Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaxın Şərq nüvə təhlükəsi ilə üz-üzə...

Yaxın Şərq nüvə təhlükəsi ilə üz-üzə...

21.05.2026 [09:38]

AEBA BƏƏ-dəki “Barakah”  AES-ə hücumla bağlı xəbərdarlıq edib

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mayın 17-də “Barakah”  Atom Elektrik Stansiyasına (AES) hücum edən pilotsuz uçuş aparatları, həmçinin sonradan zərərsizləşdirilən daha altı dron İraq ərazisindən buraxılıb. Bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə baş verən gün hücumun İran tərəfindən edildiyi açıqlansa da, araşdırmalar nəticəsində dronun İraq ərazisindən göndərildiyi dəqiqləşdirilib. PUA-nın “Barakah” AES-in yaxınlığındakı generatora çırpılması nəticəsində yanğın baş verib.

PUA-lar İraq ərazisindən buraxılıb

Həmin vaxt ölkənin HHM qüvvələri hava məkanını qərb sərhədi istiqamətindən pozan üç pilotsuz aparatı qeydə alıb, onlardan ikisi havada məhv edilib, üçüncüsü isə AES-in yanındakı elektrik generatoruna zərbə endirib. İraq ərazisindən edilən hücum zamanı kritik əhəmiyyətli obyektlər zərər görməyib,  heç bir tələfat baş verməyib. Lakin gələcəkdə bu obyektə hücumların davam etməsi ciddi təhlükələr yarada bilər. 

BMT-nin nüvə nəzarəti orqanı - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi Birləşmiş Ərəb Əmirliklərindəki “Barakah” AES-ə birbaşa hücumun ciddi radioaktiv nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. BMT Təhlükəsizlik Şurasının obyekti hədəf alan son dron hücumundan sonra təcili iclasında çıxış edən Rafael Qrossi vəziyyətin çox narahatedici olduğunu bildirib: “Bu, Yaxın Şərqdə bir nüvə obyektidir və hücumun nəticələri çox ağır ola bilər”. Qrossi vurğulayıb ki, Əbu-Dabi Əmirliyində - eyni adlı paytaxtdan təxminən 300 kilometr məsafədə yerləşən “Barakah” AES təzə və işlənmiş yanacaq da daxil olmaqla minlərlə kiloqram nüvə materialı olan obyektdir. “Barakah” AES-ə hücum halında, birbaşa zərbə ətraf mühitə çox yüksək radioaktivlik buraxılmasına səbəb ola bilər”, - deyə o bildirib.

Qrossi əlavə edib ki, xarici elektrik təchizatı xətlərinə dəyən ziyan da ciddi risklər yarada və potensial olaraq reaktorun nüvəsinə zərər verə bilər. O, həmçinin xəbərdarlıq edib ki, hər iki ssenari üçün təcili qoruyucu tədbirlər, o cümlədən təxliyə, sığınacaq və bir neçə yüz kilometrə qədər uzanan məsafələrdə sabit yoddan istifadə tələb olunacaq.

BMT ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin riskləri barədə nə düşünür?

Məlumdur ki, elektrik enerjisinə qlobal tələbat çoxaldıqca, atom elektrik stansiyalarının  populyarlığı da artır. Yaxın Şərqdə bir neçə ölkə regional təhlükəsizlik, iqlim şəraiti və beynəlxalq əməkdaşlıq kimi ciddi məsələləri balanslaşdıraraq nüvə enerjisi layihələrini qiymətləndirir və ya inkişaf etdirir. Bununla belə, BMT-nin ekspertləri Yaxın Şərqdə nüvə enerjisinin yaratdığı risklər barədə qənaətlərini bölüşüblər. “AES-lər enerji tələbatları, texnoloji innovasiya və inkişaf edən təhlükəsizlik mənzər”əsinin kəsişməsindədir. Bu, böyük bir fürsət yaradır”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) baş koordinatoru Şota Kamişima deyir. O əlavə edib: “Düzgün inkişaf etdirildikdə, nüvə enerjisi davamlı inkişafı dəstəkləyə, enerji dayanıqlığını artıra və hətta regional əməkdaşlıq üçün platforma rolunu oynaya bilər”. Ekspert məlumat verib ki, “Barakah” AES-in ölkənin daxili enerji ehtiyaclarının təxminən 25 faizini ödədiyi Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 33 ölkə 2050-ci ilə qədər nüvə enerjisi güclərini üçqat artırmaq məqsədini dəstəkləyib. Hazırda 31 ölkədə 416 nüvə reaktoru dünya elektrik enerjisinin təxminən 10 faizini təmin edir. Daha 63 reaktor tikilməkdədir və təxminən 60 ölkə kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisinin tətbiqini nəzərdən keçirir.

“Yaxın Şərq və Şimali Afrika bölgəsində enerji tələbatı 2000-ci ildən 2024-cü ilə qədər üç dəfə artıb. Süni intellekt və iqtisadi transformasiya sayəsində bu tələbat artmağa davam edəcək”. Bu fikriləri isə Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Tədqiqatları İnstitutunun (UNIDIR) tədqiqatçısı Almuntaser Albalawi bildirib. O əlavə edib: “Regionun duzsuzlaşdırma və soyutma üçün unikal ehtiyacı var və bu da sabit enerji mənbələrinə olan etimadı daha da aktuallaşdırır”. Bütün bu tələblərə baxmayaraq, Yaxın Şərqdəki geosiyasi mühit bölgədə nüvə enerjisinin inkişaf etdirilməsi və istismarının təhlükəsizliyi ilə bağlı suallar doğurur. “AES-dən danışarkən, onun həyat dövrü ağlabatan - tikintidən istismardan çıxarılmasına qədər təxminən 75 illik bir zaman vahidi olmalıdır”, -deyə Prinston Universitetinin baş tədqiqatçısı Ziya Mian iddia edir. “Bütün bu müzakirələrin mərkəzi bir sual ətrafında cəmləşir - son 75 ildə Yaxın Şərqdə vəziyyət necə olub? Gələcəkdə onun necə inkişaf edəcəyini gözləyirik?”, -deyən amerikalı ekspert 1967 və 1973-cü illərdəki ərəb-İsrail müharibələrinə, 1980-ci ildən 1988-ci ilə qədər olan İran-İraq müharibəsinə, daha sonra isə ABŞ-İraq müharibələrinə, ardınca Suriyada vətəndaş müharibəsinə işarə edib. O, növbəti 75 ilin son 75 ildən kökündən fərqli olacağı ehtimalının az olduğunu da vurğulayıb.

“Barakah” ərəb ölkələrində ilk AES-dir

Təhlükəsizlik və siyasi mülahizələrlə yanaşı, Yaxın Şərqdə nüvə enerjisinin inkişafı üçün iqlim və ətraf mühitin uyğunsuzluğu ilə bağlı narahatlıqlar da mövcuddur. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) 2024-cü ildə dərc etdiyi ərəb ölkələrində iqlimin vəziyyətinə dair ilk hesabata görə, Yaxın Şərq qlobal orta göstəricidən iki dəfə sürətli istiləşir. Bu əsrin sonuna qədər temperatur beş dərəcə Selsi arta bilər ki, bu da nüvə elektrik stansiyalarının fəaliyyətinə birbaşa təsir göstərir. Professor Mian deyir ki, Yaxın Şərq insanların açıq havada yaşaması üçün praktik olaraq yaşayışa yararsız hala düşəcək. O əlavə edib: “Həmçinin nüvə elektrik stansiyalarının istilik mübadiləsi ehtiyacları olduqca böyükdür və onların soyutma sularına tələbatı da çoxdur. Məsələn, hər yay insanların soyutma üçün ən çox elektrik enerjisinə ehtiyacı olduqda, Fransa xarici temperatur çox yüksək olduğu üçün nüvə elektrik stansiyalarını bağlamalı olur”.

Xatırladaq ki, “Barakah” AES Birləşmiş Ərəb Əmirliklərində 2020-ci ildə fəaliyyətə başlayıb. Əbu-Dabi Əmirliyinin Əl Dəfrah bölgəsində yerləşən  AES-in 60 il ərzində elektrik enerji istehsal edəcəyi gözlənilir.  Birləşmiş Ərəb Əmirlikləri dünyada AES istifadə edən 33-cü, ərəb dövlətlərinin arasında isə birinci ölkədir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 13 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31