Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan-Azərbaycan müharibəsinin yaranması dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir

Ermənistan-Azərbaycan müharibəsinin yaranması dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir

04.02.2016 [09:40]

Prezident İlham Əliyev: Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər
Cənubi Qafqaz müasir dünya siyasətində geosiyasi və geoiqtisadi parametrlər baxımından ən önəmli regionlardan biri hesab edilir. Təsadüfi deyil ki, dünyanın geostrateji təhlükəsizlik sistemini formalaşdıran güc mərkəzləri bu bölgəni əhəmiyyətli geosiyasi məkan kimi özlərinin uzunmüddətli strateji planlarına və konsepsiyalarına daxil ediblər. Məhz bunun göstəricisidir ki, nəhəng aktorlar özlərinin strateji konsepsiyalarında belə bir müddəanı xüsusi olaraq önə çəkirlər ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı faktorların əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir. Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir.
Əlbəttə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Buna baxmayaraq, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa və ya pozmağa cəhd göstərir.
Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılmış dövlətdir
Vurğulamaq gərəkdir ki, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma bir çox hallarda Azərbaycana ikili standartlarla yanaşılır. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli məsələsində beynəlxalq təşkilatlar laqeydlik nümayiş etdirir, hüquq və ədalətdən kənar yanaşmaya istinad edirlər. Hətta bir sıra regionlarda baş verən separatizmi qınaq obyektinə çevirsələr də, qondarma “Dağlıq Qarabağ respublikası”nın bölücülük əməllərinə, qeyri-qanuni fəaliyyətinə qarşı heç bir reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir.
Belə olan halda, Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. Başqa sözlə, ikili standartlar Ermənistanı neqativ kontekstdə ruhlandırır. Bunun nəticəsidir ki, işğalçı Ermənistan ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Yeri gəlmişkən, yanvarın 29-da Prezident İlham Əliyev Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşdə bu məsələyə toxunaraq deyib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: “Bu, bizim dədə-baba torpağımızdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar və Dağlıq Qarabağa, eyni zamanda, tarixi Azərbaycan torpaqlarına qayıdacaqlar. İndiki Ermənistan tarixi Azərbaycan torpağıdır”.
Dövlət başçısı onu da diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir: “Ermənistanın, əlbəttə ki, böyük havadarları var idi, bu gün də var. Siz bunu yaxşı bilirsiniz və məsələnin həll olunmamasının səbəbi məhz bundadır. Çünki Ermənistan təkbaşına deyil, onun böyük havadarları, dəstək verənləri var. Dünya gücləri, - təkcə dünya erməniliyindən söhbət getmir, - böyük dövlətlər müxtəlif səbəblərə görə Ermənistanın işğalçılıq siyasətini faktiki olaraq şərtləndirirlər. Ancaq mən bir daha demək istəyirəm və siz də gənclər kimi bunu bilməlisiniz ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımıza qayıtmağımızdır, o cümlədən indiki Ermənistan ərazisinə Azərbaycan əhalisi qayıtmalıdır və qayıdacaq. Əlbəttə ki, bu, zaman aparacaq. Ancaq bu, bizim amalımızdır, müqəddəs amalımızdır. Biz hamımız bu amalla yaşamalıyıq. Bu gün Azərbaycanın uğurlu inkişafı, eyni zamanda, əhalimizin artması əminəm ki, buna gətirib çıxaracaq. Yəni, biz öz işimizlə hər gün bu günü yaxınlaşdırmalıyıq”.
Azərbaycan diplomatik cəbhədə ciddi nailiyyətlər əldə edib
Qeyd etmək yerinə düşər ki, Ermənistanın qeyri-konstruktiv mövqeyini və bir sıra aparıcı dövlətlərin münaqişəyə ikili yanaşmasını sürdürdüyü bir vaxtda Azərbaycan istər diplomatik, istərsə də iqtisadi vasitələrlə işğalçı ölkəyə qarşı təzyiq siyasətini davam etdirir. Ümumiyyətlə, Azərbaycan həqiqətlərinin, xüsusilə də, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərin uğurlu nəticəsi, Ermənistanın regiondakı bütün layihələrdən kənarda qalması, daxilindəki sosial və iqtisadi böhranların dərinləşməsi Azərbaycanın işğalçını bütün sferalarda təcrid etmək siyasətinin nailiyyətləri kimi səciyyələndirilə bilər. Bundan başqa, informasiya müharibəsində də əhəmiyyətli nailiyyətlər əldə edilib.
O da qeyd edilməlidir ki, Azərbaycan öz qətiyyətli mövqeyi və prinsipial siyasəti ilə diplomatik cəbhədə davamlı uğurlar əldə edib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Məhz bunun nəticəsidir ki, beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Başqa sözlə, Azərbaycanın diplomatiyası sayəsində Ermənistan dalana dirənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti olaraq Azərbaycan işğalçı ölkəni bütün regional və beynəlxalq layihələrdən təcrid edib. Təbii ki, bu amil təcavüzkar Ermənistandakı sosial-iqtisadi böhranın dərinləşməsini şərtləndirib.
ATƏT-in Minsk qrupunun fəaliyyətinə yalnız mənfi qiymət vermək olar
Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə edilməsi - Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Məhz buna görə də münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini artırmalı, eyni zamanda, Ermənistana qarşı xüsusi təzyiq mexanizmindən və vasitələrindən istifadə etməlidir. Bu danışıqlar prosesində pozitiv dinamikanın yaranmasına səbəb ola bilər.
Təəssüf ki, münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupundan gözləntilər özünü doğrultmur. Prezident İlham Əliyev məlum çıxışı zamanı bu məsələyə toxunub: “Əfsuslar olsun ki, Ermənistan tərəfi vaxtı uzatmağa çalışır. Çox təəssüf edirəm ki, bu məsələ ilə bilavasitə məşğul olmalı olan Minsk qrupunun həmsədrləri münaqişənin həllinə yox, dondurulmasına çalışırlar. Onların bugünkü fəaliyyəti tamamilə mənasızdır. Onlar nəinki Ermənistana təzyiq etmirlər, hətta Ermənistanı mümkün olan problemlərdən qoruyurlar”.
Dövlət başçısı Avropa Şurasında son dinləmələr zamanı baş verənləri də ATƏT-in Minsk qrupunun təxribatçı fəaliyyətinin nəticəsi kimi dəyərləndirib: “Baxın, Avropa Şurasında son dinləmələrdə onların təxribatçı fəaliyyəti nəyə gətirib çıxardı. Sual olunur: onlar özlərini nə sayırlar? Yəni, bütün beynəlxalq təşkilatlara təzyiqmi edəcəklər? Bütün beynəlxalq təşkilatlara göstərişmi verəcəklər? İndi Avropa Şurası bu məsələni gündəliyə çıxarır. Məruzəçi təyin edilibdir. Avropa Şurası beynəlxalq təşkilatdır. Düzdür, Azərbaycan bu təşkilatla əlaqələri 15 ildir ki, qurubdur və münasibətlərdə heç də hər zaman problemsiz dövr olmamışdır. Ancaq Avropa Şurası ilk dəfə olaraq 2005-ci ildə Ermənistanın işğalını pisləyən qətnamə qəbul etmişdir. Həmin sənəddə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Əlbəttə, orada müxtəlif adamlar var. Anti-Azərbaycan mövqeyində adamlar var, islamofob adamlar kifayət qədər çoxdur. Ümumiyyətlə, Ermənistanla həmrəy olanlar, erməni lobbisi ilə bağlı olanlar var. Mən orada üzv olmuşam, bunu bilirəm. Ancaq bu təşkilat indi bu məsələni gündəliyə çıxarıb. Minsk qrupunun həmsədrləri onlara təzyiq edirlər ki, bu məsələyə baxılmasın. Məhz bu təxribatçı fəaliyyətə görə bizə 4 səs çatmadı ki, bu qətnamə qəbul olunsun”.
Prezident İlham Əliyev bu mövqenin bariz ikili standartlar nümunəsi olduğunu da diqqətə çatdırıb: “...Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə hansı qiymət vermək olar? Ancaq mənfi. Mən onların üzünə də demişəm və deyirəm. Bu gün bunu açıq deyirəm ki, ictimaiyyət də bilsin. Məsələnin həll olunmamasında onların ən böyük rolu var. Nə üçün? Çünki ikili standartlar var. Səbəb nədir? Soruşanda cavab yoxdur. O da bir taktikadır. Nə vaxt ki, sual sərf etmir, cavab vermirlər. Amma bu cavabı biz bilirik - ikili standartlar. Əlbəttə ki, burada siz də bilməlisiniz, Azərbaycan xalqı da bilməlidir. Daha doğrusu bilir, amma mən bunu deyəcəyəm. Burada din amili rol oynayır. Müsəlman olduğumuza görə bizə ikili standartlar münasibəti göstərilir. Xüsusilə indiki dövrdə ki, Avropada islamofobiya pik həddinə çatıb”.
Nəticə etibarilə, müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində kifayət qədər diplomatik resurslara malik olan aparıcı beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu, həmçinin bu qurumlarda təmsil olunan güc mərkəzləri (aparıcı milli dövlətlər nəzərdə tutulur- N.Q.) münaqişənin həlli ilə bağlı imperativ və operativ səciyyəli tədbirlər görməlidirlər. Məsələn, BMT bundan öncə qəbul etdiyi 4 qətnamənin icrası ilə bağlı daha effektiv islahedici metodlara istinad etməli və prinsipial mövqe sərgiləməlidir.
Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regional təhlükəsizliyə ciddi təhdid kimi
Digər bir məqam isə budur ki, dünya ictimaiyyəti, xüsusilə də, müvafiq beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu nəzərə almalıdırlar ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər strateji baxımdan ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyət regional təhlükəsizliyə təhdid yaratmaqla bərabər, eyni zamanda, bölgədə yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına əngəl olur. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki, ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür.
Ermənistanın qeyri-konstruktiv fəaliyyəti ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır
Bunlarla yanaşı, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və son addımları ona qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir. Əlbəttə, sülh prosesinə ən böyük təhlükə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olmasıdır. Buna görə, ilk növbədə, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər də tez bir zamanda regionda sülh, sabitlik və müəyyənlik bərpa oluna bilər. Nəhayət, beynəlxalq ictimaiyyət Ermənistana sanksiyaların tətbiq olunması ilə bağlı ciddi tədbirlər görməlidir. Nəticə etibarilə, Azərbaycan ictimaiyyəti Ermənistanın cəzalandırılmasını və ədalətin bərqərar olunmasını tələb edir.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31