Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / İnsan hüquqlarının müdafiəsi...

İnsan hüquqlarının müdafiəsi...

11.10.2022 [10:27]

Azərbaycan bu sahədə müvafiq beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir

Nardar BAYRAMLI

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Buna paralel olaraq həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.

Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir. Məlum olduğu kimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında insan hüquqları faktorunun mühüm rolu var.

Ümumiyyətlə, insan hüquqları ideyası son onilliklərdə Azərbaycan ictimai şüurunda möhkəm yer tutub. Bu da onunla bağlıdır ki, insan hüquqları və azadlıqlarının təmin olunması məsələlərinə Azərbaycan Respublikasında xüsusi diqqət yetirilir və onların reallaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 29 sentyabr 1994-cü il tarixində BMT-nin Baş Məclisinin 49-cu sessiyasında bəyan edib: “Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur... Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur”.

Onu da vurğulamaq lazımdır ki, müstəqillik illəri ərzində Azərbaycanın ictimai şüurunda insan hüquqları ideyasının möhkəm təsdiq edilməsi həm də qanunauyğun şəkildə ölkədə getdikcə genişlənmiş ümumi demokratikləşmə prosesləri ilə bağlıdır. Müasir Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standartlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürür. Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır.

Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaradıb, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit edib. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiya tənzimlənməsi ölkənin Əsas qanununda bu sahədə mövcud olan bütün beynəlxalq standartlara cavab verən insan və vətəndaş hüquq və azadlıqlarının bütöv kompleksinin tam və ardıcıl təsbit olunmasına imkan verib. 2002, 2009 və 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına xidmət edib.

İnsan hüquqları ümumbəşəri dəyər kimi qəbul olunduğundan bu sahədə beynəlxalq əməkdaşlıq da milli dövlətlərin demokratik inkişafı prosesində mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanın BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, milli qanunvericilik bazasının formalaşdırılmasında beynəlxalq təcrübəyə istinad etməsi xüsusilə təqdirəlayiqdir. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də, beynəlxalq təşkilatlarla münasibətlərinə də böyük təsir göstərib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyətinin genişləndirilməsinə yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Bu gün insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

Müasir mərhələdə bələdiyyələrin, milli ombudsman təsisatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və digər hüquqi normativlərə edilən mütərəqqi dəyişikliklər də Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, biznes mühitinin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinin inkişafına mane olan məsələlərin aradan qaldırılması və digər əsaslı tədbirlər Azərbaycanda hüquqi dövlət quruculuğu siyasətinin mühüm üstünlüklərini ifadə edir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30