Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "dəyirmi masa" keçirilib

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "dəyirmi masa" keçirilib

30.12.2011 [13:41]

Akademik Ramiz Mehdiyev: Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Sərəncam imzalayıb.
AzərTAc xəbər verir ki, dünən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə “dəyirmi masa” keçirilib.
“Dəyirmi masa”da Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, araşdırma mərkəzlərinin nümayəndələri iştirak ediblər.
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “dəyirmi masa”nı açaraq deyib ki, müzakirəyə çıxarılmış mövzunun fövqəl əhəmiyyət kəsb etməsi hamı üçün aydındır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 29 noyabr tarixli Sərəncamı ilə müvafiq dövlət orqanlarına ölkəmizin gələcək inkişafının əsaslarını müəyyənləşdirəcək “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanması tapşırılıb. Bu baxımdan bu gün təşkil olunmuş “dəyirmi masa”nın fəaliyyətini ilk və mühüm təcrübə kimi qiymətləndirmək olar.
Azərbaycanın öz müstəqilliyinin 20 ili ərzində çox mürəkkəb və eyni zamanda, şərəfli yol keçdiyini vurğulayan akademik R.Mehdiyev deyib ki, ölkəmiz 1990-cı illərin əvvəllərində böyük təhlükələrlə üzləşib, hərbi təcavüzə məruz qalıb, torpaqlarımızın 20 faizi işğal edilib, bir milyon azərbaycanlı yurd-yuvasından vəhşicəsinə qovulub.
ötən əsrin 90-cı illərinin ortalarından etibarən ölkəmiz müdrik Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başlayıb. Bu dövrdə ilk növbədə bərpa olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edilib, ölkə daxilində siyasi sabitliyə nail olunub, makroiqtisadi tarazlığın köklənməsi və o vaxt mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində təsirli tədbirlər görülüb, ağıryüklü sosial məsələlərin həllinə başlanıb. Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olunmasının əsası, məhz, bu dövrdə “Əsrin müqaviləsi”nin bağlanılması ilə qoyulub, eyni zamanda, düşünülmüş şəkildə genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə başlanıb.
Prezident Administrasiyasının rəhbəri deyib ki, 2000-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsi sürətli tərəqqinin təmin olunmasına əlverişli imkanlar açıb, cəmiyyətimizin daha önəmli sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaradıb. ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılıb, dövlət idarəçiliyi sistemi müasir meyarlara uyğun yenidən qurulub.
Bu illərdə sosial problemlərin səmərəli həllində dönüşlü irəliləyişə nail olunduğunu, əhalinin sosial müdafiəsi sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun yenidən qurulduğunu diqqətə çatdıran akademik Ramiz Mehdiyev deyib ki, yeni pensiya sistemi fəaliyyətə başlayıb, ünvanlı yardım, sosial müavinətlər sistemi təsbit olunub və inkişaf etdirilib.
Bununla yanaşı, qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası həmin dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil edib.
Ramiz Mehdiyev qeyd edib ki, beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan ən ciddi meyarlar (adambaşına düşən ümumi daxili məhsulun məbləği və İnsan İnkişafı İndeksi) baxımından ölkəmiz artıq orta inkişaf səviyyəsində olan ölkələr sırasındadır. Bütün bunlar düşünülmüş və məqsədyönlü siyasətin ardıcıl surətdə həyata keçirilməsinin nəticəsində mümkün olub. ölkə rəhbərliyi səviyyəsində qəbul olunan dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli surətdə icra olunması bu siyasətin reallaşdırılması mexanizmi kimi vacib əhəmiyyət kəsb edir. Təkcə onu demək kifayətdir ki, hazırda ölkəmizdə 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə” Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətindən danışan akademik Ramiz Mehdiyev deyib ki, bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması ilə bağlıdır. Yeni inkişaf mərhələsinin əsas xüsusiyyəti qarşımızda duran məqsədlərin daha yüksək səviyyəli, çoxşaxəli olması və zamanın çağırışlarını nəzərə alınması ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən ən müasir idarəetmə üsullarının tətbiqi tələb edilir, strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır.
Konsepsiyanın hazırlanmasının əsas istiqamətlərini şərh edən akademik Ramiz Mehdiyev deyib ki, bunlar aşağıdakılardır:
- dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması;
- siyasi sahədə demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi;
- iqtisadi sahədə ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, ölkəmizin ümumi daxili məhsulunun tərkibində və dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi;
- iqtisadiyyatda innovasiyaların tətbiqinin təmin edilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi;
- mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmin edilməsi;
- Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması;
- sosial sahədə yoxsulluq səviyyəsinin mümkün minimuma endirilməsi istiqamətində yürüdülən siyasətin davam etdirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
- Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, Azərbaycan xalqının bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması;
- bölgədə və bütün dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan dövlətinin səylərinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.
Akademik Ramiz Mehdiyev vurğulayıb ki, Konsepsiyanın hazırlanması zamanı dünya təcrübəsi araşdırılmalı, bu işə xarici mütəxəssislər cəlb olunmalı, dövlət və ictimai təşkilatlarla geniş müzakirələr aparılmalıdır. Konsepsiyanın hazırlanması üçün komissiya da yaradılmalı və işçi qruplar müəyyən olunmalıdır. Gələn ilin yanvarında komissiyanın və işçi qrupunun tərkibi müəyyən edilməlidir.
Azərbaycan Respublikasının iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov bildirib ki, Konsepsiyanın yaradılması ölkənin inkişafının əsas istiqamətlərini müəyyən etməyə imkan verəcək. Bununla yanaşı, Konsepsiya hazırlanarkən dayanıqlı iqtisadiyyatın təmin edilməsi diqqət mərkəzində olmalı, intellektual baza formalaşdırılmalı, informasiya texnologiyalarından istifadə edilməlidir.
Azərbaycanın son yeddi ildə çox ciddi nailiyyətlər əldə etdiyini vurğulayan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki inkişafın artıq yeni keyfiyyət dəyişiklikləri tələb etdiyini deyib. O, bildirib ki, yeni Konsepsiyanın tətbiqində neft strategiyasının üstünlüklərindən istifadə olunması məqsədəuyğundur.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə vurğulayıb ki, ölkəmizdə müşahidə olunan sürətli iqtisadi inkişaf Azərbaycan cəmiyyətində də güclü konsensusun əldə edilməsinə şərait yaradıb. Yeni Konsepsiyanın hazırlanması zamanı iqtisadiyyatdakı hansı meyillərin daha da gücləndirilməsi müəyyən edilməli, qarşıdakı on ildə iqtisadiyyatda səmərəlilik amili ön plana çəkilməlidir.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da əsas diqqəti Konsepsiyanın hazırlanması zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadəyə yönəldib, bu iddialı hədəfə çatmaq üçün ölkəmizdə güclü potensialın formalaşdığını bildirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Konsepsiyada insan amilinə daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayaraq gender və uşaq məsələlərinin orada əksini tapmasının əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycanın artıq keçid dövrünü başa vurduğunu deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, indi milli inkişafın yeni strategiyasının müəyyən olunmasının vaxtı çatıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətini vurğulayan Əli Həsənov bildirib ki, Konsepsiya praqmatik, praktiki və tətbiqi olmalıdır.
Ə.Həsənov diqqətə çatdırıb ki, Konsepsiyada neft gəlirlərindən istifadə edilərək bütün infrastrukturun, regionların inkişaf etdirilməsi, sosial problemlərin həll olunması, kənd təsərrüfatı sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsi, gənc nəslin yetişdirilməsi, sahibkarlığın dəstəklənməsi, çoxmülkiyyətçilik və iqtisadiyyatın əsas yükünün sahibkarlığın üzərinə yüklənməsi, turizm potensialının inkişafı zamanı turistlərin cəlb olunma mexanizminin formalaşdırılması məsələləri əksini tapmalıdır.
Ə.Həsənov bildirib ki, yeni Konsepsiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycanın inkişaf etməkdə olan ölkələri qabaqlamasını təmin etməkdir. Azərbaycanın gələcək on ildə iqtisadi və sosial inkişafında əsas istiqamətlərdən biri maliyyə vəsaitinin xərclənməsi üzrə milli strategiyanın müəyyənləşdirilməsidir.
Azərbaycanda adambaşına düşən məhsul istehsalının inkişaf etməkdə olan ölkələr səviyyəsində olduğunu diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri bunun üçün resurslarımızın mövcudluğunu və bu istiqamətdə rasional proqramın yaradılmasının zəruriliyini qeyd edib.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib ki, Konsepsiyanın hazırlanması zamanı qarşıdakı vəzifələr müəyyən edilərkən real olanların əsas götürülməsi vacibdir. Nazir qeyd edib ki, müəyyən olunan hədəflərə çatmaq üçün Azərbaycan dövlətinin qarşında heç bir maneə yoxdur.
“Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Nazim Müzəffərli hədəflərin ölçüləbilən olmasının əhəmiyyətini qeyd edərək bu Konsepsiyanın dövlətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Konsepsiyanın hazırlanması zamanı riyazi modelləşmədən istifadə olunmasının vacibliyini vurğulayan Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə bu mövzu ilə bağlı bütün ideyaların diqqətlə araşdırılmasının vacibliyini qeyd edib.
Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Konsepsiyanın hazırlanması zamanı insanları narahat edən məsələlərin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq deyib ki, bu sənəd hakimiyyətlə cəmiyyət arasında dialoqu daha da gücləndirəcək.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsinin vacibliyini vurğulayıb.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib ki, belə bir Konsepsiyanın hazırlanması artıq cəmiyyətin sifarişidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov aparılan müzakirələr zamanı elmi yanaşmanın zəruriliyini bildirib.
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov deyib ki, inkişafla bağlı yeni sənəd təkcə iqtisadiyyatı yox, bütünlükdə ölkənin ümumi inkişafını əhatə etməlidir.
Milli Məclisin deputatları Fazil Mustafa müzakirələri tender formalı prosesə çevirməyin, Asim Mollazadə isə bu prosesə vətəndaş cəmiyyətinin cəlb olunmasının vacibliyini vurğulayıblar.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Konsepsiya hazırlanarkən xarici mütəxəssislərin iştirakı o qədər də vacib deyil. çünki 20 il ərzində böyük nailiyyətlərə imza atan Azərbaycanda bu Konsepsiyanın hazırlanması üçün kifayət qədər mütəxəssis var.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı da ölkəmizin inkişafı ilə bağlı həyata keçiriləcək Konsepsiyanın bütün sahələrdə ciddi uğurların əldə olunmasına şərait yaradacağını deyib.
Müzakirələrə yekun vuran Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirib ki, “dəyirmi masa”da səslənən fikirlər nəzərdən keçiriləcək və faydalı olanlardan Konsepsiyanın hazırlanması zamanı istifadə ediləcək.
Paylaş:
Baxılıb: 922 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30