Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda fəal vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yüksək səviyyədə təmin edilib

Azərbaycanda fəal vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yüksək səviyyədə təmin edilib

05.12.2015 [10:50]

Qanunların aliliyinin təmin olunduğu hüquqi dövlət və fəal vətəndaş cəmiyyəti bir-biri ilə sıx vəhdət təşkil edərək son nəticədə ölkələrin hərtərəfli inkişafını və vətəndaşların məmnunluğunun təmin olunmasını şərtləndirən ən etibarlı platforma qismində çıxış edir. Bu baxımdan Azərbaycanın mənzərəsi də nikbinlik üçün hər cür əsas verir. Müasirləşməni və davamlı inkişafı hədəfləyən ölkəmiz bu məqsədə məhz hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti quruculuğu yolu ilə çatmağı özünün strateji kursu kimi müəyyənləşdirib. Müstəqil Azərbaycanın banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hələ 1993-cü ildə ölkəmizin strateji inkişaf xəttini bəyan edərək deyib: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır”.
Azərbaycan ötən dövrdə bu strateji kursa daim sadiqlik nümayiş etdirib. Ölkədə aidiyyəti qurumların funksionallığının artırılması, onların praktiki müstəvidə effektiv fəaliyyətinin təmin olunması, həmçinin zəruri hüquqi bazanın möhkəmləndirilməsi yolu ilə hüquqi dövlət və aktiv vətəndaş cəmiyyəti quruculuğunun dövlət siyasətində prioritetliyinin təmin olunması həmişə ölkəmizin əsas paradiqmaları sırasında yer alıb.
Ölkənin əsas qanunu və həyata keçirilən islahatlar hüquqi dövlət quruculuğuna hərtərəfli təminat verir
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün fundamental baza rolunu oynayır. Burada demokratik hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Qeyd edək ki, Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr olunub.
Konstitusiyanın qəbul edilməsi ölkədə geniş hüquqi islahatlar həyata keçirilməsinə əlverişli zəmin yaradıb. Beləliklə, 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Hüquqi İslahat Komissiyası fəaliyyətə başlayıb. Qısa müddətdə hüquq sistemində yeni dünya çağırışlarını özündə ehtiva edən bir sıra islahatlar həyata keçirilib. Gərgin fəaliyyət nəticəsində “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunların layihələri hazırlanıb və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edilib.
İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” müvafiq Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası dəqiq müəyyən edilib və insan hüquqları məsələsi dövlət siyasəti səviyyəsinə qaldırılıb. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Azərbaycan dövlətinin humanizm prinsiplərinə böyük önəm verməsinin ifadəsidir.
Məhkəmə sisteminin təkmilləşdirilməsi və yeni dövrün tələblərinə uyğunlaşdırılması da hüquqi dövlət quruculuğu yolunda əldə olunan böyük nailiyyətdir. 1997-ci ildə zəngin demokratik ənənələri olan ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul edilib. Ümummilli liderin imzaladığı bəhs olunan qanuna və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında proqram xarakterli müvafiq Fərmana uyğun olaraq ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə start verilib. Həyata keçirilən fundamental məhkəmə-hüquq islahatları nəticəsində keçmiş Sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb.
Azərbaycanda hüquqi dövlət quruculuğu bu gün də uğurla davam etdirilir
Hüquqi dövlət quruculuğu prosesi daimi prosesdir. Hazırda ölkəmizdə Ulu öndər Heydər Əliyevin başladığı hüquqi dövlət quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyev ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, hüquq qaydaları ilə bir araya sığmayan korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu dəfələrlə ifadə edib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda səmərəli antikorrupsiya platforması yaradılıb.
Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa imkan verib. Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə də şəffaflığın təmin olunmasında, hüquqi dövlət quruculuğu ilə bir araya sığmayan bürokratik əngəllərin, mümkün korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasında mükəmməl mexanizmdir.
Prezident İlham Əliyev məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixdə imzaladığı müvafiq Fərman respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi, bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində dönüş yaradıb. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli fəaliyyət planının təsdiq edilməsi haqqında” imzaladığı müvafiq Sərəncam hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi kimi fundamental məsələlərin ölkənin müasir inkişaf mərhələsində də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini təsdiqləyir. Dövlət başçısının 2010-cu il 22 iyun tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanun ölkənin məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi istiqamətində növbəti mühüm addım olub.
Prezident İlham Əliyev həmçinin hüquqi dövlət quruculuğu prosesində mühüm rol oynayan Ədliyyə Nazirliyinin fəaliyyət dairəsinin genişləndirilməsinə və müasirləşdirilməsinə xidmət edən bir sıra fərman və sərəncamlar imzalayıb. Belə ki, dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiqlənib. Dövlət başçısının 17 avqust 2006-cı il tarixində imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanla Ədliyyə Nazirliyinin funksiya və səlahiyyətləri dəqiq müəyyən edilib. Hazırda respublikamızda Ədliyyə Nazirliyinin Dünya Bankı ilə əməkdaşlığı əsasında “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi uğurla həyata keçirilir.
Prezident İlham Əliyev ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il tarixli Sərəncam imzalayıb. Müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təminatına xidmət edir.
Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb
Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması da məmnunluq doğurur. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir.
Son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ötən yeddi ildə bu qurum tərəfindən Azərbaycanın vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənib və istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilib. 2008-2014-cü illər ərzində Şura tərəfindən layihələrə 20 milyon manatdan artıq vəsait ayrılıb. Ötən il yerli QHT-lərin 386 layihəsinin həyata keçirilməsi üçün Şura tərəfindən 3 milyon manata yaxın vəsait yönəldilib. Bundan başqa, 17 beynəlxalq layihə maliyyələşdirilib, 13 xarici ölkədə 27 layihə icra olunub. Həyata keçirilən layihələr çərçivəsində 640 təlim, 287 seminar təşkil edilib, 8 film, 5 sayt hazırlanıb. Ümumilikdə, Şuranın həyata keçirdiyi layihələrdən 175 mindən çox insan faydalanıb.
Azərbaycanın vətəndaş cəmiyyəti ölkə üçün prioritet məsələlərə fəal dəstək nümayiş etdirir
Məlumdur ki, hazırda müstəqil Azərbaycanın qarşısında duran ən ağrılı problem Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsidir. Əlamətdar haldır ki, ölkənin vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin yürütdüyü siyasətə öz geniş dəstəyini nümayiş etdirir. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə ictimai dəstəyin təmin edilməsi ən aktual mövzulardan biri kimi QHT-lərin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Belə ki, QHT-lər Avropanın müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrində “Qarabağ” guşələri yaradıb, bununla da Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verib. Şura həmçinin Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin bir sıra layihələrini dəstəkləyib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün Şuranın dəstəyi ilə “Şuşaya azadlıq!” kampaniyasına start verilməsi də təqdirəlayiq haldır.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 774 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30