Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Lazım olarsa...

Lazım olarsa...

11.11.2022 [10:15]

Gücümüzü bir daha göstərərik

Mübariz ABDULLAYEV

İkinci Qarabağ müharibəsində özünün ərazi bütövlüyü uğrunda haqq savaşı aparan Azərbaycan güclü beynəlxalq dəstək qazandı. Dost ölkələrin, ayrı-ayrı beynəlxalq təşkilatların mənəvi-siyasi dəstəyi ölkəmizin özünəinam hissini artırdı və Müzəffər Silahlı Qüvvələrimiz cəmi 44 gün ərzində düşməni diz çökdürərək ölkənin ərazi bütövlüyünü təmin etməyə nail oldu. Bununla belə, həm üç onilliyi əhatə edən işğal dövründə, həm də müharibə günlərində və postkonflikt mərhələsində bəzi ölkələr və beynəlxalq təşkilatlar işğalçının yanında oldular. Əgər həmin ölkələrin və təşkilatların havadarlığı olmasa idi, zəif Ermənistan işğalçılıq siyasətini üç onillik ərzində davam etdirə bilməzdi-buna nə gücü çatardı, nə də cəsarəti. İşğalçı dövlətə açıq-aydın havadarlıq edən ölkələrdən biri Fransadır. Bu ölkənin rəhbərləri Fransanın demokratik ənənələrini unudaraq bir növ erməni lobbisinin girovuna çevriliblər. Fransa keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə yaradılan Minsk qrupunun üç həmsədr dövlətindən biri idi. Ancaq bu ölkənin üç onillik ərzində davranışları, daim işğalçının yanında yer alması onun sülhyaratma missiyası ilə bir araya sığmırdı. Müharibə günlərində Fransa prezidenti Emmanuel Makron vaxtaşırı Azərbaycan Prezidentinə telefon açaraq müharibənin dayandırılmasını istəyirdi. E.Makron postmüharibə dövründə də özünün pis ənənəsinə sadiq qalaraq yenə də işğalçı dövlətə himayədarlıq göstərir, Azərbaycanı “dağıdıcı müharibə” aparmaqda günahlandırır. Məğlub Ermənistan məhz Fransa kimi ölkələrin təhrikedici əməllərindən, dəstəyindən ruhlanaraq revanşizm cəhdləri göstərir və sülhyaratma prosesinə süni əngəllər yaradır.

Haqq işi uğrunda mübarizə aparan və müharibəni böyük Qələbə ilə başa vuran Azərbaycanın işğalçı dövlətin havadarlarından çəkinəsi bir yeri yoxdur. Prezident İlham Əliyev noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında  Ermənistanın havadarlarına sərt mesajlarını çatdırıb. Dövlət başçımızın vurğuladığı kimi, biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik. Əgər biz kimdənsə qorxsaydıq, heç vaxt İkinci Qarabağ müharibəsinə start verməzdik. Biz hər birimiz ölümə gedirdik, öldü var, döndü yoxdur; ya azadlıq, ya ölüm! İndi də ölümə getməyə hazırıq, öz haqlarımızı tələb edərək. “Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Nə qədər təəccüblü görünsə də, Ermənistanı dəstəkləyən xarici güclər sırasında bəzi müsəlman dövlətləri də yer alırlar. Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə sanballı töhfələr verir. Bu amil də ölkəmizin böyük İslam coğrafiyasında nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Müsəlman ölkələrinin əksəriyyətinin Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi bunu əyani şəkildə təsdiqləyir. Ancaq özünü İslam dövləti adlandıran bəzi ölkələrin -onların sırasında qonşu dövlətlər də var - işğalçı Ermənistana hərtərəfli dəstək vermələri suallar yaradır. İşğalçı Ermənistan otuz il öz nəzarətində saxladığı ərazilərdəki İslam dininə aid tarixi abidələri dağıdıb, təhqirlərə məruz qoyub. Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.  “Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz. Məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər? Onları qucaqlayıb öpə bilər? Bu, riyakarlıqdır, bu, satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik, bunun başqa səbəbləri var - bax, dediyim riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı və bunu biz etdik”, - deyə Prezident İlham Əliyev bildirib.

Qonşu İslam dövləti postmüharibə dövründə də sülhyaratma prosesinə süni əngəllər yaradan Ermənistana dəstək siyasətini davam etdirir, hətta Azərbaycana əzələ nümayiş etdirməyə də özündə cəsarət tapır. Azərbaycanın güclü ordusu var və heç kimdən də qorxmur. Xaricdən dəstək uman Ermənistana və bu ölkəyə hərtərəfli yardımlar göstərən qonşu müsəlman dövlətinə sərt mesajlarını ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “...hələ də, - müharibə iki il bundan əvvəl başa çatsa da, - narahatedici məqamlar var və erməni xalqına müraciət edib sözümü demək istəyirəm. Onlar bu otuz ilin işğalının acılarını indi görürlər. İşğal nədir, itki nədir, indi görürlər. Biz, sadəcə olaraq, onlara cavab vermişik, biz öz torpağımızda vuruşmuşuq, işğalçını torpaqlarımızdan qovmuşuq. Onlar bunu anlamalıdırlar ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər. Biz burada əsas söz sahibiyik, biz burada əsas güc sahibiyik. Bizim Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31