Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezidentin qəbul etdiyi qərarlar nəticəsində Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Prezidentin qəbul etdiyi qərarlar nəticəsində Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

23.01.2016 [10:47]

Prezident İlham Əliyev: Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında həm vəziyyətin təhlili, eyni zamanda, müvafiq tapşırıqlar verilmişdir. Bu tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır
Artıq tarixə dönən 2015-ci ildə Azərbaycanın da daxil olduğu regionda və bütövlükdə, qlobal miqyasda bir sıra kifayət qədər ciddi, eyni zamanda, arzuolunmaz tendensiyalar müşahidə edilib. Bütövlükdə, dünya ölkələrinin sosial-iqtisadi inkişaf istiqamətlərini dəyişən, qlobal miqyasda yeni böhran meyilləri yaradan belə arzuolunmaz proseslər içərisində, heç şübhəsiz ki, birjalarda neftin qiymətinin 2014-cü ilin yayından başlayan ucuzlaşmasının ötən ildə də davam etməsini xüsusi vurğulamaq lazımdır. Neftin bütün proqnozları alt-üst edərək kəskin şəkildə - 4 dəfəyədək ucuzlaşması qlobal iqtisadiyyat üçün şok effekti yaradıb. Arzuolunmaz tendensiya yeni ilin ilk günlərində də davam edir ki, bu da beynəlxalq aləmdə iqtisadi və psixoloji gərginliyi daha da artırır. Qeyd edək ki, hazırda “qara qızıl” adlandırılan neft dünya birjalarında istehlakçılara, sözün əsl mənasında, su qiymətinə - bir bareli 30 dollardan da aşağı qiymətə satılır. Birjalarda neftin qiymətində kəskin enmələr neft ixrac edən ölkələrin iqtisadiyyatında təlatümlərə səbəb olur.
Neftin kəskin ucuzlaşması daha çox subyektiv və siyasi amillərlə bağlıdır
Bütün bunların fonunda ortaya “son vaxtlaradək dünya iqtisadiyyatının əsas hərəkətverici komponentlərindən olan neftin qiymətindəki əvvəllər proqnozlaşdırılmayan şok enmələr hansı amillərlə şərtlənir” - sualı çıxır. Və Prezident İlham Əliyev istər Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı, istərsə də dövlət başçısının yanında keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədəki nitqlərində dünyada getdikcə artan hərbi-siyasi gərginliklərin fonunda neftin kəskin şəkildə dəyər itirməsinin kifayət qədər əsaslandırılmış səbəblərini açıqlayıb. Sözügedən müşavirədəki nitqində dövlət başçısı “Bir daha demək istəyirəm, dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. Ancaq bununla belə, dünya iqtisadiyyatı bu qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 4 dəfə aşağı düşsün. Burada, təbii ki, başqa səbəblər, geosiyasi səbəblər də var” - deyə, bildirib.
Beləliklə, Prezident İlham Əliyev bununla, əslində, qlobal məkanda baş verən proseslərin real mənzərəsini göz önündə canlandırıb. Həqiqətən də, hazırda dünyanın reallığı elədir ki, qlobal iqtisadi prosesləri supergüclərin siyasi maraqları kontekstində təhlil etmək lazım gəlir. Bu baxımdan son zamanlar neft faktorunun da siyasi manipulyasiya predmetinə çevrildiyi heç kəsdə şübhə doğurmur. Bu məqamda nəzərə çatdıraq ki, hazırda gündəlik istehlaks 94 milyon bareldən az olan dünya bazarında təklif 97 milyon bareldən çoxdur. Yəni hər gün dünya bazarına 3 milyon barel artıq neft çıxarılır.
Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan ölkədir
Azərbaycanın qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Ötən ilin son ongünlüyündə manatın devalvasiyaya uğraması da ölkəyə neft daxilolmalarının azalması və tərəfdaş ölkələrdə milli valyutaların kəskin dəyər itirməsi fonunda Azərbaycanın makroiqtisadi sabitliyinə yaranan xarici təhdidlərin önlənməsi zərurəti ilə bağlı idi. Yeri gəlmişkən, Prezident İlham Əliyev manatın devalvasiyasının səbəblərinin ölkə xaricində yarandığına diqqət çəkərək bildirib: “... İndiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası, əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaratmışdır”.
Beləliklə, müqayisələr apardıqda aydın görünür ki, Azərbaycan qlobal böhranın təsirinə daha az məruz qalan ölkədir. Dövlət başçısının qeyd etdiyi kimi, bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmişdir. Bu da, ilk növbədə ölkəmizdə zamanında həyata keçirilən geniş şaxələndirmə siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu cəhətə diqqət çəkərək vurğulayıb: “Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik”.
Məlumat üçün bildirək ki, son illərdə ölkəmizdə müvafiq islahatlar həyata keçirilib, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb. Respublikada neftdənkənar iqtisadiyyatın genişlənməsi 2015-ci ildə də davam edib. Belə ki, ötən il qeyri-neft sektorunun artım dinamikası respublika üzrə inkişaf dinamikasını üstələyib. Ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində il ərzində qeyri-neft sənayesi 8 faizdən çox artıb ki, bu da kifayət qədər yüksək göstəricidir.
Azərbaycanda qlobal təsirlərin nəticəsində yaranmış vəziyyətdən çıxmaq üçün ciddi tədbirlər görülür
Ümumiyyətlə, bundan əvvəl də müstəqil Azərbaycanın tarixində ayrı-ayrı illərdə sosial-iqtisadi sahədə müəyyən çətinliklər yaşanıb. Bununla belə, Azərbaycan xalqı və Azərbaycan dövləti analoji məqamlarda həmişə güclü iradə nümayiş etdirib. Heç bir şübhə yoxdur ki, bu dəfə də belə olacaq. Elə məlum müşavirədəki nitqində Prezident İlham Əliyev həyata keçirilən tədbirlər sayəsində ölkəmizin yaranmış vəziyyətdən şərəflə çıxacağına əminliyini ifadə edərək vurğulayıb: “Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında həm vəziyyətin təhlili, eyni zamanda, müvafiq tapşırıqlar verilmişdir. Bu tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır”.
Beləliklə, hazırda ölkəmizdə yaranmış gözlənilməz vəziyyətdən çıxmaq üçün Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ciddi addımlar atılır. Dövlət başçısının vəziyyətdən çıxmaq və ölkənin uğurlu inkişafının davamlılığını təmin etmək məqsədilə aldığı qərarlar konseptual xarakter daşımaqla ölkənin real imkanlarını özündə ehtiva edir və konkret hədəflərə hesablanıb. Xüsusi olaraq vurğulayaq ki, dövlət başçısı manatın məlum devalvasiyasından sonra iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin edilməsinə hüquqi əsaslar yaradan bir sıra sənədlər imzalayıb. Bunlardan bir neçəsini sadalamaq yerinə düşərdi. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Dövlət başçısının imzaladığı sənədlər arasında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam da xüsusi yer tutur.
Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkənin yaranmış vəziyyətdən daha az itkilərlə çıxmasını təmin etmək məqsədilə qanunvericilik bazası daha da təkmilləşdirilir. Elə bu günlərdə Milli Məclis iqtisadi bloka daxil olan bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib.
Struktur islahatları dövlət orqanlarının çevikliyini təmin edəcək
Yaranmış vəziyyətdən çıxış yollarından bəhs edərkən Prezident İlham Əliyevin struktur islahatlarının aparılmasının vacibliyini gündəmə gətirməsini xüsusi qeyd etmək lazımdır. Dövlət başçısı bu barədə fikirlərini ifadə edərkən bildirib ki, bir-birini təkrarlayan və yaxud böyük səmərəsi olmayan qurumlar ya birləşdirilməli, ya da ləğv olunmalıdır.
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında dövlət orqanlarının daha operativ və çevik fəaliyyətinin təmin olunması məqsədilə struktur islahatlarına start verilib. Dövlət başçısının 15 yanvar 2016-cı il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib. Struktur islahatlarının aparılması izafi xərclərin qarşısının alınması ilə yanaşı, dövlət orqanlarının fəaliyyətinin çevikliyinin təmin olunmasında, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılmasında mühüm rol oynayacaq.
Valyuta və istehlak bazarı ciddi nəzarətdə saxlanılır
Eyni zamanda, valyuta və istehlak bazarında ajiotajın qarşısının alınması üçün müxtəlif önləyici tədbirlər görülməsi də yaranmış arzuolunmaz vəziyyətdən daha az itkilərlə çıxmaq və psixoloji gərginliyi aradan qaldırmaq baxımından çox vacib amildir. Qeyd edək ki, məlum devalvasiyadan sonra ölkəmizdə valyuta bazarında ajiotajın qarşısının alınması üçün müxtəlif önləyici tədbirlər görülüb, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondu valyuta satışını bərpa edib. Bu qəbildən olan tədbirlər istehlak bazarının tənzimlənməsi istiqamətində də həyata keçirilir. İstehlak bazarında yumurtanın qiymətini süni şəkildə artıranlar barəsində həbs qətimkan tədbirinin seçilməsi dövlətin bu sahədə qətiyyətli mövqedə olduğunu təsdiqləyir.
Bununla yanaşı, manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət başçısının tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad olunub. Bunun nəticəsində unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb.
Sosial məsələlər də həllini tapır
Məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Əlamətdar haldır ki, respublikamızda sosial sahəyə yönələn vəsaitlərin həcmi indiki gərginliklər şəraitində də artırılır.
Eyni zamanda, manatın devalvasiyasından ötən müddətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində silsilə tədbirlər reallaşdırılır. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılmış önəmli addımdır. Dövlət başçısının müvafiq sərəncamları ilə sosial təminat, mədəniyyət, gənclər və idman, səhiyyə, təhsil, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin əmək haqları artırılıb. Bundan başqa, dövlət başçısı sosial müavinətlərin məbləğinin artırılması haqqında Fərman imzalayıb. Dövlət başçısının imzaladığı digər bir Fərmanla isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılıb.
Perspektiv planlar da kifayət qədər genişdir
Sonda vurğulamaq yerinə düşər ki, yaranmış vəziyyətdən çıxmaq və ölkənin davamlı inkişafını təmin etmək üçün konkret hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyev bəyan edib ki, əmək haqlarının və pensiyaların artırılması məsələsinə 2016-cı ildə yenidən baxılacaq. Ölkədə süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılacaq. Struktur islahatları davam etdiriləcək. Valyuta bazarının tənzimlənməsi, həmçinin milli valyutamıza etimadın artırılması ilə bağlı müvafiq tədbirlər görüləcək. Ümumiyyətlə, dövlət başçısı valyuta bazarının tənzimlənməsi ilə əlaqədar ciddi mesajlarını çatdıraraq bildirib ki, bank sektorunun tənzimlənməsi üçün problemli bankların sağlamlaşdırılması prosesi gedəcək, bank konsolidasiyası aparılacaq və əmanətlərin sığortalanması məsələsi də öz həllini tapacaq. Ölkədə qarşıdakı dövrdə xarici və yerli investorların iştirakı ilə geniş özəlləşdirmə proqramı həyata keçiriləcək ki, bu da sosial-iqtisadi inkişafa əlavə təkan verəcək. Eyni zamanda, respublikada son illərin ənənəsinə uyğun olaraq qeyri-neft sektorunun üstün inkişafı təmin olunacaq. Yerli istehsalın tərkibindəki xarici komponentlərin azaldılması istiqamətində iş aparılacaq. Bundan sonra sahibkarlıq subyektləri daha güclü dəstəklə əhatə olunacaqlar. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. İqtisadiyyat Nazirliyinin hazırladığı 1 milyard 500 milyon manat həcmində investisiya layihələrinin icrasına başlanacaq ki, bunun da sayəsində ölkə üzrə iqtisadi aktivliyin artması təmin olunacaq. Tikinti sektorunun tam sərbəst inkişafı üçün nəzərdə tutulan tədbirlər isə bu sahədə canlanma yaradacaq.
Ölkəmizin uzunmüddətli inkişafının təmin olunması üçün həmçinin bir sıra perspektiv layihələr də nəzərdə tutulur. Məsələn, hazırda Azərbaycana xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi perspektivləri araşdırılır. Bundan başqa, iqtisadiyyatda inkişaf meyillərini təmin etmək üçün dövlət istiqrazlarının buraxılması məsələsinə baxıla, həmçinin ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər.
Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31