Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 23 aprel 8 noyabr Zəfərini   məzmunca tamamlayan real tarixdir

23 aprel 8 noyabr Zəfərini   məzmunca tamamlayan real tarixdir

19.08.2023 [10:00]

Aydın Quliyev: Bu hadisə Ermənistan-Fransa tandeminin, bütün dünya erməniliyinin məğlubiyyətidir

Avqustun 16-da BMT TŞ müstəvisində baş tutan və Azərbaycanın diplomatik qələbəsi ilə nəticələnən müzakirələr bir çox mətləbin üzərinə işıq salmış oldu. İlk növbədi bu müzakirələr 23 aprel tarixinin əhəmiyyətinin növbəti əyani isbatına çevrildi. Eyni zamanda, bu müzakirələr BMT TŞ-nın 30 ilə yaxın icra edilməmiş 4 qətnaməsi ilə bağlı prosesin yekunlaşdığını göstərdi - BMT bu müzakirələrlə “Qarabağ Azərbaycandır!” tezisini bütün dünyaya bəyan etdi.

Bu müzakirələrlə bağlı “Yeni Azərbaycan”a müsahibəsində “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki,  Ermənistanın 30 ildəki şıltaqlığı və BMT qərarlarına hörmətsizliyi bu qurumu da bezdirib. Beləliklə, müsahibimiz “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.

- Aydın müəllim, 23 aprel tarixindən başlamaq istərdik - bu təqvim coğrafiyamız, tariximiz, müstəqilliyimiz üçün hansı anlamı daşıyır?

- 2023-cü ilin 23 apreli  tariximizdə rəmzləşməyə layiq bir gündür. Bu gün çox güman ki, mühüm bir tarixə çevriləcək. Çünki bu gündə elə bir hadisə baş verdi ki, özündən sonra tarix boyu yaşayacaq proses başlatdı. 23 apreldə Laçın yolunda dövlət sərhəd buraxılış məntəqəsi qurduq. Ermənilər bunu gözləmirdilər. Azərbaycan Prezidenti həmin gün tarixi bir qərar verdi. Bu qərara əsasən də ilk dəfə dünyaya mesaj verildi ki, Laçın yolu sahibsiz deyil, bizdən qoparıla bilməz, başqalarının nəzarətində qala bilməz. Bu ərazi süveren Azərbaycanın ərazisidir və bu ərazidə süveren hüquqlarımızdan irəli gələn bütün addımları kimsəyə hesab vermədən atacağıq. Ermənistanın Qarabağ sakinləri olan ermənilərlə 1988-ci ildən başladıqları özbaşına, qızışdırıcı, separatçı  əlaqələrinə məhz həmin gün son qoyuldu. 23 aprel Qarabağda separatizmin əl- ayağının yığışdırıldığı gündür, Qarabağda separatizmin lokallaşdırıldığı və bir küncə sıxışdırıldığı gündür. Separatizm elə bu küncdə də məhv ediləcək. 30 il Qarabağda misli görünməyən cinayətlər törədib cəzasız qalacaqlarını zənn edən erməni cinayətkarlar məhz 23 aprel günündə qurulan postumuzun hesabına ələ keçirlər. Bundan sonra da ya həmin postdan oğru kimi gizli keçərkən yaxalanacaqlar, ya Xankəndidə məhv ediləcəklər, ya da təslim olacaqlar. Mən deyərdim ki, 23 aprel 8 noyabr Zəfərini  məzmunca tamamlayan real tarixdir. 8 noyabr olmasaydı 23 aprel olmazdı, 23 aprel olmasaydı 8 noyabr Zəfəri tamamlanmamış qalardı. 23 aprel erməni separatizminin Ermənistandan qanunsuz hərbi-texniki təminat prosesinə son qoyulduğu gündür. 23 apreldə Laçın yolunda postun qurulması Prezident İlham Əliyevin sadə görünən məsələlərdə belə nə qədər böyük strateji düşüncə nümayiş etdirdiyinin növbəti təsdiqidir. Xankəndi və ətrafındakı separatçı yuvalar təmizlənəndə, bu ərazilər tam olaraq nəzarətimizə qayıdanda 23 aprelin dəyəri daha dərindən görünəcək. Erməni separatizminə qarşı mübarizə tariximizdə 23 aprelin dəqiq adını qoymaq üzərində rəsmən düşünmək lazımdır. Bu günün dillərə yatan bir adı olsa, çox yaxşı olar.

- BMT TŞ-da aparılan müzakirələrlə bağlı fikirlərinizi öyrənmək istərdik - sizcə də bu müzakirələr “Qarabağ Azərbaycandır” tezisinin beynəlxalq təsdiqi deyildimi?

- Ən ilginci odur ki, məhz bu fikri iki gündür ermənilər özləri də deyir. Biz biliik, belə olacağını gözləyirdik. Brüsseldə və Praqada rəsmi olaraq “Qarabağ Azərbaycandır” deyiləndən sonra BMT qərargahında da bu, mütləq deyiləcəkdi. Təəssüf ki, BMT qərargahında gecikmiş şəkildə deyildi. BMT bunu 1990-cı illərdə deməli idi. Əsas odur ki, gecikmiş olsa da, bu sözləri BMT kürsüsündən də dedizdirə bildik. Bu gün Ermənistanda üstün siyasi rəy məhz TŞ -nın nümayiş etdirdiyi mövqeyə köklənib. Guya Paşinyanı zəiflikdə və fərsizlikdə günahlandırırlar, ancaq həqiqəti deyirlər. Açıq deyirlər ki, “ biz BMT  tribunasında da “ Qarabağ Azərbaycan ərazisidir” deyilməsinə imkan verdik”. Bu Prezident İlham Əliyevə məxsus bir şüar idi. İlk olaraq Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır” demişdi - bu şüar dərhal xalqımızın ürəyinə və dilinə yatdı. Ardınca Brüssel və Praqa formatlarında təsdiqləndi. Hələlik ən son olaraq BMT TŞ-nın  müzakirələrində təkrarlandı. Bundan böyük daha nə ola bilər?! ..

- BMT TŞ-dakı müzakirə ilk olaraq nəyin təzahürüdür - nəzərə alsaq ki Laçın postunun fəaliyyəti Azərbaycanın müstəsna hüququdur ermənilərin bu şikayəti özlüyündə qeyri-hüquqi anlam daşımırdımı?

- Birinci növbədə BMT  özünün prosedur qaydalarına əməl etdi. Ermənilər müraciət etmişdilər və bunun əsasında da BMT müzakirə apardı. Bununla yanaşı, qurum Laçın yolu ilə bağlı məsələnin həqiqi mahiyyətini növbəti və bəlkə də son dəfə qlobal miqyasda nümayiş etdirmək istədi. Üçüncü, 2020-ci ilin 19 oktyabrında və ötən ilin dekabrında Ermənistanın BMT TŞ-ya hər iki müraciəti uğursuzluğa düçar olmuşdu. Şübhəsiz bu dəfə də fərqli bir qərar vermək mümkünsüz idi. Ermənistanın 30 ildəki şıltaqlığı və BMT qərarlarına hörmətsizliyi qurumu bezdirib. Odur ki, ermənilərin başlatdığı proses onların özü üçün “ tələyə “ çevrildi. Diqqət yetirsək, hələ də Ermənistanın BMT TŞ  müzakirələri haqda rəsmi yekun qiyməti yoxdur. Sadəcə Paşinyan qırıq-qırıq əlaqəsiz və dəxli olmayan bəyanatlar verib. Məsələn, deyib ki, bu müzakirələri açmaqla BMT göstərdi ki, Laçın yolu blokadaya alınıb və ermənilər humanitar böhran içindədir. Bu, şübhəsiz ki, Paşinyanın söz oyunudur, sofistikasıdır. Reallıq isə budur ki, BMT TŞ Laçın yolunun bloklandığını və ermənilərin humanitar böhran iddialarını təsdiq etmədi, gələcəkdə də etməyəcək. Üstəlik, ermənilərə mesaj verildi ki, Laçın yolunda postun qurulması Azərbaycanın suveren hüququdur və alternativ kimi Ağdam-Xankəndi “yoluna gəlməlisiniz...”. Bu, yola gəlin, haqqa gəlin mesajdır..

- Fransanın bu kimi beynəlxalq hüquqa zidd israrları nədən xəbər verir -həqiqətənmi rəsmi Paris “səmimi” şəkildə ermənilər üçün “can yandırır”?

- Fransızlarda erməni sevgisi ola bilər, ancaq Fransa dövlətində erməni sevgisi yox, erməni marağı var. Vətən müharibəsinə qədər bir az üstüörtülü qaydada, bizim leksikonda desək, “abırlı” şəkildə Ermənistanın mənafelərinə uyğun siyasət aparırdılar. Müharibədən sonra abırsızlaşaraq hər şeyi açıq oynadılar. Prezident İlham Əliyev Makronun çoxsaylı erməniyönlü layihələrini iflas etdirdi. Buna çoxlu sübutlar var. Yaranan vəziyyət Fransanın Ermənistandakı mövqelərini də sözsüz ki,  zədələyir. Odur ki, Fransa BMT- də son müzakirələrə həm də öz mənafeləri baxımından növbəti şans kimi baxırdı. Sonu da belə oldu.

-  Müzakirələrin nəticəsizliyi nəyin göstəricisidir?

- Bu, onun göstəricisi deyil ki, nəhayət dünya ədalətli olmağa başladı. Xeyr, bu o deməkdir ki, Azərbaycanın gücü, təsiri onların reallıqlara göz yummalarına imkan verməyəcək dərəcədə böyükdür. Prezident İlham Əliyev müharibədən sonrakı 2 il yarımdakı fəaliyyəti ilə BMT-nin özünü də fakt qarşısında qoyub. BMT prinsiplərinə lazımi səviyyədə hörmət qoyulur, BMT-nin islahatlar prosesinə təmənnasız şəkildə dəstək verilir, pandemiyalarla mübarizədə BMT- nin humanitar layihələrinə əməlicə köməkliklər olunur və sair. Azərbaycan daha nə etməlidir? Və ya Prezident İlham Əliyevdən artıq təşəbbüskarlıq edən varmı? Son müzakirələrlə BMT bizə minnət qoymalı deyil. Bu, Prezident İlham Əliyevin BMT dəyərlərinə sayqı və dəstək müstəvisində etdiyi böyük işlərin sadəcə bir qisminə reaksiyadır. Azərbaycanın haqqı çatan reaksiyadır. Müzakirələrin nəticəsi həm də təsdiqlədi ki, Prezident İlham Əliyev həm beynəlxalq təşkilatlarla işi düz qurur, həm də ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələri yüksək səviyyədə inkişaf etdirir.

- Rusiyanın tutduğu mövqe nə qədər gözlənilən idi?

- Rusiya başqa mövqe göstərə bilməzdi. Bu mövqenin Rusiyanın Azərbaycanı sevib-sevməməsinə və ya dəstəkləyib-dəstəkləməməsinə aidiyyatı yoxdur. Bu, geosiyasi maraqlar uğrunda mübarizənin Rusiya üçün daha önəmli olduğunun göstəricisidir. Moskva anlayır ki, fərqli mövqe tutması bizim bölgəmizdə Qərbin və Fransanın təsirlərini artıra bilər. Həm də Rusiya prinsipcə ən doğru olanı deyir. Rusiya nümayəndəsi çıxışında bildirdi ki, Ağdam-Xankəndi yolundan da istifadə məsələsi razılaşdırılıb. Burada bizim Prezidentin məharətli siyasət apardığını göstərən iki nüans daha var. Birinci, Rusiya ilə  bəzi reallıqlarla barışmaq həddinə kimi anlaşıqlı münasibət qurulub. İkincisi, Prezident İlham Əliyev böyük dövlətlərin geosiyasi intriqalarına çox həssas və dəqiq yanaşır. Bu, çox vacibdir.

- BMT 30 ilə yaxın onun 4 qətnaməsini icra etməkdən boyun qaçıran bir dövlətin “şikayətini” necə ciddi qəbul edə bilər?

- Nəticədən də göründü ki, ciddi saymadı. BMT 1993-cü ildə o məşhur 4 qətnaməni ona görə qəbul etməmişdi ki, Ermənistan onları kağız parçaları kimi dəyərsizləşdirib atsın, BMT-nin nüfuzunu isə “3 qəpiklik” etsin. BMT bu qərarları icra üçün, bölgədə öz nüfuzunun güclənməsi və xalqlara sülhün gəlməsi üçün vermişdi. Ermənistan bu qərarları icra etmədi. Buna görə də Ermənistanın son müraciəti onun özü üçün “tələyə” çevrildi. Həm nizamnaməyə və iş proseduruna riayət olundu, həm də Ermənistana reallığı göstərdilər.

- Sizcə, Azərbaycana verilən diplomatik dəstək illərdir ki, davam edən uğurlu siyasətin nəticəsi deyilmi?

- Bu hadisə Ermənistan-Fransa tandeminin, bütün dünya erməniliyinin məğlubiyyətidir. Azərbaycan BMT-dən nəhayət real bir dəstək aldı. Hər halda BMT-də fərqinə varır ki, Azərbaycan Prezidenti öz ölkəsinin və xalqının qanuni mənafeləri naminə istənilən fədakarlığa və cəsarətə sahib liderdir. Bunu 44 günlük müharibə də göstərdi. BMT öz qətnamələrini icra etmədi, Prezident İlham Əliyev bunu etdi. BMT-də İlham Əliyevin “hətta beynəlxalq təşkilatların da bacarmadığını edə bilən lider” imici mövcuddur. BMT anlayır ki, Prezident İlham Əliyev 44 günlük müharibə ilə regionun geosiyasətini dəyişmiş liderdir. Belə liderə və belə ölkəyə fərqli münasibətin böyük məsuliyyət olduğunu da bilməmiş deyillər.

- Ölkəmizdəki bəzi müxalifət nümayəndələri “həsrətlə” bu müzakirələri gözləyirdi və sosial şəbəkələrdə dolayısı ilə Ermənistana  dəstək nümayiş etdirirdilər. Bu fakt onların məhz  ermənipərəst mərkəzlərdən maliyyələşdiyini və onların sifarişlərini yerinə yetirdiyini növbəti dəfə təsdiqləmirmi?

- Konkret kimlərin bu düşüncədə olduğunu bilsəydim  ünvanlı danışardım. Ancaq belə bir mövqe nümayişi milli rəzillikdir. Prezident İlham Əliyevin BMT müstəvisində və ya hər hansı beynəlxalq müstəvidə nailiyyəti birinci növbədə dövlətimizin, xalqımızın nailiyyətidir. Buna qısqanc, ya düşmən münasibət öz içimizdən necə ola bilər?! Təəssüf ki, belələri də var. Onlar milli məsələlərə də siyasi gözlə baxırlar. Gözləyirmişlər ki, BMT Azərbaycanın əleyhinə nəsə desin və ya qəbul etsin, bundan sonra başlasınlar ki, onu düz etmədiniz, bunu düz etmədiniz və sair. Elə ermənilər də bunu gözləyirdilər - fərq haradadır? Millət və dövlət üçün ziyanlı hadisələr axtarıb bunların  üstündən siyasi xal yığmaq şərəfli mübarizə yox, milli xəyanətdir.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 530 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Eyni adlı uşaqlar...

30 Sentyabr 12:00

Ədəbiyyat

Xarici siyasət

Tarixdə ilk dəfə...

30 Sentyabr 10:55

Xəbər lenti

Maraqlı

Maraqlı

Payıza hazırsınız?

29 Sentyabr 16:33

Xəbər lenti

Gündəm

İlham Əliyevin sirri

29 Sentyabr 15:18

Maraqlı

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Sosial

Xəbər lenti

Sosial

Su qıtlığı...

29 Sentyabr 11:19

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30