Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilib

Berlində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı keçirilib

01.05.2012 [11:06]

Samirə Patzer-İsmayılova konqresin prezidenti seçilib
Aprelin 29-da Almaniyanın paytaxtı Berlin şəhərinin “Konkord” otelinin tədbirlər salonunda Avropa Azərbaycanlıları Konqresinin (AAK) IV Qurultayı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dünyada Azərbaycan diaspor quruculuğundan bəhs edən “Gücümüz birliyimizdədir!” sənədli filmi nümayiş olunub.
Avropa Azərbaycanlıları Konqresinə üzv təşkilatların rəhbərlərinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Milli Məclisin və digər ölkələrin parlamentlərinin deputatlarının, AAK-a üzv olmayan Azərbaycan cəmiyyət və birliklərinin, həmçinin digər xalqların diaspor təşkilatlarının təmsilçilərinin iştirak etdikləri qurultayın rəyasət heyəti seçildikdən sonra AAK-ın prezidenti Başar Kömür hesabat məruzəsi ilə çıxış edib. O, Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə Azərbaycan diasporuna və onun işinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. B.Kömür deyib ki, qurultayın işində Avropanın müxtəlif ölkələrindən 61 Azərbaycan diaspor təşkilatından nümayəndə heyətləri iştirak edir.
Diasporla İş üzrə Dövlət Komitəsinin AAK-ın fəaliyyətinə daim dəstək verdiyini söyləyən B.Kömür qurumun yarandığı gündən bəri sürətlə böyüdüyünü, həm öz sıralarını, həm də təsir imkanlarını genişləndirdiyini vurğulayıb. üçüncü Qurultaydan ötən müddət ərzində Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan cəmiyyət və dərnəklərinin fəaliyyətində mühüm keyfiyyət dəyişiklikləri baş verdiyini söyləyən AAK prezidenti qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı beynəlxalq aləmin məlumatlandırılması Avropa ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının diqqət yetirdiyi əsas məsələlərdən olub. 20 Yanvar faciəsi, Xocalı qırğını, 31 Mart - Azərbaycanlıların soyqırımı günü  ilə əlaqədar Avropanın onlarla ölkəsində müxtəlif tədbirlərin, o cümlədən etiraz aksiyalarının, konfrans və “dəyirmi masa”ların, sərgilərin keçirilməsi yolu ilə Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
Azərbaycanın zəngin mədəniyyətinin təbliği istiqamətində görülən işlərdən danışan B.Kömür Avropanın müxtəlif ölkələrində onlarla ədəbi-bədii, musiqili tədbirlərin keçirildiyini deyib. O, Almaniyanın Düsseldorf şəhərində keçirilmiş “Evrovision - 2011” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin tarixi qələbə qazanmasında xaricdə, xüsusən Avropa ölkələrində yaşayan soydaşlarımızın da fəallığının mühüm rol oynadığını vurğulayıb.
B.Kömür Avropa ölkələrində yaşayan azərbaycanlı gənclərin milli mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyə olunmasının, ölkəmizin maraqlarının qorunmasında onların fəal iştirakının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.
“AAK-ın yarandığı gündən bəri bir vacib məsələ var və həll olunana qədər biz onu gündəliyimizdən çıxarmayacayıq. Bu, işğal olunmuş torpaqların azad edilməsi məsələsidir. Bu məsələnin həll üçün çalışmaq hər birimizin Vətən qarşısında müqəddəs borcudur”, - deyə B.Kömür məruzəsini başa çatdıraraq, yeni seçiləcək heyətə uğurlar arzulayıb.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
Professor Əli Həsənov Azərbaycan dövlətinin AAK-ın işini yaxından izlədiyini, təşkilatın yarandığı 2004-cü ildən bəri onun 4 qurultayının keçirildiyini, bu illər ərzində qurumun üç prezidentinin seçildiyini və onların müvəffəqiyyətlə fəaliyyət göstərdiklərini vurğulayıb.
 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1993-cü ildən başlayaraq diaspor quruculuğu işinə azərbaycançılıq ideologiyasını əsas amal elan edərək başladığını diqqətə çatdıran Prezident Administrasiyasının şöbə müdiri hazırda o illərlə müqayisədə hədəflərimizin daha da genişləndiyini bildirib.
Bu mühüm işdə diaspor təşkilatlarımıza, o cümlədən AAK-a  nailiyyətlər arzulayan Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyada yaşayan azərbaycanlılara həm güvəndiyini, həm də onların dayağı olduğunu vurğulayıb. O, son illərdə ölkəmizin artan qüdrətinin, qazandığı beynəlxalq əhəmiyyətli nailiyyətlərin Azərbaycan dövlətinin düşmənlərini qıcıqlandırdığını, həmin qüvvələri anti-Azərbaycan fəaliyyətinə sövq etdiyini deyib.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçildiyini və bu quruma sədrlik edəcəyini xatırladan Əli Həsənov həmin qüvvələrin, o cümlədən bəzi mətbu orqanların anti-Azərbaycan fəaliyyətini neytrallaşdırmaqda, ölkəmiz barədə həqiqətlərin dünya, həmçinin  Avropa ictimaiyyətinə olduğu kimi çatdırılmasında diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında AAK-ın səkkiz illik mövcudluğu dövründə çox mühüm işlər gördüyünü bildirib. Komitə sədri bu illərdə AAK-ın tam mənada diaspor təşkilatı kimi formalaşdığını deyib.
Nazim İbrahimov Dövlət Komitəsinin AAK-a seçiləcək yeni rəhbər heyətə dəstəyini davam etdirəcəyini bildirib.
Qurultayda Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Belarus Azərbaycanlıları Konqresinin prezidenti Natiq Bağırov, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov, Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, TADEF-in sədri Bilal Dündar, Azərbaycan-Almaniya Dostluq  Cəmiyyətinin sədri Haqqı Kəskin, Milli Məclisin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı, Danimarkadakı “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, AAK-ın birinci prezidenti Bahəddin Kaya çıxış edərək Avropa Azərbaycanlıları Konqresinin bundan sonrakı hədəflərindən danışıb, bu qurumun Azərbaycan naminə fəaliyyəti istiqamətində daha peşəkar və mütəşəkkil iş aparmasının vacibliyini vurğulayıblar.
çıxışlarda Azərbaycanın diaspor təşkilatlarının Avropa ölkələrində siyasi çəkisinin artmasının sevindirici fakt olduğu da xüsusi vurğulanıb.
Müzakirələrdən sonra təşkilati məsələlərə baxılıb. Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova Avropa Azərbaycanlıları Konqresinin prezidenti seçilib.
Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsi və Nəzarət-Təftiş Komissiyasının tərkibi seçildikdən sonra AAK-ın birinci vitse-prezidentləri və vitse-prezidentləri seçiliblər. Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bulal Dündar AAK-ın birinci vitse-prezidentləri, Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, İsveçin Azərbaycan Federasiyasının sədri Səttar Sevgin, Estoniya parlamentinin deputatı, “Bakı” klubunun həmsədri Eldar Əfəndiyev, ümumrusiya Azərbaycanlıları Konqresi Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev vitse-prezidentləri seçiliblər.
Avropa Azərbaycanlıları Konqresinə yeni üzvlər qəbul olunub. Qurultayda “Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidentlərinin Məşvərət Şurası”nın yaradılması haqqında qərar qəbul olunub.
Qurultayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət, IV qurultayın qətnaməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Bəyanat qəbul edilib, Dünya Azərbaycanlılarının III Qurultayının yekunlarına dair kitabın təqdimatı keçirilib.
Avropa Azərbaycanlıları Konqresinin V Qurultayı 2014-cü ildə keçiriləcək.
Paylaş:
Baxılıb: 875 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30