Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / Müharibə unudulanda, geri qayıdır...

Müharibə unudulanda, geri qayıdır...

07.03.2023 [10:53]

Müsahibimiz tanınmış yazar-jurnalist, “Əsir düşərgəsi”, “Cəhənnəmdə böyük çığırtı” kitablarının müəllifi, İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişinin aparıcısı Vüsalə Məmmədovadır. Onunla Xocalı soyqırımı ərəfəsində həmsöhbət olduq, Qarabağ hadisələri və əsirlərin həyatları barədə hazırladığı məqalələrindən, təəssüratlarından danışdıq...

- Xocalı faciəsi qurbanlarının bəzilərini yaxından tanıyan biri kimi onlarla bağlı hansı təsirli məqamları xatırlayırsınız?

- Xocalı soyqırımının şahidi olan insanların bəzilərini “Əsir düşərgəsi”ni yazmazdan əvvəl də yaxından tanıyırdım. O insanların həyat hekayəsi mənim düşüncələrimin formalaşmasına təsir göstərmişdi. Mən “səadət formulu”nu Xocalıda hər iki ayağını itirən Xədicə Orucovadan öyrənmişdim. O mənə demişdi ki, əgər yer üzündəki ən pis xəbəri eşidəndə reaksiya vermək üçün ayağa qalxa bilirsənsə, deməli xoşbəxtsən. O bunları mənə deyəndə çox gənc, mən isə uşaq idim. Yazılarda bu cür təəssüratları da əks etdirməyə xüsusi önəm verirəm.

- “Əsir düşərgəsi” və “Cəhənnəmdə böyük çığırtı” kitablarınız Vətən müharibəsindən əvvəl yazılıb. İndi biz bir az da qürurluyuq. Bu günlərdə yazmaq istədiyiniz, ya da üzərində işlədiyiniz məqalələr varmı?

- “Əsir düşərgəsi” layihəsinə 2014-cü ildə “Lent.az” saytında start verilib. Sonra 2015-ci ildə “Cəhənnəmdə böyük çığırtı” kitabı çap olundu. Sonra isə layihəni başqa hekayələrlə davam etdirdik. Kitabdakı bütün hekayələr əvvəlcədən “Lent.az”-da yayımlanmışdı. Bu yazılarda həm də oxucularımızın əməyi var idi. Bəzən kimisə axtarıb tapmırsan. Oxucularımız söhbətlərimizdə adları çəkilən həmin şəxsləri tanıyırdısa, bizə mütləq məlumat verirdilər. Bu mənada hadisələrin detallı şəkildə işlənməsində oxucularımız böyük dəstək göstərib.

Ötən ilin yanvar ayında “TEAS press” nəşriyyat evindən əlaqə saxlayıb bildirdilər ki, “Əsir düşərgəsi” kitabını ikinci dəfə nəşrə göndərirlər. Mən kitaba son söz hazırlamaq üçün zaman istədim. Çünki kitabın qəhrəmanları ilə birlikdə işğaldan azad olunmuş ərazilərə qayıdıb onların orada qalan izlərini axtarırdıq. Artıq İctimai Televiziyada “Alça ağacının altındakı məzar” hekayəsi əsasında sənədli filmi təqdim etmişik. Eyni zamanda, İctimai televiziyada “Ən kədərli vidalaşma” hekayəsi əsasında tunel qırğını və Başlıbel faciəsindən bəhs edən iki film üzərində işləyirdik.

Hər iki kitabımızda qeyd etdiyimiz kimi, biz müharibəni nə vaxt unutsaq, geri qayıdır. Biz Vətən müharibəsində Zəfər qazanmışıq, ancaq I Qarabağ müharibəsinin xalqımızın taleyinə yazdığı ağrıları da unutmamalıyıq. Hazırda “Əsir düşərgəsi” layihəsini kitab formasında davam etdirirəm. Üçüncü kitab üçün müsahiblərlə görüşmüşəm, girov hekayələrini dinləmişəm və bu hekayələri bir kitabda toplamaq üçün çalışıram.

- Xocalı faciəsinə dair hadisələrin, faktların xüsusilə ölkə hüdudlarından kənarda duyurulması sizi nə dərəcədə qane edir?

- 2014-cü ildən bu günə qədər Qarabağ müharibəsi ilə bağlı yazdığım məqalə və araşdırmalara gələn rəylər əsasən bundan ibarətdir: Bu yazı çox lazımlıdır, ancaq oxumağa ürəyim gəlmədi, sən tərcümə et, qoy xaricilər oxusun. Bu yanaşmanın səmimiliyi də sorğulanmalıdır. İnsanlar öz oxumadıqları yazının xaricdə oxunmasını istəyirlər. Ancaq hazırda mən yalnız materialları toplayıb yazmaqla məşğulam, bundan artığını edə bilmirəm.

- Faciənin qurbanları ilə ünsiyyətdə olub onların həyatını incə ayrıntılara qədər qələmə almaq sizdə hansı hissləri oyadırdı və bu gün psixoloji olaraq hansı izləri buraxıb?

- Bəzən elə olurdu ki, dəfələrlə görüşüb söhbətləşirdik. İnsanlar ilk görüşdə hekayələrini ixtiyari, ya da qeyri-ixtiyari şəkildə detallı danışa bilmirdilər. Bu görüşlər onların hekayələrini daha dərindən öyrənməyimə, girovluqda yaşadıqları hadisələrin daha incə detallarına qədər hekayələrə köçürməyimə, eyni zamanda, müharibənin soyuq, amansız üzünü görən insanlarla doğmalaşmağıma səbəb olurdu. Müharibə uşağı olduğum üçün bu dəhşətləri mən də görə-görə böyümüşəm. Dinlədiyim və yazdığım hadisələr əslində, mənə yad deyildi. İstəyirdim yaddaşımda olan hekayələrdən, talelərdən hər kəsin xəbəri olsun.

- Məcburi köçkünlük həyatı yaşamısınız. Qarabağ itkisi, köçkünlük taleyi işinizə, yaradıcılığınıza hansı formada, nə dərəcədə təsir edir?

- Mən və mənim yaşıdlarım arzuladığımız təhsildən məhrum olduq. Amma yenə də özümüzü inkişaf etdirməyə, təhsil almağa çalışdıq. Hesab edirəm ki, insan bildiyi mövzuları işləyəndə daha yaxşı olur. Təəssüf ki, müharibə mənim bildiyim mövzudur. Kaş ki, güllənin, bombanın nə olduğunu bilməsəydim. Ancaq tale belə gətirib ki, on minlərlə yaşıdımla bərabər həyatda dərk etməli olduğumuz bir çox məqamdan əvvəl müharibənin dəhşətini dərk etmişik. İndi də o travmalar unudulmur. Bu da həm həyata baxışlarına, həm düşüncənə, həm də yaradıcılığına təsir edir. Bəzən digər insanlara yüngül gələn hadisəni ağırlaşdırdığımı deyirlər. İzah etmək olmur ki, mənim hər şeyə müharibənin üzərindən baxmaq kimi bir vərdişim var. Çünki həyat belə öyrədib.

- Yazılarınızda Qarabağ mövzusu, müharibə qırmızı xətt kimi keçir. Sizcə, bu yerdə istedadın, yoxsa taleyin rolu böyükdür?

- Yazdığım kitabları istedad məhsulu hesab etmirəm. Bu, taleyin, bəlkə də içimdəki mənəvi borc hissinin nəticəsidir. Müharibə başlayanda biz bir evdə anam və iki azyaşlı bacımla yaşayırdıq. Atam savaş başlayana qədər artıq dünyasını dəyişmişdi. Ətrafda hər kəs o torpaqlar üçün döyüşürdü. Statistikaya görə, Ağdamda hər beş sakindən biri döyüşüb. Atam rəhmətə getdiyinə görə, bizim ailədən savaşda təmsil olunan kimsə yox idi. Mənim də taleyim qarşısında mənəvi borcum var ki, o torpaqlar üçün belə xidmət edim.

- Özünüzün məcburi köçkünlük həyatınız və Qarabağla bağlı hadisələrdən kitab çap etdirməyi düşünürsünüz?

- Mənim hekayələrim on minlərlə müharibə uşaqlarından birinin hekayəsidir. Taleyindən girovluq keçən insanların hekayəsi isə tarix rəflərində yer almalıdır. Ona görə də, birinci növbədə o insanların həyat hekayəsini yazmalıyam. Müharibə o vaxt geri qayıdır ki, biz onu unuduruq. Onu unutmayaq deyə mütləq o insanların həyat hekayəsini bir kitabda toplamağa çalışıram. Mənim gücüm ancaq buna çatır. Bir daha övladlar güllə səsi eşitməsin, bir də heç bir uşaq qucağında kuklası evini ayaqyalın tərk etməsin deyə bu hekayələri yazmağı vacib hesab edirəm.

Günel ABBAS

Paylaş:
Baxılıb: 404 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Siyasi fitnəkarlıq...

26 Sentyabr 11:46

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Gündəm

Sülhə doğru...

26 Sentyabr 10:26

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30