Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Xalqın varlığını sübut edən amil...

Xalqın varlığını sübut edən amil...

28.05.2024 [10:13]

Sultan Rayev: Sağlam və güclü bir xalq istəyiriksə, onun mədəniyyətini gücləndirməli, gənclərini sağlam ruhda tərbiyə etməliyik

Bugünlərdə ölkəmiz mötəbər bir festivala ilk dəfə ev sahibliyi etdi. 20-22 may tarixlərində TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı Türkdilli ölkələrdə yetişməkdə olan gənc sənətçiləri bir araya gətirməklə yanaşı, ümumtürk mədəniyyətinin beynəlxalq səviyyədə təbliği baxımından da mühüm rol oynayır. 

Festival günlərində paytaxtımızda qonaq olan TÜRKSOY-un baş katibi, Qırğızıstan Respublikasının Xalq yazıçısı Sultan Rayev “Yeni Azərbaycan” qəzetinə müsahibəsində təşkilatın həyata keçirdiyi layihələr və gələcək planları haqqında danışdı:

- İstərdik öncə “TÜRKSOY” II Beynəlxalq Tələbə Tamaşaları Festivalı haqqında danışaq. Festivalın yaranma ideyası necə formalaşdı?

- TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclasında biz gənc sənətçilərlə bağlı müəyyən qərarlar qəbul etdik. TÜRKSOY olaraq gənc sənətçilərin yaradıcılıqlarının inkişafına dəstək bizim prioritet məsələlərimizdəndir. Çünki ölkələrimizin, mədəniyyətimizin, sənətimizin gələcəyi məhz gənclərdən asılıdır. Biz də bacardıqca bu yöndə onlara dəstək göstərəcəyik. TÜRKSOY-a daxil olan ölkələrdə yetişən və incəsənətin müxtəlif yönləri ilə məşğul olan istedadlı gənclərimizlə bizim əlaqələrimiz var. Tez-tez bu sahədə müxtəlif layihələr həyata keçiririk. Teatr bizim ənənəvi sənət növümüzdür. Türk xalqlarının çox böyük teatr ənənələri var. 

Beynəlxalq Tələbə Tamaşaları Festivalı ilk dəfə ötən il Özbəkistanın Daşkənd şəhərində keçirildi. Bu il Azərbaycanda ikincisi gerçəkləşir. Bu festival aktyor sənətini öyrənən tələbələrimiz üçün yeni bir platformadır. Festivalda iştirak edən müxtəlif ölkələrin gəncləri bir-birlərini daha yaxından tanıyır, təcrübələrini bölüşür, sıx əlaqələr qururlar. Bütün bunlar onların gələcək karyeraları ilə yanaşı, türk mədəniyyətinin inkişafına da xidmət edir. Bu baxımdan Tələbə Tamaşaları Festivalı böyük önəm kəsb edir. 

Dediyimiz kimi, gənc sənətçilərlə bağlı layihələrimiz müxtəlif və davamlıdır. İl içərisində gənc rəssamların iki görüşünü keçirdik. Bir neçə gün sonra Almatıda gənc rəssamların pleneri olacaq. Aprel ayında Almatıda Türk dünyası gənc baletçilərin festivalını keçirdik. Türkiyənin çox məşhur balet artisti, xoreoqraf, Türkiyə Dövlət Opera və Baletinin baş direktoru Tan Sağtürk festivalımıza qatıldı və gənc baletçilərimiz üçün ustad dərsi keçdi. 

Mədəniyyət hər bir xalqın ən böyük zənginliyidir, varlığını sübut edən amildir. Bir xalqın inkişafı da ilk növbədə mədəniyyətin inkişafından asılıdır. Əsrlərdən üzü bəri gələn ümumtürk mədəniyyəti hər zaman bütün dünyaya örnək olub. Biz ilk beynəlxalq türk mədəniyyəti təşkilatı olaraq məqsədimiz bu zəngin, bənzərsiz mədəniyyətimizi geniş şəkildə təbliğ etmək və inkişaf etdirməkdir. Bunu da yaxşı bilirik ki, gələcək gənclərimizin əlindədir. Biz əgər sağlam və güclü bir xalq istəyiriksə, onun mədəniyyətini gücləndirməli, gənclərini sağlam ruhda tərbiyə etməliyik. Bunun üçün bir çox işlər görmüşük və görəcəyik.

- TÜRKSOY-a 6 üzv və 8 müşahidəçi qismində ölkələr daxildir. Gələcəkdə həmin 8 müşahidəçi ölkədən də festivala qatılanlar ola bilərmi?

- İnşallah, bizim arzumuz və istəyimiz də bu yöndədir. Bu, bizim üçün çox önəmli bir məsələdir. 8 müşahidəçi ölkənin 6-sı Rusiya Federasiyasının, biri Moldova Respublikasının tərkibindədir, biri isə Şimali Kipr Türk Respublikasıdır. Rusiyada olan ölkələr qismən layihələrimizdən kənarda qalmağa məcbur olurlar. Təbii ki, bu da siyasi məsələlər səbəbindəndir. İnanıram ki, yaxın zamanlar da onlar da bizə qoşulacaqlar. Çünki onlarla da bizim kökümüz, dilimiz, ruhumuz birdir. Türk xalqları olaraq, hər birimizin bir yerdə olacağına inanıram. 

- Türk dünyası İncəsənət Universitetlərinin Birliyini qurdunuz. Bu birlik bizə nələr vəd edir?

- Bu, çox gözəl bir ideya idi və uğurlu layihə oldu. Ötən il yaradılan birliyə 6 üzv ölkələrdən ən önəmli sənət universitetlərinin rektorları qoşulublar. Birliyin əsas məqsədi universitetlər arasında tələbə və müəllim mübadilələrini yaratmaq, Türk dünyası üçün önəmli layihələrə imza atmaqdır. Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Birliyin 4-cü iclasını keçirdik. Gənc sənətçilərimizin, tələbələrimizin təhsili və karyerası üçün çox önəmli olan bir neçə məsələləri müzakirə etdik və mühüm qərarlar qəbul elədik. Onlardan ən əsası İncəsənət təqaüdü proqramı idi. Həmçinin, tələbə mübadilələri ilə bağlı vacib layihələrin müzakirəsi oldu. İnanıram ki, universitetlərin bir-biri ilə təcrübələrinin bölüşüb, öyrənilməsində bu layihələrin önəmli rolu olacaq. 

- Türk dünyası gənc ədəbiyyatçıları üçün hansısa layihələriniz varmı?

- Türkdilli xalqların gənc ədəbiyyatçılarının, yazıçı və şairlərinin görüşünü təşkil etmək kimi planlarımız var. Özbəkistanda gənc yazarların görüşünü keçirmişdik. Orada bütün türk dünyasından gənc şairlər, yazıçılar, ədəbiyyatçılar iştirak edirdilər. Gənclərin kitablarını çap etdirməyə diqqət göstəririk. Bir neçə gün öncə Ankarada TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanın Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibəti ilə çox böyük tədbir keçirdik. Orada gənclərin kitablarının təqdimatı keçirildi. 

- Ötən il həm də Qarabağın incisi olan Şuşa şəhəri Türk dünyasının mədəniyyət paytaxtı seçildi və TÜRKSOY bu münasibətlə Şuşada tədbirlər təşkil etdi. Ümumən mövzunu belə qoymaq istərdik: TÜRKSOY və Qarabağ...

- Qarabağ, Şuşa türkün əzəli torpağıdır. Biz də hər zaman bu mövzuya önəm verir, Qarabağ, Şuşa ilə bağlı fərqli layihələr həyata keçirməyə çalışırıq. 

2023-cü il həm də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin TÜRKSOY tərəfindən Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilməsi və bu münasibətlə ilboyu Şuşada silsilə tədbirlərin keçirilməsi ilə yadda qaldı. İlin əvvəlindən sonuna qədər TÜRKSOY-a üzv ölkələrin YUNESKO Milli Komissiyalarının Toplantısı, Xarıbülbül Festivalı, Fotoqraflar və Rəssamlar Simpoziumları, foto, rəsm və əl işləri sərgiləri, Türk Dünyası Media Forumu, 1-ci Türk Dünyası Mədəniyyət Forumu, TÜRKSOY-a üzv ölkələrin Teatr Rəhbərləri Şurasının Toplantısı, TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının Toplantısı, Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsis Toplantısı, “Şuşa-2023” ilinin rəsmi açılışı və bağlanışı, digər çoxsaylı tədbirlər üzv ölkələrin mədəniyyət nazirlərinin, alimlərin, media nümayəndələrinin, mədəniyyət xadimlərinin, incəsənət ustalarının iştirakı ilə Şuşada keçirilərək dünyaya Şuşanı bir mədəniyyət şəhəri kimi tanıtdı.

Həmçinin, azərbaycanlı ədiblərin Qarabağ hekayələrindən ibarət antologiya çap etdirdik. Azərbaycanın tanınmış yazıçısı Yunus Oğuzun “Cığır” romanının təqdimatını və müəllifin yaradıcılıq gecəsini keçirdik. 

Biz həmçinin Ankaradakı TÜRKSOY-un qərargahında və digər mədəniyyət ocaqlarında Azərbaycan mədəniyyət nazirinin, Şuşanın rəhbər şəxslərinin, Azərbaycan incəsənət ustalarının və şuşalı rəssamların iştirakı ilə silsilə tədbirlər keçirərək Şuşanın tarixini və mədəniyyətini ankaralılarla tanış edə bildik.

Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinin 110 illik yubileyi olacaq. Bu münasibətlə Türk dünyası opera sənətçilərinin festivalını keçirəcəyik. Bu şeirə yazılmış mahnını hər türk ölkəsi öz dilində oxuyacaq. Mustafa Kamal Atatürk bu mahnını ilk dəfə Karsda eşidib və çox bəyənib. Biz də bu mahnının festivalını keçirəcəyik. 

Ümumən, bu gün üçün 189 layihə planımız var. Çalışırıq ki, onların hamısını layiqincə həyata keçirək. 

Şahanə MÜŞFİQ

Paylaş:
Baxılıb: 371 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30