Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Diqqət İslamabada!

Diqqət İslamabada!

11.04.2026 [10:15]

Pakistan prosesi: gözləntilər, proqnozlar, iddialar...

ABŞ ilə İran arasında danışıqlar nələr vəd edir?

Fevralın son günündən başlayan və 38 gün davam edən Yaxın Şərq münaqişəsi “final”a yaxınlaşır. İslamabadda keçirilməsi nəzərdə tutulan görüş XXI əsrin siyasi axarına mütləq təsir edəcək bir görüş ola bilər. Qeyd edək ki, Ağ Ev vitse-prezident C.D. Vensin rəhbərlik etdiyi İran danışıqlar qrupunun Pakistana göndərildiyini yayıb. Ağ Evin mətbuat katibi Kerolin Livitt bildirib ki, danışıqların birinci mərhələsi aprelin 11-də şənbə günü keçiriləcək. İran nümayəndə heyətinə parlamentin sədri və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək - eləcə də xarici işlər naziri Abbas Əraqçi da heyətdə təmsil olunacaq. “Mən elan edə bilərəm ki, Prezident Tramp vitse-prezident C.D. Vensin, xüsusi elçi Vitkoffun və cənab Kuşnerin təmsil olunduğu danışıqlar qrupunu bu həftə sonu danışıqlar üçün İslamabada göndərir. Bu danışıqların birinci mərhələsi yerli vaxtla şənbə günü səhər keçiriləcək və biz bu üzbəüz görüşləri səbirsizliklə gözləyirik”, - Livitt deyib.

O, əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp İranla “yalnız Hörmüz boğazından sərbəst keçid şərti ilə” danışıqlar aparacaq. Ağ Ev sözçüsünün sözlərinə görə, Hörmüz boğazından keçən nəqliyyat axını xeyli artıb.

Təhlükəsizlik tədbirləri gücləndirilib

Qeyd edək ki, məlumatlı mənbələr görüşün qapalı keçiriləcəyini bildiriblər. Danışıqların keçirilməsi üçün ən çox ehtimal olunan yer Serena Otelidir. Məsləhətləşmələrdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır. Lakin ABŞ və İranın Pakistandakı səfirlikləri İslamabadda keçiriləcək qarşıdan gələn görüşün təfərrüatları ilə bağlı hələlik rəsmi açıqlamalar verməyiblər. Qarşıdan gələn danışıqlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Rəsmilər bu addımların xarici nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək üçün atıldığını bildirirlər. Hökumət binalarının yerləşdiyi “qırmızı zona”nın xüsusi nəqliyyat vasitələri istisna olmaqla, bütün nəqliyyat vasitələri üçün tamamilə bağlandığı bildirilir. Qeyd etmək lazımdır ki, neytral ərazidə bu cür diplomatik əlaqələr ənənəvi olaraq ən aktual ikitərəfli və regional məsələləri müzakirə etmək üçün istifadə olunur. Pakistan dəfələrlə birbaşa diplomatik münasibətləri olmayan ölkələr arasında dialoqu asanlaşdırmaq üçün vasitəçi və ya ev sahibi kimi çıxış edib. Bir neçə il öncə İslamabad ABŞ-Taliban danışıqları və Əfqanıstan məsələsində də vasitəçi rolunda çıxış etmişdi. Prosesin gedişində nəticə kimi 2020-ci ilin fevralında tərəflər arasında Doha sazişi imzalandı.

Pakistan İran ilə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətində də vasitəçi olub. İslamabadın bu mənada ən tarixi missiyası 1970-ci ildə ABŞ-Çin yaxınlaşması istiqamətində həyata keçirdiyi fəaliyyəti olub. Bu prosesdə Pakistan gizli diplomatik kanal rolunu oynayıb. Məhz bu proses nəticəsində ABŞ prezidenti Riçard Niksonun Çinə tarixi səfəri baş tutub.

İndiki prosesdə isə vasitəçilik missiyası Türkiyə və Misir ilə birgə həyata keçirilib. Danışıqların İslamabadda keçirilməsi isə coğrafi baxımdan “neytral zona” xarakteri daşıyıb.

Əsas gözlənti: Hörmüzə qarşı uran faktoru...

Görüşə cəmisi 1 gün qalmış siyasi texnoloqlar ortaya çıxacaq ssenariləri və ehtimalları dəyərləndirirlər. Bütün hallarda danışıqların bir raundla yekunlaşmayacağı fikrində hər kəs ortaqdır - sadəcə, danışıqların hansı axarla aparılması fərqli ehtimallar və ssenarilər üzərindən proqnozlaşdırılır. Vurtğulandığı kimi, əsas proqnoz Pakistanda baş tutması planlaşdırılan danışıqların uzunmüddətli və mərhələli xarakter alması ilə bağlıdır. Vurğulanır ki, bu modeldə tərəflərin hər biri öz strateji “qırmızı xətləri”ni qorumağa çalışacaq və kompromislər yalnız taktiki səviyyədə mümkün olacaq. ABŞ üçün əsas prioritetlərdən biri enerji təhlükəsizliyi və beynəlxalq ticarət baxımından kritik əhəmiyyət daşıyan Hörmüz boğazı üzərindən sərbəst hərəkətin təmin olunmasıdır. Bu su yolunun açıq qalması yalnız Qərb üçün deyil, qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır.

Digər tərəfdən, İran üçün əsas məsələ öz suverenliyini və xüsusilə nüvə proqramını qorumaqdır. Uranın zənginləşdirilməsi məsələsi uzun illərdir ki, tərəflər arasında əsas mübahisə predmetidir. Son geosiyasi dinamika göstərir ki, tərəflər bu iki predmet üzərindən müəyyən texniki və nəzarət mexanizmləri şərti ilə ortaq məxrəcə gələ bilərlər. Daha çox Qərb siyasətçiləri ABŞ-ın Hörmüz boğazında aktiv təmsilçilik (pay sahibi və ya azad, rüsumsuz keçid) qarşılığında uran məsələsində güzəşt edə biləcəyinə inanırlar. Onlar bu fikirlərini son günlər ABŞ adminstrasiyasının bu istiqamətdə “daha yumşaq” mövqe nümayişi ilə əlaqələndirirlər.

Lakin bu kompromis yalnız məhdud və şərti ola bilər - sirr deyil ki, İran üçün nüvə proqramı yalnız enerji deyil, həm də təhlükəsizlik məsələsidir. Bu isə razıdaşmanı bir az daha çox mübahisələndirəcək.

Burada ən ciddi ziddiyyətli nöqtələrdən biri əsasən İsrailin tələbi kimi meydana çıxan raket sistemləri məsələləridir. Qeyd edək ki, bu şərt də Tehran tərəfindən qəbuledilməz sayılır. Bu isə danışıqların hər mərhələsində yeni gərginlik ocaqları yarada biləcək predmetdir. İranın bu məsələdə strateji geri çəkilmə ehtimalı aşağıdır - beləliklə məhz bu amilin danışıqları “uzanan, lakin idarə olunan gərginlik” halında inkişafını şərtləndirə biləcəyi proqnozlaşdırılır.

Masada “stul sayı” arta bilər: İsrailin maraqlarına qarşı Livan  “kartı”...

Ortada olan mübahisəli məsələlərdən biri isə İranın müttəfiqlərinə qarşı hərbi əməliyyatların dayandırılmamasıdır. İsrailin raket şərti qarşılığında danışıqlar prosesi “1-1” formatından “2-1” formatına transfer olunur. Bu məsələ də Tehran üçün qırmızı xəttdir. Xatırladaq ki, danışıqlara sayılı günlər qalmış Livanın İsrail tərəfindən bombalanması İran tərəfindən qəzəblə qarşılanmışdı və bu halda hətta danışıqların baş tutmama ehtimalı belə ortaya çıxmışdı. Bu mənada, danışıqlar prosesi “2-1” formatı şəklini alarsa, prosesə yalnız ABŞ və İran deyil, digər regional və qeyri-regional aktorlar da cəlb oluna bilər. İrəli sürülən ehtimallardan biri İranın Livan faktorunun danışıqlara daxil edilməsi tələbini ifadə edə biləcəyidir. Bu isə avtomatik olaraq Hizbullah məsələsini gündəmə gətirəcək. ABŞ üçün Hizbullah yalnız regional oyunçu deyil, həm də İsrailin təhlükəsizliyi baxımından birbaşa təhdid kimi qiymətləndirilir. Bu səbəbdən Vaşinqtonun bu məsələdə güzəştə getməsi demək olar ki, mümkün deyil. Beləliklə, tərəflərin gündəliyi genişləndikcə konsensus əldə etmək daha da çətinləşəcək.

Bu ssenaridə əsas risk kimi ABŞ-İran danışıqlarının əsas tezislərinin arxa plana keçmə ehtimalıdır. Regional rəqabət, ideoloji ziddiyyətlər və təhlükəsizlik dilemması prosesin uzanmasına və nəticəsiz qalmasına səbəb ola bilər. Nəticədə danışıqlar formal olaraq davam etsə də, real irəliləyiş əldə olunmaya bilər. Siyasətçilərin düşüncəsinə görə, bu dalan vəziyyəti yaradacaq və regionda qeyri-müəyyənliyi daha da artıracaq.

Rusiya-Ukrayna modeli: nəticəyə hesablanan nəticəsiz danışıqlar...

Hər bir halda, danışıqların ikitərəfli formatda inkişafı ssenarsi üzərindən aparılan dəyərləndirmələr daha çoxdur - siyasi analitiklər danışıqlarda ABŞ-ın əvvəlllər də tətbiq etdiyi formatdan istifadəsinin mümkünlüyünü irəli sürürlər - bu model müəyyən mənada Rusiya-Ukrayna müharibəsi dövründə tətbiq olunan diplomatik üsulları təkrarlaya bilər. Burada tərəflər birbaşa siyasi razılaşmadan əvvəl öz mövqelərini əks etdirən rəsmi sənədlər hazırlayır və bu sənədlər qarşılıqlı şəkildə mübadilə olunur. Bu yanaşmanın üstünlüyü ondadır ki, tərəflər emosional və siyasi ritorikadan uzaqlaşaraq texniki detallara fokuslana biləcəklər. Başqa sözlə, konkret məsələ ilə bağlı fərqli mövqelər hansısa ortaq nöqtədə uzlaşa bilər. ABŞ və İran tərəfindən formalaşdırılacaq nümayəndə heyətləri bu sənədlərin uyğunlaşdırılması üzərində işləyərək mərhələli razılaşma modelinə keçə bilər. Bu isə xüsusilə nüvə proqramı, sanksiyalar və regional təhlükəsizlik kimi mürəkkəb məsələlərdə daha real nəticələr verə bilər.

Analitiklər bu modelin də öz risklərini istisna etmirlər - ilkin sənədlər arasında fərqlər böyük olarsa, nəticə də Rusiya-Ukrayna danışıqları kimi “pat” vəziyyəti ala bilər. Bundan əlavə, daxili auditoriya faktoru da nəzərə alınmalıdır - ABŞ adminstrasiyası bu məsələdən qarşıdan gələn parlament seçkilərində maksimum arqument kimi istifadə etmək düşüncəsindədir. İran isə açıq döyüşdə uğradığı məğlubiyyəti masada qazana biləcəyi “qələbə” ilə kompensiasiya etməyə çalışır.

Razılaşma yeni geosiyasi reallıq vəd edir...

Nəticənin şəklindən və ştrixlərindən asılı olmadan, prosesin bəsit şəkildə yalnız “iki ölkə arasında razılaşma” kimi düşünülməsi də istisna olunur. İddia edilir ki, hər bir halda bu razılaşma qlobal siyasətə ciddi təsir göstərəcək - ABŞ ilə İran münasibətlərində yumşalma ehtimalı bütövlükdə beynəlxalq sistemdə güc balansına təsir göstərə bilər. Xüsusilə ABŞ-ın regionda hərbi və siyasi mövqelərinin güclənməsi Çin və Körfəz ölkələri üçün yeni çağırışlar yarada bilər. Hörmüz boğazında ABŞ-ın daha aktiv iştirakı enerji marşrutlarına nəzarət məsələsini yenidən gündəmə gətirəcək. Bu isə yalnız İran üçün deyil, həm də digər regional aktorlar üçün strateji narahatlıq mənbəyidir. Digər tərəfdən, İranın müəyyən güzəştlərə getməsi ABŞ-ın təsir imkanlarını gücləndirə bilər - bu dinamika isə klassik rəqabət müstəvisinin rəngini daha da qatılaşdıracaq. Politoloqların fikrincə, BMT TŞ-da Hörmüzlə bağlı qətnaməyə veto qoyaraq İranı “xilas edən” Çin ilə Rusiya belə bir nəticədən razı qalmayacaq. Səbəb kimi isə ABŞ-ın həm Çinə, həm də Rusiyaya yaxın coğrafiyada möhkəmlənməsi ön plana çəkilir - beləliklə, rəqabət iqtisadi sferadan daha fərqli müstəvilərə transfer oluna bilər. 

Uzun bir yol...

Göründüyü kimi, Pakistanda keçirilməsi planlaşdırılan görüş bütün hallarda həm qlobal mahiyyət daşıyır, həm də qlobal riskləri özündə əks etdirir. Ümumi mənzərə göstərir ki, bu prosesin qısa müddətdə tam və yekun razılaşma ilə nəticələnməsi ehtimalı aşağıdır. Daha real variant uzunmüddətli, mərhələli və çoxsəviyyəli (hətta çoxtərəfli) danışıqlar prosesidir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 199 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30