Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Partiyamızın həmyaşıdları olan gənclər hesab edirlər ki, YAP 21 il ərzində böyük nailiyyətlər qazanıb

Partiyamızın həmyaşıdları olan gənclər hesab edirlər ki, YAP 21 il ərzində böyük nailiyyətlər qazanıb

21.11.2013 [09:11]

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 21-ci ildönümü ölkəmizin bütün guşələrində təntənə ilə qeyd edilir. Partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçib. İnamla deyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalıdır. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Bu gün Azərbaycanın intellektual gənclər ordusu da öz siyasi talelərini YAP-la bağlayıblar. Onların arasında partiyamızın həmyaşıdları, yəni 1992-ci ildə anadan olan gənclər də böyük üstünlük təşkil edir. Partiyamızın həmyaşıdları ilə söhbətimizdə onlar YAP sıralarına qoşulmalarının ciddi əsaslarının olduğunu vurğulayıblar.
Dövlət Aqrar Universitetinin tələbəsi Nicat Rəhimli bildirib ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev dövlətimizə, xalqımıza ləyaqətlə xidmət etməyi qarşısına məqsəd qoyan, bu şərəfli missiyanı uğurla həyata keçirən görkəmli və müdrik siyasətçidir: “O, yeniliyi sevir, qurub yaratmağı Özünün qayəsi hesab edir, gəncliyə arxalanır, yolu işıqlı, nurlu, parlaq gələcəyədir. Həmişə gəncliyimizə şəxsi nümunə göstərir, xalqı arxasınca aparmağı bacarır. Mən də hamı kimi gənclərə verilən bu diqqəti yüksək dəyərləndirir və Yeni Azərbaycan Partiyasına üzv olmağı öz gələcəyim, fərdi inkişafım naminə doğru olduğuna inanıram. Yeni Azərbaycan Partiyasının üzvü olmaqla yanaşı, eyni yaşa malik olmaq həqiqətən də mənim üçün qürurverici bir haldır”.
Gəncə Dövlət Universitetinin tələbəsi Şəmsinur Tanrıverdiyeva isə qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasında yeganə siyasi təşkilatdır ki, gənclərin inkişafına və özünü təsdiqinə geniş imkanlar yaradır. Onun sözlərinə görə, dünənin, bu günün və gələcəyin partiyası olan YAP-ın Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri layiqincə qiymətləndirilir və haqlı olaraq onun ideyaları, siyasi xətti cəmiyyət tərəfindən dəstəklənir: “Mən də bir tələbə kimi təhsildə gənclər üçün yaradılan imkanlardan istifadə edirəm. Təbii ki, görülən bu işlər, gənclərə bəxş edilən bu şərait Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişləri ilə həyata keçirilir. Mən fəxr edirəm ki, Vətənini, xalqını yüksək qiymətləndirən, dünya miqyasında Azərbaycanımızı layiqincə təqdim edən Yeni Azərbaycan Partiyasının üzvləri sırasındayam. Mən fəxr edirəm ki, Yeni Azərbaycan Partiyasının yarandığı ildə dünyaya göz açmışam”.
Partiyamızın digər həmyaşıdı Vəfayə Məsimova da tələbədir. Onun fikrincə, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən daim Azərbaycan xalqının rifahını düşünüb. O deyib ki, insanların azad, suveren, müstəqil yaşamaları uğrunda hər bir fədakarlığı gözə alan Yeni Azərbaycan Partiyası bu gün də öz missiyasını uğurla həyata keçirir: “Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev öz Vətənini layiqincə təmsil edən Azərbaycan vətəndaşıdır. Mən də Yeni Azərbaycan Partiyasının üzvü olduğum üçün fəxr edir, partiya ilə eyni ildönümümü qeyd etdiyim üçün fərəh hissi keçirirəm”.
Digər həmyaşıd Lalə Qarayeva isə YAP-ın yenilikçi qüvvə olduğunu deyib. Onun sözlərinə görə, YAP-ın yenilikçi qüvvə olmasını şərtləndirən vacib amil partiya sıralarına Azərbaycanın sağlam, intellektual gənclər ordusunun axınıdır: “Təsadüfi deyil ki, bu gün partiyamızın 600 min nəfərə yaxın üzvünün 40 faizini gənclər təşkil edir”.
Tələbə Orxan Tağıyev bildirib ki, partiyamızın Sədri, ölkə başçısı cənab İlham Əliyev gənclərin partiya sıralarına qoşulmasını xüsusi olaraq vurğulayıb. Partiyamızın sıralarının daim genişləndiyini deyən O.Tağıyev bildirib ki, cəmiyyətimizin üzvlərinin partiyaya daxil olmaq istəyi böyükdür.
Ağstafa rayonundan olan digər gənc Nizami İsgəndərli isə bildirib ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Onun sözlərinə görə, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır: “Ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. YAP dövlət gənclər siyasətinə güclü dəstək verir”.
Səbinə Məmmədova da bildirib ki, ölkəmizdə həyata keçirilən gənclər siyasəti müasir dövrün tələblərinə uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. O deyib ki, bu siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən, onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir: “21 illiyini qeyd etdiyimiz YAP bu baxımdan gənclərlə əlaqələrə böyük önəm verir. Görülən işlərin nəticəsidir ki, təmsil olunduğum YAP Ağstafa rayon təşkilatına da gənclərin axını artır”.
Digər ağstafalı gənc Sənubər Abadova bildirib ki, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib. Onun dediyinə görə, bu da onların ictimai-siyasi fəallığının artmasına kömək edib: “Gənclərin siyasi fəallığının artırılmasında isə YAP-ın özünəməxsus rolu var”.
Partiyanın həmyaşıdı Vüsalə Hüseynova isə bildirib ki, bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Onun szlərinə görə, Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar: “Bu gün 21 illiyini qeyd edən YAP-ın sıralarına gənclərin axınının səbəbi partiyamızın bu təbəqəyə olan diqqətidir”.
Əli Qəmbərli isə deyib ki, son bir neçə il ərzində bilavasitə gənclərlə bağlı xeyli sayda normativ sənədin qəbul olunması ölkəmizdə gənclərlə iş sahəsində, gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından xəbər verir: “Ölkə Prezidenti tərəfindən Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. YAP da bu prosesdə fəal iştirak edir. Partiyamız gənclərin inkişafı üçün hərtərəfli imkanlar yaradıb”.
Partiyanın digər həmyaşıdı İlkin Əşrəfov qeyd edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən gənclər siyasəti ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir: “Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. YAP da gənclərlə əlaqədar vacib layihələr həyata keçirir. Bu da gənclər tərəfindən rəğbətlə qarşılanır”.
Digər bir gənc Aygün Əhmədova bildirib ki, gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət sahələrində böyük nailiyyətlər əldə edir: “Bu gün ölkəmizin inkişaf siyasətində özünəməxsus rolu olan Yeni Azərbaycan Partiyası da gənclər siyasətinə böyük önəm verir”.
YAP-ın həmyaşıdı Vurğun Qəribovun fikrincə isə, YAP öz sıralarında 600 mindən çox insanı birləşdirərək, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib: “Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasının üzvü olmaq hər bir gənc üçün böyük şərəf və məsuliyyətdir”.
Abbas Əliyev isə deyib ki, YAP-ın 21 illiyi bütün ölkədə yüksək səviyyədə qeyd olunur: “Azərbaycan gənclərinin də YAP sıralarına qoşulmaları, öz siyasi talelərini bu partiya ilə bağlamalarının ciddi əsasları var”.
Digər gənc fəal Mirvari Həsənova qeyd edib ki, partiyamızın sıralarına xüsusilə intellektli, bilik və bacarıqlı, müxtəlif sahələrdə nailiyyətlər qazanmış gənclər qoşulur: “Bunu nəzərə alsaq, gənclərin YAP-a axınının hansı amillərə bağlı olduğunu əminliklə söyləmək olar. Bu o deməkdir ki, YAP gənclərin öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün bütün şəraiti yaradıb”.
Arif Məmmədli isə deyib ki, gənclərimiz partiyamızın vasitəsilə özlərini cəmiyyətə təqdim edə bilirlər: “Hazırda YAP üzvlərinin 40 faizə yaxını gənclərdən ibarətdir. Bu, 21 yaşını qeyd edən partiya üçün çox böyük göstəricidir”.
Sitarə Nəsirova bildirib ki, gənclərin partiyamıza axınının sürətlənməsində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti xüsusi əhəmiyyət kəsb edir: “Eyni zamanda, YAP gənclərlə bağlı bir sıra layihələr həyata keçirir ki, bu gənc nəsil tərəfindən maraqla qarşılanır. Partiya rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi də bir çox maraqlı layihələrin müəllifi kimi çıxış edir”.
Digər gənc Eyvaz Məmmədov bildirib ki, YAP hər zaman gənclərə diqqət və qayğı göstərib. Onun sözlərinə görə, partiyanın fəaliyyətində gənclərlə iş xüsusi yer tutur: “İnanıram ki, 21 yaşını qeyd edən partiyamız gələcəkdə də gənclərlə iş sahəsində maraqlı təşəbbüslərlə çıxış edəcək”.
Partiyamızın digər həmyaşıdı Emil Quliyev isə hesab edir ki, gənclərin partiyaya axını YAP-ın perspektivi haqda da inamlı danışmağa əsas verir: “Prezidentimiz də qeyd edib ki, YAP gələcəyin partiyasıdır. Bu gələcək isə gənclərlə bağlıdır”.
Anar Qədirov da digər həmyaşıdları ilə həmrəydir. Belə ki, onun fikrincə, 21 yaşını qeyd edən YAP hər zaman uğurlar qazanıb: “Bu uğurların davamlı olmasına heç kimin şübhəsi yoxdur”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 1238 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30