Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / İnsanlığa, işığa, aydınlığa xidmət...

İnsanlığa, işığa, aydınlığa xidmət...

03.07.2024 [09:20]

"Yeni Azərbaycan" - nın bugünkü müsahibi Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kulturoloq, Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi və sədri Nigar Sultanlıdır.

- Nigar xanım, hazırki dövrdə ölkəmizdə insanların  kitaba, mütaliəyə olan həvəsi sizi qane edir?

- Hazırki dövrün özü belə sosial, iqtisadi, psixoloji zəmindən qaneedici deyil. Dünya böyük bir dəyişimin qovğasındadır. Eləcə də biz. Bu proseslər asan olmur. İlkin olaraq insanlar təməl ehtiyaca köklənirlər. Onun qayğısına qalmaq məcburiyyətindədirlər. Bu baxımdan qınaqla yanaşmaq istəmirəm. Kitab isə ruhun və zehnin qidasıdır. Bunu çoxumuz unuduruq. Mütaliə bir qədər də vərdişə bağlıdır. Vərdiş isə adətən ailədə, daha sonra cəmiyyətdən aldığımız qatqılarla, təsirlərlə formalaşır. O baxımdan müşahidələrimə əsasən bugünkü azərbaycanlı ailələrin öyrənmək, məlumatlanmaq, istirahət, əyləncə anlayışlarının ürəkaçan olduğunu demək səmimi olmaz. Lakin bu nüansları ümumiləşdirib, hər kəsə şamil etmirik. Oxumağa, öyrənməyə meyilli insanlarımız da çoxdur. Bunu son illər keçirilən kitab sərgilərində, yarmarkalarda, festivallarda görürük. Və bu səpgidə təşkil olunan hər bir tədbiri ali missiyaya xidmət kimi  dəyərləndirirəm. Sadəcə cəmiyyətin güzgüsü olan ekranların, efirlərin təbliğatlarındakı böyük qüsurlar sayəsində, daha çox fərqli meyarlara köklənən, oxumaqdan, araşdırmaqdan uzaq bir nəslin yetişdiyinin də şahidi oluruq. Təəssüflə qeyd edirəm...

Bizim İB-in elə əsas məqsədlərindən biri gənc nəsillərə mütaliə sevgisini aşılamaqdır.

- Necə düşünürsünüz,  gənclər arasında  kitabın təbliği üçün hansısa maarifləndirici layihələrə ehtiyac  varmı?

- Maarifləndirici layihələrə hər zaman ehtiyac var. Nəinki gənclər üçün, bütün  nəsillərə aid keyfiyyətli, onların yaş qruplarına uyğun genişmiqyaslı layihələr həyata keçirilməlidir. Bölgələrimizdə qadın və uşaqlarla, yeniyetmələrlə işlər aparmaq çox vacibdir. Bəzən keçirilən layihələrin məhdud olmasından şikayətlər olur. Təbii, haqlıdırlar. Nəzərə alsaq, hər bir tədbir müəyyən vəsait tələb edir, üstəlik müxtəlif təşkilat dəstəklərinə də tələbat yaranır, yəqin ki, anlaşılarıq. Əlbəttə, birliyimizin fəaliyyətini nəzərdə tutaraq fikir bildirirəm. Faydalı olacağına inandığımız layihə və planlarımız mövcuddur. Tədricən həyata keçiriləcək.

- Kitab nəşri, kitabçılıq, ümumiyyətlə ədəbiyyat sahəsi ilə qadınlardan çox kişilərin məşğul olduğunu görürük, bunun səbəbi nədir?

- Cavablandırmaq bir qədər asan olmayacaq... Görünür, bu sənətin tarixi toxumlarından qaynaqlanır. İlk nəşr, ilk çap işi, lap orta əsrlərə getsək kitabla bağlı olan xəttatlıq, cildləmə və başqa bu kimi işlərin icraçıları, həm də fikir yaradıcıları adətən kişilər olub. Bu səbəblərdən biri ola bilər. Fikrimizi yarızarafat, yarıgerçək ifadə edərək bildirirəm ki, naşirliyin kişi sənəti olduğuna inanlarımız çoxdur. Əsasən sosial-iqtisadi vəziyyəti tənzimləmək amacı ilə də bu sahədə kişilərin üstünlük təşkil etdiyini görürük və tam normal qəbul edirik. Hər zaman olduğu kimi, bu məsələdə də istisnalar şəksizdir. Azərbaycanda kitab işi ilə məşğul olan qadınlarımız çox olmasa da var. Bəli, kişilərlə nisbətdə azlıq təşkil edirlər. Təəssüfləndiyim reallıqlardandır. Ona görə yox ki, kişilər bu sahədə irəlidədirlər. Qətiyyən. Kişi və qadın yer üzünün ən dəyərli və bir-birini tamamlayan varlıqlarıdır. Hər ikisi yaradanın lütfüdür. Cəmiyyət onların birgə üstün zəkası, ruhsal-mənəvi zənginlikləri ilə inkişaf edə bilər. Bu danılmazdır.

Qadınların isə kitabla bağlantısı sağlam nəslin formalaşması üçün çox mühümdir. Məlumdur, təlim-tərbiyədə ananın rolu daha çoxdur. Karyer olaraq seçimə gəldikdə müxtəlif sıxıntıların olduğunu deyə bilərik. Məlumdur,  ali məktəblərdə kitabxanaçılıq ixtisasları var. Orada təhsil alan tələbələrin əksəriyyəti də qızlardır. Lakin təhsili başa vurduqdan sonra bu sahədə çalışanların sayı az olur. Səbəblərdən ən başlıcası məncə hər kəsə məlumdur. Qənaətli maaş və perespektivə  ümidsizlik. Haradasa haqsız da sayılmırlar. Yəni dediyimiz problemin qaynaqlarından biridir.  Başqa zaman söhbət əsnasında bu haqda geniş danışa bilərik.

Ədəbiyyata gəldikdə qadınlarımızı aktiv görmək istəyiriksə daha  çox dəstəkləyək. Ədəbi mühitdə doğrusu qadınların bəzən kənarda buraxıldığını görürük. Patriarxallığın güc və nüfuz üstünlüyü  hiss olunur.  Hələlik düşüncəm belədir.

Məsələyə qadın-kişi kontekstindən baxmaqdan başqa, görülən və görüləcək işlərin mahiyyətinə yönəlməyimiz faydalı olar. Ümumən kitab işi də, ədəbiyyat da missiyadır. Hər ikisi insan zəkasının, insan ruhunun, insan zəhmətinin ali-ruhsal təkamül yoluna böyük bir qatqısıdır. Kamil insan formulunun təməlidir.

- Xanımlar üçün necə imkanlar yarada bilərik ki, onlar da bu sahədə ən azından kişilər qədər aktiv fəaliyyət göstərsinlər?

- Yuxarıda qeyd etdim, kitab və ədəbiyyat həm də bir missiyadır. Təkcə mənfəət-gəlir məsələsi deyil. O baxımdan seçim insanın özünə bağlıdır. Kitaba bağlılıq onun həyata gəliş fəlsəfəsinin tərkibi olmalıdır. İB olaraq tez-tez kitab bağışlama aksiyası təşkil edirik. Xanımlara təqdim edilən kitabları "kitab oxumuram", "maraqlanmıram" deyərək aksiya fəallarına geri qaytardıqlarına dəfələrlə şahidlik etmişik. Baxın, problem elə budur. Gərəksiz "əyləncəli" informasiyaların əsiri, mütaliəsiz, dünyadan xəbərsiz qadınlar... Yenə də maariflənmədən keçir yolumuz.  Amma iş görmək istəyənlərə yol göstərmək, iş öyrətmək nəciblik olar. Ən çox şəxsi təşəbbüs olduğu üçün böyük çətinliklərlə üzləşirik. Dövlət və təcrübəli sahibkarların dəstəyini görmək istərdik.

- Bəs Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB-yi olaraq hansı işlər görürsünüz?

- Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB-yi yeni yaranan təşkilatdır. Özümüzü dərk edəndən kitaba olan sevgimiz nəhayət missiyamıza çevrildi. Əsas yolumuz cəmiyyətin hər yaş təbəqəsinin maariflənməsinə xidmət etməkdir. Müxtəlif tədbir və layihələrlə bu istəyimizi həyata keçirməyə çalışırıq. Hədəfimiz kitab nəşrlərinə dəstək, müəllif hüquqları ilə bağlı seminarların təşkili, müxtəlif məktəb və təhsil ocaqlarında görüşlərin, oxu saatlarının keçirilməsi, şəhid yazarların tanınması, bölgələrdə mütaliə vərdişlərinə dair söhbətlərin aparılması, şair, yazar, elm adamları ilə imza saatlarının keçirilməsi, nəşriyyat və mətbəələrlə iş birliyi,  mətbəə sənayesinə qatqı, dəstək göstərməkdir.

Hazırda kitab bağışlama aksiyalarını tez-tez təşkil edirik. Sosial statusundan asılı olmayaraq maraqlanan hər kəsə kitablar ictimai birliyin fəalları tərəfindən hədiyyə olunur. Məzmun etibarı ilə bədii, fəlsəfi, tarixi, şəxsi inkişafa yönəlik kitablara yer veririk. Eyni zamanda hədiyyə verdyimiz kitabların ötürəcəyi informasiyaya, bilgiyə də məsuliyyətlə yanaşmağa çalışırıq. Bir növ bu məsələlərdə seçici olmağa üstünlük veririk. Çünki məqsədimiz insanlığa, işığa, aydınlığa xidmətdir.

Havar Şəfiyeva 

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31