Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Soçi görüşü hansı yenilikləri vəd edir?

Soçi görüşü hansı yenilikləri vəd edir?

09.08.2022 [10:20]

Türkiyə-Rusiya əməkdaşlığı regionda dayanıqlı sülhə töhfə verə bilər

P.İSMAYILOV

Rusiya və Türkiyə prezidentləri arasında avqustun 5-də baş tutan ikitərəfli görüş beynəlxalq aləm tərəfindən xüsusi həssaslıq və diqqətlə izlənildi. Görüşdə müzakirə olunan məsələlər, xüsusilə Yaxın Şərqdə və regionda gedən siyasi-hərbi proseslər, Qara dəniz taxıl dəhlizi və bu kimi predmetlər hazırki situasiyada mühüm əhəmiyyət kəsb etməkdədir.

Görüşdə ən çox diqqət çəkən məqamlardan biri, Türkiyə və Rusiya liderlərinin gələcək planlarla bağlı danışdıqları zaman birgə hərəkət edəcəklərinin anonsunu səsləndirməsi oldu. Rusiya dövlət başçısının “həyata keçirməyi planlaşdırdığımız bir çox strateji layihələr var”, fikri Prezident Ərdoğan tərə?indən daha da dərinləşdirildi və bu birgə layihələrin detalları da açıqlandı. Belə ki, strateji və geosiyasi məsələlərdə Türkiyə - Rusiya əməkdaşlığının vacibliyi bu görüşdə daha açıq şəkildə ortaya qoyuldu.

Ümumiyyətlə, mühüm siyasi hadisə sayılan Soçi görüşünün baş tutmasının əsas səbəbi Rusiyanın Türkiyəyə, o cümlədən, Prezident Ərdoğana səmimi şəkildə etibar etməsidir. Taxıl dəhlizinin açılışını “Prezident Ərdoğanın şəxsi töhfəsi” adlandıran V.Putin anlaşma memorandumunun imzalanmasını da Türkiyənin xidməti kimi dəyərləndirib. Bu isə qarşıdakı dövrdə Türkiyənin Suriya böhranı başda olmaqla, digər konfiktaloji münaqişələrlə bağlı Rusiya ilə yaxın əməkdaşlığını stimullaşdırır. Eləcə də, Cənubi Qafqazın qonşusu olan iki dövlət arasındakı yaxınlaşma və anlaşma regional problemlərin tam həlli üçün də yaşıl işıq yandıra bilər. Məsələn, ikitərəfli müzakirələrdə uzun müddətdir hər iki ölkənin məşğul olduğu problemlərdən də danışılması, ilk növbədə, bölgədəki yeni siyasi reallıqların oturuşmasını şərtləndirir. 

Məsələ ilə bağlı politoloq İlyas Hüseynov da fikirlərini bölüşərkən bildirib ki, Soçi görüşü hazırki beynəlxalq münasibətlər sistemindəki problemlərin müzakirəsi, regional müstəvidə əməkdaşlıq və digər cari məsələlərlə bağlı mühüm əhəmiyyət kəsb edib. Onun fikrincə, hər iki dövlətin geosiyasi arealda öz maraqları və ambisiyaları mövcuddur. Bu baxımdan, bəzi problemlər ətrafında fikir mübadiləsi aparmağa böyük ehtiyac duyulurdu: “Rusiya-Ukrayna müharibəsi fonunda Türkiyənin sülh istiqamətində çağırışları və bu istiqamətdə atdığı praktiki addımlar öz nəticəsini verir. İki prezidentin görüşü ilə bağlı rəsmi açıqlamalarda Suriya və Liviyanın ərazi bütövlüyünün qorunması istiqamətində ortaq rəyin formalaşdırılması, Qara dəniz bölgəsində Ukrayna taxılının daşınması ilə bağlı fəaliyyətin dəstəklənməsi, eləcə də qismən rubla keçid etməklə Rusiyadan ixrac olunan məhsulların alınması kimi məsələlər qeyd olunub. Yaxın Şərqlə bağlı tematikaya gəldikdə, Suriya və Liviyada Türkiyənin və Rusiyanın ayrı-ayrılıqda öz maraqları var. Bununla bağlı proseslər müəyyən müddətdir ki, qabarma-çəkilmə ilə müşahidə olunur. Türkiyə Liviya sularında qanuni rejimi müdafiə edir və hazırki iqtidara dəstək göstərir. Suriyada isə başqa bir mövzu aktuallıq kəsb edir. Eyni zamanda Türkiyə üçün hazırda PKK-nın uzantılarının məhv edilməsi və dövlətin əleyhinə olan separatçıların kökünün kəsilməsi əsas hədəfdir. Bu baxımdan Türkiyə antiteror əməliyyatlarını icra edir. Burada da Rusiyadan məlum dəstəyin alınması mühüm aktuallıq kəsb edir”.

Politoloq onu da vurğulayıb ki, Qara dəniz bölgəsində taxıl logistikasının həyata keçirilməsi bütün dünyada kənd təsərrüfatı məhsullarının əlçatanlığının  təmin edilməsi, ərzaq təhlükəsizliyinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Artıq bir neçə tanker öz fəaliyyətini icra edib və proses bu gün də davam etməkdədir. Türkiyənin bu sahədə BMT ilə birgə fəaliyyəti çox təqdir olunmalıdır. İ.Hüseynov qeyd edib ik, Rusiya-Ukrayna müharibəsindən sonrakı dövrdə də Türkiyənin sülh istiqamətində addımları bu ölkənin xeyrinə işləyən elementlərə çevriləcək. “Bununla yanaşı, hər iki dövlət bizim qonşumuzdur. Onların mühüm strateji və geosiyasi əhəmiyyət kəsb edən Cənubi Qafqazda öz maraqları vardır. Bu baxımdan, Türkiyənin Vətən müharibəsindən sonrakı mərhələdə bu bölgədə möhkəmlənməsi və dayanıqlı şəkildə sülhün təmin olunmasında iştirakı, Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti onu deməyə əsas verir ki, Türkiyə artıq Cənubi Qafqaz regionundadır və Rusiya da Türkiyə ilə hesablaşmalıdır. Rəsmi açıqlamalarda danışıqlar müstəvisində Qarabağla bağlı mövzuya toxunulmasa da, Prezident Ərdoğan regionda olan təhlükəli tendensiyalar barədə heç şübhəsiz Putini məlumatlandırıb. Son dövrlərdə həm Ermənistan-Azərbaycan sərhədində, həm də müvəqqəti olaraq Azərbaycan ərazilərinə yerləşdirilən sülməramlı kontingentin olduğu ərazilərdə atəşkəs rejimi pozulur. Azərbaycan Silahlı Qüvvələrinin uğurlu şəkildə həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Qırxqız, Sarıbaba və Buzdux yüksəklikləri, eləcə də digər hakim yüksəkliklər Azərbaycan ordusunun nəzarətinə keçib. Bu da onu göstərir ki, Azərbaycan öz mövqeyində prinsipialdır, şərtləri diktə edir. Azərbaycanın tələbi 10 noyabr razılaşmasında olan müddəaların yerinə yetirilməsidir. Razılaşmanın 4-cü maddəsi öz həllini tapmalıdır. Ermənistan silahlıları regionu tərk etməlidirlər. Rəsmi İrəvan isə bu öhdəliyə riayət etmir, silahlı birləşmələr hələ də Azərbaycan ərazisində qalmaqdadır. Bu da təhlükəsizliyə böyük təhdid törədir”, - deyən İ.Hüseynov onu da bildirib ki, bütün bunlarla paralel iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması istiqamətində fikirlər də mühüm mahiyyətə malikdir. Onun sözlərinə görə, Rusiyanın və Türkiyənin Zəngəzur dəhlizi kontekstində ortaq mövqeyinin formalaşması böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında rabitənin qurulmasını təmin etməklə yanaşı, Türkiyə-Rusiya əlaqələrinin inkişafına da töhfə verəcək: “Bu isə hər iki dövlətin ticari dövriyyəsinin artmasına xidmət edəcək. Qismən rubl vasitəsilə dövriyyənin həyata keçirilməsi həm də bütün dünyada trend halına gəlmiş de-dollarizasiya prosesinin tərkib hissəsidir. Artıq milli dövlətlər dövriyyədə dollardan imtina edir. Bu da qlobal məkanda dolların zəifləməsinə yol aça bilər. Nəzərə alaq ki, Türkiyə-Rusiya ilə yanaşı, Rusiya-Çin, Hindistan-Çin arasında da bu proses inkişaf edir”.

Paylaş:
Baxılıb: 476 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30