Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Növbəti müraciət...

Növbəti müraciət...

14.06.2023 [10:26]

Qərbi Azərbaycan İcmasının müraciətində Papa Fransiskdən doğma yurdlarımıza qayıdış üçün dəstək verməsi xahiş olunur

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının təmin edilməsi üçün bütün imkanlardan, o cümlədən beynəlxalq platformalardan səmərəli istifadə olunur. Bu istiqamətdə Qərbi Azərbaycan İcması bir sıra beynəlxalq təşkilatlara müraciət edib. İcmanın bəzi müraciətləri isə BMT-nin sənədi kimi yayılıb.

Qərbi Azərbaycan İcması növbəti müraciətini Roma Papası Fransiskə ünvanlayıb. İcmanın mətbuat xidmətinin məlumatına görə, Roma Papasına göndərilən məktubda  Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət edə bilmələrinə onun dəstək verməsi xahiş edilib. Müraciətdə, həmçinin Qərbi Azərbaycan İcmasının fəaliyyəti, məqsəd və məramı haqqında məlumat verilib.  “Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan adından ədalət və barışıq üçün Sizə ürək ağrısı ilə səmimi müraciət yazırıq”,- deyə müracətdə vurğulanıb. Bildirilib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökuməti tərəfindən böyük ədalətsizliklərə məruz qalmış azərbaycanlıların vahid səsini təmin etmək üçün 1989-cu ildə yaradılıb. Ermənistan bütün azərbaycanlıları öz evlərindən zorla qovub, onların dini və mədəni ocaqlarını təhqir edib və dağıdıb. Bu qeyri-insani hərəkət təkcə beynəlxalq hüququ deyil, həm də sülh, birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərini pozur. Ermənistanın azərbaycanlıları və digər etnosları öz ərazisindən qovmaqla monoetnik məkan yaratması siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə birbaşa ziddiyyət təşkil edir. Ermənistanın bizim əsas hüquqlarımızı pozması və inkar etməsi bizi sonsuz əzablara düçar edir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.

Papanın dəstəyi sülh üçün də vacibdir

“Biz dinlərarası dialoq və barışığın yorulmaz müdafiəçisi kimi Sizə müraciət edirik. Sizin möhtərəm mövqeyiniz böyük mənəvi çəkiyə malikdir və biz təvazökarlıqla Sizdən azərbaycanlıların Ermənistanda qalmış evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət etmələrinə imkan verəcək etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində yardımınızı xahiş edirik. Xalqımıza öz irsi ilə yenidən qovuşmağa və onlar üçün dərin mənəvi əhəmiyyət kəsb edən yerlərdə dua etməyə imkan verən bu sadə akt şəfa və barışıq yolunda güclü bir addım olardı”, - deyə qeyd olunan müraciətdə o da vurğulanıb ki, zikr, fədakarlıq və barışığı təcəssüm edən qarşıdan gələn Qurban bayramı, bu məsələnin aktuallığına diqqəti çəkmək və Ermənistandan qovulmuş azərbaycanlılara dəstək və həmrəylik ifadə etmək üçün əlverişli məqamdır. Qərbi Azərbaycan İcması Roma Papasının azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını tanımasını və müdafiə etməsini, oradakı müqəddəs ocaqlarımızı ziyarət etmələrinə kömək etməsini böyük əzab-əziyyətə düçar olmuş insanların qəlbinə təsəlli verəcəyini bildirib. Bu, həm də, bölgədə sülhün və barışığın təşviqinə töhfə verə bilər. “Əminik ki, Sizin müdaxiləniz Ermənistandan qovulmuş azərbaycanlılar üçün ədalətin bərpasına və insan hüquqlarının həyata keçirilməsinə böyük təsir göstərəcək. Məzlumların müdafiəsində əks-səda doğuran şəfqətli səsiniz müsbət dəyişikliklər və anlaşma və birgəyaşayış ruhunu inkişaf etdirmək üçün böyük çəkiyə malikdir. Vətənə qayıtmaq arzusunda olan azərbaycanlılar adından bu mühüm işə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Qoy xalqımızı öz vətənində təhlükəsiz və ləyaqətlə yenidən yaşaya biləcəyi gələcəyə istiqamətləndirən sülh və barışıq arzusu qalib gəlsin”,- deyə İcmanın Roma Papasına müraciətində bildirilib.

Avropa İttifaqı bu prosesdə fəal vasitəçilik edə bilər

Qeyd edək ki, bir müddət əvvəl Qərbi Azərbaycan İcması Avropa İttifaqı (Aİ)  Şurasının və Avropa Komissiyasının prezidentlərinə müraciət edərək, azərbaycanlıların zorla qovulduğu Ermənistandakı evlərinə qayıtmaq hüququnun təmin edilməsinə Aİ-nin müdaxiləsini xahiş etmişdi. Artıq Avropa İttifaqı bu müraciətlərə rəsmi cavab verib. Cavabında Avropa İttifaqı bütün müvafiq əhali qruplarının geri qayıtmaq hüququnu dəstəklədiyini birmənalı şəkildə təsdiqləyir və bu məsələnin daha geniş sülh prosesi çərçivəsində əhəmiyyətini qeyd edir. Beynəlxalq aləmdə böyük çəkiyə malik olan Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşmasında, regionda sülhün və sabitliyin təşviqində mühüm rol oynayır. “Biz hesab edirik ki, Avropa İttifaqının azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüququnu dəstəkləməsi bu işə beynəlxalq dəstəyin gücləndirilməsində mühüm addımdır. Fikrimizcə, bu rəsmi cavab Ermənistandan qovulmuş azərbaycanlıların çətin vəziyyətinin həll edilməsinə olan təcili ehtiyacının beynəlxalq səviyyədə artan etirafını ifadə edir. Bu, həm də Qərbi Azərbaycan İcmasının bu aktual humanitar problemin ədalətli və davamlı həllinə nail olmaqda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir”,- deyə İcma tərəfindən  Aİ-nin cavabına münasibət bildirilərkən vurğulanıb.

Bu gün Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması üçün önəmli təşəbbüslərlə çıxış edir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması Brüssel üçün prioritetdir. Bu baxımdan, Brüssel  formatında aparılan danışıqlar fəallığı ilə diqqəti cəlb edir. Bütün bunların fonunda, regionda sülh və əməkdaşlığın qurulmasında maraqlı olan Avropa İttifaqı Qərbi Azərbaycan İcmasının doğma yurdlarına qayıdışının təmin edilməsi üçün də aktiv vasitəçilik edə bilər.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 528 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31