Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin növbəti iclası

16.10.2014 [09:32]

Oktyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası olub.
AzərTAc xəbər verir ki, iclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib və ilk olaraq Coğrafiya İnstitutunun iqlim dəyişmələri sahəsində apardığı tədqiqatların nəticələrindən söz açıb. Bildirib ki, iqlimdə qlobal miqyasda baş verən dəyişmələr son dövrün ən böyük təbii fəlakətlərindəndir. Dünya alimləri səylərini problemin həlli istiqamətində kökləyiblər. Azərbaycan tədqiqatçıları da bu işə mühüm nəticələrlə öz töhfələrini verməkdədir.
Sonra AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov sözügedən nəticələrə dair “İqlim dəyişmələri, onların Xəzər dənizi ekosisteminə təsiri” mövzusunda elmi məruzə ilə çıxış edib. Bildirib ki, alimlərin gələcəkdə hava şəraitinin daha ekstremal olacağı, qısa və soyuq qış aylarının isti aylarla əvəzlənəcəyi, mövsümlərdə sutka ərzində hədsiz isti və şaxtaların bir-birini əvəz edəcəyi ilə bağlı proqnozları özünü doğrultmaqdadır. Bu elm müəssisəsindəki tədqiqatların nəticələrinə görə, 1880-2010-cu illərdə ölkə ərazisində temperaturun dəyişməsi müxtəlif regionlarda 0,2-dən 0C-yə qədər təşkil edir və son 40 il ən isti dövr kimi qiymətləndirilir. Gədəbəy, Naxçıvan, Lənkəran, Şuşa və Ağstafada son 105 il ərzində yağıntının miqdarı azalıb. İqlim dəyişmələri Xəzər dənizinin ekosisteminə ciddi təsir göstərir.
Məruzəyə dair müzakirə və sual-cavablardan sonra rəyasət heyətinin qərarı ilə tədqiqatların müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində genişləndirilməsi tövsiyə olunub.
İclasda XX əsrdə azərbaycanlıların soyqırımı və deportasiyasına dair elmi tədqiqat işlərini daha da genişləndirmək, ədəbi əsərlər və sənədli-bədii filmlər hazırlamaq məqsədilə AMEA-da komissiya və “Azərbaycanlılara qarşı soyqırımı tarixi” muzeyinin yaradılması haqqında da qərar qəbul olunub. Sənəddə Qafqazşünaslıq İnstitutunun yaradılması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılması qeyd olunur. Həmçinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “Kibernetika” Xüsusi Konstruktor Bürosunun rəyasət heyətinin tərkibinə keçirilməsi də qərara alınıb.
Görkəmli fiziklər - Əməkdar Elm Xadimi, akademik Maqsud Əliyev 90, akademik Təyyar Cəfərov isə 75 illik yubileyləri ilə əlaqədar AMEA-nın fəxri fərmanı ilə təltif ediliblər.
Sonda AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinin icrası tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyliyə həvalə edilib.
Tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Mərkəzi Elmi Kitabxananın, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru təyin olunublar.
Sonra elmi-təşkilati və kadr məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 669 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31