Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Pelosinin 75 milyon dollarlıq “göz yaşları”

Pelosinin 75 milyon dollarlıq “göz yaşları”

20.09.2022 [09:57]

Pərviz SADAYOĞLU

ABŞ Konqresinin Nümayəndələr Palatasının (NP) spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi qərəzli fikirlər cəmiyyətdə haqlı etiraz doğurub. Pelosinin fikirləri regional sülhə təhdid yaratmaqla yanaşı, beynəlxalq təhlükəsizliyə də ağır zərbədir. Eləcə də, bu fikirlər ABŞ-ın Cənubi Qafqaz siyasətinə də böyük təhdid yaradır. Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyə obyektivlikdən, ədalətdən çox uzaq,  ağlayıb-sızlayaraq  ermənilərə dəstəyini nümayiş etdirmək, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirmək qəbuledilməz haldır. Bu, açıq şəkildə anti-Azərbaycan təbliğatı aparmaq, ermənipərəst mövqe nümayiş etdirməkdir.

Amma bu, Pelosinin ilk belə hərəkəti deyil. Hələ 2010-cu ildə ABŞ Konqresində 24 aprel - qondarma erməni soyqırımının “ildönümü” münasibətilə anım mərasimi təşkil olunan zaman Nensi Pelosi çıxışına “Bu gecə hamımız erməniyik”, sözləri isə başlamışdı. Bu isə onu deməyə əsas verir ki, Pelosinin ermənipərəstliyi uzaq keçmişə söykənir.

Erməni təbliğatı əsasında verilmiş açıqlama...

Pelosinin qəbuledilməz fikirləri ilə bağlı Azərbaycan XİN də açıqlama yayıb. Açıqlamada bildirilir ki, 18 sentyabr 2022-ci il tarixində Ermənistana səfəri çərçivəsində ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur. N.Pelosi tərəfindən Azərbaycana qarşı irəli sürülən əsassız və ədalətsiz ittihamları qəbuledilməzdir. XİN-dən verilən məlumata görə, bu ilin 12 sentyabr tarixindən 13 sentyabra keçən gecə delimitasiya olunmamış şərti sərhəddə baş verən insident Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı hərbi təxribat idi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatın qarşısı alınıb və ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması təmin edilib. Hal-hazırda atəşkəs rejimi təmin olunur və vəziyyətin gərginləşməsinin qarşısı alınıb. Bölgədə vəziyyətin bu şəkildə gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

“Ümumiyyətlə, N.Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür N.Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.

Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan N.Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bu günədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib.

N.Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir. Bu, Ermənistanla Azərbaycan arasında hal-hazırda münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Bu kimi birtərəfli addımlar və verilən əsassız açıqlamalar regionda kövrək sülhün gücləndirilməsinə deyil, əksinə gərginliyin artmasına xidmət edir” - açıqlamada bildirilir.

72 saatlıq səfər üçün 25 milyon dollar...

Əslində Nensi Pelosinin səsləndirdiyi fikirlər onun ermənipərəstliyi ilə yanaşı, bir sıra qaranlıq mətləblərdən də xəbər verir. Belə ki, onsuz da erməni lobbisi ilə yaxın əlaqələrdə olan Pelosi və onu müşayiət edənlər - erməni əsilli kaliforniyalı konqresmen Ceki Şpeyer və Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, konqresmen Anna Eşoonun ermənilərlə çirkli pulların yuyulmasında adları hallanır. Nensi Pelosinin İrəvana səfər xərclərinin ödənilməsi haqqında açıq mənbələrdə verilmiş informasiyalardan isə görünür ki, prosesdə milyarder Ruben Vardanyan da iştirak edib. Onun bankı vasitəsilə Vaşinqtondakı lobbiçilərin hesabına 75 milyon dollar vəsait  köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin  təhlükəsizlik və digər xərclərinə sərf edilir.

İş ondadır ki, OCCRP (Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) 2019-cu ilin mart ayında açıqladığı hesabatında Ruben Vardanyanı “çirkli pulların yuyulması”nda rol alan milyarder kimi tədim edib. O, özünəməxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil edib. Hesabatda şərti olaraq “Troyka  pulyuyan maşını” kimi təqdim edilib. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə “Troyka  pulyuyan maşını” sxeminin müəllifi olan Ruben Vardanyandan ianə qəbul etməyə çəkinmir. Ruben Vardanyanın sanksiyalardan yayına bilməsinin səbəblərindən biri də məhz budur.

İkinci bir tərəfdən, məlum olur ki, qarşıdan gələn aralıq seçkilərlə bağlı erməni lobbisi artıq hərəkətə keçib. Məhz çirkli pullar vasitəsilə Pelosini yenidən öz postuna seçdirmək istəyən lobbist dairələr bunun qarşılığında İrəvandakı “fikirləri” tələb ediblər.

Regional sülhlə bağlı bütün təşəbbüsləri inkar etmiş oldu

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Nensi Pelosinin Ermənistan səfəri kifayət qədər geniş müzakirə olunur. Eyni zamanda, bu səfərdən irəli gələn bəzi detallar da müəyyən maraq kəsb edir. Pelosi İrəvana apardığı nümayəndə heyətində anti-Azərbaycan və anti-Türk mövqeyi ilə seçilən Pelloni, eyni zamanda, digər iki konqresmen yer alıb ki, bu konqresmenlərin də anaları etnik ermənilərdir: “Bu isə onu deməyə əsas verir ki, səfər çox ciddi ermənipərəst mövqenin bəyanı ilə səciyyələnəcəkdi. Eyni zamanda, Alen Simonyan, Suren Papikyan və Nikol Paşinyanla keçirdiyi bütün görüşlərdə erməni xalqına böyük rəğbətini ifadə edən Pelosi regional sülh, təhlükəsizlik və sabitliklə bağlı irəli sürülən bütün təşəbbüsləri inkar etmiş oldu. Əksinə, revanşizm ideologiyasının geniş vüsət almasına şərait yaratdı. Hazırda erməni xalqı ABŞ-ın “dəstəyinə” arxalanaraq Azərbaycana təcavüz etmək haqqında düşünür. Bu, tamamilə yolverilməz bir yanaşmadır”.

Pelosinin bir müddət öncə qalmaqallı Tayvan səfəri ilə də yadda qaldığını xatırladan İ.Hüseynov bu səfərlərin “ABŞ demokratiyasının yayılması” kimi qiymətləndirilməməli olduğunu deyib. Onun fikrincə, bu səfərlər Nensi Pelosinin öz şəxsi maraqlarından irəli gələrək həyata keçirdiyi səfərlər kimi anlaşılmalıdır. “Nəzərə alınmalıdır ki, qarşıda Konqresə aralıq seçkilər keçiriləcək. Öz mövqeyini möhkəmləndirmək üçün Nensi Pelosi erməni lobbisinin dəstəyinə arxalanır. Lobbist dairələr isə təbii ki, Pelosinin yenidən seçilməsinə şərait yaratmaq niyyətindədir. Ümumiyyətlə, ABŞ-ın Demokratlar Partiyası ilə erməni lobbisi arasında bağlılıq var. Bu həm də, çirkli pulların yuyulmasını, pul maxinasiyalarını və digər qanunsuz əməlləri özündə ehtiva edir” -deyən politoloq onu da əlavə edib ik, Pelosi regiona səfəri ilə həm də Rusiyanın Ermənistandakı mövqeyinin zəiflədilməsinə dair istəklərini ifadə edib. Təsadüfi deyil ki, səfər reallaşdığı dönəmdə rusafob güclər İrəvanın Fransa meydanında anti-Rusiya şüarları səsləndirirdilər: “Onların əsas istəyi Ermənistanın KTMT-dən çıxmasıdır. Ümid edirlər ki, KTMT-dən Ermənistanın ayrılması ABŞ-ın bu ölkəyə hərbi yardımları ilə müşayiət olunacaq və bu da yeni işğalçılıq planlarının həyata keçirilməsinə yardım edcək. Düşünürəm ki, Nensi Pelosi Ermənistana dəstəyini ifadə etməklə ümumən regionda Rusiyanın siyasətini zəiflətməyə çalışırdı. Və ABŞ təkcə Ermənistana yox, ümumən regiona nəzərən öz maraqlarını gücləndirmək niyyətindədir. Biz bu meyilləri də müşahidə edirik. Fikrimcə, qarşıdakı dönəmdə də ermənilərin istədikləri kimi Azərbaycana qarşı iqtisadi sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid siyasəti həyata keçirilməyəcək. Bu, elə Ermənistanın istəyi olaraq qalacaq. Çünki Azərbaycan ilə Qərb arasında çox yaxşı strateji münasibətlər formalaşdırılıb. Bu da öz nəticələrini verir”.

Paylaş:
Baxılıb: 381 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

MEDİA

Xarici siyasət

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

01 Oktyabr 10:21

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31