Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 10-cu dəfə...

10-cu dəfə...

08.03.2023 [10:33]

Dünya gündəliyinin aktual məsələləri Bakıda müzakirə olunacaq

Mübariz FEYİZLİ

Prezident İlham Əliyev: Biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq

Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, martın 9-11-də X Qlobal Bakı Forumunun keçiriləcəyi gözlənilir. Ənənəvi olaraq keçirilən forumun təşkilatçısı  qismində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çıxış edir. Forumun mövzusu bir qayda olaraq qlobal gündəliyin ən aktual məsələlərini əhatə edir. Budəfəki forumun mövzusunun “Dünya bu gün: çağırışlar və ümidlər” olacağı bildirilir.

Azərbaycana artan inam

Uğurlu siyasət sayəsində respublikamız beynəlxalq birliyə sıx inteqrasiya edib. Bu gün Azərbaycan bütün dünyada yüksək nüfuza malik ölkə kimi tanınır. Respublikamızın ardıcıllıqla həyata keçirdiyi səmərəli multiregional siyasətdə iki mühüm xətt həmişə fərqlənir:

Birincisi, Azərbaycanın milli maraqları qətiyyətlə qorunur. İqtisadi mütəqilliyinə nail olan  respublikamız siyasi qərarlarını da tam müstəqil şəkildə qəbul edir. Bu qərarlar hansısa güc mərkəzlərinin paytaxtlarında deyil, məhz Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi əsasında verilir. Ölkəmizlə heç bir güc mərkəzi diktat dili ilə danışmır və danışa da bilməz. Prezident İlham Əliyev mötəbər beynəlxalq təşkilatların tribunalarından dəfələrlə bəyan edib ki, Azərbaycanın özünün milli maraqlarını qorumağa gücü və iradəsi var. Ötən illərin təcrübəsi dövlət başçımızın ifadə etdiyi fikirlərin təsdiqinə çevrilib. Hər inkişaf mərhələsində ölkəmizin potensialı və qlobal çağırışlar nəzərə alınmaqla yeni prioritetləri müəyyənləşdirilir. Sonra isə milli güc səfərbər edilərək qarşıya qoyulan hədəflərə doğru inamlı addımlar atılır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi bu formul sayəsində Azərbaycan zirvələrə yüksəlib, dünyanın sayılıb seçilən ölkələrindən birinə çevrilib. Qısa müstəqillik tarixində ən böyük uğurumuz, heç şübhəsiz ki, 44 günlük müharibədə qazandığımız şanlı Qələbədir. Bu Qələbə sayəsində ölkəmiz düşməni kapitulyasiyaya məruz qoydu və özünün ərazi bütövlüyünü tam təmin etdi. Milli maraqlarını belə qətiyyətlə qoruması Azərbaycana bütün dünyada ləyaqətli dövlət imici qazandırıb.

İkincisi, Azərbaycan beynəlxalq tərəfdaşları ilə siyasətini daim qarşılıqlı maraqlar əsasında qurur. Prezident İlham Əliyev dəfələrlə belə bir tezisi əsaslandırıb ki, transmilli layihələrdə iştirak edən bütün tərəflər əməkdaşlıqdan faydalanmalıdırlar. Məlum olduğu kimi, indiyədək respublikamızın moderatorluğu ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji və nəqliyyat layihələri həyata vəsiqə alıb. Böyük Avrasiya coğrafiyasında ölkələri birləşdirən, uzaq məsafələri yaxın edən bu layihələrlə bağlı təşəbbüslər bir qayda olaraq Azərbaycandan gəlsə də, onların reallaşdırılması komandanın səyləri və əməkdaşlığı sayəsində uğurla baş tutub. Sonuncu belə layihə 2020-ci ilin dekabrında tamamlanan Cənub Qaz Dəhlizi oldu. İndi bu dəhliz Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün müstəsna önəm daşıyır. Qlobal səviyyədə etiraf olunduğu kimi, Azərbaycan öz ənənəsinə uyğun olaraq bu layihə ətrafında da ölkələri və şirkətləri koordinasiyalı fəaliyyətə cəlb etməyə nail oldu. İndi tər?fdaş ölkələrin və şirkətlərin yüksəksəviyyəli rəsmiləri buna görə ölkəmizə minnətdarlıqlarını ifadə edirlər.

Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun artması da belə səmərəli siyasət kursunun məntiqi nəticəsidir. Dünyada ölkəmizə və onun Lideri İlham Əliyevə böyük inam formalaşıb. Dövlətimizin başçısı bütün dünyada qlobal əməkdaşlığa, beynəlxalq həmrəyliyin möhkəmlənməsinə töhfələr verən Lider kimi tanınır və qəbul olunur. Buna görə də beynəlxalq təşkilatlar öz tədbirlərinin keçiriləcəyi məkan kimi məhz Azərbaycanı, Bakını seçirlər. Bir neçə gün bundan əvvəl Bakıda Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü baş tutdu. Azərbaycan tərkibində 120 dövləti birləşdirən və dünyada BMT-dən sonra ikinci ən böyük təşkilat sayılan Qoşulmama Hərəkatında yüksək etimad qazanıb. QH-yə sədrlik 2019-2022-ci illərdə respublikamıza həvalə olunmuşdu. Ancaq Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin xahişi ilə Azərbaycanın sədrlik müddəti 2023-cü ilin sonunadək uzadıldı. Ölkəmizin sədrliyi Qoşulmama Hərəkatının fəaliyyətinə yüksək dinamizm gətirdi və beynəlxalq miqyasda qurumun nüfuzu əhəmiyyətli dərəcədə artdı. QH Zirgə görüşündən sonra ölkəmiz  X Qlobal Bakı Forumuna ev sahibliyi edəcək.

Bunlar əyani şəkildə təsdiqləyir ki, ölkəmiz Avrasiyada dialoq mərkəzinə çevrilib. Əlamətdar haldır ki, Bakı ən müxtəlif platformalara evsahibliyi etməyin məsuliyyətini böyük məmnuniyyətlə öz üzərinə götürür. Biz müşahidə etmişik: İndiyədək Bakıda baş tutan bütün beynəlxalq tədbirlərdə ölkəmiz istisnasız olaraq özünün yüksək standartlarını müəyyənləşdirib və tətbiq edib.

Bütün dünyada tanınan Qlobal Bakı Forumu

Artıq bütün dünyada tanınan Qlobal Bakı Forumu Azərbaycan Prezidentinin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Dünyanın bir sıra sabiq dövlət və hökumət başçılarının təmsil olunduğu Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə Gəncədə, dahi şairin 870 illik yubiley tədbirləri çərçivəsində təsis edilib. 2022-ci ilin iyununda keçirilən IX Qlobal Bakı Forumu “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr olunmuşdu. Foruma 50-dək ölkədən nümayəndə heyətləri, o cümlədən dövlət başçıları, nazirlər, sabiq prezidentlər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli şəxsləri qatılmışdı.

Sürətlə dəyişən dünyada qarşıya yeni-yeni çağırışlar çıxır. 2020-2021-ci illərdə beynəlxalq birlik yeni növ koronavirus pandemiyası ilə sınağa çəkildi. COVİD-19 pandemiyasının pik mərhələsi keçdikdən sonra Rusiya-Ukrayna müharibəsi başladı. Artıq bir ildən çoxdur ki, davam edən və sonu görünməyən müharibə fonunda dünya yeni çətinliklərlə üz-üzədir. Hazırda təhlükəsizlik beynəlxalq birlik üçün ən vacib məsələyə çevrilib. Birləşmiş Millətlər Təşkilatı dünyanı gözləyən ərzaq və enerji təhlükəsizliyi ilə bağlı həyəcan siqnalı çalır. Bu baxımdan səmərəli beynəlxalq platformalar müstəvisində müzakirələrin aparılması və çıxış yollarının tapılması çox vacibdir. Dünyanın xilası naminə ölkələr və beynəlxalq təşkilatlar səylərini artırmalıdırlar. Prezident İlham Əliyevin IX Qlobal Bakı Forumunun açılış mərasimindəki nitqində bildirdiyi kimi, dünyanın dəyişməsi aydındır. Dəyişiklik fundamentaldır. Hələ ki, proqnozlaşdırılması mümkün olmayan fəsadlarla müşayiət olunur, lakin dünyanın fərqli olacağı aydındır və o, artıq fərqlidir. Dövlətimizin başçısı vurğulayıb ki, hər bir ölkə bu prosesə, ilk növbədə, təhlükəsizlik tədbirləri ilə bağlı töhfə verməlidir. “Təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Eyni zamanda, mən əminəm ki, Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir. Bu Forum müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv bir Forumdur və hesab edirəm ki, bu, belə də olmalıdır. Çünki biz hamımız dünyanı daha da təhlükəsiz etmək üçün bir-birimizlə daha yaxından çalışmalıyıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paylaş:
Baxılıb: 509 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31