Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İran Mərkəzi Asiyada: mövcud vəziyyət və perspektivlər

İran Mərkəzi Asiyada: mövcud vəziyyət və perspektivlər

05.12.2014 [09:56]

Rəsmi Tehranın xarici siyasətində müəyyən dəyişikliklərin müşahidə olunduğu bildirilir. Bu sırada onun Mərkəzi Asiya istiqamətində fəaliyyəti ayrıca əhəmiyyət kəsb edir. Məsələ bundadır ki, həmin region ənənəvi olaraq İran üçün ciddi rol oynayıb. Hazırda geosiyasi mübarizənin daha intensiv xarakter alması ilə məsələ xeyli aktuallaşıb. Tehranın Mərkəzi Asiya ölkələri ilə əlaqələri daha çox hansı aspektdə inkişaf etdirdiyi və nələrə ümid bəslədiyi ekspertləri maraqlandırır.
Təcriddən xilas: Mərkəzi Asiyanın rolu
Mərkəzi Asiya İran üçün tarixən geosiyasi və dini baxımdan əhəmiyyətli bir məkan olub. İndiki mərhələdə isə həmin region Tehranın xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Bunun səbəblərini araşdıran mütəxəssislər hər şeydən əvvəl İranın təcriddən yaxa qurtarmaq üçün çalışdığını vurğulayırlar (bax: İrina Zvəqelğskaə. V poiskax toçki oporı: İran v Üentralğnoy Azii / RSDM, 12 noyabr 2014).
Həmin məqsədlə məhz bu regionun seçilməsinin əsası vardır. Ənənəvi olaraq Mərkəzi Asiya ölkələri İranla sıx əlaqədə olub. Burada etnik baxımdan iranlılara yaxın olan xalqların məskunlaşdığı dövlətlər də var. Məsələn, Tacikistan. Bundan başqa, Özbəkistanda və Əfqanıstanda da farsdilli qruplar yaşayırlar. Eyni zamanda, dini faktoru da unutmaq olmaz. Doğrudur, Mərkəzi Asiyada əsasən sünnilər yaşayırlar. Buna baxmayaraq, rəsmi Tehran xarici siyasətində incə davranır və həmin bölgənin xalqlarını özündən uzaqlaşdırmamağa çalışır (bax: əvvəlki mənbəyə).
Bu, geosiyasi və iqtisadi təcriddən xilas olmaq kursuna tam uyğundur. İran tədricən region ölkələrinin bütün sahələri ilə bağlı proqramlar həyata keçirir. Lakin bu, heç də bölgənin bütün ölkələrinə eyni dərəcədə səmərə vermir. Tehran üçün Tacikistanla dil tapmaq çox asandır. Bu dövlətlə, demək olar ki, bütün istiqamətlər üzrə əlaqələr yüksək səviyyədə qurulub. Hələ 2006-cı ildə İran, Tacikistan və Əfqanıstanın iştirak etdiyi üçtərəfli əməkdaşlıq komissiyası yaradılmışdı. O zaman prezident M.Əhmədinejad demişdi ki, bu üç dövlətin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır (bax: Serqey Mutov. Politika İrana v otnoşenii Üentralğnoy Azii / “Mir i Politika”, 10 avqust 2011).
Bundan başqa, İran Tacikistanda dağ tunelinin çəkilməsi üçün 50-60 milyon ABŞ dolları həcmində sərmayə qoyub. Tehran “Sanqtudin” su elektrik stansiyasının tikintisi üçün 220 milyon dollar yatırıb, Anzob tuneli üçün isə tacik tərəfinə 31 milyon dollar yardım edib (bax: əvvəlki mənbəyə).
Maraqlıdır ki, bunlar İranın Tacikistan üçün əsas tərəfdaş olması üçün yetərli deyil. Ekspertlərin hesablamalarına görə, Rusiya və Çin Düşənbə ilə daha geniş əməkdaşlıq qura bilib. Təbii ki, hətta belə bir hal İranın Tacikistan üçün arxa plana atılması demək deyil. Əgər Tehran beynəlxalq təcriddən yaxa qurtara bilsə, onun Düşənbə ilə əlaqələri sürətlə yeni səviyyəyə qalxa bilər.
Tacikistandan fərqli olaraq, İranın Özbəkistanla münasibətləri ziddiyyətli xarakter daşıyır. Burada müsbət və mənfi amillər bir aradadır. Rəsmi Tehranın bu ölkəyə yetirdiyi diqqətə, diplomatik səfərlərin intensivliyinə baxmayaraq, hələlik əsas olaraq nəqliyyat sahəsində müəyyən layihələri yerinə yetirmək mümkün olub. Ekspertlər bunu 2005-ci ilə qədər rəsmi Daşkənd üçün Amerikanın prioritet olması və özbək hakimiyyətinin İslama siyasətdə ehtiyatla yanaşması ilə izah edirlər.
İranın Türkmənistanla da münasibətləri genişlənməkdədir. 2012-ci ilin statistik məlumatlarına görə, Tehran Rusiya və Çindən sonra Aşqabadla əməkdaşlıqda üçüncü yerdə olub (bax: Obzor vneşnegkonomiçeskix svəzey Turkmenistana / Ved.gov.ru).
Rusiyalı ekspert S.Mutov hesab edir ki, İran Türkmənistanla münasibətləri inkişaf etdirməkdə sırf praqmatik məqsədlər güdərək, qonşu ölkənin təbii ehtiyatlarından fayda götürməyə çalışır. Eyni zamanda, Aşqabadın geosiyasi mövqeyi Tehran üçün çox önəmlidir. Nəhayət, İranın şimal əyalətlərində xeyli türkmənin yaşadığını nəzərə almaq lazımdır (bax: Serqey Mutov. Politika İrana v otnoşenii Üentralğnoy Azii / “Mir i Politika”, 10 avqust 2011).
Mütəxəssislərin qiymətləndirmələrinə görə, İranın Qazaxıstanla münasibətləri dostluq xarakteri daşısa da, Astananın çoxvektorlu xarici siyasəti Tehranla əlaqələrə müəyyən məhdudiyyətlər qoyur. Qazaxıstanın Rusiya və Çinlə əməkdaşlığı gücləndirməsi İranla münasibətlərə mənfi təsir göstərmir. Lakin Tehranın Astanaya iqtisadi təsir göstərmək imkanları yoxdur. İranın bu ölkəyə geosiyasi marağı isə böyükdür. Qazaxıstanlı ekspert M.Qubaydullina Tehranın Astana üçün “geniş regional kooperasiya üçün strateji əhəmiyyət daşıdığını” vurğulayır. Həmin faktora görə iki ölkə arasında münasibətlərin inkişaf edəcəyi proqnozlaşdırılır (bax: Gkspert: Tranzitnıy potenüial İrana doljen bıtğ prioritetom dlə Sredney Azii - doklad / “Regnum”, 23 oktyabr 2013).
İran-Qırğızıstan münasibətləri elə də nəzərəçarpan deyil. İki ölkə arasında iqtisadi əlaqələr yüksək səviyyədə olsa da, Rusiya, Çin və Türkiyədən geridə qalır. Qırğızıstanla İran əsas olaraq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Əfqanıstandan NATO qüvvələrinin çıxması ilə Tehran üçün Bişkekin geosiyasi əhəmiyyəti daha da artdı. Ekspert M.Qubaydullina bu qənaətdədir ki, hazırda Qırğızıstan-İran münasibətləri “işgüzar və daha dostyana xarakter daşıyır” (bax: əvvəlki mənbəyə). Çox güman ki, İran bu istiqamətdə fəaliyyətini genişləndirməyə çalışacaq.
Böyük güclər: geosiyasi balanslaşdırma oyunu
Göründüyü kimi, İran Mərkəzi Asiyada müəyyən geosiyasi və iqtisadi mövqe qazana bilib. O, liderlik uğrunda Rusiya, Çin və ABŞ-la yarışa girmir. Bəlkə də bu aspektdə Tehran tam haqlıdır. Çünki potensial imkanlara görə İran həmin dövlətlərdən xeyli geridədir. Ancaq region dövlətləri ilə iqtisadi və mədəni əlaqələri gücləndirməyə üstünlük verməklə rəsmi Tehran strateji məqsədinə doğru ardıcıl şəkildə irəliləməkdədir. Lakin bu da unudulmamalıdır ki, dini mülahizələri əsas tutaraq, böhranlı hallarda Mərkəzi Asiya ölkələri İrana üstünlük verə bilər. Görünür, elə bu səbəbdən də İran siyasi və geosiyasi deyil, sosial-mədəni və iqtisadi baxımdan həmin regionda mövcudluğunu genişləndirməyə çalışır.
Məsələnin bu aspekti Rusiya, Çin və ABŞ faktoruna xeyli dərəcədə bağlıdır. İranın Amerika ilə yaxınlaşması prosesi davam etsə, iki ölkə Mərkəzi Asiyada tərəfdaş ola bilər. Ekspertlərin proqnozlarına əsasən, onlar arasında əlaqələrin yaranacağı ehtimalı yüksəkdir. Məsələn, rusiyalı mütəxəssis V.Sajin əmindir ki, Amerika İranın nüvə probleminin həll edilməsində çox maraqlıdır (bax: 2014 qod perelomnıy dlə İrana? / RSDM, 28 oktyabr 2014).
Bununla yanaşı, Tehranın Qərblə münasibətlərə yeni məzmun verdiyindən, Rusiya ilə tərəfdaşlığı ikinci plana atmağa hazır olduğunu bildirən fikirlər də səslənməkdədir. Onun təsdiqi kimi rəsmi Tehranın Qərblə enerji məsələsində əməkdaşlıqla bağlı ziddiyyətli informasiyalar yaydığı göstərilir (bax: Prezident İrana X.Rouxani vopreki dvoynım iqram Zapada otodviqaet partnerstvo s Rossiey na vtoroy plan / Panorama.am. 10 noyabr 2014).
Çinə gəldikdə, bu ölkə ilə münasibətlər bir qədər fərqli müstəvidə qurulur. Tehranla Pekin nəqliyyat və enerji sahəsində əlaqələrə üstünlük verir. İran başa düşür ki, Mərkəzi Asiyada Çinlə rəqabət aparmaq çox çətindir. Lakin Pekinin geosiyasi və iqtisadi təşəbbüslərini dəstəkləməklə rəsmi Tehran özünə güclü tərəfdaş qazanmış olur. Tehran Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) inkişaf bankının yaradılması ideyasını da dəstəkləyir (bax: İran i ŞOS: neopravdannoe bezrazliçie / Iran.ru, 8 sentyabr 2014).
Bütün bunların fonunda 2014-cü ilin İran üçün dönüş nöqtəsi ola biləcəyi fikri maraq doğurur. Tehran Qərblə münasibətlərini normallaşdıra bilsə, həmin proqnoz öz təsdiqini tapar və böyük bir geosiyasi məkanda yeni geosiyasi dinamika meydana gələr. Özü də məsələ yalnız Mərkəzi Asiya ilə məhdudlaşmaz. Burada qlobal siyasət səviyyəsində əhəmiyyətli yeniliklər özünü göstərər. Bununla belə, deyilənlərin verə biləcəyi nəticələr haqqında dəqiq fikir söyləmək çətindir.
Newtimes.az

Paylaş:
Baxılıb: 1122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30