Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir

XXI əsrin layihəsi olan Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyidir

06.04.2017 [09:52]

Prezident İlham Əliyev: Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək
Azərbaycan daim regional və qlobal əməkdaşlığın dərinləşməsinə yönələn təşəbbüslərlə çıxış edir. İndiyədək respublikamızın fəal iştirakı, o cümlədən də böyük siyasi və maliyyə dəstəyi ilə bir sıra nəhəng enerji layihələri reallaşdırılıb. Enerji layihələri, həmçinin Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması, beləliklə də, regionun tranzit imkanlarının genişləndirilməsi istiqamətində gördüyü işlər qonşu dövlətlərin tərəqqisinə sanballı töhfələr verib. Hazırda isə Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə daha bir qlobal layihə - Cənub Qaz Dəhlizi icra olunur. Resurs mənbəyi Xəzərin Azərbaycan sektorundakı zəngin “Şahdəniz” yatağı olan Cənub Qaz Dəhlizi 6 ölkədən keçməklə Avropa İttifaqı ölkələrinədək uzanacaq. Prezident İlham Əliyevin V Qlobal Bakı Forumunun rəsmi açılış mərasimindəki nitqində vurğuladığı kimi, artıq 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və Albaniya Cənub Qaz Dəhlizinin üzvüdür. Daha üç Balkan ölkəsi - Xorvatiya, Monteneqro və Bosniya-Herseqovina isə layihənin növbəti mərhələsində bizim tərəfdaşlarımız olacaq.
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində unikal əməkdaşlıq formatı yaranıb
Azərbaycanın enerji sektorunda bir sıra sanballı faktlarla zəngin olan beynəlxalq əməkdaşlığının təməli 1994-cü il sentyabrın 20-də Bakıda 11 transmilli neft şirkəti ilə sonradan “Əsrin kontraktı” adını alan müqavilənin imzalanması ilə qoyulub. “Əsrin müqaviləsi” ilə başlayan yeni neft strategiyasının uğurla reallaşdırılması Azərbaycanın inkişafında, ölkəmizin müasir reallıqlarının yaranmasında müstəsna rol oynayıb. Eyni zamanda, “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın və transmilli şirkətlərin, tranzit və istehlakçı dövlətlərin iştirakı ilə formalaşan beynəlxalq komanda daha bir neçə regional və qlobal əhəmiyyətli layihəni reallaşdırmağa nail olub. Ötən dövrdə beynəlxalq əməkdaşlıq formatı çərçivəsində Azərbaycandan Gürcüstanın Qara dəniz sahillərinədək uzanan Bakı-Supsa neft kəməri, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və nəhayət, Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib.
Hasilat, yataqların işlənməsi, tranzit, zəruri infrastruktur quruculuğu kimi vacib istiqamətləri əhatə edən bu layihələr uzun illərdir ki, həm təchizatçı ölkə kimi Azərbaycana, həm də bütün digər iştirakçılara və istehlakçılara böyük dividendlər gətirməkdədir. Azərbaycan daim o mövqedən çıxış edir ki, tərəfdaşların birgə səyləri ilə reallaşdırılan enerji layihələrində uduzan tərəf olmamalıdır, bu layihələr istehsalçı-təchizatçı-istehlakçı zəncirində bütün üzvlərə fayda gətirməlidir. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
Azərbaycanın enerji sektorunda əvvəlki layihələrlə təməli qoyulan uğurlu beynəlxalq əməkdaşlığı Cənub Qaz Dəhlizi layihəsi üzrə də inamla davam etdirilir. 2012-ci ildə İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Cənub Qaz Dəhlizinin mühüm tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinə (TANAP) dair tarixi müqavilə imzalanıb. 2015-ci ilin mart ayında Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq.
Layihə çərçivəsində nəzərdə tutulan işlər koordinasiya olunmuş beynəlxalq əməkdaşlıq sayəsində müxtəlif ölkələrdə həyata keçirilir. Ayrı-ayrı dövlətlər, müxtəlif transmilli şirkətlər və maliyyə qurumları arasında əməkdaşlıq təcrübəsi Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsini şərtləndirən əsas amillər qismində çıxış edir. Layihənin reallaşdırılmasına beynəlxalq komandanın bütün üzvləri tərəfindən güclü siyasi iradə göstərilir. Prezident İlham Əliyev bəhs olunan forumdakı nitqində Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində bənzərsiz əməkdaşlıq formatının yarandığından məmnunluq ifadə edərək deyib: “Bu, enerji təhlükəsizliyinə töhfədir. Eyni zamanda, bu, regional əməkdaşlığa töhfədir. “Cənub Qaz Dəhlizi” layihəsinə üzv olan ölkələr artıq təbii, uzunmüddətli tərəfdaşlara çevrilmişlər. Yəni biz burada Qafqazda və Türkiyədə olan müsbət regional əməkdaşlığı Avropa, Avropa İttifaqı istiqamətində apara bilmişik. Bu isə, öz növbəsində, bənzərsiz bir əməkdaşlıq formatı yaradır”.
Azərbaycan regionda reallaşdırılan yeni enerji layihəsinin təşəbbüskarı və aparıcı qüvvəsidir
Cənub Qaz Dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də Bakıda qoyulub. Layihənin reallaşdırılması çox haqlı olaraq gələcəyə baxış kimi dəyərləndirilir. Yeni enerji dəhlizi 3600 kilometr məsafədə uzanmaqla Bakı-Tbilisi-Ceyhanın uzunluğunu iki dəfə üstələyəcək. On illər boyu davam edəcək layihənin icrası nəticəsində dünyanın ən mürəkkəb və ən zəngin qaz-kondensat yataqlarından biri olan “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi təmin olunacaq. Qeyd edək ki, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü haqqında müqavilənin müddəti 2048-ci ilə qədər uzadılıb. Bütövlükdə, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir. Cənub Qaz Dəhlizi layihəsi dörd hissədən ibarətdir. Bura “Şahdəniz” yatağının işlənməsi, genişləndirilmiş Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri daxildir.
Deyilənlərdən də göründüyü kimi, Cənub Qaz Dəhlizi səmərəli regional və qlobal əməkdaşlıq platformalarına yaxşı nümunədir. Cənubi Qafqaz regionu, həmçinin Avropa İttifaqı ölkələrini birləşdirən bu layihənin reallaşdırılması təşəbbüsü isə Azərbaycandan gəlib. Ölkəmiz layihənin icrası ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Prezident İlham Əliyev bu yaxınlarda Fransaya səfəri çərçivəsində Parisdə sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığına xüsusi diqqət çəkərək vurğulayıb: “Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir”.
Ötən dövrdə layihənin reallaşdırılması yolunda önəmli addımlar atılıb. Qeyd edək ki, ARDNŞ və xarici neft şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Perspektiv Sahəsinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Sazişi (HPBS) 1996-cı il 4 iyun tarixində imzalayıblar. Həmin ilin 4 oktyabr tarixində isə Azərbaycan parlamenti HPBS-i ratifikasiya edib. Layihə çərçivəsində ilk qazın nəqlinə və sonradan hasilatın artırılmasına hazırlıq məqsədilə “Heydər Əliyev” və “İstiqlal” qazma qurğularından istifadə etməklə istismar quyuları qazılıb. “Şahdəniz Mərhələ 2” çərçivəsində əsas diqqət ildə əlavə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əldə etmək üçün hazırda istismar edilən lay intervallarında qalan ehtiyatlara yönəlib. “Şahdəniz Mərhələ 2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. Mütəxəssislərin qənaətləri belədir ki, yaradılan yeni qaz dəhlizinin ayrı-ayrı seqmentləri üzrə işlərin gedişində yaxşı irəliləyiş var. İndiyədək “Şahdəniz-2” layihəsi üzrə işlərin təqribən 90 faizi, Cənubi Qafqaz boru kəməri üzrə 80 faizə yaxını, TANAP layihəsi üzrə 65 faizi və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilib. O cümlədən ötən müddətdə layihədə iştirak edən ölkələrin bir sıra ikitərəfli və çoxtərəfli görüşləri keçirilib və layihə ətrafında aktual məsələlər müzakirə edilib. İndiyədək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının hər üç toplantısının Bakıda keçirilməsi bu layihədə Azərbaycanın önəmli yer tutduğunu bir daha təsdiqləyir.
Yeni dəhliz uzun müddətdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq
Cənub Qaz Dəhlizi layihəsinin uğurla icrası Azərbaycanla Avropa İttifaqı arasında gələcək əlaqələr üçün vacib amil kimi çıxış edir. Əminliklə demək mümkündür ki, uğurlu enerji əməkdaşlığı Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə müsbət təsir göstərən mühüm faktora çevrilib. Öz iqtisadi təhlükəsizliyini maraqlı tərəflərin siyasi təzyiqlərinin asılılığından qurtarmağı hədəfləyən Avropa enerji daşıyıcılarının idxalı marşrutlarının geniş və etibarlı diversifikasiyasına nail olmağa çalışır. Karbohidrogen ehtiyatları ilə zəngin olan və geniş tranzit imkanlara malik Azərbaycan Avropanın bu həyati tələbatını qarşılamağa hazır olan ölkədir.
Yuxarıda qeyd etdiyimiz kimi, indiyədək Azərbaycan məqsədyönlü siyasət sayəsində diversifikasiya edilmiş ixrac kəmərləri şəbəkəsi qurmağa nail olub ki, bu da həm Azərbaycanın, həm də tərəfdaş dövlətlərin maraqlarının təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur. Şaxələndirilmiş enerji marşrutları, eyni zamanda, istehlakçılar üçün böyük əhəmiyyət daşıyır. Şaxələndirilmiş boru kəmərləri şəbəkəsi respublikamıza özünün enerji resurslarını müxtəlif istiqamətlərə nəql etməyə imkan verir, paralel surətdə istehlakçılar da tələbatlarını müxtəlif mənbələrdən ödəyirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısındakı nitqində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizini enerji və milli təhlükəsizlik layihəsi kimi səciyyələndirərək deyib: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və dəfələrlə dediyim kimi, enerji təhlükəsizliyi dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu, şaxələndirmə layihəsidir. Şaxələndirmə isə yalnız istehlakçılara deyil, biz istehsalçılara da lazımdır. Çünki bizim çoxşaxəli nəqletmə şəbəkəsinə ehtiyacımız var. Bu gün ehtiyatlarımızın müxtəlif təyinat məntəqələrinə nəql edilməsi üçün bizim 7 kəmərimiz var ki, bunlardan 3-ü neft, 4-ü isə qaz kəməridir. Səkkizincisi isə Cənub Qaz Dəhlizidir ki, o da tezliklə istifadəyə veriləcəkdir”.
Cənub Qaz Dəhlizi layihəsinin region dövlətlərinin və Avropa İttifaqı məkanı ölkələrinin enerji təhlükəsizliyi baxımından strateji önəmi son illərdə qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslər, meydana çıxan yeni reallıqlar fonunda xüsusilə diqqəti cəlb edir. Yeni qaz dəhlizi Azərbaycanın Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində faydalı əməkdaşlıq əlaqələrinin daha geniş miqyasda inkişafı üçün etibarlı zəmin yaradır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, həyata keçirilən bu layihə Avropa ölkələrinə özlərinin qaz tədarükü mənbələrini şaxələndirmələrinə imkan verəcək. İndiki dövrdə bir sıra hallarda enerji marşrutlarından istehsalçı və istehlakçı ölkələrə yönəlmiş təzyiq vasitəsi qismində istifadə olunması günümüzün reallığına çevrilib. Bir neçə il bundan əvvəl soyuq qış aylarında Avropanın kifayət qədər ciddi hal alan məlum qaz böhranı ilə üzləşməsi deyilənlərin təsdiqidir. Elə indinin özündə də neft amili qlobal məkanda manipulyasiya predmetinə çevrilib. Ayrı-ayrı supergüc dövlətlər birjalarda neftin qiymətini süni şəkildə azaltmaqla rəqiblərinə siyasi təzyiq göstərməyə çalışırlar. Azərbaycan bəzi dövlətlərin enerji siyasətində belə qeyri-konstruktiv mövqe tutmalarının qəti əleyhinədir. Ölkəmizin ədalətli mövqeyi belədir: Enerji amili heç vaxt siyasi tələb vasitəsinə çevrilməməlidir. Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də Azərbaycan məhz ədalətli yanaşma sərgiləyir.
Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində cədvəl üzrə gedən bütün işlər tamamlandıqdan sonra Azərbaycan qazı daha da böyük həcmdə qonşu və Avropa ölkələrinə nəql ediləcək. Prezident İlham Əliyev Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdəki çıxışında Cənub Qaz Dəhlizinin Avropa istehlakçıları üçün yeni təbii qaz mənbəyi olduğuna xüsusi diqqət çəkərək bildirib: “Bu layihə Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Əlbəttə ki, bu layihənin həyata keçirilməsində bir çox şirkətlər iştirak edir. Bu, enerji şaxələndirilməsi, enerji təhlükəsizliyi layihəsidir və bu, həqiqətən də, XXI əsrin layihəsidir”.
Layihənin reallaşması sayəsində Azərbaycanın tranzit imkanları daha da artacaq
Tranzit imkanlarının genişləndirilməsi ölkəmizdə ardıcıllıqla həyata keçirilən enerji siyasətinin mühüm bir istiqamətini təşkil edir. Məlumdur ki, Azərbaycan əlverişli coğrafi mövqedə yerləşir və ölkəmiz bu üstünlüyündən özünün milli maraqları naminə istifadə etməyə çalışır. İndiyədək yaradılan infrastruktur şəbəkəsi - əlverişli nəqliyyat dəhlizləri, ixrac boru kəmərləri vasitəsilə həm Azərbaycanın, həm də Xəzər sahilindəki digər dövlətlərin neft və neft məhsulları daşınır ki, bu da respublikamıza əlavə gəlir gətirir. O cümlədən “Şahdəniz” yatağının işlənməsi məqsədilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılan infrastruktur da Azərbaycanın tranzit imkanlarının genişlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ki, qonşu dövlətlər də ölkəmizin fəal dəstəyi ilə yaradılan yeni dəhlizdən özlərinin enerji resurslarını istehlakçılara nəql etmək üçün bəhrələnə bilərlər. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması münasibətilə təşkil olunan mərasimdəki çıxışında bu cəhətə diqqət çəkərək deyib: “Bu gün artıq Azərbaycan böyük qaz dövlətlərinin sıralarına daxil olur. Hasilat, nəqliyyat artacaq, Azərbaycan gələcəkdə tranzit funksiyalarını da oynaya bilər. Necə ki biz indi neftin, neft məhsullarının daşınması üçün bu rolu oynayırıq. Beləliklə, ölkəmizin qüdrəti, əhəmiyyəti artacaq, Azərbaycan xalqı daha da yaxşı yaşayacaq”.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 662 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30