Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Armeniya Mesopotamiya ilə Assuriyanın arasında mövcud olub

Armeniya Mesopotamiya ilə Assuriyanın arasında mövcud olub

04.02.2010 [10:10]

Gövhər Baxşəliyeva: Əminəm ki, dünyanın muzey və kitabxanalarında ciddi araşdırmalar aparsaq, bundan on dəfə artıq tarixi faktlar əldə edərik
Hazırda ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparan xalqımızın haqq səsini bütün dünya ictimaiyyətinə çatdırmaq, yalan üzərində qurulan erməni təbliğatını ifşa etmək üçün Azərbaycan barəsində həqiqətləri dünyaya yaymaq ən vacib məsələlərdən biridir. Doğrudur, zaman-zaman tarixçilərimiz, alimlərimiz ermənilərin Qafqazda yerli deyil, məhz sonradan gəlmə xalq olması barədə tutarlı faktlara söykənən elmi araşdırmaları beynəlxalq konfransların, simpoziumların müzakirəsinə çıxara biliblər. Lakin əsl həqiqətləri dünya ictimaiyyətindən gizlətmək, onları çaşdırmaq, yalanlar üzərində qurulmuş erməni təbliğatını ifşa etmək üçün indiyədək görülmüş işlər yetərli deyil. Bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın ötən ay Misirdə olarkən, Qahirə şəhərindəki məşhur Dar-ül-Kütub kitabxanasından əldə edərək gətirdiyi xəritələr yalançı erməni təbliğatını ifşa etmək üçün tutarlı faktlardır.
- Gövhər xanım, Misir kitabxanalarında Azərbaycanla bağlı tarixi mənbələrin, xəritələrin olduğunu bilirdinizmi? Yoxsa, sırf təsadüf nəticəsində həmin xəritələri aşkarladınız?
- Düzü, bir şərqşünas kimi, xəritələri araşdırmaq heç bizim planımıza daxil deyil. Lakin bunu mən özümə, sadəcə, bir vətəndaşlıq borcu bilib, imkan daxilində səfərdə olduğum ölkələrin kitabxanalarına baş çəkir, ölkəmin tarixini əks etdirən xəritələrlə tanış oluram. Dekabr ayında Misirə son səfərimdə də belə oldu. Səfərin əsas məqsədi Qahirədə keçirilən İslam Konfransı Təşkilatı Parlament İttifaqının iclasında iştirak etmək idi. Bildiyiniz kimi, mən həmin təşkilatda Azərbaycan parlament nümayəndə heyətinin rəhbəriyəm. Tədbir çərçivəsində, öz istirahət vaxtıma qənaət edərək, Azərbaycanın Misirdəki səfirliyindən xahiş etdim ki, məni Dar-ül-Kütub kitabxanasına aparsınlar. Məlumat üçün bildirim ki, hələ 2003-cü ildə, Milli Məclis sədrinin müavini olarkən, Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri kimi Misirə səfər etmişdim. İxtisasca şərqşünas olduğumdan xarici səfərlərdə həmişə xahiş edirəm ki, məni kitabxanalara aparsınlar. çünki kitabxanalar təkcə kitabların saxlandığı bir məkan deyil, bura, eyni zamanda, xalqın mədəniyyətinin, onun tarixinin qorunduğu, mühafizə olunduğu bir məbəddir. O zaman xahiş etmişdim ki, bizi Qahirədəki Dar-ül-Kütub kitabxanasına aparsınlar. Qeyd edim ki, bu çox zəngin bir kitabxanadır. Burada kartoqrafiya şöbəsində 15 mindən artıq müxtəlif tarixi xəritə saxlanılır. Doğrudur, Misirin öz ərazisinə aid olan xəritələr, təbii daha yaxşı vəziyyətdə qorunub, mühafizə olunur. Digər xəritələrin bir qismi, elə kartoqrafiya şöbəsində saxlanılır, qalanları isə aşağıda zirzəmidə saxlanılır. Bizi kitabxana ilə tanış edərkən orada həmin xəritələri görmüşdüm. Lakin səfərimizin qrafiki çox sıx olduğundan, həmin xəritələrə diqqətlə baxmağa imkanımız olmamışdı. Odur ki, dekabr ayında Misirdə olarkən səfirliyimizdən xahiş etdim ki, məni həmin kitabxanaya aparsınlar. Sağ olsunlar ki, xahişimi yerə salmadılar. 4 saat bu kitabxanada oldum, xəritələrlə tanış oldum. Vaxtımın məhdud olması səbəbindən xəritələrin hamısı ilə tanış olmasam da, Azərbaycan üçün çox dəyərli olan 5 xəritə ilə yaxından tanış oldum, onların surətini götürdüm. Avropa və Asiya ölkələrində ötən əsrlərdə nəşr edilmiş və tarixin müxtəlif dövrlərini əhatə edən bu xəritələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənməklə yanaşı, ermənilərin hazırda məskunlaşdığı ərazilərdən çox-çox uzaqlarda- daha cənubda yaşamalarının Qərb alimlərinə, xəritəşünaslarına hələ o zamanlarda bəlli olması açıq-aydın görünür.
- Gəlin etiraf edək ki, belə ciddi araşdırmalar aparmaq üçün 4 saat çox da böyük bir müddət deyil...
- Təbii. Lakin buna baxmayaraq, 4 saat ərzində nəyə mümkün idisə baxa bildim. Seçdiklərim Azərbaycanın ərazi bütövlüyünün təsdiqi üçün çox önəm daşıyan xəritələrdir. Hesab edirəm ki, bunlar ermənilərin yalançı təbliğatını ifşa etmək üçün çox dəyərlidir və böyük əhəmiyyət daşıyırlar. Kitabxanadakı xəritələrin şəklini çəkmək yasaqdır. Lakin hörmət əlaməti olaraq, buna imkan yaratdılar. Xəritələrdən ikisinin şəklini özüm çəkdim. üçünü isə onlar bizim üçün SD-yə köçürdülər. Yeri gəlmişkən, qeyd edim ki, indiyədək tarixçilərimizin ortaya qoyduğu bütün tarixi sənədlər Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqının əzmkar mübarizəsində haqlı olduğunu açıq-aşkar göstərir. Sadəcə, ermənilərin dünya ictimaiyyətininin gözü önünə çəkdiyi qalın yalan pərdəsini yarmaq üçün hər birimiz həqiqətləri üzə çıxarmaq işində əlimizdən gələni əsirgəməməliyik. Baxın, bu xəritələrdən birincisi ötən əsrin əvvəllərində Parisin Sent Denis Bulvarı 18-20 ünvanında görkəmli fransız kartoqrafı Alfons Tarid tərəfindən nəşr edilib. Kartoqrafın məqsədi heç də xəritədə Azərbaycan ərazisini göstərmək olmayıb. Onun əsas məqsədi, ümumiyyətlə, Avropa və Asiyanın dəmiryolları və naviqasiya xətlərini əhatə edən böyük bir xəritə tərtib etmək olub. O, 1930-cu ildə vəfat edib. Belə ehtimal olunur ki, A.Tarid bu xəritəni haradasa ötən əsrin 20-ci illərində çəkib. Belə ki, xəritədə Xəzər dənizinin qərb sahillərində təsvir edilən və Azərbaycan kimi təqdim edilən dövlətin ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920-ci illər) ərazisi ilə uyğun, hətta nisbətən geniş verilib. Azərbaycan Milli Ensiklopediyasında təqdim edilən müvafiq xətirədə (səh. 290) Cümhuriyyətin mübahisəli ərazi kimi qeyd edilən yerlər belə A.Taridin xəritəsində Azərbaycan ərazisi kimi qeyd olunub. Dağlıq Qarabağın, o cümlədən, Şuşanın tarixi Azərbaycan ərazisi olduğunu təsdiqləyən bu xəritədə ölkəmizin ərazisinə, indiki dövlətimizin ərazisindən əlavə şimaldan Dərbənd, Qasımkənd və daha yuxarı olan yerlər verilir. Qərbdən isə dövlətin sərhəddi Göyçə gölünün ortasından keçir. Müasir Ermənistanın Mehri, Qafan, Gorus, Sisyan, Vardenis, Krasnoselsk rayonları, Berd rayonunun yarıdan çoxu və s. Azərbaycan ərazisi kimi göstərilir. Bu xəritənin Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən tarixi coğrafiyasının öyrənilməsində mühüm əhəmiyyəti var.
Xəritədə, həmçinin, ermənilərin iddia etdikləri Naxçıvan bölgəsi Azərbaycanın ərazisi kimi göstərilib. Xəritə o qədər dəqiq işlənilib ki, burada digər böyük şəhərlərimiz - Bakı, Elizavetpol (Gəncə), Şamaxı, Lənkəran və Astara belə qeyd olunub. Xəritədə Ermənistanın Qafqazda olan ərazisi Yerevan şəhəri də daxil olmaqla çox kiçik bir ərazini əhatə edir. Avropanın göbəyində, erməni lobbisinin daha fəal olduğu Fransada ötən əsrdə çap olunmuş bu xəritə bir daha təsdiqləyir ki, indiki Ermənistanın ərazisi Azərbaycan torpağıdır. Zaman-zaman bizim torpaqların mənimsənilməsi hesabına bu torpaqlar artırılaraq indiki Ermənistan dövlətinin ərazisi yaradılıb.
- Bu xətirələr ermənilərin uydurduğu, guya ötən əsrlərədək iki dəniz arasında mövcud olmuş Böyük Ermənistan dövlətinin boş xülya olmasını bir daha təsdiqləyir...
- Mənim aşkarladığım xəritələrdə ermənilərin bu yalanını da ifşa edən tarixi faktlar var. Baxın, Misirdən gətirdiyim ikinci xəritə Venesiyada italyan kartoqrafı Antonio Zatta tərəfindən tərtib olunub. 1785-ci ildə “Antonio Zatta və oğulları” şirkəti tərəfindən çap olunan bu xəritədə Böyük İsgəndərin (Makedoniyalı İsgəndər) Avropa, Asiya və Afrika qitələrini əhatə edən imperiyası öz əksini tapıb. İmperiyanın torpaqlarına diqqətlə baxdıqda burada Mesopotamiya, Assuriya və digər ərazilər aydın görünür. İtalyan dilində tərtib edilmiş xəritədə Armeniya Meycə qeyd olunub. Bunun tərcüməsi isə Böyük Ərməniyyə deməkdir. Lakin bu söz heç də Ermənistan kimi başa düşülməməlidir. Bunun dövlət olmadığının bir sübutu var. Həmin ərazidən bir qədər aralıda Armeniya Mayna, yəni, Kiçik Ərməniyə də qeyd olunub. Tarixdə hələ belə bir fakt yoxdur ki, eyni adda iki dövlət olsun və onlardan biri böyük, digəri isə kiçik adlandırılsın. Bu toponim, bir növ yer-dağ silsiləsinin adıdır. Necə ki, indi Böyük Qafqaz və Kiçik Qafqaz sıra dağları var, eyni ilə də o zamanlarda Armeniya Meycə və Armeniya Mayna mövcud olub. Digər tərəfdən isə, həmin ərazilər, heç də ermənilərin təbliğ etdiyi kimi, iki dəniz - Qara və Xəzər dənizləri arasında deyildir. Həmin ərazi onların iddia etdiyi ərazidən daha uzaqda, Mesopotamiya ilə Assuriyanın arasında, hətta Cənubi Azərbaycan torpaqlarından da bir qədər aşağıda - indiki Suriya və İraq dövlətlərinin ərazisinə düşür. Bu faktın özü bir daha sübut edir ki, Ermənistan dövləti heç vaxt Qafqazda mövcud olmayıb. Xəritənin bizə aid olan hissəsini lap yaxından çəkib, böyütmüşəm. Diqqət edin, burada Araz çayı, Albaniya dövlətinin sərhəddi aydın şəkildə görünür.
- Əslində, bizim tarixçilər apardığı tədqiqatlar nəticəsində çoxdan sübut edə bilmişdilər ki, Qafqazda heç vaxt Ermənistan dövləti mövcud olmayıb...
- Doğrudur, bizim tarixçilər, alimlər bu sahədə çox böyük işlər görüblər. Mən onların zəhmətini yerə vura bilmərəm. Amma onların imkanı olmayıb ki, həmin tarixi araşdırmaları aparan zaman gəlib dünyada məşhur olan Qahirə və yaxud İsgəndəriyyənin kitabxanalarına baş çəksinlər, gedib tarixi, qədim xəritələrin surətlərini gətirsinlər. Onlar öz tədqiqatlarında həmin ərazilərin xəritəsini tarixi mənbələr əsasında çəkiblər, atlaslar yaradıblar. Bizim tarixçilər həqiqətən də tam şəkildə öyrəniblər, 100 faiz sübuta yetiriblər ki, Qafqazda heç vaxt Ermənistan dövləti mövcud olmayıb. Amma bir var, biz özümüz deyək özümüz inanaq, bir də var ki, xarici dövlətlərin muzey və kitabxanalarında saxlanılan həmin tarixi faktları tapıb dünya ictimaiyyətinə təqdim edək. Biz elə bir mənfur, riyakar düşmənlə üz-üzə durmuşuq ki, tarixçilərimizin çəkdikləri həmin xəritələr yetərli deyil. Yalançı erməni təbliğatına qarşı məhz bu kimi tarixi faktlarla mübarizə aparmaq lazımdır. Dünya muzeylərində və kitabxanalarında saxlanılan qədim xəritələrin surətini çıxarıb, onların qarşısına qoymaq lazımdır ki, həqiqətin kimin tərəfində olduğunu görsünlər, indiyədək eşitdikləri və gördüklərinin uydurma erməni təbliğatı olduğunu dərk etsinlər. Digər tərəfdən isə, bir halda ki, ermənilər heç bir əsası olmayan, öz xeyirlərinə olan saxta xəritələr çap etdirib, onları bütün dünyaya təbliğ edirlər, niyə tarixi həqiqətləri özündə əks etdirən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən bu kimi xəritələri biz çap etdirməyək? Qoy həmin xarici dövlətlərin siyasətçiləri, tarixçiləri, lap belə adi insanları görsün ki, həqiqət kimin tərəfindədir.
Misirdən gətirdiyim növbəti iki xəritə isə Hollandiyanın Amsterdam şəhərində tərtib olunub və Osmanlı İmperiyasını əhatə edir. Rəssam Yudukus Hundius tərəfindən tərtib edilən bir xəritə Sultan III Məhmətin dövrünə (1595-1603) aiddir. Digər xəritə isə 1775-ci ildə rəssam Fridrix dö Vid tərəfindən tərtib edilərək çap olunub. Bu xəritələrdə də erməni ərazilərinin indikindən xeyli cənubda yerləşərək, müasir Ermənistan dövlətinin ərazisinə heç bir aidiyyətinin olmaması aşkar görünür. Fridrix dö Vidin xəritəsində Azərbaycan ərazisində Şirvan toponimi qeyd edilir.
Göründüyü kimi, bütün bu xəritələr Azərbaycanın ərazi bütövlüyünü təsdiqləməklə, erməni uydurmalarını ifşa etməklə yanaşı, bunun Qərbdə və Şərqdə ötən əsrlərdə xəritəşünas alimlər tərəfindən şəksiz qəbul edildiyini tam olaraq sübuta yetirir, tarixi Ermənistan ərazilərinin isə nəinki Dağlıq Qarabağa, heç indiki Ermənistan dövlətinin özünə də aidiyyəti olmadığını göstərir.
- Azərbaycanla Misir arasında mədəni sahədə əməkdaşlığa dair müqavilə mövcuddur. Bundan istifadə edərək, gələcəkdə digər xəritələrin də surətlərini gətirməyi düşünürsünüzmü? Yaxud belə xəritələri, uyğun arayışlarla birgə, başqa dillərə tərcümə edərək xarici ölkələrdə yaymağı planlaşdırırsınızmı?
- Bu suala bir qədər geniş cavab vermək istərdim. Hətta həmin müqavilə olmasa belə, biz bunu etməliyik, gedib dünya muzeylərinin arxivlərində, kitabxanalarda işləmək lazımdır. Təsəvvür edin, Qahirə şəhərindəki kitabxanada təqribən 15 min, İsgəndəriyyə kitabxanasında isə 22 mindən artıq qədim xəritələr saxlanılır. Belə xəritələrdən xeyli sayda Avropa ölkələrində də saxlanılır. Adətən, belə tarixi xəritələrin surətlərini vermirlər. Müxtəlif yollar axtarmaq, danışıqlar aparmaq lazımdır. Bəzi ölkələr qədim əlyazmaların, xəritələrin surətlərini pulla satırlar. Bizim üçün fərqi yoxdur, pulla satsınlar, yaxud hörmət əlaməti olaraq versinlər. Biz mütləq belə əhəmiyyətli tarixi xəritələri əldə etməliyik. Əvvəlcə, biz həmin muzeylərdə, kitabxanalarda axtarış aparmalı, sözügedən tarixi xəritələri aşkarlamalıyıq. Daha sonra isə Azərbaycandan tarixçi alimlərimiz, tədqiqatçılar həmin ölkələrə gedib araşdırmalar aparmalıdırlar.
Mən Bakıda Misirin Azərbaycandakı səfiri ilə görüşmüşəm, bu haqda ona danışmışam. Səfir də söz verib ki, mənə İsgəndəriyyə kitabxanasındakı tarixi sənədlərlə, xəritələrlə tanış olmağa şərait yaradılacaq.
Qahirədə olarkən, səfirliyin əməkdaşını kitabxanaya apardım. Ona hansı sənədləri axtarmağı göstərdim. Səfirimizdən xahiş etdim ki, həmin əməkdaş üçün imkan yaradılsın ki, heç olmasa həftədə bir dəfə həmin kitabxanaya getsin, orada axtarış aparsın. Söz verdilər, amma buna nə dərəcədə əməl olunacaq, deyə bilmərəm. Türkiyədə səfərdə olarkən bizim İstanbuldakı Baş konsulumuz Səyyad Aranla görüşdüm, bu barədə ona danışdım. Mən əminəm ki, İstanbuldakı muzeylərdə Azərbaycanın tarixi ilə bağlı olduqca zəngin materiallar tapmaq olar. çünki Osmanlı İmperiyası böyük dövlət olub, vaxtilə varidat kimi buraya çoxlu tarixi sənədlər gətirilib. Türkiyə muzeylərində zəngin materiallar saxlanılır. İndinin özündə belə muzeylərə baxanda həm Qərb, həm də Şərq ölkələrindən çoxlu eksponatlar görmək olar. Həmin muzeylərin kartoqrafiya şöbələrində, xəritələr bölmələrində yaxşı axtarış aparmaq lazımdır. Mən inanıram ki, biz qardaş ölkədə tarixi keçmişimizlə bağlı zəngin materiallar əldə edə bilərik. Əgər bir kitabxanada 4 saatlıq axtarış belə faydalı nəticə veribsə, görün həftələrlə, aylarla arxivlərdə işləsək, hansı nəticələr əldə edə bilərik?
O ki qaldı sualınızın birbaşa cavabına, məlumat üçün qeyd edim ki, Elmin İnkişaf Fondu yaradılıb. Növbəti ildə Fondda artıq layihələrin qəbuluna başlanılacaq. Bizim institut da belə bir layihə təqdim etməyi planlaşdırır. Daha doğrusu, biz bu xəritələri toplayıb, nəfis şəkildə, tarixi arayışla birlikldə atlas şəklində çap etdirmək istəyirik. Əlbəttə, hələlik biz yalnız bu xəritələri toplamaqla məşğuluq. Sonra həmin tarixi arayışı tərtib edəcəyik. Təbii, bu işə biz mütləq tarixçilərimizi də cəlb edəcəyik. Kitabdakı tarixi arayışları bir neçə dildə hazırlamaq istəyirik. Əsas məqsəd ondan ibarətdır ki, biz dünya ictimaiyyətini inandırmalıyıq ki, ermənilər tarixən bu torpaqlarda yaşamayıblar, yerli xalq deyillər və onların heç vaxt Qafqazda dövləti olmayıb. Hesab edirəm ki, tariximizlə bağlı həqiqətləri, faktları aşkarlamaq Azərbaycan elminin, onları dünya ictimaiyyətinə çatdırmaq isə hər bir azərbaycanlının borcudur.
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1260 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30