Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir

Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir

22.09.2015 [10:13]

Rusiyada çıxan nüfuzlu “Novıye izvestiya” qəzetinin 21 sentyabr tarixli nömrəsində Georgi Stepanovun “Azərbaycan insan kapitalına sərmayə qoyulmasına üstünlük verir” sərlövhəli məqaləsi dərc edilib.
Məqalə Bakının Dənizkənarı Milli Parkının təsviri ilə başlanır. Müəllif yazır ki, çoxları bu parkı Azərbaycanın rəmzi, onun saysız-hesabsız cizgilərinin və rənglərinin cəmləşdiyi məkan kimi qəbul edir. Məqalədə deyilir: “Burada açıq havadakı kafelərdə dədə-baba qaydası ilə oduncaq və küknar qozası yandırmaqla qızdırılan samovarlar qaynayır. Yaxınlıqdan keçən hər kəsi hökmən bir fincan ətirli Azərbaycan çayı içməyə dəvət edirlər. Yanında da Bakı, Naxçıvan, Şuşa və ya Şəki paxlavası. Burada adam əlindən tərpənmək olmur: ailələr, uşaqlar, qocalar, cavanlar... Adamlar gəzişir, söhbət edir, idmanla məşğul olur, nərd oynayır, dondurma və ya kabab yeyir. Axşamın alatoranlığında, Xəzərdən sərin külək əsəndə bütün bu mənzərə çox qəribə hisslər oyadır. Bura bu insanların torpağıdır, onların dənizi, onların şəhəri, onların keçmişi, bu günü və gələcəyidir”.
Müəllif Azərbaycan Respublikasının iqtisadi fenomeni, ölkədə baş verən genişmiqyaslı dəyişikliklər barədə düşüncələrini oxucularla bölüşərkən Beynəlxalq Valyuta Fondunun və ya Dünya Bankının hesabatlarından götürülmüş rəqəmlərlə oxucunu yormamağa üstünlük verir. Onun sözlərinə görə, bu rəqəmlərin və faktların arxasında konkret insan dayanır: sıravi vətəndaş və dövlət başçısı, neftçi və mühəndis, inşaatçı və müəllim, menecer və tələbə...
Materialda deyilir: “XXI yüzillikdə Azərbaycanın ən birinci meyarı, onun strateji resursu, xırdalanmayan kapitalı insandır”.
Müəllif xüsusi vurğulayır ki, həmişə Azərbaycanın əsas sərvəti sayılan neftin hasilatına zəhmət çəkilməsə o, faydasız, ölü sərvətdir. O yazır: “Bu gün energetika sektoru, neft-qaz sahəsi milli iqtisadiyyatın lokomotivləridir. Amma bir vaxtlar buna şübhə ilə yanaşanlar inandırmağa çalışırdılar ki, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi baş tutmayacaq və üçüncü ölkələrin nefti olmasa, bu kəmər tam gücü ilə işləməyəcək. Lakin 1994-cü il sentyabrın 20-də Azərbaycan Prezidenti Heydər Əliyev və bir sıra xarici şirkətlərin, o cümlədən “Lukoyl”, bp, “Chevron”, “Statoil” və “Exxon” şirkətlərinin rəhbərləri “Əsrin müqaviləsi”ni - Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının mənimsənilməsinə dair kontraktı imzaladılar. Qarşıdakı onilliklər üçün respublikanın inkişaf xəttini müəyyən edən bu müqavilə ölkə büdcəsini zənginləşdirməyə, daha sonra sürətli inkişaf və tərəqqi strategiyasına keçməyə imkan verdi. Respublikanın inkişaf prinsiplərini Heydər Əliyevin aşağıdakı sözləri son dərəcə dəqiq səciyyələndirir: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
G.Stepanov Azərbaycanın təşəbbüsü ilə başlanmış və gerçəkləşdirilməsinin əsas hərəkətverici qüvvəsi bu ölkə olmuş mühüm neft-qaz layihələrinin tarixindən söhbət açaraq xatırladır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi 2003-cü ilin aprel ayında başlandı. Məqalədə deyilir: “Bakı-Tbilisi-Ceyhan kəməri 2005-ci ilin may ayında istifadəyə veriləndə dünya bazarında neftin bir barrelinin qiyməti 100 dollardan yuxarı idi. Bunun nəticəsində Azərbaycan yataqların işlənməsinə sərmayə qoyulmuş vəsaitlərə görə əcnəbi investorlarla hesablaşmanı əvvəl nəzərdə tutulan müddətdən tez başa çatdıra bildi. Qeyd edək ki, 1994-cü ildən bu günə qədər Azərbaycanın neft layihələrinə xarici investisiyaların ümumi həcmi 62 milyard dollardan çox olub.
Bütün region üçün ən mühüm “arteriyaya” çevrilən Bakı-Tbilisi-Ceyhan boru kəməri beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır. Bu boru kəməri istifadəyə veriləndən sonra Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına nəql edilməsi ilə əlaqədar başqa layihələr üzərində, ilk növbədə bu gün Avropada ən iri infrastruktur layihəsi olan “Cənub qaz dəhlizi” layihəsi üzərində iş başlandı. Bu layihənin əsas seqmentləri “Şahdəniz” qaz yatağının işlənməsi, Cənubi Qafqaz boru kəmərinin genişlənməsi, TANAP - Transatlantik layihəsinin reallaşdırılması və TAP - Transadriatik boru kəmərinin tikintisidir”.
Məqalədə deyilir ki, 1997-ci ildə respublikada təqribən 9 milyon ton, 2005-ci ildə 22 milyon tona yaxın neft hasil edilirdisə, indi bu göstərici 42 milyon tondan çoxdur...
Eyni zamanda, müəllifin fikrincə, söhbət layihədən deyil, insandan gedir. Ümummilli liderin əzmkarlığı, intellekti və nüfuzu olmasaydı, bu ideyalar havada qalardı. Əlbəttə, Heydər Əliyevin irsi təkcə bu gün Onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə bitmir. Bu gün Azərbaycan hələ 1990-cı illərin əvvəllərində Ümummilli lider tərəfindən əsası qoyulmuş, iqtisadiyyatdan daha çox mənəviyyatla bağlı olan prioritetlər məcrasında inkişaf edir.
Müəllif daha sonra yazır: “Bu mənada Azərbaycan həqiqətən gələcəyə istiqamətlənib - istər ultramüasir binalar və mehmanxanalar, istər qabaqcıl informasiya-kommunikasiya texnologiyaları, istərsə də bir neçə dil bilən gənc uğurlu biznesmenlərin sayının artması hesabına. Əhalinin orta yaşı 30-dan bir qədər artıqdır. Bu da Azərbaycan dövlətçiliyinin son dərəcə qiymətli resursudur, çünki sağlam ambisiyalar, ən müxtəlif fəaliyyət sahələrində öz imkanlarını reallaşdırmaq cəhdi gəncliyə xas olan cəhətlərdir.
Ölkədə həyata keçirilən ən mühüm layihələrdən biri 2007-2015-ci illərdə 5 min tələbənin dünyanın ən yaxşı ali məktəblərində təhsil almasını nəzərdə tutan Dövlət Proqramıdır. Təhsil xərclərinin çoxunu enerji resurslarının satışından əldə edilən vəsaitin daxil olduğu struktur - Dövlət Neft Fondu ödəyir.
Heç bir ölkə daim neft dollarlarının axması hesabına yaşaya bilməz. Bu həqiqəti çoxdan başa düşən respublika rəhbərliyi iqtisadiyyatı şaxələndirmək qərarına gəlib. Azərbaycanın qeyri-neft sektorunda real ümumi daxili məhsul 2004-cü ildən 2014-cü ilədək demək olar ki, üç dəfə artıb. Ola bilsin, məhz buna görə ölkə dünya böhranından minimum itkilərlə çıxıb: 2009-cu ildə onun iqtisadiyyatı 9,3 faiz artıb, halbuki elə həmin il neftin qiyməti dörd dəfə ucuzlaşıb”.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qeyri-xammal sektorunun keyfiyyətcə artımına güclü təkan verdiyini qeyd edən müəllif yazır: “2003-cü ilin oktyabrında hələ Baş nazir olan İlham Əliyev o vaxtlar prezident seçkilərinə məhz bu proqramla gedib. Sənaye obyektlərinin Bakı ətrafında toplandığı bir vaxtda kənd yerlərində, dağlıq bölgələrdə modernləşdirmə layihəsini həyata keçirmək qərarı bu kursun səmərəliliyi üçün bir çağırış, sınaq oldu. İlham Əliyevin ilk başdan uğurlu regional eksperiment kimi qəbul edilən layihəsi nadir infrastruktur islahatına çevrildi. Azərbaycan Prezidenti deyib: “Biz düşünülmüş iqtisadi siyasət apararaq neftdən asılılığı böyük dərəcədə azalda bilmişik. Bu gün ümumi daxili məhsulumuzda neft amili təxminən cəmi 30 faiz təşkil edir. Beləliklə, biz ölkə iqtisadiyyatının şaxələndirilməsi işində böyük nailiyyətlərə imza atmışıq”.
Məqalədə deyilir: “Nəticədə son yeddi ildə Azərbaycanda ÜDM 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5 faizə qədər azalıb, 1,4 milyondan çox yeni iş yeri açılıb. Orta əməkhaqqı 500 dollar səviyyəsinə yaxınlaşıb. Dövlət sahibkarlığa və aqrar-sənaye kompleksinə ciddi yardım etdiyinə görə ölkə ərzaq məhsullarının çoxu ilə özünü təmin etməyə başlayıb”.
Bununla belə, müəllif diqqəti belə bir fakta cəlb edir: əsas məsələ - siyasi sabitlik olmasaydı, çətin ki, Azərbaycan belə nəticələr əldə edə bilərdi. Analitiklərin hesablamalarına görə, məhz bu amil iqtisadiyyatın coşqun inkişafını irəlicədən müəyyən etdi. Yatırımlarının etibarlı müdafiə ediləcəyinə xarici sərmayədarların əmin olması birbaşa investisiyaların axınını təmin etdi.
G.Stepanovun fikrincə, Azərbaycan uğurunun fenomeni icraçılıq intizamında və sınanılmış addımlardadır: bu, hər hansı islahatın universal qaydasıdır. O yazır: “Əslində, Azərbaycanın elə bir böyük seçim imkanı yox idi, ya durğunluğu, ya da modernləşməni seçməli idi. Respublikanın rəhbərliyi infrastruktur sıçrayışına ümid bağladı: məktəb binalarının və tibb müəssisələrinin geniş tikintisinə başlandı, şəhər və qəsəbələrdə yeni energetika qurğuları işə salındı, yollar şaxələndi və yeni asfalt örtük döşəndi, rabitə və kommunikasiyalar yeni texnologiyalarla təchiz edildi”.
Müəllif siyasi şərhçi Endrü Koribkonun sözlərini sitat gətirir. E.Koribkonun fikrincə, “Azərbaycan başqa ölkələr ilə öz iqtisadi tərəfdaşlığını şaxələndirə, dünyada nüfuzunu artıra və çoxqütblü beynəlxalq siyasətini irəlilədə bilib”. Nəticədə cəmi bir neçə il ərzində respublikada keyfiyyətcə yeni sosial-iqtisadi mühit yaranıb.
Müəllif daha sonra yazır: “Bu günün reallıqları belədir: 2015-ci ilin birinci yarısının yekunlarına görə, Azərbaycanın ümumi daxili məhsulu 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Bu dövrdə qeyri-neft sənayesinin artımı 14 faizdən çox olub. İnflyasiya 3,5 faiz, əhalinin pul gəlirlərinin artımı 6,2 faiz təşkil edib. Altı ay ərzində ölkəyə 12,7 milyard manat (12,2 milyard dollar) sərmayə yatırılıb.
Həmin rəqəmləri bu yaxınlarda Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev söyləyib. Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Aleksandr Karavayevin fikrincə, “Azərbaycanın iqtisadi göstəriciləri hətta ən ciddi dünya meyarlarına görə ən yaxşı göstəricilər sırasındadır”.
Asiya İnkişaf Bankının (AİB) hesablamalarına görə, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı daha 3 faiz, 2016-cı ildə isə 2,6 faiz artacaq. Dünya Bankı bu il ÜDM-in 4,4 faiz, gələn il 4,1 faiz artacağını proqnozlaşdırır.
Məqalədə deyilir: “Mood`s Investor Service” agentliyi öz hesabatında qeyd edib ki, Azərbaycanın fevral ayında manatı devalvasiya etməsi neftin qiymətlərinin düşməsinin şok təsirini yüngülləşdirib və respublikasının qeyri-neft məhsullarını daha rəqabətə davamlı edib”. “Standard&Poor`s” reytinq agentliyi fevral ayında Azərbaycanın kredit reytinqini “BBB -” investisiya səviyyəsində təsdiq edib. Onun hesablamalarına görə, ölkənin xarici borcunun səviyyəsi son dərəcə aşağıdır, fiskal və xarici durumu (aktivləri) isə yetərincə möhkəmdir. Azərbaycan Dünya İqtisadi Forumunun qlobal rəqabətə davamlılıq indeksində 38-ci yerdədir və dalbadal beşinci ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayır.
Müəllif sonda yazır: “Ötən il “qara qızıl”ın qiymətlərinin iki dəfə düşməsi fonunda neft hasil edən ölkələrin çoxu hazırda böyük iqtisadi çətinliklərlə üzləşib, itkilərini və ziyanlarını hesablayır. Azərbaycan isə uzaqgörən iqtisadi siyasəti və qibtəediləcək siyasi sabitliyi sayəsində hazırda nəinki öz ayaqları üzərində möhkəm dayanır, həm də gələcəyə inamla baxır”.

Paylaş:
Baxılıb: 600 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31