. Bu stansiyaların ümumi istehsal gücü 2400 meqavata çatdırılıb, beləliklə, ölkənin enerji təhlükəsizliyi təmin edilib. Ötən il ölkənin enerji sisteminə daha bir elektrik stansiyası əlavə edilib, 7422 kilometr elektrik xətti çəkilib, 784 transformator və 46 yarımstansiya quraşdırılıb və ya təmir olunub.
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. Təkcə ötən il 36 rayon üzrə 209 yaşayış məntəqəsi təbii qazla təmin edilib. Bununla da ölkəmizdə qazlaşdırmanın səviyyəsi 92 faizə çatıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifə 2017-ci ilin sonunadək ölkə üzrə qazlaşdırmanın səviyyəsini 94 faizə çatdırmaqdan ibarətdir. Prezident İlham Əliyev cari ildə daha 80 kəndin qazlaşdırılmasını minimum hədəf kimi qarşıya qoyub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 11 min kilometr avtomobil yolu tikilib. Son bir ildə ölkənin regionlarında 850 kilometr avtomobil yolu, 27 körpü və yolötürücüləri tikilib və ya təmir olunub. Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq, əhalisi 790 min nəfər olan 480 yaşayış məntəqəsini birləşdirən 120 kilometr kənd yolunun inşası işləri həyata keçirilib.
Dövlət proqramları çərçivəsində ölkədə həyata keçirilən su layihələri əhalinin tələbatının ödənilməsi və regionların zəngin iqtisadi potensialından səmərəli istifadə edilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ötən 13 ildə ölkənin bütün bölgələrində içməli su və kanalizasiya layihələri həyata keçirilib. Son bir ildə regionlarda 825 kilometr su, 541 kilometr kanalizasiya xətti çəkilib, 32 artezian quyusu qazılıb, 27 su anbarı inşa olunub. Əhalisi 120 min nəfərdən çox olan 5 şəhərdə su təchizatı layihəsi başa çatıb, 100 min nəfəri əhatə edən 56 yaşayış məntəqəsində modul tipli sutəmizləyicisi quraşdırılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, bölgələrdə sosial infrastrukturun yenilənməsi də böyük nailiyyətdir. 2004-cü ildən bütün ölkə boyu üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib, 40-dan çox Olimpiya İdman Kompleksi, 20-dən çox muzey, 10-dan çox teatr binası inşa edilib. Azərbaycan özünün sosial siyasətinə sadiq qalaraq qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına böyük qayğı göstərir. İndiyədək məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilib, 200 mindən çox məcburi köçkün hər cür rahatlıqlara malik binalarda mənzillərə yerləşdirilib.
Deyilənlərdən də göründüyü kimi, bəhs olunan Dövlət proqramlarının uğurla yerinə yetirilməsi sayəsində Azərbaycanın regionlarının siması tamam dəyişib və bölgələr də iqtisadi güc amilinə çevrilib. Həyata keçirilən davamlı islahatlar ölkədə sosial və iqtisadi inkişafa güclü təkan verib. Prezident İlham Əliyev sözügedən müşavirədəki çıxışı zamanı Dövlət proqramlarının önəminə diqqət çəkərək vurğulayıb: “Bizim əsas vəzifəmiz ondan ibarət idi ki, - bu gün də əlbəttə, bu vəzifə qarşımızda durur, - bütün infrastruktur layihələri icra edilsin, müasir infrastruktur yaradılsın, elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorasiya problemləri həll olunsun, kənd yolları, magistral yollar tikilsin və bu, özlüyündə sürətli iqtisadi və sosial inkişafa təkan verəcək. Belə də oldu. Nəzərə alsaq ki, regionların sosial-iqtisadi inkişafına dair artıq bir neçə Dövlət proqramı icra edilib, görərik ki, bu proqramların çox böyük əhəmiyyəti var”.
2017-ci ilin 3 ayında Azərbaycanda 40 mindən çox yeni iş yeri yaradılıb
Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda dinamik iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Prezident İlham Əliyevin siyasi iradəsi ilə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir.
Respublikamızda milli iqtisadiyyatın sosialyönümlülüyünün təmin olunması nəticəsində əhalinin real gəlirlərinin orta illik artım tempi iqtisadi artım tempini orta hesabla 8,3 faiz bəndi üstələyib, ölkəmizdə yoxsulluq səviyyəsi 5 faizə enib. Qeyd edək ki, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında “yüksək insan inkişafı” ölkələri qrupunda yer alıb.
Əlamətdar haldır ki, Azərbaycan qlobal mənfi təsirlər nəticəsində yaranan və müəyyən çətinliklərlə müşayiət olunan indiki şəraitdə də özünün genişməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Belə ki, yeni şəraitdə ölkəmizdə nəinki hər hansı bir sosial proqram ixtisara salınmayıb, əksinə, respublikamızda bu sahədə yeni təşəbbüslər irəli sürülüb.
Azərbaycanın dərin məzmunlu sosial siyasətində ölkə miqyasında işsizliyin azaldılmasına yönəldilən təsirli tədbirlər də xüsusi yer tutur. Ardıcıl şəkildə həyata keçirilən tədbirlər sayəsində respublikamızda işsizlik 5 faizədək azaldılıb. Sirr deyil ki, hazırda bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, orada demoqrafik böhran yaşanır. Azərbaycanda isə vəziyyət normaldır. Təkcə cari ilin əvvəlindən ancaq ictimai işlərə 40 mindən çox vətəndaş cəlb edilib. Bölgələrdə fəal məşğul əhali təmir-tikinti, yaşıllaşdırma və bu qəbildən olan digər işlərə cəlb olunur. Prezident İlham Əliyev bu məqama toxunaraq deyib: “Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və bu, aşağı səviyyədə qalmalıdır”.
Ümumiyyətlə, son illərdə Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib. Bu da ölkəmizdə dinamik iqtisadi inkişaf nəticəsində yaranan müsbət mənzərə ilə bağlıdır. Məlumdur ki, Azərbaycanda uğurlu inkişaf göstəricilərinin nəticəsi olaraq əhali artır. Bu, ölkəmizi fərqləndirən çox yaxşı göstəricidir. Eyni zamanda, Prezident İlham Əliyev qarşıya vəzifə qoyub ki, ölkə əhalisinin artımına uyğun olaraq yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev bildirib: “Bəzi qonşu ölkələrdə işsizlik artıq böhran həddinə çatır, eyni zamanda, orada demoqrafik böhran yaşanır. Bizdə isə əhali artır. Əhali artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq, eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun”.
Bu məqamda qeyd etmək yerinə düşər ki, ötən ildən bölgələrdə inkişafına böyük diqqət göstərilən pambıqçılıq ölkə miqyasında məşğulluğun yüksək səviyyədə təmin olunmasına ciddi təsir göstərəcək. Çünki pambıqçılıq kənd təsərrüfatının əmək tutumu kifayət qədər geniş olan sahələrindən biridir. Ötən il respublikanın regionlarında 64 min fəal insan pambıq əkib-becərməklə məşğul olub. Cari ildə isə bu rəqəmin 200 mindən çox olacağı proqnozlaşdırılır. Prezident İlham Əliyev pambıqçılığın geniş əməktutumlu sahə olduğuna diqqət çəkərək vurğulayıb: “...Pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilmişdir. Bu il bu rəqəm daha da böyük olacaq. Bölgələrdə məşğulluğun artırılması baxımından pambıqçılığın çox böyük xeyri var”.
Qeyri-neft sektorunun inkişafı prioritet sahədir
Yeni iqtisadi şəraitdə Azərbaycanın qarşıya qoyduğu hədəflər sırasında qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl sektorun dinamik inkişaf etdirilməsi xüsusi yer tutur. Azərbaycanda özəl sektorun imkanlarının artırılmasının, o cümlədən də kiçik və orta sahibkarlıq səviyyəsində sənaye və kənd təsərrüfatı istehsalının dəstəklənməsi ölkəmizin reallıqlarından irəli gəlir. Müasirləşməni strateji hədəf kimi qarşıya qoyan Azərbaycan bütün sahələrdə dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə istinad edir. Bu cəhətdən ölkəmizdə qlobal çağırışlar və daxili imkanlar nəzərə alınmaqla həyata keçirilən məqsədyönlü iqtisadi kurs da istisna deyildir. Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir.
Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Azərbaycan Prezidenti sahibkarlara siyasi dəstək göstərir, onlarla görüşür, problemlərinin həllinə çalışır. Prezident İlham Əliyev ölkəmizdə sahibkarlara göstərilən dövlət qayğısının genişmiqyaslı olduğunu nəzərə çatdıraraq deyib: “...Sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər iqtisadiyyatın real sektoruna verilir. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, minlərlə yeni müəssisə yaradılıbdır və bir sözlə, ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açılıbdır”.
Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycanda fermerlər üçün yaradılmış nümunəvi şərait dünyanın heç bir ölkəsində yoxdur: “Hesab edirəm ki, fermerlərimiz üçün yaradılmış şərait heç bir başqa ölkədə yoxdur. Bizim fermerlər torpaq vergisi istisna olmaqla bütün vergilərdən azaddırlar. Həm investisiya, həm ixrac üçün təşviq mexanizmi artıq işə salınıb. Bu da fermerlərə əlavə stimul verir, onlar üçün əlavə imkanlar yaradır. İndi demək olar ki, bütün əsas kənd təsərrüfatı sahələri, o cümlədən pambıqçılıq üçün subsidiyalar verilir”.
Qeyd edək ki, ölkəmizdə sahibkarlığın dəstəklənməsi öz növbəsində iqtisadiyyatın qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafına öz müsbət təsirini göstərir. Bunun təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, ölkəmizdə 2017-ci ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. O cümlədən 2016-cı ildə Azərbaycanda tütünçülük və baramaçılıqda ciddi dönüş yaranıb. Respublikada üzümçülüyün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı artır. Hazırkı mərhələdə qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı əsas vəzifədir.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30