Son 12 il Azərbaycanda böyük uğurlarla yadda qalıb
10.02.2016 [10:02]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir
Hazırda Azərbaycan qlobal məkanda bəşəri dəyərlərə fundamental töhfələr verməklə yanaşı, müstəqil, milli mənafeyə söykənən siyasət aparan və bütün parametrlər baxımdan müsbət mənada fərqlənən bir ölkə kimi tanınır. Dünyanın bir sıra dövlətləri ölkəmizin nümunəvi inkişaf modelinin səciyyəvi cəhətlərini öyrənməyə və bu təcrübədən bəhrələnməyə çalışırlar. Təbii ki, Azərbaycanın uğurlarının arxasında son 12 ildə davamlı olaraq həyata keçirilən məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində qeyd etdiyi kimi, son 12 il ərzində biz böyük, şərəfli yol keçmişik.
İqtisadiyyatın 3 dəfədən çox genişlənməsi Azərbaycanın gücünü artıran əsas faktorlardan biridir
Son illər ərzində dünya miqyasında sosial-iqtisadi inkişaf baxımından Azərbaycan kimi sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Məlumdur ki, hər bir ölkənin ümumi inkişafını şərtləndirən amillər sırasında iqtisadiyyatın güclənməsi, o cümlədən də ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Son 12 ildə dünya miqyasında ÜDM istehsalında ən yaxşı göstərici məhz Azərbaycanda qeydə alınıb. Belə ki, 2004-cü ildən bu günə qədər respublikamızda ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da dünya miqyasında rekord göstəricidir.
Son 12 ildə Azərbaycan iqtisadiyyatının genişlənməsinin miqyası region ölkələri ilə müqayisədə daha qabarıq şəkildə nəzərə çarpır. Davamlı iqtisadi artım nəticəsində Azərbaycan regionda iqtisadi cəhətdən ən qüdrətli ölkəyə çevrilib. Əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, hazırda bu nisbət əhəmiyyətli dərəcədə dəyişib. Belə ki, bu gün region iqtisadiyyatının təxminən 75 faizi respublikamızın payına düşür.
Getdikcə artan iqtisadi potensialı sayəsində bölgədə yeni reallıqları məhz respublikamız diktə edir. İndiyədək ölkəmiz regionun inkişafında əhəmiyyətli rol oynayan Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi tarixi layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də onların reallaşdırılmasına və uğurla istismar edilməsinə sanballı töhfələr verib. Azərbaycanın əsas moderator rolunda çıxış etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası da uğurla davam etdirilir.
Azərbaycanın iqtisadi uğurları nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf edilir. Dünya İqtisadi Forumunun (“World Economic Forum”) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da, Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır.
Son 12 ildə iqtisadi potensialının 3 dəfədən çox genişlənməsi Azərbaycanın gücünü artıran əsas faktorlardan biridir. Ölkəmiz məhz iqtisadi gücünə əsaslanaraq genişmiqyaslı sosial proqramlar həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda sırf milli maraqlara əsaslanan müstəqil siyasətini qətiyyətlə davam etdirir. Bu cəhətə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün Azərbaycan dünya miqyasında seçilmiş ölkələrdəndir, ləyaqətli ölkədir, müstəqil siyasət aparan ölkədir. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır və güclü iqtisadiyyatdır”.
Son 12 ildə Azərbaycana 200 milyard dollardan çox investisiya yönəldilib ki, bu da ölkəmizə olan inamın ifadəsidir
Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Ötən 12 il ərzində ölkə iqtisadiyyatına müxtəlif mənbələrdən 200 milyard dollardan çox investisiya qoyulub. Ölkəmizə sərmayə qoyuluşunun artım tendensiyası qlobal miqyasda ciddi maliyyə və likvidlik problemi yaşandığı 2015-ci ildə də davam edib. Belə ki, il ərzində ölkəmizə müxtəlif mənbələrdən təxminən 20 milyard dollar həcmində investisiya yönəldilib. Prezident İlham Əliyev qlobal çətinliklər fonunda Azərbaycana investisiyalar yönəldilməsini ölkəmizə olan inamın göstəricisi kimi səciyyələndirib: “Əgər biz sabitliyi, inkişafı, gözəl biznes və investisiya mühitini yaratmasaydıq, hansı xarici şirkət buraya sərmayə qoya bilərdi? İndi sabitliyi pozulmuş ölkələrə baxın, heç kimsə sərmayə qoyur?! Qoymur və təbiidir, kim risk edəcək?! Biz indi özümüz, - indi bizim vəsaitimiz var, - gedib haradasa sabitliyi olmayan ölkəyə sərmayə qoya bilərikmi? Əlbəttə ki, yox”.
Beləliklə, son illərdə Azərbaycanın, bir tərəfdən, fərqli sosial-iqtisadi inkişaf modeli, digər tərəfdən isə, ölkəmizin daim yeni əməkdaşlıq platformalarından çıxış etməsi respublikamıza qlobal miqyasda böyük nüfuz qazandırıb. Belə bir rasional siyasətin sayəsində, eyni zamanda, xarici investorların ölkəmizə marağı və inamı da əhəmiyyətli dərəcədə artıb. Əlamətdar haldır ki, bu gün iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar yatıran xarici ölkələr arasında yüksək inkişaf səviyyəsinə çatmış Avropa İttifaqı ölkələri üstünlük təşkil edir. Son 12 ildə Azərbaycanda əsas kapitala yönəlmiş xarici investisiyaların 51 faizi, qeyri-neft sektoruna qoyulmuş xarici investisiyaların isə 36 faizi məhz Avropa İttifaqı ölkələrinin payına düşür.
Bu sırada Almaniya, Böyük Britaniya, Fransa, İtaliya kimi ölkələrin adını çəkmək mümkündür. Azərbaycanda müxtəlif Avropa ölkələrinə məxsus 1000-dən çox şirkət qeydiyyatdan keçib. Bu şirkətlər sənaye, ticarət, kənd təsərrüfatı, nəqliyyat, bank işi və digər sahələrdə uğurla fəaliyyət göstərirlər. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqının 20 ölkəsi arasında ikiqat vergitutmanın aradan qaldırılması, 17 ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalanıb, 10-dan çox ölkə ilə isə hökumətlərarası komissiya yaradılıb.
İndiyədək ölkəmizə qoyulan xarici sərmayələr daha çox həcmdə enerji sektoruna yönəldilib. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin ölkə olması baxımından bu, təbiidir. Ancaq ölkəmizin qeyri-neft sektorunda da böyük investisiya cəlbediciliyi var. Buna görə də perspektivdə xarici sərmayələrin neftdənkənar iqtisadiyyata istiqamətləndirilməsi hədəflənib. Bununla bağlı ölkəmizin strateji kursuna diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda investisiya iqlimi müsbətdir. Əgər belə olmasaydı, xarici firmalar Azərbaycana 100 milyard dollar investisiya qoymazdılar. Biz isə çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”.
Ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun çəkisi artıb
Hazırda dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan bir sıra ölkələri neft amilindən asılılıq sindromunun acı fəsadları ilə üzləşib. Azərbaycan iqtisadiyyatı da uzun illər ərzində neft amili ilə sıx bağlı olub. Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, uğurlu inkişaf modeli sayəsində Azərbaycan neftin birjalarda kəskin dəyər itirməsi fonunda yaranan yeni şəraitdə də özünün iqtisadi potensialını artırmaqda davam edir. Zamanında həyata keçirilən islahatlar, şaxələndirmə siyasəti indiki məqamda Azərbaycan iqtisadiyyatının dayanıqlılığını, ölkənin qlobal böhranın təsirlərinə daha az məruz qalmasını şərtləndirir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu cəhətə diqqət çəkərək vurğulayıb: “Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı”.
Hərtərəfli dövlət dəstəyi və güclü maliyyə təminatı sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur. Bir vaxtlar ölkədə istehsal olunan ümumi daxili məhsulda neft sektorunun çəkisi 80 faiz civarında idi. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Prezident İlham Əliyev ÜDM-in strukturunda qeyri-neft sektorunun çəkisinin artmasını müsbət hal kimi dəyərləndirərək bildirib ki, qarşıda duran vəzifə neftdən asılılığı minimuma endirməkdən ibarətdir: “Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik”.
Ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin olunmasından söhbət açarkən sənaye istehsalının daha dinamik şəkildə artmasını xüsusi vurğulamaq lazımdır. Bu inkişaf dinamikası qeyri-neft sənayesində daha qabarıq şəkildə nəzərə çarpır. Son 12 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Respublikamızda ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişlənməsi ilə paralel surətdə yeni istehsal sahələri yaradılıb. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2015-ci ildə 50 faizədək yüksəlib. 2004-2015-ci illərdə respublikamızda tikinti materialları istehsalı 2,5, elektrik avadanlıqları istehsalı 2,1, metallurgiya sənayesi 2,2, geyim istehsalı 2,5 dəfə artıb. Ümumiyyətlə, bəhs olunan dövrdə Azərbaycanda 70 mindən çox müəssisə yaradılıb. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan konfransdakı nitqində 2015-ci ildə ölkənin qeyri-neft sənayesində 8,4 faiz artıma nail olunmasını uğurlu sənayeləşdirmə siyasətinin bəhrəsi kimi səciyyələndirib: “Ən müsbət nəticə isə ondan ibarətdir ki, qeyri-neft sənayemiz 8,4 faiz artmışdır. Bax budur əsas göstərici. Çünki bu, onu göstərir ki, ölkəmizdə aparılan sənayeləşmə siyasəti öz bəhrəsini verir”.
Ötən illərdə sahibkarlığın inkişafına 1,7 milyard manat güzəştli kreditlər verilib
Son 12 ildə Azərbaycan dövlətinin iqtisadi inkişafının əsas prioritetlərindən biri də sahibkarlığın inkişafı ilə bağlı olub. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Prezident İlham Əliyev ölkəmizdə sahibkarlara dövlət dəstəyinin artırılmasından, o cümlədən də maliyyə təminatının gücləndirilməsindən məmnunluğunu ifadə edərək deyib: “Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir. Bu ili nəzərə alsaq, 2 milyard manat edir. Yəni bu, dövlət dəstəyidir. Ona görə sahibkarlar da həm iş yerləri yaratmalıdırlar, öz istehsal sahələrini genişləndirməlidirlər, həm də fəaliyyət göstərdikləri bölgələrdə sosial məsuliyyəti hiss etməlidirlər”.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb. Ötən il özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 12600-dək yeni iş yerinin açılması üçün şərait yaradılıb. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür. Prezident İlham Əliyev özəl bölmədə əldə olunan uğurları bu istiqamətdə görülmüş işlərin nəticəsi kimi qiymətləndirib: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir”.
Qlobal kataklizmlərin fonunda respublikamızda sahibkarların dəstəklənməsi siyasətinin aktuallığı daha da artıb. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Dövlət başçısının nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq son vaxtlarda ölkəmizdə biznes mühitinin optimallaşdırılması və sahibkarlığın daha geniş şəkildə təşviq edilməsi istiqamətində effektiv tədbirlər həyata keçirilir. Parlamentdə təsdiqlənən müvafiq qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Həmin müddətdə sahibkarlıq subyektlərində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Prezident İlham Əliyevin imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərman da ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasına xidmət edir. Fərmana əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

