Dünyanın gözü Türk coğrafiyasında
15.11.2023 [11:10]
Aİ Mərkəzi Asiyaya yaxınlaşır
Türk Dövlətləri Təşkilatının XI sammitindən bir gün öncə Fransa prezidenti Emmanuel Makron Qazaxıstana, ertəsi gün isə Özbəkistana səfər etdi. Makronu Mərkəzi Asiyaya gətirən əsas səbəb Nigerdən qovulan Fransanın urana ehtiyacını ödəmək üçün yeni xammal axtarışları idi.
Fransa elektrik enerjisinin 60 faizini atom elektrik stansiyaları vasitəsilə istehsal edir. Fransanın dövlətə məxsus EDF şirkəti Qazaxıstanda ilk AES-in tikintisinə iddialıdır. Ümumilikdə, Fransa da daxil olmaqla Avropa İttifaqının təbii yanacağa olan tələbatı onları Mərkəzi Asiyaya, transxəzər regionuna yaxınlaşmağa, bu regiondakı dövlətlərlə yaxından əməkdaşlığa, bir sıra iqtisadi və sosial layihələr həyata keçirməyə təşviq edir. Məsələn, artıq Qazaxıstanla Avropa İttifaqı Qazaxıstan vətəndaşları üçün viza rejiminin yüngülləşdirilməsini müzakirə etməyə başlayıb. Bu isə onu göstərir ki, Avropa ilə Asiya arasındakı “buz zolağı” əriməyə başlayıb.
Makronun Qazaxıstandan əliboş, yoxsa əlidolu getdiyi barədə rəsmi məlumat verilməsə də, görünən odur ki, Fransa hələ xeyli “gəlib-getməli” olacaq.
Bu arada ABŞ-ın “Foreign Policy” nəşri son proseslərdə Qazaxıstanın olduqca ağıllı diplomatik gedişlər etdiyini, bütün tərəfləri razı salacaq balanslı siyasət yeritdiyini yazır. Məqalə müəllifi Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevi “böyük oyunçu” adlandıraraq, Tokayevin Rusiya ilə Qərb arasında müdrik manevrlər nümayiş etdirdiyini, bununla da Qazaxıstan prezidentinin öz ölkəsini Rusiyadan gözlənən mümkün təhdid və müdaxilələrdən qoruya bildiyini qeyd edir.
Nəşrin yazdığına görə, Rusiyanın orbitində dolanan Mərkəzi Asiya dövlətlərinin parlaq liderlərindən olan Tokayev praqmatizmə söykənən neytrallığı sənət səviyyəsinə qaldırmağı bacarıb. Odur ki, bütün tərəflər ondan razıdır.
Regional analitiklər də Qazaxıstanın hazırkı siyasətinin uğurlu gedişatını düzgün balanslaşdırmada görürlər: “Qazaxıstan əsas oyunçuların ehtiyaclarını anlayır, hamını razı salmaq və sanksiyalara məruz qalmamaq üçün əlindən gələni edir”, - deyə müstəqil siyasi analitik Dimaş Aljanov jurnala açıqlamasında bildirib. Ekspertin fikrincə, Qazaxıstanın beynəlxalq maliyyə sisteminə çıxışına ehtiyacı var. Bunun üçün də Astana Qərb bazarlarına neft satmalı, bu yolla Qərb ölkələrini özünün yaxın tərəfdaşına çevirməlidir.
Balanslı siyasətin Azərbaycan örnəyi
Qərb ölkələri ilə iqtisadi əlaqələr, Qərbə inteqrasiya, Aİ ilə əməkdaşlıq kimi perspektivlər, əlbəttə, ilk baxışda qulağa xoş gəlir. Lakin bütün bunların fonunda Qazaxıstan Rusiya faktoruna etinasız yanaşa bilməz. Təkcə qardaş Qazaxıstan deyil, ümumən region dövlətlərinin, eləcə də, Şərqi Avropa ölkələrinin heç biri Ukraynanın aqibətini yaşamaq istəmir və bu mövqelərində haqlıdırlar. Eyni səbəbdən Qazaxıstan Avropa İttifaqı ilə əlaqələri intensivləşdirsə də, qonşusu və bir çox sahələrdə tərəfdaşı olan Rusiya ilə münasibətləri korlamaq fikrində deyil.
Yeri gəlmişkən, Qazaxıstanın bu tarazlıq siyasəti Azərbaycanın xarici siyasət prinsiplərinə uyğundur. Ölkəmiz də bütün ölkələrlə səmimi dostluq, əməkdaşlıq siyasəti aparmaqda qərarlıdır. Prezident İlham Əliyevin balanslı siyasət strategiyası bu illər ərzində uğurlu nəticələrini verib və verməkdədir. Sözsüz ki, Azərbaycanın bu istiqamətdə diplomatik nailiyyətləri, siyasi uğurları və nəhayət, hərb meydanındakı böyük zəfəri qardaş türk respublikaları üçün də önəmli stimul və motivasiya oldu.
Xarici siyasətdə doğru balansı qoruyub saxlamaq bilavasitə ölkənin hansı formada müstəqil siyasət yeritmə qabiliyyətindən asılıdır. Məsələn, Qafqazda bu missiyanı yüksək səviyyədə yerinə yetirən yeganə dövlət Azərbaycandır. Bir nümunə deyək: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda, Rusiya prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Roma statutunu ratifikasiya etmir. Onlarla belə misal çəkmək olar. Deməliyik ki, indi qardaş Qazaxıstan da bu yolla irəliləyir. Məsələn, Qazaxıstan Rusiyanın Ukraynaya qarşı 2014-cü ildə Krımın ilhaqı ilə başlanan ərazi iddialarını tanımır, eyni zamanda, Rusiya əleyhinə bloklara, sazişlərə və s. qoşulmur.
Lakin bir məsələni də görməmək olmaz ki, Ukrayna məsələsində mövqeyinə görə ara-sıra Qazaxıstanın da başı ağrımalı olur. Təəssüf ki, bəzi rus siyasətçiləri tərəfindən mediada Qazaxıstanın neftlə zəngin şimal hissəsinin ələ keçirilə biləcəyinə dair təhdidlər səsləndirilir.
Moskva, Vaşinqton, yoxsa Pekin?
Hazırda Mərkəzi Asiyadan mənzərə belə görünür: Rusiya, Çin və ABŞ kimi nəhəng güclər dünyanın zəngin neft, qaz, uran ehtiyatlarına çıxış əldə etmək niyyəti ilə bu coğrafiyaya axın etməyə çalışırlar. Qazaxıstan Rusiya ilə münasibətləri qaydasında saxlamağa çalışsa da, kənar xarici təkliflərdən də boyun qaçırmır. Misal üçün, Astana Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü də dəstəkləyir, ABŞ-nın iri neft şirkətlərinin təqdim etdiyi iqtisadi imkanlardan da maksimum istifadə edir.
Oktyabrın 7-də (Vladimir Putinin doğum gününə düşür) Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Rusiya qazını Qazaxıstan üzərindən Özbəkistana daşıyacaq boru kəmərinin açılış mərasimində iştirak etmək üçün Moskvaya səfər etmişdi. Prezidentlər bundan öncə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitdə də görüşmüşdülər. İki ölkə lideri üçüncü dəfə Pekində, Çin lideri Si Cinpinin on il əvvəl Qazaxıstanda təqdim etdiyi “Bir kəmər, bir yol” təşəbbüsünə dair beynəlxalq forumda bir araya gəlib.
Nəhayət, son Tokayev-Putin görüşü noyabr ayının 9-da Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutub. Qazaxıstan prezidentinin Putinin rəhbərlik etdiyi nümayəndə heyətini qazax dilində salamlaması və açılış nitqi söyləməsi Rusiya mediasının gündəmini zəbt edən xəbərə çevrilib.
Görünən həm də odur ki, Qazaxıstan və Rusiya rəhbərlərinin intensiv görüşləri ABŞ-ın regionda öz təsirini artırma meyillərinə heç də maneə olmur.
Oktyabrın 23-də ABŞ-ın Qazaxıstandakı səfiri Daniel Rosenblum Almatıda “Sülhməramlı Əməliyyatlar Mərkəzi”nin açılış mərasiminə qatılaraq, simvolik lenti kəsib. ABŞ səfiri bu mərkəzin açılışını sosial media səhifəsində “beynəlxalq sülhməramlı qüvvələrin hazırlanmasında Qazaxıstanın imkanlarını genişləndirmək üçün ABŞ-ın dəstəklədiyi daha bir layihə” adlandırıb.
Səfir qeyd edib ki, Birləşmiş Ştatlar “regionda təhlükəsizliyi, rifahı və sülhü dəstəkləmək üçün Qazaxıstanla tərəfdaş olmaqdan qürur duyur”.
Oktyabrın 25-də - Qazaxıstanın milli bayramı olan Respublika günündə ABŞ Dövlət Katibi Entoni Blinken qazax xalqını təbrik edib və ölkəyə uğurlar arzulayıb. Blinken “sülh, firavanlıq və sabitlik kimi ümumi prioritetlərin xeyrinə irəliləmək üçün hər iki ölkənin qlobal çağırışlarda əməkdaşlıq imkanlarını artırmasını gözlədiyini” bildirib.
Noyabrın 6-da isə Qazaxıstan və ABŞ prezidentləri Genişləndirilmiş Strateji Tərəfdaşlıq görüşü keçirərək, terrorizmlə mübarizədən tutmuş ticarət, sanksiyalar, insan hüquqları kimi sahələrdə gələcək əməkdaşlıqları barədə birgə bəyanat veriblər. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu isə bildirib ki, Birləşmiş Ştatlar Qazaxıstanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyib.
Yaxın Şərq etibarlı bazar deyil
Ümumilikdə isə Qazaxıstanın biznes və ticarət sahəsində çoxlu manevr imkanları var ki, bu da, bəzi ehtimallara görə, Rusiyanın idxal məsələsində Qərbin bir sıra sanksiyalarından yan keçməsinə imkan verə bilər. Məsələ ondadır ki, Ukrayna müharibəsinin ilk ilində Rusiya şirkətləri Qazaxıstana axın edərək burada ən azı 4000 yeni firma yaradıblar. Nəticədə Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 25 faiz - 8.8 milyard dollar artıb. Ruslar bu prosesi Qazaxıstana “beyin axını” adlandırırlar.
Bu arada Qazaxıstanı, o cümlədən, Mərkəzi Asiya respublikalarını Qərb üçün daha cəlbedici göstərən əsas reallıqlardan biri də İsrail-HƏMAS müharibəsidir. Müharibənin genişlənərək neft ixrac edən Yaxın Şərq ölkələrinə yayıla bilmə təhlükəsi bu regiondakı etibarlılıq və təhlükəsizlik mühitinə inamı getdikcə azaldır. Bu fakt dünya üçün Mərkəzi Asiyanın əhəmiyyətini artırmaqdadır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

