Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Həqiqətləri yazmaq və insanlara keçmişiylə fəxr etməyi öyrətmək lazımdır

Həqiqətləri yazmaq və insanlara keçmişiylə fəxr etməyi öyrətmək lazımdır

01.05.2010 [08:44]

Yunus Oğuz: “Nadir şah” romanı Azərbaycan tarixinin yenidən yazılması üçün bir işarədir
Tanınmış jurnalist, “Olaylar” qəzetinin və “Olaylar” İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz son dövrlərdə yazdığı tarixi romanlarla daha çox tanınır. Olduqca maraqlı, tarixi şəxsiyyətlərin həyatına həsr olunan romanlar seriyası “Nadir şah”la başladı, “Təhmasib şah”la davam etdi. Artıq “Əmir Teymur” da yoldadır. Sevindirici haldır ki, Y.Oğuzun qələmindən çıxan bu romanlara ölkə xaricində də maraq göstərilir. “Nadir şah” türk dilinə çevrilərək sərgidə nümayiş olunub, bir müddətdən sonra isə biz böyük türk oğlu haqqında yazılan romanı ingilis dilində Londonda kitab mağazalarında görə bilərik. Müsahibimiz yazıçı-jurnalist, türkoloq Yunus Oğuzdur:
- Yunus müəllim, istərdik söhbətimizə elə “Nadir şah” tarixi romanınızın Türkiyədə nəşr olunması ilə başlayaq...
- “Nadir şah” tarixi romanı Türkiyədə “İlləri” Yayım Evi tərəfindən çap edilib və İzmir şəhərində keçirilən beynəlxalq sərgidə nümayiş olunub. Hüseyn Adıgözəlli tərəfindən türk dilinə çevrilib. Əslində Türkiyə Nadir şahı türk dünyasının böyük sərkərdəsi, şahı kimi tanımırdı. Bizim də məqsədimiz elə Azərbaycan tarixini, bu tarixi yaradan böyük şəxsiyyətləri dünyaya tanıtmaqdır. Sərgi yaxşı keçdi, mən də dəvət olunmuşdum. İki gün müəllifin imza günü keçirildi.
- “Nadir şah”ın türkcəyə çevrilməsi ilə bağlı təklif elə Yayım Evindənmi gəlmişdi?
- Hüseyn Adıgözəlli Azərbaycanla yaxından bağlılığı olan bir şəxsdir. O, artıq bir neçə kitabı bizim dildən türkcəyə çevirib və bu sahədə peşəkardır. Kitabı çevirəndən sonra Hüseyn bəyə bu sifariş Yayım Evi tərəfindən təklif olunub. Xatırladım ki, bu mənim həmin Yayım Evi və Hüseyn bəylə ikinci birgə işimdir. Bir neçə il öncə, məhz Hüseyn Adıgözəllinin çevirməsində “Türkün tarixinə yeni baxış” kitabım da həmin Yayım Evi tərəfindən nəşr olunmuşdu. Yəqin ki, gələn sərgidə də “Təhmasib şah” romanı ilə çıxış edərik.
- Qeyd etdiniz ki, Nadir şah şəxsiyyəti türk oxucusu üçün tanış deyil. Sizcə, roman onlarda bu dövr haqqında tam təsəvvür yarada biləcəkmi?
- Sərgidə kitabı alıb bir günə oxuyub, səhərisi mənə müəyyən məsələlərlə bağlı suallar verən oxucular da oldu. Onlar da xüsusi olaraq vurğuladılar ki, kitabda  əsas motiv Osmanlı-Qızılbaş savaşlarına və İslamdakı məzhəb məsələsinə həsr olunub. Mən cavab verdim ki, bu tarixdir, dəyişmək olmaz. Tarix mənim fərziyyəm deyil, faktdır. Həmin dövrdə ən böyük savaşlar elə osmanlılarla qızılbaşlar arasında gedib. İslamda məzhəb problemi də həmin dövrün prioriteti olub. Bu istər Osmanlı, istərsə də Qızılbaş arxivlərində var. Uzun illər müharibələrin başlanmasına səbəb, iki qardaşı bir-biri ilə düşmən edən məzhəb savaşı olub. Oxucular da mənim fikrimə şərik oldular ki, tarixi təhrif etmək olmaz. Şükürlər olsun ki, bu gün istər Türkiyədə, istərsə də Azərbaycanda dini dözümlülük, tolerantlıq məsələsi yüksək səviyyədədir və bu adda bir problem qalmayıb. Bu gün dövlət və millət maraqları öndədir. Digər tərəfdən, “Nadir şah” romanı Azərbaycan tarixinin yenidən yazılması üçün bir işarədir. İran adının 1936-cı ildən siyasi baxımdan işlənməyə başlanması, o dövrə qədər yalnız coğrafi anlam daşıdığı, məhz “Nadir şah” romanında açılmağa başlayır. Hətta siyasi baxımdan 1918-ci ildə yaradılan Cümhuriyyətimizin adını əsas tutaraq, Azərbaycan adının İran məfhumundan 18 yaş böyük olduğunu deyə bilərik.  Həqiqətləri yazmaq və insanlara keçmişiylə fəxr etməyi öyrətmək lazımdır. Hətta Azərbaycan tarixində Nadir şahın üstündə çox dayanmırdılar və açıqlamırdılar ki, Nadir şah bir Azərbaycan türküdür, böyük, güclü imperiya yaradıb. Mən bəlkə də deyərdim orta məktəb müəllimlərinin bir hissəsi bunu bilmirdi. O baxımdan bu məqamlara yenidən qayıtmaq, həmin nüanslarla fəxr etmək və buraxılan səhvləri gələcəkdə təkrar etməmək əsas nailiyyətdir. Tarix özü göstərir ki, bizim dostumuz kimdir, düşmənimiz kim, hansı xaçpərəst ölkəsi bizə hansı maraqla yaxınlaşıb. Tarix onun üçündür. Səhvlərin buraxılmaması üçün keçmişdən dərs almaq lazımdır.
- Türk oxucusu üçün “Nadir şah” nə qədər maraq kəsb edir?
- Hələlik kitab yalnız sərgidə nümayiş olunub, satışa buraxılmayıb. Satışa buraxılandan sonra bunu müəyyənləşdirmək mümkündür. Amma bir məqamı qeyd edim ki, “Türkün tarixinə yeni baxış”dan sonra mənə kitablar göndərilib ki, həmin araşdırmalarda bizim nəşrdən mənbə kimi istifadə olunub, tezislər işlənməyə başlayıb. Demək maraq var. Bu isə nailiyyətdir, tarixə baxışı dəyişdirməkdir. “Nadir şah”da da bugünkü tarixlə səsləşən olduqca gözəl zəncirvari məqamlar var. Məsələn, Nadir şahla rusların münasibəti. Deyək ki, o zaman Avropa ilə münasibətlərin qurulması, Şərq ölkələrinə münasibət. Təbii ki, mərkəzdə osmanlılarla münasibət dayanır. Türk dünyasında hər zaman bir xaqan olur və ya bu uğurla mücadilə aparılır. Amma ulusların idarəçiləri başqa-başqa şahlar, sultanlardır. O xaqanlıq uğrunda Əmir Teymur da, çingiz xan da, İldırım Bəyazid də vuruşub. Amma Nadir şah bu mənada fərqlidir. O, digər türk uluslarına qarşı fərqli siyasət yürüdüb. Bu gün də ayrı-ayrı türk ulusları və onların rəhbərləri var. Amma vahid Turan eli məsələsi hələlik gündəmdə yoxdur.
-Sizcə, bu günün əsərləri oxucu tələbini tam ödəyə bilirmi? O cümlədən də, “Nadir şah” romanı türk oxucularının tələbini ödəyə bilmək qabiliyyətindədirmi?
- Heç bir kitab oxucunun tələbini tam ödəmək qabiliyyətində deyil. Oxucuların zövqü də fərqlidir. Ola bilər hansısa sayda toplu bəyənə bilər, amma hamının bəyənməsini gözləmirəm. “Nadir şah” romanında klassika ilə postmodernizm üslubları birləşdirilib. Amma “Təhmasib şah”da müəllif kənardan baxır, əsər sırf klassik formada yazılıb. Görsəm oxucu klassik üslubdan bezir, yeni üslubun axtarışına çıxmaq artıq yazıçı kimi mənim ən önəmli borcumdur. Tarixi roman tarixi faktlara əsaslanmalıdır, amma sırf xronoloji tarixi faktlar əsasında yazılan roman oxucu üçün quru çıxır. Bunun üçün də yazıçı fəndindən istifadə edirəm, tarixi olmayan amma bütün tarixi hadisələrdə iştirak edən, süjet xəttini açan fərdlər yaradılır. Düzdür, həmin fərdlər tarixi hadisələrdə iştirak edə bilər, amma tarixi dəyişə bilməz.
- Tarixi roman ənənəsini yuxarıdan aşağı başlamısınız. Yəni, xronologiyanı pozursunuz. Bunun səbəbi nədir?
- Bilmirəm. Amma məsələn, mən tarixi roman ənənəsini Tomris anadan başlasaydım, Nadir şah kimi şöhrət tapa  bilməyəcəkdi. çünki Tomris ananı bizə Herodot göndərib, oradan tanımağa başlamışıq. Amma Nadir şah bizə yaxın keçmişdir. Cəmiyyətin şüurunda bu şəxsiyyət  tanınır və Azərbaycanda Avşar qolu hələ də mövcuddur. Həm də ideoloji cəhətdən yuxarıdan aşağıya enmək daha maraqlıdır. Oxucu mən tarixin alt qatlarına endikcə, yuxarıdakıları oxumaq istəyəcək. Məsələ bundadır. Mənim bütün əsərlərimdə ideologiya yükü çoxdur. Yenə deyirəm ki, aşağı endikcə daha maraqlı faktlara rast gəlirsən. Məsələn, Nuh peyğəmbərin vaxtında bir dil mövcud olub. Məhz o dövrdən sonra müxtəlif dillər əmələ gəlir. Bu çox maraqlı tezisdir.
- Qəzetçilik yazıçılığa nə qədər mane olur?
- çox. Vaxt baxımından qəzet işi yazıçılığa çox böyük maneədir. Bundan başqa, sosial problemlər, insanlarla təmas... Amma bir də görürsən ki, yazmaq həvəsi gəlir və buna 7-8 gün vaxt ayırmaq lazım gəlir. Amma təəssüf ki, hər dəfə bu vaxtı tapmaq olmur...
- “Fatehlərin davamı” seriyasında növbə kimindir?
- Əmir Teymur bir az ləng də olsa, artıq yazılır. Bu ləngliyin səbəblərini də yuxarıda sadaladım. Bundan başqa, “Nadir şah” romanı ingilis dilinə tərcümə olunub və birinci fəsil kitab şəklində Londonda çap olunacaq. Artıq müqavilə bağlanıb, bu istiqamətdə işlər tamamlanmaq üzrədir. Fikrimcə, Avropa üçün “Nadir şah” ekzotik xarakter daşıyacaq. çünki hər zaman Şərq Qərb üçün böyük marağa səbəb olub.
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 1126 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30