Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / "Mənim üçün musiqinin bütün sahələri bəstəkarlıqda birləşir"

"Mənim üçün musiqinin bütün sahələri bəstəkarlıqda birləşir"

11.05.2024 [14:19]

Görkəmli sənət  adamlarının musiqi  aləmində açdıqları yolla   irəliləyən  bir çox gənc istedadlı bəstəkarlar bir-birindən gözəl əsərlər yazaraq musiqi sənətimizə  xidmət etməkdə davam edirlər. Onlardan biri də bugünkü müsahibimiz bəstəkar Vəfa Bağırzadədir.

- Vəfa xanım kimdir?

- 1990-cı ilin 29 oktyabr tarixində Bakı şəhərində anadan olmuşam.  İlk musiqi təhsilimi Fikrət Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi və Xan Şuşinski adına Ağdam Muğam musiqi məktəblərində almışam. 2007- 2011- ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin fortepiano şöbəsində  təhsil almışam. Bəstəkarlıq ixtisası üzrə təhsilimi 2012-2016-cı illərdə bakalavr, 2017-2019 -cu illərdə isə magistr pillələri üzrə Azərbaycan Milli Konservatoriyasında bəstəkar Əməkdar İncəsənət xadimi Cəlal Abbasovun sinfində almışam. Eyni zamanda bu illər ərzində paralel olaraq tanınmış bəstəkar - pianoçu Pikə Axundovadan da bəstəkarlıq dərsləri almışam. Hal - hazırda yaradıcılığımı davam  etdirirəm, yeni musiqilər üzərində işləyirəm.

- Niyə məhz bəstəkar?

- Mənim üçün musiqinin bütün sahələri bəstəkarlıqda birləşir. Bəstəkar bütöv musiqi dünyası deməkdir.  Mən musiqiyə sadə bir nəzəriyyə, alətdə ifa olunan melodiya əsərləri kimi deyil, bütöv bir yaradıcılıq dünyası kimi baxırdım və bu dünyada özümü görürdüm. Bilirsiniz, bu olduqca izaholunmaz bir hissdir.  Hələ məktəb yaşlarımdan bəstəkarlığa böyük marağım var idi və bu sənətə yiyələnməyi çox arzulayırdım. Dahi bəstəkarların əsərlərini dinləyəndə onların bu cür gözəl musiqiləri necə yarada bildikləri məni hər zaman düşündürürdü. Kiçik əsərlər, mahnılar və melodiyalar bəstələyir, onları pianoda ifa edirdim. Amma heç kimə göstərmirdim. Lakin bir qədər böyüdükdən sonra dərk etdim ki, bəstəkarlıq əlçatmaz, uca bir zirvədir. Və artıq elə düşünməyə başladım ki, heç zaman bu zirvəyə yüksələ bilməyəcəyəm. Bu səbəbdən də musiqi kollecini bitirdikdən sonra Konservatoriyaya musiqişünaslıq ixtisası üzrə hazırlaşmağa qərar verdim. Sonra elə oldu ki,  bu ixtisas üzrə hazırlaşarkən müəllimimlə söhbət əsnasında   mənim də bəstələrimin olduğunu dedim. O, bəstələrimi bəstəkar və müəllim Cəlal Abbasova göstərməyimi tövsiyə etdi. Əvvəl tərəddüd etsəm də, sonradan komplekslərimi bir kənara qoyub bəstələrimi ona göstərdim. Heç gözləmədiyim halda Cəlal müəllim bəstələrimi çox bəyəndi və mənə bu sahəni davam etdirməyi məsləhət gördü. Həmin andan etibarən o, mənimlə ciddi məşğul olmağa başladı. Forma quruluşuna tabe olan və notla əsər yazmaq ilk vaxtlar mənə çox çətin gəlsə də, zaman keçdikcə öyrənməyə başladım. Beləliklə, 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının bəstəkarlıq ixtisasına qəbul ola bildim.  Burada elə Cəlal Abbasovun sinfində təhsil almağa başladım. Lakin mənim istedadımı və potensialımı tam mənada kəşf edən, sənətimi mənə daha çox sevdirən bəstəkar - pianoçu və müəllim Pikə Axundova olmuşdur. Cəlal müəllimlə paralel olaraq  Pikə xanımdan da uzun müddət bəstəkarlıq dərsləri aldım.

- Hazırda hansısa layihələr üzərində işləyirsiniz?

- Hal - hazırda Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yübileyi munasibətilə Gənc bəstəkarların yaradıcılığına həsr olunan Plenumda "Mərhəba" və "Bir ümid işığı" adlı əsərlərimlə çıxış etməyə  hazırlaşıram. Maraqlı bir konsert proqramı olacağını düşünürəm. Hazırlaşdığım digər layihələr isə payız aylarına təsadüf edir. Öncədən bir söz demək istəmirəm. Amma çox maraqlı layihə və konsertlər gözlənilir yeni əsərlərlə birlikdə.

- Bir neçə ay öncə Böyük Britaniyada keçirilən Beynəlxalq musiqi müsabiqəsində birinci yer tutmusunuz...

- Daha öncə Respublika müsabiqələrində iştirak edib yer tutsam da, nədənsə ölkədən kənar beynəlxalq müsabiqələrə qatılmaq fikrim olmayıb. Lakin sonra düşündüm ki, beynəlxalq müsabiqələrdə iştirak etmək, həm musiqimizi təbliğ eləmək, həm də, yaradıcılığa rəngarənglik qatmaq baxımından bəstəkar üçün bir fürsətdir.  Ona görə də qərara gəldim ki, mən də  belə müsabiqə və yarışmalara qoşulum.  İlk qatıldığım  Londonda keçirilən "Golden Time Talent" beynəlxalq  müsabiqəsi oldu. 71 ölkə iştirakçılarının qatıldığı bu müsabiqədə mən 44 günlük Vətən müharibəsi dönəmində kamança və fortepiano üçün bəstələdiyim  "Yurd harayı" adlı əsərimlə iştirak etdim. Əsər münsiflər heyəti tərəfindən çox bəyənildi və  heç gözləmədiyim halda bəstəkarlıq nominasiyası üzrə ən yüksək nəticə toplayaraq, birinci yerə layiq görüldüm. Bu, əlbəttə mənim üçün çox sevindirici oldu. Düşünürəm ki, böyük uğurdur. Və həmin müsabiqədən  diplom və mükafatlara layiq  görüldüm. Əlbəttə ki, bununla kifayətlənmək fikrində deyiləm. Tezliklə yenidən beynəlxalq müsabiqələrdə iştirak etmək planımda var.

- Sənət aləmindən kimlərlə dostluq, yoldaşlıq edirsiniz?

- Sənət aləmində xətrini çox istədiyim dostlarım, həmkarlarım çoxdur. Və hər birinə də hörmətim var.

- Bəzən poeziya qiraətinə də müraciət edirsiniz. Hansı şairləri, söz yazarlarını daha çox bəyənirsiniz?

- Bəli, könlümə yatan, ruhumu oxşayan şeirləri qiraət etməyi xoşlayıram. Daha çox fəlsəfi - psixoloji poeziya nümunələrinə üstünlük verirəm.  Bu baxımdan R. Rövşən, V. Səmədoğlu, M. Yagub, A. Yenisey və s.  kimi  şairlərin yaradıcılığına müraciət edirəm.

- Bəs nəsr əsərlərini necə? Oxuyursunuz?

- Əlbəttə ki, mütaliə etməyi çox sevirəm. Klassik və müasir nəsr əsərləri stolüstü kitablarım olur. Dostoyevski, Lev Tolstoy, Cek London,  V.Hüqo, Qurban Səid,  İsa Hüseynov, Anar,  Kamal Abdulla,  Orhan Pamuk,  Corc Ourell və s. yazıçıların əsərlərini vaxtaşırı mütaliə edirəm.

- Vəfa xanım, bəzi gənc bəstəkarlar sənətlərinə layiqincə qiymət verilmədiyini deyirlər. Sizdə də bu belədir?

- Musiqi zövq məsələsidir. Klassik musiqini inkişaf elətdirmək üçün dinləyici zövqünü formalaşdırmaq lazımdır. Bu da orta məktəbdən - aşağı siniflərdən başlanılmalıdır. Əlbəttə, akademik musiqini başa düşmək heç də asan deyil. İnsandan hərtərəfli dünyagörüşü, savad, intellekt tələb edir. Deyirlər, "musiqi var, ayağı tərpədir, musiqi var, başı".  Bazar iqtisadiyyatında dövrün tələbi də başqadır. Lakin rep, ara musiqiləri, meyxanalar və s. -  bütün bunlar nə qədər cəlbedici olsa da, unutmamalıyıq ki, musiqi elmi öz qüdrətini professional, akademik musiqidə nümayiş etdirir.  Çünki bütün dünyada fəxr edə biləcəyimiz intellektual Azərbaycan musiqisi məhz bu zirvədə günəş kimi işıq saça bilər. Ü. Hacıbəyov, F. Əmirov, Q.Qarayev kimi bəstəkarlar yenə də yetişməlidir. Bunun üçün gənclərə mənəvi və maddi dəstək lazımdır. Gənc bəstəkarların əsərləri mütəmadi olaraq səsləndirilməlidir və hər səslənən əsərə görə qonorar ödənməlidir. Lakin bizdə əksinədir. Biz gənclər, əsərlərimizin ifası üçün öz büdcəmizdən vəsait ödəyirik. Əslində belə olmalı deyil....  Düzdür, Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirlərdə  əsərlərimiz təmənnasız olaraq səsləndirilir. İttifaqın üzvlərinə az da olsa maddi baxımdan kömək göstərilir. Lakin bu kifayət deyil. Bəstəkarlığa sənəd verən gənc bütün çətinlikləri göz önünə almalıdır. Fədakarlıq göstərməlidir. Çünki akademik bəstəkarlıq qazanc gətirən sahə deyil və ona vəsait də ayrılmır. Məcbur olursan ki, yüngül musiqiyə üz tutasan ki, qazanc yerin olsun. O da ki, ya alına, ya da yox. Mən demək olar ki, bunu bacarmıram. Fikirləşirəm ki, əgər xalqın dili ilə desək, "ara mahnıları" , "toy mahnıları" bəstələsəm, sənətimə xəyanət etmiş olaram. Buna görə də hətta məni məzəmmət edənlər də olur. Nə isə... Deməklə qurtaran deyil. Amma ürəyimdə bir ümid var ki, tezliklə bütün bu problemlər öz həllini tapacaq.

- Gələcəkdə fəaliyyətimizlə bağlı hansı planlarınız var?

- Hər şeydən əvvəl solo konsertlə çıxış etməyi düşünürəm. Çox istəyərdim ki, bu konsert oktyabr ayında - doğum günümə təsadüf olunsun. Daha sonra artıq səhnə əsərləri yazmağı düşünürəm. Öncə balet janrında özümü sınamaq fikrim var. Məşhur bir ədəbi əsərə balet yazmağı düşünürəm. Ümid edirəm, hər biri reallaşacaq.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 713 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya şöhrətli alim

26 Aprel 12:30  

İqtisadiyyat

Siyasət

Yeni texnologiyalar

MEDİA

Dünya

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Aprel 08:25  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30