Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir

Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir

10.02.2016 [10:07]

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib
Hazırda öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir, əhalinin rifah halı gündən-günə daha da yüksəlir. Eləcə də Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib.
Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
Beləliklə, müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən əməkdaşlıq həm də ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir. Məlum olduğu kimi, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın əsasının qoyulması ilə yanaşı, beynəlxalq əlaqələrin qurulmasında və inkişaf etdirilməsində əhəmiyyətli dönüş yaranıb. Müstəqilliyimizin ilk illərində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması, o cümlədən siyasi əlaqələrin daha da gücləndirilməsi baxımından beynəlxalq aləmlə münasibətlərin yaranması olduqca mühüm idi və Ulu öndər Heydər Əliyevin səyi, həmçinin iradəsi nəticəsində bu münasibətlər qarşılıqlı etibar, etimad və anlaşma prinsipləri üzərində qurulub.
Hazırda Prezident İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir. Bu mənada xarici siyasətimizdə əldə olunan uğurlar ciddi təməllər üzərində qurulub. Hazırda dövlətimizin başçısı tərəfindən həyata keçirilən xarici siyasət mükəmməl konsepsiyaya əsaslanır. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq siyasətlə bağlı öz mövqelərini dünyada daha da möhkəmləndirdiyini bildirib: “Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Bizim xarici siyasətimiz açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət yaradır”.
Ümumiyyətlə, Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Ən önəmli məqam odur ki, bütün bunlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, həmçinin perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır. Eyni zamanda, ölkəmiz həyata keçirdiyi siyasətdə beynəlxalq hüquq normalarına istinad edir və bunun əsasında da öz maraqlarını qoruyur. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hər bir məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirir: “Bu mövqe, ilk növbədə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Beynəlxalq hüququn norma və prinsipləri əsas şərt olmalıdır. Çünki bugünkü beynəlxalq aləm bu prinsiplər üzərində qurulubdur. Əgər bunlar pozulursa, onda bütün beynəlxalq əməkdaşlıq və münasibətlər mexanizmi pozulur. Beynəlxalq aləmdə bax bu prinsipial mövqe, əlbəttə ki, bizə böyük rəğbət yaradır. Azərbaycan müstəqil, prinsipial ölkə kimi öz mövqelərini daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda ölkəmiz haqqında bu düzgün təsəvvür gələcəkdə bizə əlavə imkanlar yaradacaqdır”.
Qeyd edək ki, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret, praktik nəticələrə gətirib çıxarır. Rəsmi Bakı dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev beynəlxalq təşkilatların yüksək səviyyəli tədbirlərində iştirakı zamanı hər zaman Azərbaycanın milli maraqlarını ifadə edir.
Qeyd etdiyimiz kimi, ölkəmiz beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev də çıxışlarında bu faktı xüsusi vurğulayır. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrindən danışarkən BMT-nin adını çəkməmək mümkün deyil. Uğurlu xarici siyasət xəttinin həyata keçirilməsi sayəsində BMT miqyasında Dağlıq Qarabağ münaqişəsinə hüquqi-siyasi qiymət verilib. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. 2008-ci ildə isə təşkilatın Baş Assambleyası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair sənəd qəbul olunub. Bu müstəvidə ən böyük uğur isə ölkəmizin BMT Təhlükəsizlik Şurasına (2012-2013-cü illər üçün) üzv seçilməsi oldu. Bu quruma üzv olaraq ölkəmiz dünyada baş verən proseslərə dair həlledici qərarların qəbulunda birbaşa iştirak edib.
Dünyanın digər mötəbər qurumu olan NATO ilə əməkdaşlıq Azərbaycana öz hərbi potensialını daha da artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir. Eynilə digər təşkilatlarla əməkdaşlıqda da qarşıya qoyulan ən ümdə məqsəd bu və ya başqa sahələrin, Azərbaycanda demokratiyanın inkişafına təkan verməkdir. O cümlədən Avropanın qabaqcıl təşkilatları ilə münasibətlərin inkişafı rəsmi Bakının maraqlarına cavab verir. Məsələn, bu gün Azərbaycan ən önəmli beynəlxalq təşkilatlardan biri olan Avropa İttifaqı ilə müsbət istiqamətdə münasibətlər qurub. Ölkəmiz bu təşkilatla Yeni Qonşuluq Siyasəti proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq kifayət qədər səmərəlidir. Azərbaycanın perspektivdə bu təşkilata üzvlüyü isə təşkilatın sərgiləyəcəyi mövqedən asılı olacaq. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi, Avropaya inteqrasiya planı baxımından da, əgər bu təşəbbüs Avropa İttifaqı tərəfindən irəli sürülmüş olsa, əlbəttə, Bakı onu nəzərdən keçirəcək.
Azərbaycanın Avropanın digər təşkilatı - Avropa Şurası ilə münasibətlərini də pozitiv və çoxşaxəli hesab etmək olar.
Heç kəsə sirr deyil ki, Azərbaycan müsəlman ölkəsidir və digər müsəlman dövlətləri ilə də fəal əməkdaşlıq içərisindədir. O cümlədən, rəsmi Bakının İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri də daim güclənir.
Eyni zamanda, Azərbaycanın MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və bütün digər təşkilatlarla da əlaqələri inkişaf edir, həmçinin bu münasibətlər əməkdaşlıq və qarşılıqlı maraqların qorunmasına xidmət etməklə, ölkəmizin üzləşdiyi problemlərin həllinə də yardımçı olur. Xarici siyasətdə müəyyənləşdirilmiş bu prioritetlər isə, təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir.
Faktdır ki, Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır.
Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Son olaraq “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bu layihə bütövlükdə Avropanın enerji təhlükəsizliyində yeni mərhələ açacaq. Bildiyimiz kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib. Eyni zamanda, Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verilir.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 1390 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31