Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanda senzuranın ləğv olunmasından 17 il ötür

Azərbaycanda senzuranın ləğv olunmasından 17 il ötür

06.08.2015 [01:06]

Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 6 avqust tarixində imzalanmış Fərman milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu
Müasir informasiya cəmiyyətində kütləvi informasiya vasitələrinin (KİV), o cümlədən, mətbuatın ictimai həyatdakı rolu gündən-günə artmaqdadır. Bu baxımdan, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra ölkədə ictimai tələblərə cavab verən, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdı. Lakin bildiyimiz kimi, müstəqilliyimizin ilk illərində zəngin ənənələrə və böyük inkişaf yoluna malik olan milli mətbuatımız tənəzzülə uğradı. Çünki həmin dövrdə AXC-”Müsavat” hakimiyyətinin mətbuata, jurnalistikaya münasibəti totalitar rejimlərdəki vəziyyətdən o qədər də fərqlənmirdi. Həmin dövrdə imzalanan mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam dövlət sirrinin qorunmasından çox hakimiyyətin əməllərini gizlətmək məqsədi daşıyırdı. Qeyd edək ki, bu gün radikal müxalifət düşərgəsində təmsil olunan və özünü demokrat hesab edən bir sıra şəxslər həmin dövrdə mətbuata hərbi senzuranın tətbiq olunmasında özünəməxsus rol oynayanlardır. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan ümumi qanunsuzluq və özbaşınalıq mühiti eyni zamanda, media sahəsində neqativ halların artmasına səbəb olmuşdu, geniş yayılan reketçilik isə jurnalist peşəsinin nüfuzuna mənfi təsir göstərirdi. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, mətbuatda da köklü müsbət dəyişiklik yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra baş verdi.
Senzuranın ləğvi milli mətbuatın inkişafında əsaslı dönüş yaratdı
Məlum olduğu kimi, müstəqil Azərbaycanda milli mətbuatın inkişafına maddi və mənəvi yöndə dəstəyin əsası məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 90-cı illərin ortalarında kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, mətbuat işçilərinin sosial təminatının yüksəldilməsi istiqamətində ciddi tədbirlər görüldü. Eyni zamanda, ölkədə siyasi, sosial, iqtisadi sahələrdə gedən demokratikləşmə prosesi tezliklə mətbuatın fəaliyyətində də özünü göstərdi. Məhz belə bir ərəfədə Ümummilli lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixində imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, bununla da mətbuat üzərində illər boyu mövcud olan senzura aradan qaldırıldı və Azərbaycan mətbuatının inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Bununla da, Azərbaycan mətbuatının tamamilə müstəqil şəkildə inkişaf etməsi üçün əlverişli mühit formalaşdırıldı.
Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Sabitliyin, qanunçuluğun bərpa olunduğu cəmiyyətlərdə söz və məlumat azadlığına, fikir plüralizminə yaradılan şərait demokratiyaya keçidi sürətləndirən vacib amildir.
Mətbuatın inkişafına və jurnalistlərə hər cür dəstək göstərilir
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər sırasında da söz və məlumat azadlığının daha da genişləndirilməsinə xidmət göstərən addımlar, o cümlədən, mətbuatın inkişafına göstərilən qayğı xüsusi olaraq dəyərləndirilməlidir. Dövlət başçısının Fərman və sərəncamlarına uyğun olaraq, 2005-ci ildə milli mətbuatın 130 illik yubileyi ilə əlaqədar qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dövlət büdcəsi hesabına ödənildi, kütləvi informasiya vasitələrinə maddi yardımlar edildi. Prezident İlham Əliyevin 2008-ci ilin 31 iyulunda imzaladığı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası mətbuat-dövlət münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rola malik oldu. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması ilə bağlı imzalanan Fərman mətbuatın dövlət dəstəyindən bəhrələnərək müstəqil inkişafını təmin etdi. Fond həyata keçirdiyi layihələrlə Azərbaycanda KİV-in inkişafına xeyli maddi və mənəvi dəstək göstərib. Bu sahədə görülən mühüm tədbirlərdən biri də Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2010-cu il tarixli Sərəncamıdır. Bununla ölkəmizdə dünya təcrübəsində müşahidə olunmayan addım atılıb. Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi, habelə, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə jurnalistlərin mənzillərlə təmin olunmasını nəzərdə tutan Sərəncamın icrası yönündə görülən işlərin ilkin nəticəsi olaraq 2013-cü il iyulun 22-də, Azərbaycan mətbuatının 138 yaşının qeyd olunduğu bir gündə Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş 17 mərtəbəli binanın açılışı olub və 156 jurnalist evlə təmin olunub. Növbəti belə bina isə gələn il istifadəyə veriləcək.
Azad media mühiti jurnalistlərin məsuliyyətini artırır
Hazırkı dövrdə Azərbaycan cəmiyyətinin fərqli mövqeləri əks etdirən, müxtəlif məzmunlu informasiya almaq imkanları olduqca genişdir. Respublikada kütləvi informasiya vasitələrinin, demək olar ki, hər növü - telekanallar, teleradiolar, internet televiziya və radioları, çap mətbuatı, onlayn qəzet və jurnallar fəaliyyət göstərir. Bu sahədə kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri də önəmlidir. Eyni zamanda, KİV üzərində birbaşa dövlət nəzarətinin ləğv edilməsi ilə hansı informasiyanın qərəzli, yaxud obyektiv, cəmiyyətə lazımlı, yaxud zərərli olmasını müəyyənləşdirmək məsuliyyəti media qurumlarının özlərinin üzərinə düşüb. Azərbaycanda bu gün də mətbuatın azad fəaliyyəti təmin olunur. Üstəlik, ənənəvi KİV-lə yanaşı, insanların getdikcə daha çox üz tutduğu internet resurslarından istifadə ilə bağlı heç bir məhdudiyyətin qoyulmaması vətəndaşların konstitusion hüququ olan informasiya azadlığının mühüm göstəricilərindəndir. Azərbaycan əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir.
Məlumat və söz azadlığının olduğu mühitdə isə mətbuat orqanlarının rəqabətli formada inkişafı üçün şərait yaranır. Cəmiyyətin düzgün və qərəzsiz informasiyaya tələbatının artdığı bir dövrdə bu mühitdən nə dərəcədə səmərəli istifadə olunması media orqanlarının öz üzərinə düşən məsələdir. Sevindirici haldır ki, bəzi neqativ hallara baxmayaraq, əksər media qurumları əhaliyə doğru informasiyanın operativ şəkildə çatdırılması yönündə peşəkarlıqlarını artırmaqdadır. KİV-in inkişafına hərtərəfli şərait yaradan dövlət də, təbii olaraq, media nümayəndələrinin peşə fəaliyyətində vətənə, milli maraqlara, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirmələrini gözləyir.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31