Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclis Avropa Parlamentinə etiraz edib

Milli Məclis Avropa Parlamentinə etiraz edib

18.05.2011 [09:04]

Millət vəkilləri təşkilatın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni kəskin tənqid ediblər
Milli Məclisin dünən keçirilən iclasında millət vəkilləri Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə ilə bağlı kəskin etirazlarını bildiriblər.
Millət vəkili Azay Quliyev çıxışında bildirib ki, bu qətnamə obyektivlikdən kənar və birtərəflidir. Onun sözlərinə görə, həmin sənədin qəbul olunmasından bir neçə gün əvvəl “Avronest” Parlament Assambleyası yaradılıb. Bu assambleyanın yaradılmasında əsas məqsədin sırasında Avropa İttifaqı ilə əməkdaşlıq olduğunu deyən millət vəkili qeyd edib ki, qəbul olunan bu qətnamə gələcək əməkdaşlıq niyyətlərini alt-üst edir.
“Mən hesab edirəm ki, başda Prezidentimiz olmaqla Azərbaycan xalqının “Eurovision-2011” mahnı müsabiqəsində qazanılan qələbə ilə qürur duymağa haqqı var. Şübhəsiz ki, bu qələbənin iki müəllifi var. Bu, birincisi, bizim gözəl ifaçılarımızdır, ikincisi isə Azərbaycanın son illərdə bütün dünyanın gözü qarşısında müşahidə olunan uğurlarıdır, yüksəlişidir və inkişafıdır. Eyni zamanda, bu mahnı müsabiqəsi belə qənaətə gəlməyim üçün əsas verib ki, görünür, sadə avropalılar Avropanın bir çox siyasətçilərindən daha obyektiv və ədalətlidirlər”. Bu fikirləri isə Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxışı zamanı bildirib. Əli Əhmədov deyib ki, mayın 12-də Avropa Parlamentində qəbul olunmuş qətnamənin həddindən artıq qeyri-obyektiv, qərəzli və ədalətsiz olması haqqında sübutlar gətirməyə elə də ehtiyac yoxdur. Onun sözlərinə görə, bu qətnamə Azərbaycanın reallıqları ilə daban-dabana ziddiyyət təşkil edir. Digər tərəfdən, bu sənədin ruhu, məzmunu, xarakteri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın mahiyyətinə uyğun gəlmir.
“Azərbaycanla Avropa İttifaqı arasında səmərəli əməkdaşlıq formalaşıb. Biz belə hesab edirik ki, hər bir əməkdaşlıq tərəflər üçün faydalı olmalıdır. Azərbaycan əməkdaşlıq çərçivəsində üzərinə düşən öhdəlikləri layiqincə, vicdanla yerinə yetirib. Eyni sözləri digər tərəf haqqında demək mümkün deyil. Avropa İttifaqı Azərbaycana hər hansı maliyyə yardımı göstərmir, hər hansı layihənin maliyyələşməsini həyata keçirmir. Avropa İttifaqı eyni zamanda, Azərbaycanın üzləşdiyi təcavüzün aradan qaldırılması istiqamətdə deklorativ bəyanatlardan savayı hansısa ciddi addım atmayıb. Belə çıxır ki, bu iki tərəf arasında əməkdaşlıq ondan ötrüdür ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Avropa İttifaqı isə hesab edir ki, bu əməkdaşlıqdan üzərinə düşən vəzifə ondan ibarətdir ki, yeri gəldi-gəlmədi, Azərbaycana qarşı tənqidlər, ittihamlar irəli sürsün. Təbii ki, Azərbaycan xalqı bu qərəzli mövqeni qəbul etmir və dövlətimiz bu əməkdaşlığın Azərbaycanın maraqlarına nə dərəcədə uyğun olub olmaması üzərində düşünür” - deyə, YAP Sədrinin müavini vurğulayıb.
AVP sədri, millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qərar ikili standartların növbəti göstəricisidir. Onun fikrincə, bu sənəddə obyektivlik gözlənilməyib. Millət vəkili təklif edib ki, Milli Məclis Avropa Parlamentinə bu məsələ ilə bağlı etiraz bəyanatı qəbul etsin.
“Azərbaycanda bir qrup insan arasında bir ənənə kök salıb ki, kimsə hansısa hüquq pozuntusuna görə məsuliyyətə cəlb olunubsa, dərhal onun siyasi mənsubiyyəti üzə çıxır və ya qələm  əhli olduğu qabardılır. Beləliklə, həmin insanı məsuliyyətdən azad etmək istəyirlər, bu alınmayanda isə bundan Azərbaycana qarşı bir fakt kimi istifadə etmək ənənəsi formalaşıb”. Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, bu zərərli ənənə əsasında müəyyən dairələr Azərbaycan haqqında düzgün olmayan məlumatları beynəlxalq təşkilatlara təqdim edirlər. Onun sözlərinə görə, Avropa Parlamentinin qəbul etdiyi qətnamə isə bu kimi halların zərərli ənənə olduğunu arxa plana ataraq, onu da özlərinin məqsədlərinə xidmət edən hal kimi qəbul etmələri nəticəsində meydana çıxır. “Avropa Parlamentinin qəbul etdiyi qətnamə ilə əlaqədar öz kəskin etirazımı bildirirəm və hesab edirəm ki, tərəflər bir-birilə qarşılıqlı münasibətdə olmalıdır. Bir tərəfin öhdəliyi digər tərəfin üzərində hakim ola bilməz. Bütövlükdə, hər kəs öz öhdəliyinə məsuliyyətlə yanaşmalıdır. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası vaxtında belə bir müraciət edib. Eyni mövqeni digər siyasi partiyalardanda gözləyirik” deyə, vitse-spiker qeyd edib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə çıxışında deyib ki, Avropa Parlamentində Azərbaycan haqqında qeyri-obyektiv qətnamənin qəbul olunması ölkəmizin bu təşkilatla olan münasibətlərinin ruhuna qətiyyən uyğun gəlmir. Onun sözlərinə görə, “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycanın Avropa İttifaqı ilə çox yaxşı münasibətləri var. Amma təəssüf edirəm ki, bu cür qətnamələr qəbul olunub. Z.Əsgərov bildirib ki, may ayının 3-də yaradılan “Avronest” Parlament Assambleyası əməkdaşlıq məqsədlərinə xidmət edir. Onun sözlərinə görə, bu təşkilatın yaradılmasından bir neçə gün sonra Avropa Parlamentinin belə bir qətnamə qəbul etməsi ikili standartların təzahürüdür. “Bu gün qərb deyəndə, jandarma başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər. Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. Ədalət, bərabərlik, təhlükəsizlik məsələlərinə gələndə isə deyirlər ki, bunu biz özümüz həll etməliyik. Onda sual olunur, yaxşı, bizi ora niyə dəvət etmisiniz? Qaz lazım olanda, neft lazım olanda Azərbaycan Prezidentinin üstünə qaçırlar, Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı, bu da Azərbaycanın işidir. Gəlin, Azərbaycanla həll edin. Əgər problem varsa, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?” - deyə, birinci vitse-spiker Ziyafət Əsgərov vurğulayıb. O bildirib ki, bu gün “NABUCCO” layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var: “Bundan istifadə edib, Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər. Qopara bilmədikdə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Buna baxmayaraq, bizim öz standartlarımız var”.
Z.Əsgərov erməni lobbisi haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, əgər biz ciddi şəkildə fəaliyyət göstərsək, erməni diasporu və lobbisi heç nə edə bilməz. Onun sözlərinə görə, “Eurovision” mahnı müsabiqəsindəki qələbəmiz bunun sübutudur.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov Avropa Parlamentində belə bir sənədin qəbul olunmasını düzgün hesab etmədiyini vurğulayıb: “Hansısa yaşıllar, qırmızılar partiyasının təsiri ilə gündəliyə məsələ salmaqla qətnamə qəbul eləmək Azərbaycana qarşı həqarətdir. Avropa heç də Avropa siyasətçiləri demək deyil. Təəssüflər olsun ki, Azərbaycana qarşı hər hansı kiçik narazılıq, qətnamə olan kimi bizim bir çox müxalifətçilər bundan bəhanə kimi istifadə edir. Bəzi qəzetlər də yazır ki, Avropa İttifaqı, Avropa Parlamenti düzgün hərəkət edir, çünki Azərbaycanda insan haqları pozulur. Bu məqamda sual vermək olar ki, dünyanın bir çox ölkələrində yüzlərlə insanın hüquqları pozulur. İnsanlar gülləbaran edilir, mitinqlərdə atların ayaqları altına salınır. Onlar haqqında heç bir sənəd, qətnamə yoxdur. Azərbaycanda hansısa qanunsuz aksiya olmuşdu, mən heç ona mitinq də deməzdim, buna görə insan hüquqları pozulub adı altında qətnamə qəbil edirlər. Belə durumun yaranmasına səbəb əsas o deyil, çünki Azərbaycanı istəməyən qüvvələr var. Onlar Azərbaycanda gedən inkişafı görürlər və bütün imkanlarından istifadə edərək Azərbaycana xaricdən problemlər yaratmaq istəyirlər. Azərbaycan heç vaxt bəzi ölkələr kimi oyuncaq dövlətə dönməyəcək. Mən o dövlətlərin  adlarını demək istəmirəm. Amma Azərbaycan və onun Prezidenti tamam başqa yol seçib. Azərbaycan dövləti və Prezidenti müstəqil siyasət aparır və inanıram ki, daim belə olacaq. Bu müstəqil siyasət bir çoxlarının xoşuna gəlmir. Ona görə də, Azərbaycana, onun müstəqil siyasətinə təsir etmək üçün ikili standartlarla yanaşırlar. Qətnamənin əsas səbəbi budur. Heç kim istəmir ki, kiçik dövlət olan Azərbaycan müstəqil siyasət aparsın. Hamı istəyir ki, orada öz təsir qüvvəsini göstərsin”.
O.Əsədovun fikrincə, Avropa Parlamentinin belə qətnamə qəbul etəməsinin ikinci əsas səbəbi erməni diasporu ilə bağlıdır: “Bütün dünya onun gücünü və imkanlarını bilir. Hətta bəzi hallarda az qalır ki, ABŞ-ın siyasətini də onlar yönəltsinlər. Bunu diqqətə almalıyıq”.
Daha sonra Avropa Parlamentinə etiraz bəyanatını hazırlamaq üçün vitse-spiker Valeh Ələsgərovun sədrliyi ilə komissiya yaradılıb. Günün ikinci yarısında Milli Məclis etiraz bəyanatını qəbul edib. Bəyanatda qeyd olunub ki, Avropa Parlamentinin sonuncu qətnaməsi qərəzli xarakter daşıyır: “Biz yaxşı anlayırıq ki, demokratiya düşüncə tərzidir. Görülən işlərlə yanaşı, görüləcək işlər də çoxdur və Azərbaycan bu istiqamətdə işlər həyata keçirir”.
Müraciətdə bildirilir ki, regionda, dünyada insan haqlarının kobud şəkildə pozulduğu ölkələr var: “Hamıya məlumdur ki, Avropanın qabaqcıl ölkələrində də icazəsiz, qanunsuz aksiyaların qarşısı alınır. Avropa Parlamentinin qətnaməsi demokratik dövlət kimi Azərbaycanın mənafeyinə xələl gətirir. Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli hesab edir”.
Daha sonra müraciətin mətni müzakirəyə çıxarılıb. Deputatların bəzi təklifləri nəzərə alınmaqla müraciətin Avropa Parlamentinə göndərilməsi qərara alınıb.

Paylaş:
Baxılıb: 857 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30