Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər yüksələn templə inkişaf edir

Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlər yüksələn templə inkişaf edir

17.02.2010 [09:45]

Qurum “Şərq tərəfdaşlığı” təşəbbüsünün nəticəsi kimi ölkəmizdə “Hərtərəfli institusional quruculuq” proqramının intensiv hazırlığına başlayıb
Azərbaycan dövlətinin yürütdüyü balanslı xarici siyasət kursu ölkəmizin beynəlxalq təşkilatlarla, o cümlədən, bütün dövlətlərlə münasibətlərinin yüksək səviyyədə qurulmasını və inkişafını təmin edir. ümumiyyətlə, Azərbaycan hər zaman öz milli maraqları çərçivəsində bütün ölkələrlə və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxşaxəli əlaqələr qurmağa hazır olduğunu bəyan edib. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan məhz bu uğurlu xarici siyasət kursu nəticəsində bu gün istər bölgədə, istərsə də Avropa məkanında həyata keçirilən qlobal miqyaslı layihələrin əsas iştirakçılarından sayılır.
ölkəmizin Avropa məkanına inteqrasiya ilə bağlı yürütdüyü fəal siyasət, atdığı addımlar Qərbdə də geniş təqdir olunmaqdadır. Elə bunun nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də, ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini xarici siyasətlərinin prioritet istiqamətləri hesab edirlər. Belə vəziyyətdən öz milli maraqları baxımından məharətlə istifadə edən Azərbaycan ümumilikdə Avroatlantik məkana, buraya daxil olan dövlətlərlə qarşılıqlı əlaqələrini möhkəmləndirməkdədir.
Bunu Avropa İttifaqı (Aİ) ilə münasibətlərə də şamil etmək mümkündür. Mövcud proqramların icrasının sürətləndirilməsini vacib hesab edən təşkilat Azərbaycan hökuməti ilə birgə “Hərtərəfli institusional quruculuq” proqramının intensiv hazırlığına başlayıb. Aİ tərəfindən maliyyələşdirilən proqram “Şərq tərəfdaşlığı” təşəbbüsünün konkret nəticəsidir və 3 il ərzində icra ediləcək. Məqsəd Aİ ilə Azərbaycan arasında gələcək assosiasiya sazişi ətrafında danışıqlar aparmaqdır.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirib ki, bir sıra hökumət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə çox faydalı müzakirələr aparılıb. Bu, Azərbaycanda “Şərq tərəfdaşlığı”nın icrası istiqamətində atılan konkret addımdır. Proqram çərçivəsində ədliyyə sahəsi, ticarət məsələləri, ümumiyyətlə, dövlət idarəçiliyi üzrə hökumət qurumlarının potensial quruculuğuna yardım göstərilməsi nəzərdə tutulur.
ümumiyyətlə, Azərbaycan ilə Aİ arasında hərtərəfli münasibətlərin hüquqi əsası 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanan “Bir tərəfdən Avropa Birliyi və onun üzvü olan dövlətlər, digər tərəfdən, Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) təşkil edir. TƏS Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bütün mümkün, xüsusilə də siyasi və ticarət sahələrini əhatə edir. TƏS Azərbaycan və Avropa İttifaqı arasında hərbi sahəni əhatə etməyən bütün növ əməkdaşlıq formalarının çərçivələrini təmin edir. Sazişin əsas məqsədlərindən biri də Azərbaycan qanunvericiliyinin Avropa hüquq sisteminə uyğunlaşdırılmasından ibarətdir. TƏS-in 2009-cu ildə müddətinin bitməsini nəzərə alaraq yeni sazişin imzalanması ilə bağlı danışıqlara dair hazırlıq işləri aparılmaqdadır.
1992-2006-cı illər arasında Avropa İttifaqının TACİS Proqramı, Fövqəladə Yardım Proqramı, ECHO Humanitar təşkilatı, FEOGA Ərzaq Yardımı Proqramı, Ərzaq Təhlükəsizliyi Proqramı, Bərpa Proqramı, Fövqəladə Humanitar Yardım Proqramı çərçivəsində Azərbaycanda müxtəlif layihələr həyata keçirilib.
Avropa İttifaqı tərəfindən irəli sürülən “Şərq tərəfdaşlığı” təşəbbüsünə əsasən, qurum 2013-cü ilə kimi 6 ölkəyə (Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) 600 milyon avro məbləğində yardım göstərməyi planlaşdırır. Bu məbləğdən 250 milyon avro artıq təsdiq edilmiş proqramların yenidən tərtib olunması, 350 milyon avronun isə əlavə fondlardan ayrılması gözlənilir.
“Şərq tərəfdaşlığı” proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. Məlumat üçün bildirək ki, bu proqram 2008-ci ilin may ayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. “Şərq tərəfdaşlığı” proqramına oxşar sənədi isə Avropa İttifaqı hələ 2004-cü ildə Polşa və Litva ilə imzalayıb. Sonradan bu dövlətlərin hər ikisi Avropa İttifaqına üzv seçilib. Bu mənada hesab edilir ki, proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü sürətləndirmək və bu istiqamətdə əməli addımlar atmaqdır.
“Şərq tərəfdaşlığı” proqramına daxil edilən ölkələrə, o cümlədən, Azərbaycana xeyli üstünlüklər vəd edilir. Məsələn, bu proqramla bağlı hazırlanan kommunikedə “Şərq tərəfdaşlığı” proqramında iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması nəzərdə tutulur. Bu tədbirlər öncə vahid və hərtərəfli azad ticarət zonalarının yaradılmasını özündə ehtiva edir. Bildirilir ki, həmin zonalar ümumi daxili bazarın inkişafı üçün baza olmalı və Avropa İttifaqının İslandiya, Norveç və Lixtenşteynlə mövcud xüsusi iqtisadi zonasına bənzəməlidir.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1128 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31