AXINA QARŞI BİR ÖMÜR - SEYİD ƏZİM OLMAQ
04.10.2025 [08:49]
(Şairin 190 illiyinə)
Aləmləri təsxir qılan möhtəşəməm mən...
S.Ə.Şirvani
On səkkiz il müəllim kimi çalışmaq, düşüncələrə ziya vermək, dərsliklər, oxu kitabları hazırlamaq, şeir və hekayələr yazıb ədəbiyyat yolu ilə uşaqları tərbiyələndirmək! Yolundan dönmədən, bütün ağrı və məhrumiyyətlərə dözərək yaşamaq! Bütün bunların müqabilində qazancı nə idi bəs? Vaxtilə Gəncədə, Nizami Gəncəvinin türbəsi önündə bu məşhur rübaini söyləyən Seyid Əzim görəsən, öz taleyindən necə, - nigaran idimi?
Ey şeyx Nizami, ey
nizamı dağılan,
Ey Gəncədə izzü -
ehtişamı dağılan.
Olmayıbdır cahanda bir
səninlə məntək,
Beyti, evi, məktəbi,
kəlamı dağılan.
Seyid Əzim 1888-ci il mayın 20-də vəfat edib. Vəsiyyətinə əsasən doğma Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığında dəfn olunub. Ədəbiyyatşünas alim Şahbaz Musayev (Şamıoğlu) 2018-ci ildə yazdığı “Mirzə Fətəli Axundzadə: mühiti, müasirləri ilə əlaqələri və yeni tipli ədəbiyyat yaradıcılığı” adlı fundamental tədqiqatında önəmli bir fakta diqqət yönəldir: “Abbas Səhhət və Məhəmməd Hadinin müasiri və yaxın dostu Əbülqasım Əminzadə “Abbas Səhhət haqqında xatirələr”ində 1888-ci ildə Şamaxıda Seyid Əzim Şirvaninin cənazəsinin arxasınca cəmisi 15-20 nəfərin getdiyini dostları ilə böyük təəssüflə izlədiklərini yazır, sonra diqqəti dostlar arasında olan bir mükaliməyə yönəldir. Onun yazdığına görə, Abbas Səhhət gördüyü mənzərədən pəjmürdə olaraq deyib: “Görürsünüz, bizim əhlimiz şairinə necə baxır? Belə böyük şairin cənazəsində baqqal cənazəsində olan kişi qədər kişi yoxdur”...
***
Seyid Əzim Şirvani ədəbiyyatımızda Mirzə Fətəli Axundovdan sonra maarifçi dalğanı gətirən, gəlişdirən, böyük epoxa yaratmağı bacarmış qüdrətli şəxsiyyətdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşan yeni ədəbiyyat diskursunun ən dəyərli faktıdır. Onun acınacaqlı uşaqlıq illərinin, aldığı təhsilin, yiyələndiyi elmi biliklərin sonrakı yolunun magistral istiqamətlərinin müəyyənləşməsində mühüm rolu olub. Atasını yeddi yaşında itirən Seyid Əzim Şirvani anası Səkinə xanımla birgə o zamanlar Dağıstanın Yaqsay kəndində ruhanilik edən ana babası Molla Hüseynin himayəsində yaşamışdır. Təxminən on bir il babasının yanında təlim-tərbiyə alan, ərəb və fars dillərini öyrənən Seyid Əzim Şamaxıya qayıtdıqdan sonra orta ruhani təhsil verən mədrəsədə oxuyur. Sonra yolunu müxtəlif şəhərlərin dini mədrəsələrindən salır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi ilə İraqa, Nəcəf və Bağdada, sonra Suriyanın Şam şəhərinə, daha sonra isə 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət edən Seyid Əzim vətənə dünyəvi elmlərin aşinası, ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıq yolunu seçən münəvvər kimi qayıdır. Ruhanilikdən əl çəkərək dünyəvi elmləri öyrənməyə çalışır, Şamaxı məhəllə məktəbində müəllimlik edir. Eyni zamanda öz satirik şeirlərində dini ehkamları kəskin tənqid atəşinə tutur. Mövhumat və cəhalətin tüğyan elədiyi bir dönəmdə maarifçi ədəbiyyat yolu tutmaq o qədər də asan iş deyildi. Dini dairələr Seyid Əzimi kafir adlandırır, din düşməni kimi qələmə verirlər.
Seyid Əzim axına qarşı gedənlərdən idi. Onun ədəbiyyata gəldiyi dövr yeni maarifçi səciyyəsi ilə seçilirdi. M.F.Axundov dramaturgiyası meydanda idi, “Əkinçi” qəzeti ərsəyə gəlmişdi, sonra Ünsizadə qardaşları tərəfindən Tiflisdə nəşr edilən “Ziya”, “Ziyayi-Qafqaziyyə” qəzetləri çıxmışdı, milli ruhun dirçəlişinə rəvac verən bütün istiqamətlərdə hərəkətlənmə başlayırdı. Akademik Rafael Hüseynov yazır: “Seyid Əzimin Azərbaycana verdiyi faydalar və xalqına bəxş etdiyi işıq öz yerində, eyni zamanda onu həm də yeni türk mədəniyyətinin nadir qurucuları və fədailərindən biri olaraq qavramalıyıq. O dövrdə ki Seyid Əzim yaradıcılıq aləminə gəlmişdi, dünya dəyişirdi, Şərq və Qərb mədəniyyətləri bir-birinə daha çox yaxınlaşırdı, Mərkəzi Asiyanı - Mavərrənnəhrdən Qafqazlara, Osmanlıdan Hindistanacan nəhəng ərazini yeniləşmələr dalğası bürüyürdü. Bu gedişatda yükün ağırı istedadlı, fədakar, millətsevər maarifçilərin boynuna düşürdü ki, Seyid Əzim də onlardan biri idi”.
Seyid Əzim vaqif olduğu elmi biliklərə, mütaliə və yazı bacarığına və ən əsası, mübariz ruhuna güvənib qaranlıq beyinlərə nur olacağını bilirdi. Hələ yeni tədris üsullu məktəb açmazdan əvvəl Şamaxı mühitində tədrisin köhnə qayda-qanunlarla, mollaxana üsulu ilə keçirilməsini tənqid edərək yazırdı:
Hər vilayətdə var beş-on məktəb,
Edirik kəsb onda elmü ədəb.
Məktəbin fərşi altı köhnə həsir,
Neçə ətfali-müflis onda əsir.
Seyid Əzim maarifçilik ideyalarını həyata keçirmək məqsədi ilə 1869-cu ildə Şamaxıda yeni tədris üsullu (üsuli-cədid) bir məktəb açaraq pedaqoji fəaliyyətini davam etdirir. Köhnə mollaxanalardan və məhəllə məktəblərindən fərqli olaraq XIX əsrin sonlarından yaranmağa başlayan üsuli-cədid məktəblərində dərslər ana dilində keçilir, tədris planına ümumtəhsil xarakterli fənlər, dünyəvi biliklər daxil edilirdi. Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə kimi məşhur ədiblərimiz ilk təhsillərini o dövrün din xadimlərinin həqarətlə “kafir məktəbi” adlandırdıqları Seyid Əzimin həmin üsuli-cədid məktəbində almışlar.
Pedaqoji fəaliyyəti zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu görən Seyid Əzim bu məqsədlə uşaqlar üçün tərbiyəvi parçalar seçib toplamış, tərcümə etmiş, bir çoxunu isə özü yazmışdır. O, 1878-ci ildə həmin mətnləri bir yerə yığıb birinci və ikinci sinif şagirdləri üçün dərslik tərtib etmişdir. Həmin kitabı çap olunmaq üçün Qafqaz Maarif İdarəsinə təqdim etmiş, lakin nəşrinə icazə verilməmişdir. Ruhdan düşməyən maarifçi-pedaqoq ildən-ilə bu dərsliyi müəyyən əlavələrlə zənginləşdirmiş, bəzi ixtisar və dəyişikliklər etmişdir. Şairin ilk dərsliyi “Rəbiül-ətfar” (“Uşaqların baharı”) 1878-ci ildə, ikinci dərsliyi olan “Tacül-kitab” (“Kitabların tacı”) isə 1883-cü ildə tamamlanmışdır.
***
Seyid Əzim Şirvaninin bədii irsi biri Azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Bu ədəbi nümunələri müşahidə edərkən iki Seyid Əzim görürük. Məhəbbət və dini motivli qəzəllər yazan, Sədi, Hafiz və Füzuli şeirlərinə nəzirə meydana qoyan, həyat sevgili, nikbin ovqatlı Seyid Əzim! Lirik qəzəllərində şair Füzuli ənənələrinin davamçısıdır. Ərəb-fars izafətləri ilə qovuşuq şəkildə yazılmış bu şeir nümunələri - qəzəl, rübai, qəsidə, mərsiyələri, eləcə də hekayə, təmsil, nəsihətnamə janrlarında əsərləri klassik ədəbiyyatımızın qiymətli incilərindən sayılır:
Gecə gördüm səni,
ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz
lütfi-firavan yuxuda.
O biri Seyid Əzim isə fərqlidir. Yaradıcılığının ikinci mərhələsində daha çox maarifçi və tənqidi-satirik şeirlərilə seçilən Seyid Əzim bu qatda da orijinaldır. Ədəbiyyata daha çox hansı obrazı ilə adlayır,- deyə sual etsək, professor Cavanşir Yusiflinin yazdığı fikrə istinad edəcəyik: “Bu iki aləm - könüldən gələn səslərlə zəmanənin dərdlərinin tədqiqi heç bir məqamda kəsişmir, sanki qəzəlləri özü üçün, satirik şeir və məktubları isə son dərəcə lazım olan bir nəsnə kimi ictimaiyyət üçün yazırdı. Yəni Axundzadənin irəli sürdüyü “sosial ədəbiyyat” prinsipi onun şəxsində tam olaraq doğrulurdu”.
Onun yaradıcılığında başlanan yeni dönəmin səbəbkarı 1875-ci ildə işıq üzü görən “Əkinçi” qəzeti olur. Azərbaycanın ilk mətbuat orqanında Seyid Əzimin yeni şeirləri çap olunur, bu şeirlərdə şair müəllim və maarifçi ideoloqdur. “Əkinçi” haqqında yazdığı şeirdə Seyid Əzim həm qəzeti sərvət olaraq dəyərləndirir, həm də onu qorumaq üçün çağdaşlarını birliyə səsləyir:
Bəs “Əkinçi” cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim “Əkinçi” vəfat.
Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan “Yerdəkilərin göyə şikayət etmələri”, “Dəli şeytan”, “Məkri-zənan”, “Bəlx qazisi və xarrat”, “Müctəhidin təhsildən qayıtması”, “Elmsiz alim”, “Alim oğul ilə avam ata”, “Qafqaz müsəlmanlarına xitab” və s. satiralarıdır. Şair satirik şeir və təmsillərində ruhaniləri tənqid obyektinə çevirib, geriliyin və cahilliyin əleyhinə kəskin çağırışlar edib. Əslində, Seyid Əzimin dinə münasibəti də iki qütblü idi. Şairin satiralarından bəhs edən F.Köçərli onun həqiqi din xadimlərinə gözəl münasibəti olduğunu vurğulayırdı: “Seyid Əzim nə qədər ki mühil, riyakar, biəməl və müfəttin ruhaniləri sevməzdi, bir o qədər də həqiqi üləmalara, hamiyi-din və hadiyi-millət ruhanilərə təbəiyyət və ehtiram göstərməyi özünə borc bilirdi”.
“Seyid Əzim Şirvani satira yazırdı, yoxsa həcv” adlı məqaləsində ədəbiyyatşünas Mətanət Vahid şairin satiralarında belə yeni məktəb açmaq arzusunun, alınan təhsildən xalqın gələcəyi naminə faydalanmaq zərurətinin yer aldığını yazır: “Seyid Əzim lirik şeirlərində olduğu kimi, satiralarında da yeni məktəblər açmaq arzusunu ifadə edir. Özü də Şərq ölkələrində ruhani təhsili almasına baxmayaraq, zaman keçdikcə, dövr dəyişdikcə arzu edir ki, millətin övladları daha faydalı elmlərə yiyələnsin, həyatı boyu onlara lazım olacaq biliklərə sahib olsun.
Şair alim olmaq iddiası ilə Şərq ölkələrində guya təhsil alan, lakin vətənə döndükdən sonra günlərini avaralıqla keçirən, tüfeyli həyat sürən, başqa sözlə, aldığı təhsilin xalqına bir yardımı dəyməyən cahilləri kəskin tənqid edirdi. Belə “alimlər”ə xas olan xüsusiyyətləri Seyid Əzim “Elmsiz alim”, “Fəqih ilə oğul”, “Tələbənin hadisəsi”, “Müctəhidin təhslidən qayıtması”, “Köhnə elmdən şikayət”, “Avam ata ilə alim oğul” kimi şeirlərdə ümumiləşdirib”.
***
Seyid Əzimin maarifçilik missiyasının qayəsində mühüm ictimai-tarixi zəmin dayanır. Oyanış ruhunu zəmanə artıq özü diqtə etməyə başlamışdır. Məsələn, XIX əsrin ortalarında M.F.Axundov təkcə şəhər əhalisinin deyil, bütünlüklə ölkə əhalisinin, o cümlədən kənd camaatının və qadınların da təhsilə, məktəblərdə oxumağa cəlb edilməsi məsələsini irəli sürürdü. Ədib 1853-cü ilə aid bir məruzəsində məktəblərdə ana dilinin lazımi səviyyədə tədrisi üçün dərs kitablarının yoxluğundan təəssüflə bəhs edirdi. O, bu çatışmazlığı həm müəllimlərin, pedaqoji kadrların qıtlığı, həm də dərs kitablarının hazırlanması üçün müvafiq ədəbi-bədii əsərlərin yoxluğu ilə əlaqələndirirdi. M.F.Axundov yaxın keçmişə nəzər salaraq xatırladırdı ki, əvvəllər məktəb və mədrəsələrimizdə ərəb, fars və əsasən, Osmanlı türkcəsində olan kitablardan istifadə edilməklə dərs keçilirdi. Ana dilimizdə olan tək-tük kitablardakı əsərlər isə ya tərcümə idi, ya da ərəb və fars tərkibli kəlmələrlə həddən artıq ağırlaşdırıldığı üçün şagirdlər tərəfindən çox çətinliklə qavranılır, əksər hallarda isə heç başa düşülmürdü. O, rus dövlətinin Cənubi Qafqazı, o cümlədən Azərbaycanı ərəb, türk və fars təsirindən uzaqlaşdırmaq məqsədi ilə gördüyü tədbirləri bizim milli mənafeyimiz baxımından faydalı hesab edərək yazırdı: “Bu ölkəni abadlaşdırmağa və ondakı əhalinin milliyyətini saxlamağa meyl göstərən xeyirxah hökumətimiz bir çox tədbirlərlə yanaşı, tatar (Azərbaycan - E.A.) dilində ədəbiyyatın yaradılmasına diqqət vermişdir. Buna görə də birinci dəfə general Yermolov bu ölkənin (Qafqazın - E.A.) hakimi olduğu zaman, tatarlar (azərbaycanlılar - E.A.) yaşayan yerlərə göndərdiyi əmrlərdə, əhalinin farsca yazmasını qadağan edərək, öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür. Bundan sonra, hər yerdə, müxtəlif qaydalarda olsa da, yazı işləri tatarca aparılmağa başladı. Daha sonra hər yerdə qəza məktəbləri açıldığı zaman həmin məktəblərdə tatar (Azərbaycan) dilinin öyrənilməsini də lazım bildi. Lakin bu dildə dərs kitabları olmadığına görə böyük çətinliklər meydana çıxdı. Mənə məlum olduğuna görə, bu çətinliklər hələ də aradan qaldırılmamış və bu dil indiyə qədər, demək olar ki, ancaq təcrübi qayda ilə öyrədilir”.
Xalqın savadlandırılmasının əhəmiyyətini başa düşən “Əkinçi” qəzetinin əməkdaşları, o cümlədən Seyid Əzim Şirvanı bu işə mane olan sosial-əxlaqi əngəlləri kəskin tənqid edirdilər. Həmin əngəllərdən biri təriqətçilik, əhalinin məzhəblərə ayrılması, məhərrəmlik təziyələrində baş yarmaqla bir çoxlarının özlərini din, millət və ümmət fədaisi kimi gözə soxmağa çalışması idi. “Əkinçi” qəzeti bu cür sosial-mənəvi buxovlara qarşı kəskin mübarizəyə başlamışdı. Həsən bəy Zərdabi, Əhsənül-Qəvaid, Haşım bəy Vəzirov və başqalarının təriqətçiliyə, məhərrəmlik təziyələrinə qarşı mətbu yazıları deyilənlərə əyani misaldır. Ancaq qaragüruhçular və xalqın məzhəblərə parçalanaraq, kiçik hissələrə bölünüb maarif və tərəqqidən geri qalmasında maraqlı olan qüvvələr “Əkinçi” və əkinçilərin bu mövqeyinə kəskin müqavimət göstərirdilər. Belələrindən biri də Qarabağ şairlərindən olan Həsən Qara Hadi idi. O, H.Zərdabi və Əhsanil-Qəvaidi təriqətçiliyə qarşı çıxışlarına və xalqı dünyəvi təhsil almağa çağırışlarına görə həcv etmişdir. Həsən Qara Hadinin bu mövqeyi və hərəkəti Seyid Əzimi bərk qəzəbləndirdiyi üçün yazdığı həcvdə Həsən Qara Hadini “hadiyi-ərbabi-zəlalət” adlandırıb onu haqqa, ədalətə çağırırdı:
İnşallah sabah,
birigün yetişir mahi-əza,
Gey kəfən, yar başıvı,
tök yaşıvı, bağla qara,
Səni meydanda görən
kimsə desin namxuda,
Eyləyibdir yenə aləmdə
qiyamət Hadi!
Seyid Əzim H.Q.Hadi və onun həmfikirlərini ifşa etdikdən sonra xurafat və cəhalət üzündən xalqımızın “xaçpərəstlər”dən geri qaldığını nəzərə çatdırırdı. Onun azərbaycanlıların, guya, təəssübkeş kimi çıxış etmələrini, başqa dilləri, o cümlədən rus dilini öyrənsələr, kafir olacaqlarını iddia edərkən əslində çirkin niyyət güddüklərini belə ifadə edirdi:
Xaçpərəstlər hamısı
açır gözün, düşdü qabaq,
Dalda qaldıq tökülüb
cəhl ilə biz, ay sarsaq!
Bəs nə vəqti bizə qismət olacaq gözün açmaq?
Əqlə gəl, tanrıya bax,
bəsdi bu qəflət, Hadi!
S.Ə.Şirvani mühafizəkar düşüncəli, xalqın bədbəxtlik və geriliyində öz rahatlığını görən cəhalətpərəstləri axıradək ifşa edir. Onların peyğəmbər və Quran adına uydurduqları yalanları bir-bir üzlərinə çırpır. Rus dilində oxumağı, bu və ya digər dildə olan elm, bilik xəzinəsinə yiyələnməyi ən böyük nemətlərdən hesab edir. Şairin haqlı qənaətinə görə, bir dil bilənə nisbətən çox dil bilən daha çox nemətə sahib olmaq imkanı qazanır. Şeirin əvvəlki bəndlərində Həsən Qara Hadi kimi adamları din, peyğəmbər, Quran adına yalanlar uydurduqları üçün riyakarlıqda ittiham edirdi, sonrakı bəndlərdə isə bildirir ki, xalqın savadlanması, onun rus və başqa xarici dili öyrənməyinin əleyhinə çıxanların öz övladları elə həmin dillərdə təhsil alırlar:
Oxudur cümlə
uşaqlarını xanü bəgüvüz,
Neməti-rus ilə
pərvərdə olub cəmüvüz,
Bilməyən rus dilini,
bəlkə, ola tək-təküvüz,
Sizdə var hamıdan
artıq ona rəğbət, Hadi!
Bu sətirlərdən bir daha aydın olur ki, S.Ə.Şirvani xalqın geniş kütləsinin, gənc nəslin savadlı olması üçün qarşıda duran hər hansı maneələri dəf etməyə çalışmışdır. O, oğlu Mir Cəfərə müraciətlə yazdığı öyüdlərində sanki üzünü gənc nəslə tutub onları dünyəvi biliklərə yiyələnməyə çağırırdı. Bu məsələdən danışarkən ədəbiyyatşünas Zaman Əsgərli yazır: “S.Ə.Şirvaninin öyüd və nəsihətlərinin bir çoxunda dünyəvi elmin, təhsil və mədəniyyətin gözəlliyi haqqında söhbət açılır. Maarifçi şair insanların mənəvi əsarətdən qurtuluş yolunu təbii elmi biliklərə yiyələnməkdə görür. Onun fikrincə, elm cəhalətin düşmənidir, insanları işığa aparan hamar yoldur. Alimlər dünyanın ən hörmətli adamları, Allahın əziz bəndələridir. Onlara hörmətlə yanaşmaq, ehtiram bəsləmək, qayğılarını çəkmək vacibdir”.
S.Ə.Şirvani elm, maarif, gənc nəslin təlim-tərbiyəsi istiqamətində az-çox iş görən hər bir kəsin əməyini yüksək qiymətləndirirdi. Onun “Ziya” (Ziyayi-Qafqaziyyə) qəzetinin naşiri və redaktoru, ictimai xadim Hacı Səid Ünsizadəyə həsr etdiyi qəsidələri bu baxımdan diqqətə layiqdir. Şairin “Əsərləri”nin II cildində “Səid Ünsizadəyə” başlığı ilə çap edilən həmin şeirlərdə S.Ünsizadənin Tiflisdə qəzet çıxarması, Şamaxıda və Tiflisdə məktəb, o cümlədən qız və sənət məktəbi açması, Şamaxıya qazi təyin olunandan sonra buranın mənəvi-mədəni həyatını canlandırmaq üçün həyata keçirdiyi tədbirlər - məktəb və qiraətxana açmaq, sünnilərlə şiələr arasındakı ixtilafı ləğv edib birliyə nail olmaq, dünyəvi elmləri, o cümlədən ərəb, fars, rus, firəng və başqa dilləri öyrənməyin səmərəsindən danışmaqla yanaşı ana dilini dərindən bilmək və s. haqda ətraflı məlumat verdikdən sonra, xalqının tərəqqisi naminə ona belə dualar edir:
İlahi, bu Səidin kövkəbi-bəxti Səid olsun-
Ki, xurşidi-fələk tək tərbiyət
eyləyər əkvani...
...Yəqindir kim, məkatibbə
mədariflər tapa rövnəq,
O gündən kim, gəlib təqrib
edər bu əmrə əyani.
Mübaşir gər bu əmri-xeyr
üçün Hacı Səid olsa,
Gərəkdir dəvət etsin bizimlə əyani-zişani.
S.Ə.Şirvaninin Səid Ünsizadə tərəfindən həyata keçirilən bu tipli islahatları bütün miqyası ilə dərk edib yüksək qiymətləndirməsi səbəbsiz deyildi. Belə ki, “Əkinçi” qəzetinin səhifələrində yeni tipli məktəblərin açılması, onlara aydın dərslik və proqramların hazırlanması məsələsi qaldırılanda S.Ə.Şirvani həmin müzakirələrə fəal qoşulanlardan idi:
... Hanı bizdə “Xülasə”nin səməri.
Hanı “Cəbrül-müqbil”in xəbəri?
Səhl dillərdə elmi-heyət yox,
Cəmi təfriqi zərü qiymət yox.
Nə təqiyyə, budur sözün safı,
Küfrdür bizdə elmi - coğrafi .
S.Ə.Şirvani şeirlərində təbliğ etdiyi maarifçilik ideyalarını, yeni təlim və tədris üsullarını özünün müəllimlik fəaliyyətində geniş tətbiq etmişdir. Şairin tərtib etdiyi dərsliklər məhz, mütərəqqi məzmun və mündəricəsinə görə elmi ədəbiyyatda təqdir edilmişdir. Zaman Əsgərli bu məsələlərdən danışarkən yazır: “Şair “Əkinçi”də təbliğ etdiyi maarifçilik ideyalarını sonrakı fəaliyyətində davam etdirir, bədii yaradıcılığında elmin, təhsilin səmərəsi, başqa dilləri öyrənməyin əhəmiyyəti haqqında tərbiyəvi söhbətlər açırdı. Onun “Rəbiül-ətfal” dərsliyindəki əsərləri məzmunca “Əkinçi”də təbliğ etdiyi maarifpərvər fikirlərlə səsləşir. Kitabdakı öyüd, nəsihət və təmsillərində şair gənc nəslə mənəvi saflıq, daxili təmizlik , gözəl, mənalı yaşamaq, ayıq olmaq, aətən, xalq yolunda faydalı işlər görmək və s. belə əxlaqi fikirlər tövsiyə edirdi. O, işsizliyi, avaralığı, tüfeyli həyat keçirməyi pisləyir, müasirlərinə peşə seçməyi, sənət sahibi olmağı təbliğ edirdi”.
XIX əsrin sonlarında ana dili dərslikləri yazmaq və onların hazırlanması üçün lazım olan bədii nümunələrin meydana çıxarılması yolu ilə M.F.Axundovun, Səid Ünsizadə və S.Ə.Şirvaninin rastlaşdığı “böyük çətinliklər”in aradan qaldırılması işinə kömək məqsədi ilə dövrün qabaqcıl görüşlü şair, yazıçı və pedaqoqları fəaliyyət meydanına atıldılar. Bu ədib və ziyalılar sırasına M.F.Axundov, M.Ş. Vazeh, M.N.Didə, M.Ə.Elxanov, A.O.Çernyayevski, S.Ə.Şirvani, S.Vəlibəyov, R.Əfəndiyev və b. daxil idilər. Onlar Azərbaycan dilinin tədrisində istifadə etmək üçün dərslik və oxu kitabları yazmaq, bu kitabların çapı məqsədi ilə mətbəə yaratmaq və s. naminə hər bir əziyyətə fədakarlıqla qatlaşırdılar. Məsələn, 1840-cı illərdə M.F.Axundov M.Ş.Vazehlə birlikdə Tiflisdə mətbəə açmağa çalışmış, lakin öz məqsədlərinə çata bilməmişdilər. Bu işi təxminən 40 ildən sonra Səid Ünsizadə Tiflisdə nəşrinə nail olduğu “Ziya” qəzetinin mətbəəsi ilə reallaşdıra bilmişdir.
S.Ə.Şirvani də dərslik və uşaq ədəbiyyatı yaradılması istiqamətində səmərəli fəaliyyət göstərmiş, ancaq tərtib etdiyi “Rəbiül-ətfal” dərsliyinin nəşri üçün xeyli çalışsa da məqsədinə nail ola bilməmişdir.
Ədəbiyyatşünas Xeyrulla Məmmədov yazır: “XIX əsrin 70-80-ci illərində “üsuli-cədid” maarif hərəkatı dirçələrkən S.Ə.Şirvani, H.X.Qaradaği, S.Vəlibəyov və başqalarının uşaq mütaliəsindən ötrü material yaratmaq məqsədilə klassik ədəbiyyat xəzinəsində axtarışları nəticəsiz qalmışdır. Onlar yeni məktəbi böhranlı vəziyyətdən qurtarmaq üçün yaradıcılıqlarını bu istiqamətə yönəltmiş, xalq ədəbiyyatı süjetlərini məqsədəuyğun şəkildə işləmək, Şərq ədəbiyyatından iqtibas, rus və Avropa ədəbiyyatından təbdil və tərcümə etməklə bir sıra uşaq əsərlərini yaratmağa nail olmuşdular”.
S.Ə.Şirvani uşaqların oxuması üçün folklor nümunələri toplayıb çapa hazırlayır, yaxud həm orijinal əsərlərdən, həm də başqa dillərdən tərcümə və iqtibas etdiyi əsərlərdən yararlanaraq, dərslik, oxu kitabları tərtib etmək istiqamətində uğurlu addımlar atırdı. Azərbaycan uşaq ədəbiyyatının formalaşdığı ilkin mərhələdə tərcümələrlə yanaşı, folklordan alınma süjetlərə və mənzumələrə daha çox diqqət yetirilmişdir. Bu mənzərəni biz S.Ə.Şirvani yaradıcılığında da müşahidə edirik. Onun uşaqlar üçün qələmə aldığı bədii nümunələr, əsasən, süjetli hekayətlərdən və mənzumələrdən ibarətdir.
Seyid Əzim 1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən “Rəbiül-ətfal” (“Uşaqların baharı”) dərsliyini tamamlamışdır. Kitabın yazılma səbəbi hissəsində şair uşaqlara bəzi tövsiyələr verir: “Bu səbəbdən, ey xoşəxlaqlı, mən çox hekayələri qələmə aldım. Çünki qabiliyyətsiz adamlar görüb mən də özümü qəsdən cahil kimi göstərdim. Əgər fani zəmanə sənə uyğun olmasa, sən özünü zəmanəyə uyğunlaşdır. Görsən ki, xalq divanə olub, sən də özünü ağıllı yox, divanə kimi göstər. Bu xoş məsəldir ki, palaza bürün, elnən sürün. İstər türk olsun, istər zənci, xalq ilə həmin xasiyyətdə ol. Nadana mərifətdən danışma, onda o, səni dəli hesab edər”.
Seyid Əzim bu fikirləri mətnləri əsasında izah edir, hadisə və proseslərin əyaniliyi və konkretliyi zəminində təlqin etməyə çalışırdı. Məsələn, yuxarıda yazdığı “Görsən ki, xalq divanə olub, sən də özünü ağıllı yox, divanə kimi göstər” nəsihətini Seyid Əzim şah və vəzirdən bəhs edən hekayənin timsalında mətnləşdirir, maraqlı süjet xətti qurmaqla hekayəni həm oxunaqlı edir, həm də uşaqlara doğru fikir aşılayırdı. Hər hekayənin sonunda isə yenə məzmuna uyğun fikirləri önə çəkirdi: “Bəli, ey gözümün nuru, eyni cinsdən olanlar bir-birinə nifrət eləməzlər. Binəva şəxs binəvanı sevər. Necə ki, saman kəhrəbanı sevər. Alim nadandan qaçdığı kimi nadan da alimdən qaçar. Cahildə kamillik zövqü olmadığından ağıllı adamda nə olduğunu anlamaz. Ağıllı o adamdır ki, gecə-gündüz xalqın zövqünə uyğun rəftar edə”.
Seyid Əzimin ustalığı onda idi ki, uşaqlarla necə yanaşmaq, necə davranmaq lazım olduğunu bilirdi. O, sadəcə nəsihət etmək yolunu tutmurdu. Çünki belə şeyləri həm keçilmiş yol sayır, həm də uşaqların mənəviyyatına təsirsiz olduğunu düşünürdü. Təsadüfi deyil ki, Səid Ünsizadəyə yazdığı şeirdə Sədi Şirazinin “Gülüstan”, “Bustan” dövrünün keçdiyini vurğulayır, maarif və məktəb şəbəkəsini təkmilləşdirmək istəyini dilə gətirirdi. Onun Səid Ünsizadəyə bəslədiyi ümid və inamın qayəsində məhz, həyata keçirmək istədiyi islahatlar dayanırdı:
...Bina təlimül-ətfalə
əlifbayi-cədid etsin,
Götürsün müşkülati,
zahir etsin rəsmi-asani.
Vətəndə zikr olan dillərdə
təsnifatlar qılsın,
Götürsün aradan “İnşaü” “Bustan”ü “Gülüstan”i
Oxunsun heyətü hikmət,
hesabü elmi-coğrafi,
Yetər bəsdir eşitdik
“Qisseyi-Yusuf-Züleyxani”
Təriqi-tərbiət təlimin etsin
bəzi heyvanə,
Götürsün məktəbi-ətfaldan
çübü fələqqani.
Bizimçün cəmü tərtib
eyləsin millət təvarixin,
Yazıb əxlaq elmin, bizlərə
şərh eyləsin ani.
Müəllimlər gəlib adab
dərsi ondan öyrənsin,
Mühərrirlər ala təlimi
hər inşavü imlani.
Xalq yaradıcılığından bəhrələnən sənətkar yaratdığı qəhrəmanları nəcib və xeyirxah əməllərinə görə folklor qəhrəmanlarına bənzətmişdir. Ürəklərində yaxşılıqdan, xeyirxahlıqdan, insanlara kömək etməkdən başqa heç nə düşünməyən, əməlpərvər, saf uşaqlar oxucunun rəğbətini qazanır, onların qəlbinə asanlıqla yol tapırlar. Seyid Əzimin şeirlərindəki qəhrəmanlar Azərbaycan şifahi xalq ədəbiyyatında təsadüf edilən müdrik insanları xatırladır. Müəllif bu əhvalatlar əsasında uşaqlara nəyin pis, nəyin yaxşı olduğunu bildirir. Qeyd edək ki, belə surətlər Azərbaycan ədəbiyyatında ilk dəfə XIX əsrdə, Seyid Əzim Şirvaninin əxlaqi-didaktik şeirlərində yaradılmışdır. Onun şeirlərində təsvir olunan hadisələrin mərkəzində müdrik bir insan - Ata surəti dayanır. “Dövranın bir çox qayğılarından, fələyin gərdişindən xəbərdar olan bu dünyagörmüş insan öz gördükləri əsasında gənc nəslə nəyin pis, nəyin yaxşı, hansı sifətin gözəl, hansının isə çirkin, eybəcər olduğunu başa salır “ (Z.Əsgərli).
Seyid Əzim Ata surəti ilə uşaqlara əxlaqi saflıq, mənəvi gözəllik hisslərini təlqin edir. Bu surətlər maarifçi realizm prinsipləri əsasında yaradılmışdır. Həmin prinsipə görə artıq gənc nəslə nəyin pis, nəyin yaxşı olduğunu quru nəsihət, didaktika yolu ilə söyləmək düzgün deyil, yaxşını və pisi əyani şəkildə konkret hadisələrlə göstərmək lazımdır.
“Rəbiül-ətfal” dərsliyində yer alan mətnlərin bir neçəsi “Oğluma xitab”, “Oğluma nəsihət” formasında yazılmışdır. Bu xitab və nəsihətlərdə dünyanı dərkin zirvə məqamına yetən, könlünü işıq və aydınlıqla süsləmiş, ruhsal duyumlu, dərin zəkaya malik bir şəxs görürük. Nəzərə alanda ki, dərslik 1878-ci ildə yazılıb, bu nəsihətlərində 43 yaşlı Seyid Əzim artıq dünyagörmüş qocadır! Uşaqlara xitabından tutmuş, təlqin etdiklərinə qədər şair öyünüləsi idrak və mərifət qaynağıdır:
“Oğul, ey gülüstanımın qönçəsi! Ey mənim xoşsəsli bülbülüm! İki yüz yetmiş üçdə bahar fəslində sən dünyaya gəldin. İndi on beş ildir ki, sənə adab (ədəblər, bütün iş və hərəkətdə gözlənən qaydalar, tərz, üsul) təlim edirəm. Ağıla yetib başıuca oldun, daha mənə ehtiyac duymadın. İndi əql peyğəmbərini rəhbər qıl, məzhəb ədəblərini öyrən! Demirəm ki, mən gedən yol ilə get. Ancaq ağılı tut, o gözəl dost ilə get. Sənə ata yolu əsas deyil, gör Azər övladı hansı yol ilə getdi?
Demirəm rus, ya müsəlman ol. Hər nə olsan, mərifət sahibi ol!
Demirəm ki, sünni, ya da şiə ol! Yalnız biabırçılıq oxuna hədəf olma.
Demirəm şeyx ol! Hər nə olsan, saxtakar və fırıldaqçı olma!
Dilini lənət etməkdən, başqasının müsibətinə sevinməkdən saxla.
Bilməyəndən bilən kəs daha üstün imiş. Həq buyurmuş ki, ey dünya adamları, dillərin müxtəlifliyi nemətimdəndir. Kim ki bir dil öyrənsə, o, bir nemətə çatmış olar. Cəhd elə ki, o nemətə yetiş, elm təhsil qıl, bir mövqeyə çat”.
Seyid Əzimin fərqliliyi də, böyüklüyü də bundadır! Aldığı dini təhsildən uşaqların mənəviyyatını işıqlandırmaq üçün yararlanmasında, dinə doğma kimi yanaşmayıb, onun ən nəcib tərəflərini yeni yetişən nəslə ötürməsində, islam dəyərlərini ədəbiyyat havasında təqdim etməsində!
***
Seyid Əzimin maarifçi şair kimi zamanında nüfuzu böyük olub. “O, təkcə Şamaxı və Bakı deyil, Azərbaycanın bütün bölgələrindəki ədəbi məclislərdə böyük hörmət qazanmışdır. Şairin adı xüsusilə “Əkinçi”, “Ziya” və “Kəşkül” qəzetlərindən tanınırdı. Şamaxılı olan Ünsizadə qardaşlarının təşəbbüsü ilə Şamaxıda açılmış “Məclis” adlı yeni üsullu məktəbdə şəriət dərslərini Seyid Əzim tədris edirdi. Məhz bu məktəbdə Azərbaycanın digər böyük şairi Mirzə Ələkbər Sabir onun dərslərini dinləmişdir” (Vüqar Əhməd).
Dövrün ziyalıları onu yüksək dəyərləndirmiş, böyük istedad sahibi olmasını xüsusi vurğulamışlar. Mir Möhsün Nəvvab ona həcvlər yazmasına baxmayaraq, Seyid Əzimin poeziyasına yüksək qiymət vermiş, Firudin bəy Köçərli onu “Qafqaz şüərasının səramədi” adlandırmışdır. Şair Ordubadda fəaliyyət göstərən “Əncümənüş-şüəra” məclisinin rəhbəri Hacıağa Fəqir Ordubadi ilə məktublaşır, Bakı, Şuşa, Gəncə, Qazax, Lənkəran, Təbriz, Ərdəbil, Dərbənd və Şəki bölgələrinin şairləri ilə daimi əlaqədə olur, Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisində tez-tez iştirak edərək burada Əbdülxalıq Cənnətinin istedadına dəyər verirdi. Xeyrulla Məmmədov “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabında Seyid Əzimin “Əkinçi” qəzetində yazmaqla ictimai pafos qazandığını, vətəndaş mövqeyinin formalaşdığını qeyd edir: “Fəbbül-ətfal”, “Qafqaz əhlinə xitab”, “Ruhanilik təhsili”, “Əkinçi və xan”, “Köpəyə ehsan” kimi əsərləri həm mövzu dərinliyi, həm də poetik dili ilə dövrün şairlərinə örnək olmuşdur. O dövrdə elə bir şair yox idi ki, Seyid Əzimin dəst-xətindən təsirlənməsin”.
Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq, 18 ildən artıq öz məktəbində müəllimlik etmişdir. Nəhayət, bir tərəfdən mövhumatçıların və ruhanilərin müxtəlif bəhanələrlə ona qarşı hücuma keçmələri, digər tərəfdən o zaman Şamaxıda dövlət tərəfindən açılan şəhər məktəbinin təsiri nəticəsində həmin məktəbin artıq öz fəaliyyətini dayandırması onu ağır yolun sınaqları ilə üz-üzə qoymuşdur. Onsuz da həyatı heç bir mərhələdə rəvan keçməyən şairin ömür yolu 53 illik zamana sığacaq qədər təhəmmül edə bildi.
***
4 aprel 2025-ci il! Ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədəbi yaddaşın bütövlənməsinə münasibətdə növbəti qədirdanlıq nümunəsi sərgiləyərək Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladı və şairin yaradıcılıq özəlliklərinə belə vurğular etdi: “Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur”.
***
XIX əsrin böyük şəxsiyyəti! Xalqın nicat və oyanışını tərcümeyi-halından ömür kimi keçirən ədəbiyyat fədaisi! Zəhniyyətlərə nur, mənəviyyatlara insanlıq toxumu səpən böyük maarifçi! “Beytin, evin, məktəb və kəlamın” dağılmayıb. Həmişə bizimləsən!
ELNARƏ AKİMOVA
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
04 Oktyabr 14:30

YAP xəbərləri
04 Oktyabr 14:19

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 14:09

YAP xəbərləri
04 Oktyabr 13:48

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:30

YAP xəbərləri
04 Oktyabr 13:14

YAP xəbərləri
04 Oktyabr 13:08
YAP xəbərləri
04 Oktyabr 13:06

YAP xəbərləri
04 Oktyabr 13:04

YAP xəbərləri
04 Oktyabr 13:01

YAP xəbərləri
04 Oktyabr 12:55

YAP xəbərləri
04 Oktyabr 12:44

Gündəm
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:39

YAP xəbərləri
04 Oktyabr 12:36

YAP xəbərləri
04 Oktyabr 12:34

YAP xəbərləri
04 Oktyabr 12:27

YAP xəbərləri
04 Oktyabr 12:26

Sosial
04 Oktyabr 12:16

YAP xəbərləri
04 Oktyabr 11:44

Ədəbiyyat
04 Oktyabr 11:43

Sosial
04 Oktyabr 11:32

YAP xəbərləri
04 Oktyabr 11:26

YAP xəbərləri
04 Oktyabr 11:23

Elm
04 Oktyabr 11:16

Siyasət
04 Oktyabr 10:51

Siyasət
04 Oktyabr 10:18

Analitik
04 Oktyabr 09:47

MEDİA
04 Oktyabr 09:21

Ədəbiyyat
04 Oktyabr 08:49

Analitik
04 Oktyabr 08:14

YAP xəbərləri
03 Oktyabr 23:44

Dünya
03 Oktyabr 22:30

Dünya
03 Oktyabr 21:28

YAP xəbərləri
03 Oktyabr 20:56

Elm
03 Oktyabr 20:50

YAP xəbərləri
03 Oktyabr 20:31

Sosial
03 Oktyabr 19:41

YAP xəbərləri
03 Oktyabr 19:01

Dünya
03 Oktyabr 18:46

Maraqlı
03 Oktyabr 18:17

Dünya
03 Oktyabr 17:52

YAP xəbərləri
03 Oktyabr 17:39

YAP xəbərləri
03 Oktyabr 17:37

YAP xəbərləri
03 Oktyabr 17:29

Maraqlı
03 Oktyabr 17:26

Xəbər lenti
03 Oktyabr 17:25

YAP xəbərləri
03 Oktyabr 17:15

Diaspor
03 Oktyabr 17:09

Dünya
03 Oktyabr 16:35

Dünya
03 Oktyabr 16:19

YAP xəbərləri
03 Oktyabr 16:08

YAP xəbərləri
03 Oktyabr 16:08

Hadisə
03 Oktyabr 15:59

Dünya
03 Oktyabr 15:53

YAP xəbərləri
03 Oktyabr 15:42

Dünya
03 Oktyabr 15:22

Dünya
03 Oktyabr 14:46

Dünya
03 Oktyabr 14:30

YAP xəbərləri
03 Oktyabr 14:14

YAP xəbərləri
03 Oktyabr 14:08

YAP xəbərləri
03 Oktyabr 13:47
Dünya
03 Oktyabr 13:34

İdman
03 Oktyabr 13:07

YAP xəbərləri
03 Oktyabr 12:42

Dünya
03 Oktyabr 12:19

Xəbər lenti
03 Oktyabr 11:47

Mədəniyyət
03 Oktyabr 11:25
