Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Paşinyan (Ermənistan) Rusiyaya niyə arxa çevirdi?

Paşinyan (Ermənistan) Rusiyaya niyə arxa çevirdi?

16.09.2023 [10:30]

Ermənilərin xain xisləti hər kəsə bəllidir. Onlar ehtiyacları olduğu zaman özlərindən güclülərin qarşısında yaltaqlanaraq quyruq bulayırlar, işlərini keçirməkdən ötrü min cür hiyləyə əl atırlar. Əslində isə özlərini dünyaya “mədəni xalq” kimi sırımağa çalışan ermənilər çox qəddar və dönükdürlər. Azərbaycanlılar erməni vəhşiliyini on illər boyunca öz həyatlarında yaşayıblar. Zamanında torpaqlarımıza sığınan, mərhəmətimizdən gen-bol istifadə edən ermənilər nankorluq edərək qonşuluq münasibətlərinin üstündən xətt çəkdilər, ərazilərimizi havadarlarının dəstəyi ilə işğal altına aldılar və burada misli görünməmiş vəhşiliklər törətdilər. Deyə bilərik ki, bir xalq olaraq ermənilərin xain xisləti, arxadan bıçaq sancmaları Ermənistanın dövlət siyasətinə də sirayət edib.

Varlığına görə Rusiyaya borclu olan Ermənistan

Son günlərdə dünya mediasının geniş yer ayırdığı mövzulardan biri Ermənistanın Rusiyaya dönüklüyü ilə bağlıdır. Əslində, bir vaxtlar bunu heç təsəvvürə gətirmək də mümkün deyildi. Ermənistan indiyədək bir dövlət kimi mövcudluğuna görə məhz Rusiyaya borcludur. Mənbələr təkzibolunmaz faktlarla sübut edirlər ki, bu ölkə zamanında indiki corafiyada - tarixi Azərbaycan ərazilərində məhz Rusiyanın hakim dairələrində cızılan ssenarilər əsasında yaradılıb və xüsusi məqsədlərlə həmişə şimal qonşumuz tərəfindən himayə olunub. Rusiya ilk növbədə geosiyasi maraqlarından çıxış etməklə Ermənistanın təhlükəsizliyinə təminatlar yaradıb, öz çətiri altında erməni xalqının xoşbəxtliyini təmin edib. Sonradan çoxsaylı mübahisələrə, onilliklər boyunca davam edən, öz arxasınca dərin humanitar böhran gətirən Qarabağda ermənilərə muxtariyyət verilməsi də məhz Kremlin təkidi ilə baş tutmuşdu. Eyni ssenarinin tərkib hissəsi olaraq yüz minlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən zorla deportasiya edilib və onların çıxarıldıqları ərazilərdə xaricdən köçürülən ermənilər məskunlaşdırılıblar.

Rusiyanın Ermənistana tarixdən gələn himayəçiliyi günümüzədək davam edib. Hazırda bu ölkənin iqtisadiyyatı, enerji təhlükəsizliyi böyük dərəcədə Rusiyadan asılıdır. Şimal qonşumuz Birinci və İkinci Qarabağ müharibələrində Ermənistanın silah-sursat təchizatında mühüm rol oynayıb. Rusiyadan Ermənistana silahlar bir çox hallarda pulsuz və yaxud çox aşağı qiymətlərlə göndərilirdi.  Digər tərəfdən, postmüharibə mərhələsində Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində vasitəçilik missiyasını həyata keçirən ölkələrdən biri Rusiyadır. Xatırladaq ki, məlum üçtərəfli Bəyanat - Ermənistanın kapitulyasiyası və həm də xilası sənədi -  məhz bu ölkənin təşəbbüsü və səyləri sayəsində imzalanıb. Müharibənin başa çatmasından sonrakı dövrdə Rusiyanın dövlət başçısının və digər yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə Moskvada və Soçidə bir neçə dəfə üçtərəfli formatda görüşlər keçirilib. Faktların sayını artırmaq da mümkündür.

Ermənistandakı  102-ci hərbi baza

Ermənistanın Rusiyadan asılılığı o həddədir ki, hətta bu ölkənin İran və Türkiyə ilə dövlət sərhədlərini də Rusiya hərbçiləri qoruyurlar. Keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycan və Gürcüstan təkidli səylərlə öz ərazilərindəki Rusiya bazalarının  çıxarılmasına nail oldular. Ermənistan isə fərqli mövqe tutdu. Bu ölkə Rusiyaya məxsus hərbi bazanın öz ərazisində  2044-cü ilə kimi qalmasına icazə verdi. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bazaya görə İrəvana heç bir kompensasiya ödənişi həyata keçirmir.

Ermənistanda dislokasiya olunan 102-ci Rusiya hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. Baza Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının tərkibindəki Cənub Hərbi Dairəsinə tabedir. Təxminən 5 min nəfərə yaxın şəxsi heyətə malikdir. Ermənistanın İrəvan və Gümrü şəhərlərində dislokasiya olunur. Baza, ümumilikdə, 13 döyüş və 17 təchizat- təminat bölməsindən ibarətdir. Hərbi bazaya bitişik olan “8-ci şəhərcik” adlanan yaşayış məntəqəsində 4000 nəfərə yaxın hərbçi ailəsinin üzvləri yaşayır.

Onu da qeyd edək ki, Ermənistan hakimiyyətinin müxtəlif silahlarla təchiz olunan bazanın burada qalmasında xüsusi məqsədi var idi. Zamanında bu bazadakı silahlardan və hərbiçilərdən Azərbaycana qarşı mütəmadi qaydada istifadə olunub. Azərbaycan Vətən müharibəsində öz gücünü qarşı tərəfə nümayiş etdirdi və qalib gələrək ərazi bütövlüyünü təmin etdi.

Fürsətcil dövlət...

Hazırda Rusiya məlum səbəblərdən böyük çətinliklərlə üzləşib. Uzanan müharibə fonunda Rusiyaya qarşı kollektiv Qərbin tətbiq etdiyi sanksiyaların əhatə dairəsi genişlənir. Bu isə yeni itkilər, gücün azalması deməkdir. Rusiyanın belə çətin dönəmində Ermənistanın fürsətcil dövlət olması bütün cəhətləri ilə özünü göstərir. Ermənistan indi əbədi himayəçisinə nəinki heç bir kömək göstərmir, əksinə, ondan birdəfəlik qopmağa, yeni çətirlər altına girməyə çalışır.  Bu ölkə Rusiyanın indiki vəziyyətini Qərbə yaxınlaşmaq üçün bir fürsət kimi dəyərləndirir. Belə görünür ki, xain xislətli Ermənistana etibar etmək olmaz.  N.Paşinyan üçün kimin çətiri altında gizlənməyin fərqi yoxdur. Ermənistan ötən ilin yayından başlayaraq anti-Rusiya təbliğatını gücləndirib. Şimal qonşumuzdan qopmağa çalışan bu ölkədə Qərbə yönəlik addımlar atılır. Ötən ilin noyabrında İrəvanda keçirilən KTMT-nin sammitində Nikol Paşinyan yekun sənədi imzalamaqdan imtina edib. Bundan başqa, bu ilin yanvarında Ermənistanda KTMT təlimləri keçirilməli idi. N.Paşinyan iddialar sərgiləyərək buna icazə vermədi. Ermənistan rəsmiləri istəyirlər ki, Azərbaycana qarşı revanşist iddialarını KTMT vasitəsilə həyata keçirsinlər. Ancaq unudurlar ki, KTMT-də təmsil olunan ölkələrdə Azərbaycanın hörməti və nüfuzu quruma üzv dövlət olan Ermənistanınkından qat-qat yüksəkdir. Bu  və digər səbəblərə görədir ki, qurum Ermənistanın istəyinə bir qayda olaraq “yox” deyir. KTMT-dən əli üzülən Ermənistan böyük bacısı Fransanın yer aldığı Qərbə üz tutub. Artıq Avropa İttifaqı Rusiyanın və digər region dövlətlərinin təpkilərinə rəğmən, Ermənistana  iki illik missiya yerləşdirib. Həmin missiyanın tərkibində həmçinin Fransa jandarmeriyasının 70 nəfərdən ibarət heyəti də yer alır.

Bütün bunlar Rusiyanın vasitəçilik səylərinə kölgə salır. Açıq-aydın görünür ki, Rusiyaya arxa çevirən Ermənistan Qərbin maraqlarının təmin olunmasında alət qismində çıxış edir. Nədir Qərbin maraqları? Heç kəsə sirr deyil ki, bu maraqlar Rusiyanın regiondan sıxışdırılaraq çıxarılması məqsədi daşıyır.

Ermənistan-Rusiya ixtilaflarında kuliminasiya

Avropa İttifaqının missiyasının Ermənistanda yerləşməsinin ardından bu ölkə ABŞ hərbçiləri ilə birgə təlimlərə başlayıb. Hesab edirik ki, bu, Ermənistan-Rusiya ixtilaflarında kuliminasiya nöqtəsidir. Hərbi təlimlərə hər nə qədər sülh donu geydirilməsinə cəhdlər göstərilsə də, ABŞ-ın regionda təşəbbüsü Rusiyadan öz əlinə almaq istəyi ortadadır.

Paralel şəkildə Ermənistanın lideri Nikol Paşinyan ABŞ-ın “Politico” nəşrinə müsahibəsində Rusiyaya açıq siyasi mesajlarını çatdırıb. Belə görünür ki, N.Paşinyan öz hakimiyyətini qorumaq naminə ölkəsinin Rusiya ilə əbədi bağlılığına son qoymaqda israrlıdır. N.Paşinyan  bəhs olunan müsahibəsində Ermənistanın Rusiyadan üz döndərdiyini rəsmən elan edib. O deyib ki, Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz. Və bildirib ki, bunun əsas səbəbi Ukraynadakı müharibədir: “Bu savaş Rusiyanın imkanlarına təsir göstərdi”. N.Paşinyan etiraf edib ki, həm Azərbaycan, həm də Türkiyə Rusiya üçün strateji əhəmiyyət daşıyan ölkələrdir: “Ona görə də Kreml bu dövlətləri özündən uzaqlaşdırmamağa çalışır. Biz isə müstəqil, suveren olmaq istəyirik”.

Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.

Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: “Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.

Moskva N.Paşinyana “otboy” verib

Bütün baş verənlərdən sonra Ermənistan cəzalandırılmalı idi və artıq Rusiya bunu etməyə başlayıb. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.

Bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbəsinə istinadən yazıb. Nəşrin xəbərinə görə, sentyabrın 9-da Ermənistanın baş naziri ABŞ dövlət katibi, Fransa prezidenti, Almaniya kansleri, İran prezidenti və Gürcüstanın baş naziri ilə telefon əlaqəsi saxlayıb. İki gün sonra isə o, Putinlə əlaqə saxlamağa çalışıb. Bir neçə gün sonra isə N. Paşinyan qeyri-müəyyən şəkildə bildirib ki, o, Putinlə daimi təmasdadır və Rusiya prezidenti Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin də, həmçinin bildirib ki, o, Paşinyandan “geniş məktub alıb”.

“Hökumətdəki mənbələrimizə görə, Paşinyan zəng edib, lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib. Hakimiyyətə yaxın mənbə deyir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa, Putini  Rusiyaya qarşı olmadığına inandırmağa çalışıb. Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa cəhd göstərib”, - deyə  nəşr yazıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 572 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31