ABŞ-dan idarə olunan Avropa, yaxud “qoca qitə” Vaşinqtonun “piyada”sı rolunda...
18.06.2015 [09:23]
Azərbaycana qarşı aparılan kampaniyada Avropamərkəzli dairələr daha aktiv görünsələr də, əslində, “qoca qitə”dəki qüvvələri işə salan, ssenari müəllifi kimi çıxış edən mərkəz məhz ABŞ-dır
Cənubi Qafqazın lider dövləti olan, sivilizasiyalararası dialoq məkanı kimi xarakterizə edilən Azərbaycan möhtəşəm bir beynəlxalq tədbirə - “Bakı-2015” ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməkdədir. Beynəlxalq müşahidəçilərin də ümumi qənaəti budur ki, Azərbaycan ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməklə dünyaya öz qüdrətini nümayiş etdirməkdədir. Məsələ ondan ibarətdir ki, ilk Avropa Oyunlarını hədəfə almaqla Azərbaycana qarşı “qara piar” kampaniyası aparan anti-Azərbaycan dairələrin, o cümlədən, “beşinci kolon”un planları iflasa uğramış oldu...
Avropanın arxasındakı Amerika, yaxud Vaşinqton əsas mərkəz kimi...
Azərbaycana qarşı aparılan “qara piar” kampaniyasında Avropamərkəzli dairələr daha aktiv görünsələr də, əslində, faktlar deməyə əsas verir ki, “qoca qitə”dəki qüvvələri işə salan, ssenari müəllifi kimi çıxış edən mərkəz məhz ABŞ-dır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra Vaşinqtondan idarə edilən subyektlər aktivləşməyə başladılar və ölkəmizlə bağlı ssenarilər reallaşdırılmağa başlandı. Təsadüfi deyil ki, 2015-ci ilin martında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələri ABŞ Dövlət Departamentinin ilk Avropa Oyunları ərəfəsində ölkəmizlə bağlı həyata keçirmək istədiyi layihələr haqqında faktları ictimailəşdirdi. Sənədlərdə təsbit edilmişdi ki, cari ildə və qarşıdan gələn dövrdə Azərbaycanda birinci Avropa Oyunları, parlament seçkiləri, “Formula-1” yarışması, İslam Həmrəylik Oyunları və digər mühüm beynəlxalq və yerli tədbirlər keçiriləcəyinə görə dünya ictimaiyyətinin diqqəti bu ölkəyə yönələcək. Bunlardan yararlanaraq Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən idarə edilən kampaniyanın əlaqələndiricisi qismində “National Endowment for Democracy” (Demokratiyaya Dəstək Milli Fondu) təşkilatı seçilmişdi. Əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir ki, Azərbaycanda “beşinci kolon”un formalaşdırılması ilə məşğuldur və hakimiyyət çevrilişi planının fəal təşkilatçılarından biri kimi çıxış edir.
Azərbaycan mediası belə bir məqamı da ictimailəşdirdi ki, “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci layihənin Avropadan həyata keçirilməsi, bu prosesə hüquq müdafiə təşkilatlarının, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatların cəlb olunması nəzərdə tutulurdu. Məlumata görə, Danimarkanın “International Media Support” (IMS) təşkilatı bu kampaniyanın koordinatoru təyin edilsə də, ona ABŞ vətəndaşı Rebekka Vinsent rəhbərlik edir, maliyyə mənbələri qismində isə Amerikanın NED təşkilatı və Soros Fondu çıxış edirdi. Proqramın icrasına onlarla müxtəlif Avropa təşkilatlarının cəlb edilməsinə baxmayaraq, prosesdə təkanverici qüvvənin ABŞ donor təşkilatları olması bütün reallıqları bir daha aşkar edir.
Viktoriya Nulandın rəhbərliyi ilə gerçəkləşdirilməsi nəzərdə tutulan ssenari nəyi ifadə edirdi?
Əlbəttə, Avropanın müvafiq təşkilatlarını və sözügedən dairələri hərəkətə gətirən direktivləri çatdıran əsas subyekt kimi ABŞ Dövlət Departamenti və dövlət katibinin müavini Viktoriya Nuland çıxış edir. Bu şəxsin fəaliyyətinin motiv və istiqamətləri daha öncədən də yaxşı bəllidir: ayrı-ayrı ölkələrdə “beşinci kolon”un nümayəndələrinə müvafiq direktivlər verməklə təzyiq mexanizminin formalaşdırılmasında əsas fiqur kimi çıxış etmək. Məhz bu tezisi əsaslandırmaq üçün Azərbaycan və Ukraynada paralel ssenarilərin həyata keçirilməsi cəhdləri fonunda müşahidə edilən hadisələrə epizodik nəzər salmaq yetərlidir. Belə ki, 2014-cü ilin yanvarında xanım Nulandın ABŞ-ın Ukraynadakı səfiri Cefferi Payettlə məlum söhbəti ictimailəşdirildi. Bəlli oldu ki, Ukraynadakı gərgin durumu müzakirə edən Dövlət Departamentinin rəsmisi səfirdən bu ölkədə ABŞ-ın maraqlarının təmsilçisi olan Arseni Yasenyukun yeni hakimiyyət quruculuğu prosesinə cəlb olunmasını tələb edib. ABŞ-ın planlarına əsasən, Yasenyuk yeni hakimiyyətin formalaşmasına rəhbərlik etməli və bütün imkanlar bu iş üçün səfərbər olunmalıydı. Nuland səfirin “Maydan hərəkatı”nın rəhbərlərindən olan boksçu Vitali Kliçkonun kütləyə təsir imkanları və Avropanın maraqları barədə əks arqumentinə məşhur “...EU” ifadəsi ilə reaksiya verməklə ABŞ-ın Avropa məkanı və bu qitənin ayrı-ayrı ölkələri barədə gerçək düşüncələrini nümayiş etdirdi. Bəlli oldu ki, ABŞ öz maraqlarının təmin edilməsi üçün nəinki rəqib ölkələri, hətta müttəfiqlərini və bütövlükdə Avropanı xarabalığa çevirməkdən çəkinmir.
Həmin dövrdə eyni ssenarinin Azərbaycana münasibətdə də reallaşdırılması üçün müvafiq cəhdlər edildi. “Böyük xalq günü”, “Xalq üsyanları” adlı kampaniyaların icrasına başlandı, 2012-ci ilin martında Qubada, 2013-cü ilin yanvarında İsmayıllıda təşkil olunan hadisələrin alovlanaraq bütün ölkəni əhatə etməsi, hakimiyyət çevrilişi ilə nəticələnməsi istiqamətində ciddi planların reallaşdırılmasına cəhd edildi. 2013-cü ilin yanvarında isə “Əsgər ölümlərinə son” kampaniyası başladı. ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs layihəyə 2 milyon dollar pul ayırdı.
Nuland “beşinci kolon”un müdafiəçisi rolunda...
Daha bir maraqlı nüans budur ki, 2015-ci il fevralın 18-də Viktoriya Nuland Azərbaycana gəldi. Əslində, bu, “quyruğu qapı arasında qalmış” birinin çıxış yolu axtarmaq cəhdi idi. Motiv isə qeyri-qanuni əməllər nəticəsində hüquqi məsuliyyətə cəlb olunmuş şəxslərin, əsas etibarilə, “beşinci kolon” nümayəndələrinin azadlığa buraxılmasına nail olmaq idi. Amma hüququn aliliyi bir daha üstün oldu və V.Nulandın bu xülyası gerçək olmadı. Buna paralel olaraq Avropa və ABŞ mərkəzli təzyiqlər artmağa başladı... Xüsusilə də, ilk Avropa Oyunlarına qarşı “qara piar” kampaniyası şiddətləndi. Bu məqamda məlum nüansların xronikasına nəzər yetirmək hadisə və proseslərin mahiyyətini aşkar etməyə imkan verir. Belə ki, 2015-ci ilin əvvəlindən ABŞ Dövlət Departamentinin sözçüləri Mari Harf, Ceyn Psaki və Cef Ratke ardıcıl şəkildə, hər mətbuat konfransında Azərbaycanı “insan haqlarına hörmət etməyə”, “həbsdə olan jurnalistləri və hüquq müdafiəçilərini azadlığa buraxmağa” çağırdılar. “Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Ceyn Byukkenen Avropa liderlərini öz nümayəndələrini və komandalarını Azərbaycana göndərməməyə səslədi. Elə həmin gün “Amnesty International” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə proqramlar direktoru Con Dausen analoji bəyanat verdi. Bütün bəyanatların başlıca ideyasını “ilk Avropa Oyunları Azərbaycana təzyiq üçün yaxşı fürsətdir” tezisi təşkil edirdi ki, bu fikir də “Sport for Rights” təşkilatının yaradılması ilə bağlı açıqlama verən məlum Rebekka Vinsentin dilindən səsləndirildi. Bu kontekstdə son olaraq isə ATƏT-in Bakı layihə əlaqələndiricisinin öz fəaliyyətini dayandırması, “Platform London” təşkilatının əməkdaşı Emma Hyuzun hava limanında saxlanması, guya, “Amnesty International” təşkilatının əməkdaşlarının Azərbaycana buraxılmaması birinci Avropa Oyunları ərəfəsində reallaşdırılan prosesin tərkib hissəsidir. Bundan başqa, Nulandın başçılıq etdiyi mərkəzin sifarişinin nəticəsi idi ki, “International Freedom of Expression eXchange” (IFEX) təşkilatı bütün milli bölmələrini sosial şəbəkələrdə birinci Avropa Oyunlarının rəsmi səhifələrinə qarşı hücum təşkil etməyə çağırdı.
Vaşinqton ənənəvi ampluasında: “demokratiya” və “insan hüquqları” məfhumları təzyiq vasitəsi kimi...
Beləliklə, ABŞ öz məhdud və qeyri-müəyyən geosiyasi maraqlarını reallaşdırmaq üçün yenə də “demokratiya”, “insan hüquqları” kimi məfhumlardan təsir və təzyiq vasitəsi kimi istifadə etməyə başladı. Bu, bir daha ona dəlalət edirdi ki, bəhs olunan ümumbəşəri dəyərləri inhisara alan Vaşinqton üçün regional və beynəlxalq təhlükəsizlik, o cümlədən, qarşılıqlı-faydalı əməkdaşlıq məfhumları ikinci dərəcəlidir.
Dolayısıyla, ABŞ müstəqil milli dövlətlərə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır. Suveren daxili və xarici siyasət həyata keçirən, Vaşinqtonun irticaçı geostrateji tələblərinə məhəl qoymayan, öz milli maraqları əsasında hərəkət edən dövlətlərin bu ölkə tərəfindən təzyiqə məruz qalması gözləniləndir, çünki qeyd etdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının xarici siyasəti hegemonluq fəlsəfəsinə söykənir.
Bu kontekstdə “vətəndaş cəmiyyəti institutlarının inkişafına yardım” adı altında müxtəlif təşkilatlar vasitəsilə fərqli ssenarilərin həyata keçirilməsi sirr deyil. Üstəlik, belə ssenarilər ayrı-ayrı ölkələrin təşkilatları vasitəsilə reallaşdırılır. Məsələn, Böyük Britaniyanın dünyaya beynəlxalq statuslu təşkilat kimi təqdim etdiyi QHT-lər arasında “Artikl XIX” bu qəbildən olan nümunələr sırasındadır. Bu təşkilat Böyük Britaniya QHT-si olaraq digər ölkələrdə, o cümlədən, Azərbaycanda da layihələr həyata keçirib, vətəndaş cəmiyyəti institutlarına nüfuz edib. Bəs “Artikl XIX” təşkilatının üzdə olan simaları kimlərdir? Rebekka Vinsent. Amma Rebekka Vinsent ABŞ vətəndaşıdır. O, Azərbaycanda ABŞ səfirliyində çalışıb. Sonradan “Artikl XIX” təşkilatının nümayəndəsi kimi ən böyük anti-Azərbaycan kampaniyalardan birinin, 2012-ci ildə fəallıq göstərən Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupunun koordinatoru olub. Bununla yanaşı, anti-Azərbaycan kampaniyasına qoşulmuş vətəndaş cəmiyyəti institutlarının maliyyə mənbələri araşdırılarkən nəticələr ABŞ donorlarına bağlanır. Belə ki, onların da büdcəsi USAID vasitəsilə ABŞ Dövlət Departamentindən asılıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

