Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Açıq mesaj: seçki gərgin keçəcək...

Açıq mesaj: seçki gərgin keçəcək...

03.04.2026 [09:51]

Paşinyanın Moskva səfərində razılıq əldə olundumu?

Ermənistanın baş naziri Nikol Paşinyanın 6 aylıq aradan sonra yenidən Moskvaya səfəri bir çox məqamları ilə müzakirə predmeti oldu. Siyasi şərhçilərin də bildirdiyi və gözlənildiyi kimi, müzakirələr heç də ikitərəfli münasibətlər kontekstində məhdudlaşmadı. Xüsusilə, Rusiya ilə Ermənistan arasındakı bəzi qaranlıq məsələlərin masa üzərinə qoyulması diqqət çəkdi. Müzakirələr sakit tonda aparılsa da, gərginlik seçilən sözlərdən və ya fikirlərdən açıq şəkildə bəlli olur, narazılıq ritorika ilə ortaya qoyulurdu.

“Qarabağ hərəkatı” bitdi...

Maraqlıdır ki, hər iki ölkənin razılıqla qarşıladığı və əlavə mənfi notların müşahidə olunmadığı məqamlardan biri Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesi oldu. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın səyləri sayəsində iki ölkə arasında münasibətlər sabitləşib. N.Paşinyan öz növbəsində qeyd edib: “Qarabağla bağlı məsələlərə gəldikdə, mən artıq Ermənistan Respublikasında çox şəffaf və açıq şəkildə bəyan etmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan ilə Azərbaycan arasında artıq sülh bərqərar olub”. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıblar.

Ermənistanın Baş naziri bu mövqeyin 1991-ci il Almatı Bəyannaməsinə əsaslandığını vurğulayıb. “Bu o deməkdir ki, biz qarşılıqlı şəkildə müstəqil Ermənistanın Sovet Ermənistanı ilə 100 faiz, müstəqil Azərbaycanın isə Sovet Azərbaycanı ilə 100 faiz eyni olduğunu qəbul edirik”, - deyə o bildirib.

N.Paşinyan bunu sülhün daha da irəliləməsi üçün möhkəm təməl adlandırıb: “Düşünürəm ki, bu, sülhün daha da inkişafı üçün kifayət qədər möhkəm təməldir”. O, həmçinin Rusiya tərəfinə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə kömək etdiyinə görə təşəkkür edərək bildirib: “Siz də şəxsən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və indi də bunu davam etdirirsiniz”.

Göründüyü kimi, Paşinyan illərlə ən yaxın müttəfiqi olduğu ölkənin paytaxtında da öz mövqeyini təkrarlayır. Bu isə, Azərbaycanın bölgədə son 6 ildə yaratdığı yeni siyasi konfiqurasiyanın, reallıqların həm İrəvanda, həm də Moskvada qəbul olunduğunu deməyə əsas verir. Bakı artıq suverenlik məsələsinin və ya Qarabağa aid hər hansı bir başqa məsələnin bu və ya digər şəkildə, eləcə də bu və ya digər məkanlarda müzakirəsini bitirir. Verilən mesajın mahiyyətində dayanan amil isə yenə də “sülh hər şeydən yaxşıdır” tezisidir.

KTMT məsələsi hələ də açıq qalır...

Rusiya ilə Ermənistan arasında son illərdə formalaşan narazılıqların motivləri fərqlidir. Bununla belə “siyahıya” KTMT məsələsi də daxildir. Bəlli olduğu kimi, artıq bir neçə ildir ki, İrəvan kollektiv təhlükəsizlik mexanizmində iştirakdan boyun qaçırır - hətta bir müddət öncə, KTMT-də fəaliyyətini dayandırdığını belə bəyan edib. İrəvan qurumun iclaslarında iştirak etmir, üzvlük haqqı ödəmir. Bu isə təşkilatın əsas söz sahibi olan Rusiyanı qıcıqlandırır. Dəfələrlə Rusiya dövlət və hərbi xadimləri Ermənistanın bu addımlarının anlaşılan olmadığını bildiriblər. Paşinyan isə səbəb kimi, Azərbaycanla Ermənistan arasındakı döyüşlər zamanı KTMT-nin mövqeyini əsas gətirir. Moskva səfəri zamanı bu məsələ də müzakirə predmeti olub. Belə ki, Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yaranmış gərginlik yenidən gündəmə gəlib. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təşkilatın fəaliyyətində iştirak etməməsinin əsas səbəbini açıqlayıb. Onun sözlərinə görə, rəsmi İrəvan erməni cəmiyyətinə KTMT-nin Qarabağ məsələsində niyə müdaxilə etmədiyini izah etməkdə çətinlik çəkir. Paşinyan bildirib ki, məhz bu məsələ Ermənistan daxilində təşkilata qarşı etimadsızlığı artırıb və siyasi narazılıq yaradıb. Mövzu ilə bağlı danışan Rusiya prezidenti Vladimir Putin isə fərqli mövqe ortaya qoyub. O qeyd edib ki, Ermənistan 2022-ci ildə Praqa görüşündə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyıb.

Putinin sözlərinə görə, bu qərardan sonra Qarabağ məsələsi artıq Azərbaycanın daxili işi kimi formalaşıb və belə bir vəziyyətdə KTMT-nin prosesə müdaxiləsi “tamamilə qeyri-korrekt” sayılır.

Qeyd edək ki, 2022-ci ilin oktyabırnda Praqada keçirilən “Avropa Siyasi Birliyi” Zirvə Toplantısı çərçivəsində keçirilən görüşün ardından qəbul edilmiş birgə bəyanatda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımışdı və bu xüsusda BMT Nizamnaməsi əsas sənəd kimi götürülmüşdü. Bu, faktiki olaraq İrəvanın Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiqlədiyini ortaya qoyurdu. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış olmuşdu.

Ermənistanın KTMT “incikliyinin” əsasında dayanan amil isə müharibədən sonrakı dövrdə təşkilatın İrəvana rəsmi yardım etməməsi olmuşdu. Hətta 2023-cü ilin yayında İrəvan öz “mövqeyini ifadə etmək üçün” KTMT monitorinq missiyasının ölkəsinə gəlməsinə qarşı “embarqo” tətbiqinə əl atmışdı. Qarabağ məsələsinin bitməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması isə İrəvanın KTMT ilə bağlı mövqeyini daha fərqli motivlər üzərindən izah etmək məcburiyyətində qoyur - beləliklə, KTMT məsələsi də yaxın zamanda Moskva-İrəvan müzakirələrinin əsas predmeti kimi ön plana çıxacaq. Rusiya prezidentinin məsələ ilə bağlı anonsu da bunu təsdiqləyir.

Bakının qurduğu yeni iqtisadi konfiqurasiya...

Müzakirələrdə diqqət çəkən bir başqa məsələ isə yeni iqtisadi əlaqələrin qurulması ilə bağlı idi. Maraqlıdır ki, Putin Paşinyanın seçdiyi “Qərb yolu”nu açıq kontekstdə hədəfə almasa da, Ermənistana “xəbərdarlıqlarını” çatdırdı. Rusiya prezidenti Ermənistanın Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsi barədə müzakirələri müşahidə etdiklərini dedi. İlkin olaraq, bununla bağlı rahat olduqlarını, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışmanın anlaşılan olduğunu söyləsə də, Rusiya prezidenti İrəvanı gözləyən “sürprizi” də yaddan çıxarmadı: “Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı ilə gömrük ittifaqında olmaq mümkün deyil; nizamnaməsinə görə bu, sadəcə mümkün deyil. Və məsələ hətta siyasi deyil, sırf iqtisadi məsələdir. Çünki bəzi şeylər illər ərzində aparılmalı olan geniş birgə iş tələb edir”.

Maraqlıdır ki, Rusiya prezidenti məsələni daha çox qeyri-siyasi mahiyyətlə izah etdi - bildirdi ki, Rusiyada və Aİ ölkələrində tamamilə fərqli, çox fərqli fitosanitar tələblər var. Bununla belə yenə də “mesaj” çatdırıldı: “Bir gün, bəlkə də illər sonra, biz, Avrasiya İqtisadi Birliyi və Avropa Birliyi - ümid edirəm ki, bu, sonda belə olacaq; axı eyni qitədə yaşayırıq - onları həll edə biləcəyik. Lakin Ukrayna böhranından əvvəl, avropalılarla birlikdə işləmək barədə razılığa gəlməyə çalışdığımız zaman belə, heç bir nəticə alınmadı. Onlar mənə o vaxt göründüyü kimi, demək olar ki, hər məsələdə, hətta ən kiçik məsələdə də çox sərt mövqe tuturlar”.

Bununla belə, regional iqtisadi ədaqələrin inkişafı olduqca perspektivli sayıla bilər. Burada da Azərbaycan amili özünü göstərir - Bakının yaratdığı yeni iqtisadi-ticari nizam bütövlükdə region ölkələri üçün yeni bir gündəm formalaşdırıb. Paşinyan Azərbaycan üzərindən həyata keçirilən nəqliyyat əlaqələrinin Ermənistan-Rusiya iqtisadi münasibətlərinə müsbət təsir göstərdiyini etiraf edib. Onun sözlərinə görə, dəmir yolu daşımalarının bərpası və genişlənməsi regionda iqtisadi əlaqələrin canlanmasına səbəb olur və bu proses Ermənistan üçün yeni imkanlar yaradır. Görüş zamanı Paşinyan Putinə Azərbaycanla münasibətlərin normallaşmasına göstərdiyi dəstəyə görə təşəkkür edib və sülh prosesinin əhəmiyyətini vurğulayıb.

Beliləklə, Bakının iqtisadi sabitləşdirici faktor missiyasının uğuru bir daha təsdiqlənib. Hətta qitələrarası qlobal iqtisadi anlaşılmazlıqların fonunda Azərbaycanın bölgədə yaratdığı münbit şərait iqtisadi tarazlığın qorunmasına olduqca müsbət təsir göstərir.

Rusiya pasportlu “namizəd”...

Nəhayət, gözlənildiyi kimi müzakirə predmetlərinin önə çıxan digər məqamı seçkilərlə bağlı olub. Bəlli olduğu kimi, iyunda keçiriləcək parlament seçkisi öncəsi Paşinyanın əsas rəqibi məhz “Rusiyanın adamı” kimi dəyərləndirilən, 9 aydır ki, ev dustaqlığı həbsində olan oliqarx Samvel Karapetyandır. Krapetyanın “Rusiyanın adamı” kimi dəyərləndirilməsinin əsas səbəbi isə onun Rusiya vətəndaşı olmasıdır. Karapetyanın seçkiöncəsi kampaniyada əsasən maddi resurslardan istifadə etməsi isə onu bir addım önə çıxarıb. Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “işçi” adı altında seçicilərə pul paylandığını aşkarlayıb. Paşinyan isə bunun arxasında Karapetyanın dayandığını bəyan edib. Paşinyanın çəkindiyi digər bir təhlükə isə 102-ci Hərbi Bazada yerləşən xüsusi təyinatlıların seçkiyə müdaxilə variantıdır. Belə ki, Rusiya qanunlarında edilən dəyişikliklər bu bazanı Karapetyanın “hüquqlarının müdafiəçisi”nə çevirə bilər.

Putin çıxışında məhz Karapetyana işarə vuraraq bildirib ki, “Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi işlərdə iştirak edə bilsinlər. Bilirəm ki, bəziləri Rusiya pasportlarına baxmayaraq həbsdədir. Bu sizin qərarınızdır; biz müdaxilə etmirik, amma istərdik ki, hamısı heç olmasa bu daxili siyasi işlərdə iştirak edə bilsin”.

Paşinyan isə cavabında qeyd edib ki, qarşıda dayanan parlament seçkiləri, parlament üzvləri seçkiləri və bu seçkilərin nəticələrinə əsasən, Baş nazirin seçkisidir: “Diqqətinizi yalnız Ermənistan pasportuna malik vətəndaşların bu seçkilərdə iştirak edə biləcəyinə yönəltmək istərdim. Ermənistan Respublikasının Konstitusiyasına görə, Rusiya pasportuna malik insanlar parlamentə və ya baş nazirliyə namizəd ola bilməzlər. Beləliklə, burada heç bir məhdudiyyət yoxdur”.

Beləliklə, seçki zamanı vəziyyətin kritik ola biləcəyi ehtimalı artmaqdadır. Paşinyanın Rusiya pasportuna malik Karapetyanın bu marafonda qanuni şəkildə iştirakının qarşısını alacağı isə indidən aydındır...

SADİQ

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30