Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Quterreşdən islahatlar etirafı

Quterreşdən islahatlar etirafı

23.05.2023 [11:25]

Baş katib hesab edir ki, BMT müasir reallıqlara uyğun fəaliyyət göstərmir

Nardar BAYRAMLI

Birləşmiş Millətlər Təşkilatının (BMT) strukturlarında islahatların aparılması məsələsi uzun müddətdir ki, dünya ölkələrinin gündəmindədir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər  BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. Bu zərurəti BMT-nin Baş katibi Antonio Quterreş də etiraf edib. O, Xirosimada keçirilən G7 sammitində çıxış edərkən BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Baş katibin fikrincə, təşkilat artıq müasir reallıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib. Baş katib  rəhbərlik etdiyi təşkilatın strukturunu tənqid edərək deyib: “Mən çox açıq deyəcəyəm: Təhlükəsizlik Şurası Rusiya-Ukrayna  müharibəsinin qarşısını almaq və bitirmək üçün əlindən gələni edə bilmədi. Bu, böyük məyusluq və qəzəb doğurur”.

Beynəlxalq güclərin inhisarında olan təşkilat

BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Ümumiyyətlə, BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Qeyd etdiyimiz kimi, ötən dövr ərzində dünyada  baş verən hadisələr BMT-də islahatların zəruri olduğunu bir daha  təsdiqləyir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də, Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Buna nümunə olaraq son vaxtlar Rusiyanın özü ilə bağlı sənədlərə qarşı veto hüququndan istifadə etməsini göstərmək olar. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin  rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur.

“Dünya beşdən böyükdür” çağırışına Azərbaycandan dəstək

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında islahatların aparılması təklifi ilə ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da səsləndirib. Türkiyə Prezidentinin fikrincə, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə  uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif edib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulayıb. Bu ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə baş tutan səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatında Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.

BMT Təhlükəsizlik Şurasında necə dəyişiklik etmək olar?

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin işlənməsində,  konfliktlərin həllində beynəlxalq hüquq, regional və qlobal təhlükəsizliyin prioritetləri meyar olaraq götürülməli, mövcud münaqişələrin qarşısının alınması və ya daha da alovlanmasının qarşısının alınması üçün çevik mexanizmlər işlənilməlidir. Bu qabaqlayıcı mexanizmlərin işlənməsi beynəlxalq hüquq, regional və qlobal  təhlükəsizlik aspektləri və münaqişələrin  həlli yolları nəzərə alınmaqla müəyyənləşməlidir.

Rusiya-Ukrayna müharibəsi fonunda bəzi Qərb dövlətləri tərəfindən Rusiyanın BMT TŞ-dan çıxarılması təklifləri də səslənir. Ümumilikdə, bu qurumda hansı halda dəyişiklik aparmaq, islahatlar həyata keçirmək mümkündür? Beynəlxalq ekspertlərin də dediyi kimi, bunun üçün  BMT Nizamnaməsinə dəyişikliklərin edilməsi lazımdır. Nizamnaməyə dəyişikliklər  BMT Baş Assambelyası tərəfindən qəbul olunur. Amma bunun üçün üçdə iki səs çoxluğu tələb edilir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Baş Assambleyada qəbul olunmuş dəyişiklikləri Təhlükəsizlik Şurası təsdiq etməlidir. Bu o deməkdir ki, əgər Baş Assambleya Təhlükəsizlik Şurası və onun üzvləri ilə bağlı Nizamnaməyə dəyişikliklər edərsə, buna qurumun daimi üzvləri də səs verməlidir.  Əslində, Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılması ilə bağlı hansısa dəyişiklik mümkün görünə bilər. Amma veto hüququndan istifadənin ləğv edilməsi və hansısa daimi üzvün təşkilatdan xaric edilməsi real deyil. Çünki həmin dövlətin özünə qarşı qərarı qəbul edəcəyi inandırıcı deyil. Qeyd edək ki, BMT Nizamnaməsinə indiyədək bu yöndə hər hansı dəyişikliklər edilməyib. Bir məqam da ondan ibarətdir ki, BMT sənədlərində Təhlükəsizlik Şurasının 5 daimi üzvü kimi Rusiya yox, SSRİ-nin adı çəkilir. Səbəb isə  BMT Nizamnaməsində hər hansı dəyişiklərin edilməsinə illər, vaxtın lazım olmasıdır. SSRİ dağıldıqdan sonra  onun hüquqi varisi olan 15 respublika  SSRİ-nin beynəlxalq münasibətlərdə hüquq və öhdəliklərinin davamedicisi öhdəliyini Rusiyaya verib. O zaman bu məsələ texniki prosedur kimi nəzərə alındı və Nizamnamədə heç bir dəyişiklik edilmədi. Hazırda ABŞ və bir sıra digər ölkələrdə də Rusiyanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması barədə fikirlər səslənir, bunun hüquqi yolları araşdırılır. Lakin belə bir addımın atılması sadaladığımız səbəblərdən real görünmür.

Dünya dövlətləri də reallığı qəbul edirlər

BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin 27 il ərzində yerinə yetirilmədiyi halda bir sıra  münaqişə və böhranlarla bağlı qəbul edilən qətnamələrin icrasında çeviklik müşahidə olundu. Belə nümunələrin olmasına baxmayaraq, Azərbaycan uzun müddət qərəzli yanaşma ilə üzləşdi. Söhbət ölkəmizin 30 ilə yaxın işğal altında qalmış ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar təşkilat tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin yerinə yetirilməməsindən gedir. Əlbəttə ki, bu fakt  Birləşmiş Millətlər Təşkilatının nüfuzuna, reputasiyasına zərbə, beynəlxalq hüquq normalarına hörmətsizlik, laqeydlik və etinasızlıq idi. Azərbaycan bu ədalətsizliyi öz gücü ilə aradan qaldırdı, 2020-ci ildə hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etməklə beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsini təmin etdi. Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Azərbaycanın özü tərəfindən icra olunması BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır. Bununla da, ölkəmiz dünyanın 5-dən böyük olduğunu sübuta yetirdi.

Artıq dünyanın bir çox dövlətləri BMT-də islahatların aparılmasının zəruriliyini açıq şəkildə vurğulayırlar. Çünki BMT-nin dünyada nüfuzunu qorumaq naminə islahatların alternativi yoxdur.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31