Tarixi keçmişimizin əvəzsiz yadigarı - İrəvan xalçaları
18.09.2015 [10:00]
İrəvan qrupu xalçalarının texniki və bədii təhlili tarixən bu bölgədə yaşayan azərbaycanlıların adət-ənənələrinin, məişətinin, mədəniyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir
Sirr deyil ki, Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Arxeoloji materiallar və yazılı mənbələr əcdadlarımızın hələ eramızdan əvvəl də bu sənətlə məşğul olduğunu sübut edir. Bununla bağlı qədim dünya tarixçiləri Herodot, Ksenofont və digərlərinin əsərlərində müxtəlif məlumatlar var. Tarixi qaynaqlarda III-VII əsrlərdə Azərbaycanda xalça sənətinin daha sürətlə inkişaf etdiyi, ipəkdən, qızıl və gümüş saplardan nəfis xalçaların toxunduğu bildirilir. Qızıl-gümüş saplarla toxunan və daş-qaşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter alıb. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. XVI-XVII əsrlərdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson, holland səyahətçisi Yan Streyts Şamaxıda qiymətli saplarla toxunan, daş-qaşlarla bəzədilən xalçalar barədə xəbər veriblər.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə də maraqlı məlumatlara rast gəlinir. Naməlum müəllifin X əsrə aid “Dünyanın sərhədləri” əsərində, XII əsrə aid “Kitabi-Dədə Qorqud” dastanında, klassik şairlərimiz Nizami və Xaqaninin əsərlərində xalçalarımız tərənnüm olunub. Həmçinin, Avropa rəssamlarının əsərlərində, miniatürlərdə Azərbaycan xalçalarına aid nümunələr əksini tapıb. Buna XV əsr Niderland rəssamları Hans Memlinq, Van Eyk, alman rəssamı Hans Holbeynin tablolarını misal göstərmək kifayətdir.
Ümumiyyətlə, Bakı, Naxçıvan, Qarabağ, İrəvan, Şirvan, Quba, Gəncə, Qazax-Borçalı, Təbriz kimi əsas xalça qruplarında təsnif və tədqiq olunan Azərbaycan xalçaları aid olduğu bölgələrin coğrafi, etnik, mədəni müxtəlifliyini əks etdirir. Bunların sırasında İrəvan xalçalarına diqqət yetirək. Yeri gəlmişkən, qeyd edək ki, bu barədə “Azər-İlmə” şirkətinin rəhbəri Vidadi Muradovun fikirləri maraqlıdır. Onun sözlərinə görə İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk-oğuz tayfalarının yaşadığı ərazilər olmuşdur: “Bu ərazinin tarixi abidələri - qala, saray, istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik mənsubiyyətindən xəbər verir. İstər coğrafi adlar, istərsə də müasir dövrümüzədək gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Onlar tarixən bu torpaqlarda əkinçilik, baramaçılıq, heyvandarlıq kimi təsərrüfat sahələri, həmçinin xarratlıq, dulusçuluq, tikmə, xalçaçılıq kimi sənət sahələri ilə məşğul olublar”.
V.Muradov bildirib ki, İrəvan qrupu Qərbi Azərbaycan ərazisində toxunan xalça nümunələrini əhatə edir. İrəvan şəhəri və onun ətrafındakı mahallarda yaşayan azərbaycanlı-türk əhali əsrlər boyu həm xovlu, həm də xovsuz texnika əsasında xalça və xalça məmulatları toxuyub.
Ümumilikdə, Azərbaycan xalçaçılığının keçdiyi dörd əsas inkişaf mərhələsi İrəvan qrupuna da şamil edilir. İlk mərhələ xalça sənətinin ibtidai dövrüdür. Qərbi Azərbaycanda dəvə, qoyun yunundan, pambıqdan toxunan bəzəksiz, saya yerlikli palazlar və cecimlər bu mərhələyə aid edilir. Milli xalçaçılıq sənətimiz həm texniki, həm də bədii cəhətdən nisbətən təkmilləşmiş ikinci mərhələdə sadə keçirtmə, dolama texnikası ilə yundan, pambıqdan, bəzən də ipəkdən toxunan kilimlər meydana gəlir. İrəvan kilimləri üzərində romb, üçbucaq və trapesşəkilli naxışlar, ornamentlər öz əksini tapır. Burada “gəzməli kilim” adlandırılan mürəkkəb dekorativ quruluşlu nümunələrə də rast gəlinir. Üçüncü dövr vərni (ipək və yun), şəddə (yun, ipək, pambıq), zili (yun, pambıq, ipək), ladı (yun və pambıq) kimi xovsuz xalça məmulatlarının yaranması ilə xarakterizə olunur. Mürəkkəb dolama üsulu ilə toxunan İrəvan şəddələri və vərniləri əsasən maldarlıqla məşğul olan əhalinin məişətində geniş istifadə edilirdi. Vərnilərin əsas naxışları şahmat damaları qaydası ilə stilizə edilmiş iri ölçülü əjdaha təsvirlərindən ibarət olurdu. Palaz və cecim texnikası əsasında toxunan şəddələr də müvafiq şəkildə sadə və mürəkkəb olmaqla iki qrupa bölünürdü. Qərbi Azərbaycan zililərinin bəzilərinin yerliyi palaz texnikası - sadə keçirtmə üsulu ilə, bir qismi isə mürəkkəb dolama üsulu ilə naxışlanıb. Xalçaçılıq sənətinin bu mərhələsi, eyni zamanda, xovsuz məişət əşyalarının yaranması ilə də yadda qalır. Həm forma, həm də məzmunca dəyişmə prosesi nəticəsində tarixən Qərbi Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsi olmuş məfrəş, xurcun, heybə, çuval, çul, yüküzü, sicim, çatı və s. kimi məişət əşyaları yaranır.
İrəvan qrupu xalçalarının texniki və bədii təhlili tarixən bu bölgədə yaşayan azərbaycanlıların adət-ənənələrinin, məişətinin, mədəniyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada XVIII əsrin II yarısı - XX əsrin əvvəllərinə aid İrəvan qrupu - Qərbi Azərbaycan xalçalarının ayrı-ayrı mahallar üzrə öyrənilməsi daha məqsədəuyğundur.
Ağbaba və Şörəyel mahalları ərazisində toxunmuş xalça və xalça məmulatları, özünəməxsus toxunma texnologiyası və bu ərazinin təbiətindən irəli gələn çalarları ilə birgə, kompozisiya quruluşuna görə Qazax-Borçalı xalça qrupunun nümunələrinə yaxındır. Bu xalçalar ağır çəkisi, hündür xovu, yumşaq və parlaq yunu ilə seçilir. Bu xalçalarda təbii üsulla alınmış qırmızı, mor, sürməyi, sarı, qəhvəyi, yaşıl, bal rəngi, qara, mavi rənglərdən ibarət kolorit həlli öz uyarlığıyla göz oxşayır.
Loru və Pəmbək mahallarında toxunmuş xalçalar dağlıq və dağətəyi ərazi kimi bu bölgənin flora və fauna aləmindən əldə edilən rənglərlə özünəməxsus çalarlar qazanıb. Naxışları bədii sənətkarlığın mürəkkəb nümunəsi hesab olunan bu xalçaları Qazax-Borçalı qrupunun nümunələrindən ayrı təsəvvür etmək mümkün deyil. Zaman keçdikcə bu təsvirlər fərqli tərzlərdə təcəssüm olunmağa başlayıb, sənət tarixinin ayrılmaz bir hissəsinə çevrilib, keçdiyi inkişaf yolunun məntiqi nəticəsi kimi sabit bədii üsluba yiyələnib.
Loru və Pəmbəkdə qara yunlu, cins qoyunların bəslənməsi burada iplərin fərqli rəng çalarlarını yaradıb. Keçi qəzilindən faydalanan yerli əhali ondan müxtəlif xalça məmulatlarının toxunmasında da istifadə edib. Bu ərazidə ən çox rast gəlinən xalça növlərindən biri kimi “Namazlığ”ı xüsusi qeyd etmək lazımdır. Mürəkkəb və sadə kompozisiyalı xalçalar bu əhalinin dini dünyagörüşü, islami inancları ilə əlaqədar toxunub.
Göyçə mahalında yaşayan azərbaycanlıların toxuduqları xalçalar öz kompozisiya quruluşuna görə Qarabağ, Gəncə xalça qrupuna yaxındır. Göyçə gölü ətrafında yerləşən bu mahalın əhalisi Qarabağla sıx mədəni-iqtisadi əlaqədə olub. Bu yaxınlıq məişətdə, folklorda özünü daha qabarıq büruzə verib. Bu ərazidə qoyunçuluq təsərrüfatının geniş yayılması xalçaçılığın inkişafına münbit şərait yaradıb. Qara, boz, çal, qumral rəngli yunun bolluğu və boyaq xassəli zəngin bitki örtüyü, eyni zamanda, min illərdən bəri naxışları yaddaşında yaşadan, onu xüsusi məhəbbətlə, incəliklə və istedadla xalçaya köçürən toxucular Göyçə xalçalarına bənzərsizlik bəxş edib. Bu xalçalarda simvollaşdırılmış dəvə, eləcə də digər heyvan, quş təsvirlərinə tez-tez rast gəlinir. Göyçə xalçaçıları “çərxi-fələk” motivindən həm əsas, həm də doldurucu element kimi istifadə ediblər. Bu mahalın xalçalarının ana haşiyəsi üçün səciyyəvi olan “zülfələm” motivləri Qərbi Azərbaycanın digər mahallarında toxunan xalçalarda da tətbiq edilib.
İrəvanla coğrafi yaxınlığı Zəngibasar bölgəsinin mədəni mühitinin formalaşmasına öz təsirini göstərib. Bölgənin Arbat, Aşağı Necilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrində toxunan xalçalar öz incəliyi, zərifliyi ilə seçilirdi. Kompozisiya quruluşuna görə bu ərazidə toxunan xalçaların Qazax-Borçalı və Təbriz xalça məktəbi ilə yaxınlığı hiss olunur.
Zəngəzur mahalının xalçaçılıq ənənəsi isə daha çox Qarabağ xalça qrupunun ənənələrinə yaxındır. Buna səbəb Zəngəzurun tarixən Qarabağ xanlığı və burada yaşayan əhali ilə mədəni, iqtisadi əlaqələri və yaxınlığı idi. Mədəni-sosial anlamda Qarabağı Zəngəzurdan ayırmaq mümkün deyil. Naxçıvan, Qarabağla həmsərhəd olan Zəngəzur folklorunda, tətbiqi sənətində adıçəkilən bölgələrin təsiri duyulur.
Avropanın bir çox tarixi mənbələrində “Zaqafqaziyanın İsveçrəsi” adlandırılan Dərələyəz mahalını Azərbaycanın xalçaçılıq sənətinin beşiklərindən biri hesab etmək olar. Dərələyəz mahalı Təbrizlə İrəvanı Qarabağa bağlayan yolun üzərində yerləşirdi. Bölgənin Almalı, Bülbülölən, Qabaxlı, Qara-qaya, Qovuşuq, Ələyəz, Əmağu, Kədikvəng, Gülüdüzü, Sallı, Hors, Çivə kəndlərində xalçaçılıq geniş yayılmışdı. Dərələyəzdə toxunan xalçalar kompozisiya quruluşuna görə həm Qarabağ, həm də Qazax-Borçalı xalça qrupunun nümunələrinə yaxındır. Xalçaçılar, əsasən, qara və qonur qoyun yunundan hazırlanmış iplərdən istifadə ediblər.
İrəvan xalçaları arasında İrəvan şəhərində toxunmuş xalçaları xüsusi qrup kimi ayırmaq tamamilə məntiqlidir. İrəvan xanlığının mərkəzi, onun mədəni və siyasi paytaxtı İrəvan şəhəri olmuşdur. Bu qədim oğuz-türk yurdunun tarixini, mədəniyyətini tədqiq etmək üçün vaxtilə bu torpaqlarda olmuş, buranın gözəlliyini, əhalisinin məişətini təsvir etmiş səyyahların qeydləri xüsusilə əhəmiyyətlidir. Beləliklə, İrəvan qrupu xalçalarının tarixi-etnoqrafik, sənətkarlıq baxımından təhlili onların Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, tarixi keçmişimizin əvəzsiz yadigarı olduğunu bir daha təsdiq edir.
Nardar BAYRAMLI
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi
və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01

