Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzərin səviyyəsinin azalmasına səbəb nədir?

Xəzərin səviyyəsinin azalmasına səbəb nədir?

12.07.2023 [11:44]

Günel ABBAS

Xəzər dənizi qapalı su hövzəsi olduğundan onun səviyyəsində periodik  dəyişmələr labüddür. Xəzər dənizinin səviyyəsinin dəyişməsində başlıca amil onun hövzəsinin iqlimi hesab olunur və səviyyə tərəddüdləri əsasən onun su balansı elementlərindən, yəni, onu qidalandıran çaylardan və düşən yağıntının miqdarından, eləcə də buxarlanmadan asılıdır. Dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdəndir. Bu gün Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir.

Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni, 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu  da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

Mütəxəssislərin fikrincə, dəniz səviyyəsinin dinamikası barədə müddətli proqnoz vermək mümkün deyil. Çünki bugünədək hazırlanmış uzunmüddətli səviyyə proqnozlarının heç biri özünü doğrultmayıb. Qeyd edək ki, Xəzər dənizinin hidrometeorologiyası üzrə Koordinasiya Komitəsi tərəfindən beş xəzəryanı ölkənin birgə məlumatları əsasında dəniz səviyyəsinin dəyişməsi barədə yarımillik ssenarilər hazırlanır.

Hazırda Xəzər dənizinin səviyyəsi ətraf mühit, insan sağlamlığı və təsərrüfat sahələri üçün təhlükəli hesab olunmur. Lakin azalma bu qayda ilə uzun müddət davam edərsə, bəzi təsərrüfat sahələrinə, xüsusilə dənizdə neft-qaz əməliyyatlarına, dəniz nəqliyyatına, limanların fəaliyyətinə təsir edə bilər. Dəniz səviyyəsi üzərində Milli Hidrometeorologiya Departamentinin  hidrometeoroloji müşahidə məntəqələrində müntəzəm müşahidələr aparılır və fəaliyyətləri dənizlə bağlı olan qurumlara dənizin səviyyəsi barədə məlumatlar verilir ki, işlərində və planlaşdırılan layihələrdə nəzərə alsınlar.

Xəzər dənizinin problemləri kifayət qədərdir və sahilyanı dövlətlər üçün hər zaman aktualdır. O səbəbdən mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması zəruridir. Bəs nə üçün ölkəmizdə bununla əlaqədar sistemli elmi araşdırmalar aparan, müvafiq təklif və təşəbbüslərlə çıxış edən ayrıca mərkəz, yaxud institut yoxdur?

AMEA-nın Coğrafiya institutunun nəzdində hələ 1953-cü ildə Xəzər dənizi şöbəsi açılıb, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunub, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil edilib.

Hazırda Coğrafiya institutunun nəzdində Xəzər dənizinin bəzi problemlərinin tədqiqi ilə məşğul olan strukturlar var. Amma bu, daha çox nəzəri xarakter daşıyır, praktik faydası qənaətbəxş hesab oluna bilməz.

Ekspertlərin qənaətinə əsasən, bu baxımdan ayrıca bir tədqiqat müəssisəsinin yaradılması zəruridir.

Paylaş:
Baxılıb: 543 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31