Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını təntənəli şəkildə qeyd edib

Azərbaycan Prokurorluğunun kollektivi peşə bayramını təntənəli şəkildə qeyd edib

02.10.2015 [10:29]

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncama müvafiq olaraq peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, xatirələrini dərin ehtiramla anıb.
Sonra Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini yad ediblər.
Sonra Baş Prokurorluqda 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik edib.
Xüsusi vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 30 sentyabr tarixli sərəncamları ilə prokurorluq orqanlarının bir qrup əməkdaşı yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülüb. Prokurorluq işçilərindən 25 nəfəri “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, 4 nəfərə isə “III dərəcəli dövlət ədliyyə müşaviri” ali xüsusi rütbələri verilib.
Göstərilən bu böyük etimad prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilərək Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları adından dövlətimizin başçısına dərin minnətdarlıq və ehtiram ifadə olunub.
Diqqətə çatdırılıb ki, xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılıb. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilərək cəmiyyətdə statusuna uyğun yerini tutub.
Ümummilli liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətinin artıq öz bəhrəsini verdiyini diqqətə çatdıran baş prokuror bildirib ki, ölkəmizdə son dövrlərdə ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tamhüquqlu üzvü kimi layiq olduğu yerini tutub. Müsbət hal kimi qeyd olunub ki, Azərbaycan Respublikası digər sahələrlə yanaşı, cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilib.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək deyib: “Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir”.
Qeyd olunub ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi ilə reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir. 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 631 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 56 faizini təşkil etməsi, növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 25 gənc mütəxəssisin prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlətimizin başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcək.
Bildirilib ki, Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik addım olub. Üç il ərzində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Prokurorluğu orqanları ötən müddətdə ilk növbədə Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin edib. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma səmərəli nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.
Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılıb, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılaraq çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılıb, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilib. Həmçinin işçilərin sosial müdafiəsinin gücləndirilməsi və sair tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırıb, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilib.
Əminlik ifadə olunub ki, öz peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcək.
Sonda baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına “Prokurorluğun fəxri işçisi” döş nişanı, Fəxri fərmanlar və rütbə dərəcələri təqdim edib.
Mərasimin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlətimizin başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30