Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan total terror ekoloji metodlarla da davam etdirilir

Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan total terror ekoloji metodlarla da davam etdirilir

17.02.2016 [10:02]

Prezident İlham Əliyev: Biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, torpaqlarımızın 20 faizini işğal etməsi həm də çoxsaylı ekoloji problemlərin meydana çıxmasına səbəb olub. Faktlar sübut edir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan total müharibə həm də ekoloji metodlarla davam etdirilir. Məhz indiyədək aparılan bu terrorun nəticəsidir ki, Dağlıq Qarabağ regionundakı müasir ekoloji durum müxtəlif mənşəli ekosistem pozulmalarından biri kimi diqqət çəkib.
Sərsəng su anbarının işğalı nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalıblar
Eyni zamanda, Sərsəng su anbarının işğalı nəticəsində Dağlıq Qarabağ və ona bitişik ətraf rayonlar ekoloji təhlükə qarşısında qalıblar. 1976-cı ildə inşa edilən Sərsəng su anbarının Ermənistanın işğalı altında olduğu 20 ildən artıq müddətdə texniki qurğuları və avadanlıqları baxımsızlıqla üzləşib, onlara xidmət göstərilməməsi səbəbindən qəza vəziyyətinə düşüb. Odur ki, su anbarının təbii fəlakət və sair səbəblər üzündən dağılma ehtimalı böyükdür. Baş verə biləcək qəza işğal olunmuş ərazilərlə yanaşı, qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Bu isə insanların həyatına, səhhətinə, əmlakına zərər vurulmasına və başqa hüquqlarının pozulmasına, habelə regionda olan digər canlıların məhvinə gətirib çıxara bilər.
Onu da qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən mütəmadi olaraq çaylarda monitorinqlər keçirilir. Monitorinqlərin nəticəsinə uyğun olaraq çox vaxt Ermənistandan təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə edilir. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçir.
Yeri gəlmişkən, fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə sualları cavablandırarkən bu məsələlərə də toxunub. Dövlət başçısı qeyd edib ki, bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur: “Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir. Sizin də qeyd etdiyiniz kimi, biz iyirmi ildən artıqdır ki, təcavüz və işğaldan əziyyət çəkirik. Ərazilərimizin 20 faizi işğal altındadır. İnsanların əziyyət çəkməsindən savayı, təbiətimiz də əziyyət çəkir. Çünki hər hansı beynəlxalq nəzarət altında olmayan bu ərazilərdə çoxlu qeyri-qanuni fəaliyyətlər, xüsusilə meşələrin qırılması baş verir. Çünki bu ərazilər öz qədim ağac və meşələri ilə çox məşhurdur. İndi isə bu meşələr kommersiya məqsədləri üçün kəsilir”.
Bu məqamda onu da vurğulayaq ki, işğaldan əvvəl Sərsəng su anbarı kanallar vasitəsilə 7 rayonun ərazilərindəki 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Lakin indi çaylardan su tamamilə kəsilib, anbardan saniyədə cəmi 1-1,5 kubmetr su verilir. Bu sudan isə ətraf ərazilərdəki əhali məişət problemlərinin həll olunması üçün istifadə edirlər. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda bir sıra xəstəliklərin geniş yayılmasına səbəb olur. ETSN tərəfindən işğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş katibinə, Biomüxtəliflik üzrə Konvensiya İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin prezidentinə rəsmi müraciətlər də edilib. Bütövlükdə isə, bu məsələyə dair dünya ictimaiyyətinə mütəmadi məlumatlar verilir, problem müxtəlif təşkilatlar səviyyəsində müzakirəyə çıxarılır.
Azərbaycan mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində konkret mövqe nümayiş etdirir
Yeri gəlmişkən, AŞ PA-nın Sosial məsələlər komitəsinin ötən il noyabrın 23-də Parisdə keçirilən iclasında Bosniya və Hersoqovinadan olan deputat xanım Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə olunaraq qəbul edilib. Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək məruzənin AŞ PA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürüb. Bu təklif səsverməyə çıxarılıb və rədd edilib. Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə anti-Azərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilməyib. Düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və noyabrın 4-də siyasi məsələlər komitəsi tərəfindən qəbul olunmuş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Məlum idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda, işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən çıxarmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmayıb və həmin cəfəngiyat xarakterli düzəliş də qəbul edilməyib. Sonda Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyulub, 22 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.
Bununla yanaşı, bir müddət öncə AŞ PA-nın plenar iclasında “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilib” adlı məruzə qəbul olunub. Məruzədə bildirilir ki, içməli sudan maneəsiz istifadə hər bir dövlət üçün əsas hüquq, həyat mənbəyi və strateji əhəmiyyətə malikdir və sərhədlərin mövcudluğu bu istifadəni məhdudlaşdıra bilməz. Qəsdən sudan məhrumetmə günahsız vətəndaşlara zərər yetirmə vasitəsi kimi istifadə edilə bilməz. Qəsdən süni ətraf mühit böhranı yaratmaq “ekoloji təcavüz” kimi qəbul edilməli və ekoloji fəlakət zonaları yaratmaq, həmçinin aidiyyəti əhalinin normal yaşamını çətinləşdirmək məqsədilə bir dövlətin digərinə qarşı düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ətraf ərazilərinin Ermənistan tərəfindən işğalı Azərbaycanın Aşağı Qarabağ bölgəsində yaşayan əhalisi üçün oxşar humanitar və ekoloji problemlər yaradır və AŞ PA bunu pisləyir. Məruzədə o da qeyd edilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarında 20 ildən artıq dövr ərzində mütəmadi baxım işlərinin aparılmaması bütün ətraf ərazilər üçün təhlükə yaradır. Sərsəng su anbarının baxımsız vəziyyətdə qalması çoxsaylı insan tələfatı və yeni humanitar böhrana səbəb ola biləcək böyük fəlakətə gətirib çıxara bilər. Assambleya bu məsələ ilə bağlı hesabatın hazırlanması prosesində Ermənistan parlament nümayəndə heyəti və hakimiyyətinin əməkdaşlıq etməməsi faktını kəskin şəkildə pisləyir. AŞ PA Ermənistanın bu kimi davranışının Avropa Şurasının tamhüquqlu üzvü kimi üzərinə götürdüyü öhdəliklərinə uyğun gəlmədiyini hesab edir, bu və parlamentarilərin səlahiyyəti dövründə yarana biləcək buna oxşar məsələlərdə atacağı addımları nəzərdən keçirir.
Prezident İlham Əliyev bəhs olunan tədbirdə onu da bildirib ki, biz işğalı davam etdirən ölkə ilə daha da böyük anlaşmaya malik olmaq istəyirik: “Sizə deyə bilərəm ki, bu yaxınlarda - yanvar ayında Avropa Şurasının Parlament Assambleyası qonşu regionlara suyun təchizatında problem törətməsinə görə Ermənistanı pisləyən qətnamə qəbul etmişdir. Parlament Assambleyasında əksəriyyət tərəfindən qəbul edilmiş bu qətnamədə əziyyət çəkən insanlara iztirab verməyə son qoymağa çağırış edilir. Əfsuslar ki, onlar Dağlıq Qarabağ Azərbaycanın hələ de-fakto hissəsi olanda tikilmiş su anbarından mülki əhaliyə problemlər törətmək üçün istifadə edirlər”.
Nəticə etibarilə, Azərbaycan bu vəziyyət, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketinin hazırlanmasına nail olmaq istiqamətində davamlı tədbirlər görür. Dünya ictimaiyyəti nəzərə almalıdır ki, işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi yolverilməzdir və beynəlxalq təşkilatlar Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycana təhvil verməyə məcbur etməlidirlər.
Nurlan QƏLƏNDƏRLİ

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31