Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tarixi ənənələr və məqsədyönlü dövlət siyasəti Azərbaycanda mükəmməl tolerantlıq mühiti formalaşdırır

Tarixi ənənələr və məqsədyönlü dövlət siyasəti Azərbaycanda mükəmməl tolerantlıq mühiti formalaşdırır

18.02.2016 [10:28]

Rəngbərəng çəmən çiçəkləri ana təbiətin gözəlliyini birə beş artırır. Rəssamın müxtəlif rənglərin harmoniyasından yaratdığı tablo sonsuz bir cazibə ilə tamaşaçını özünə çəkir. Bütün bu gözəlliklər insanı heyrətləndirməklə yanaşı, onu saflaşdırır, xoş əməllərə sövq edir. Müxtəlif dinlərin, mədəniyyətlərin daşıyıcısı olan xalqlar da bəşəriyyətin əsas dəyəri olmaqla dünyamızın rəngarəngliyini təmin edirlər. Hər xalq öz zəngin adət-ənənələrini, mədəniyyətini, folklorunu, elmi-texniki nailiyyətlərini təqdim etməklə dünyanı daha da zənginləşdirir və bu zənginlik üzərində qlobal inkişaf təmin olunur.
Məhz bu və digər səbəblər üzündən də zaman-zaman ayrı-ayrı cəmiyyətlərin qabaqcıl ziyalıları, mütəfəkkir insanlar tərəfindən bütün Yer üzünün xalqlarını dostluğa, qardaşlığa səsləyən çağırışlar edilib. Dünyadakı milli-dini-irqi müxtəlifliyi təcəssüm etdirən çoxlu simvolikalar yaranıb. Cəmi bir neçə ay bundan əvvəl - ötən ilin yayında Azərbaycanın birinci Avropa Oyunlarına ev sahibliyi etdiyini nəzərə alaraq məhz Olimpiya Oyunlarının əsas simvollarından biri olan halqaları xatırlayaq. Bu simvol ağ fonda göy, sarı, qara, yaşıl və qırmızı rənglərdə olan beş bir-birinə birləşdirilmiş halqadan ibarətdir. Haqqında bəhs olunan simvol Olimpiya Oyunlarının XX əsrdə yenidən bərpa olunmasının təşkilatçılarından olan Baron Pyer de Kuberten tərəfindən 1912-ci ildə hazırlanıb. Kubertenin qənaətinə görə, ağ fondakı rəngli halqalar o vaxt Olimpiya Oyunlarında yarışan bütün milli bayraqlarda görünən rənglərdən xəbər verir. Kuberten 1912-ci ilin Olimpiadasında sonradan bütün dünya tərəfindən qəbul edilən simvolu belə təqdim etmişdi: “Bu beş rəng istisnasız olaraq, bütün xalqların rənglərini özündə cəmləşdirib”.
Yer üzündə xalqlar, mədəniyyətlər arasında həmrəyliyin gücləndirilməsi ilə bağlı daha bir çağırış UNESCO-dan gəlib. Hazırda hər il 16 noyabr bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu ənənənin əsası isə 1995-ci il noyabrın 16-da qoyulub. Qeyd olunan tarixdə UNESCO-ya üzv olan 185 ölkənin təmsilçiləri qurumun 50 illiyi münasibətilə “Tolerantlıq prinsiplərinin izahı” ilə bağlı sənəd imzalayıblar. Beləliklə, həmin vaxtdan etibarən dünya müxtəlif dinlərə və sivilizasiyalara məxsus insanların planetimizdə birgə yaşamasının mümkünlüyünü qeyd edir.
Tolerantlıq çağırışları bu gün dünya üçün çox aktual məsələyə çevrilib
Kubertenin Olimpiya halqalarında simvollaşdırdığı xalqların həmrəyliyi ideyası aradan 100 il ötəndən sonra bütün dünya üçün daha aktual çağırışa çevrilib. Paradoksdur, bəşəriyyət müxtəlif rəngli və müxtəlif inanclı insanların ümumi töhfələri əsasında yüksək inkişaf səviyyəsinə çatdığı halda, XXI əsrdə planetimizin üzləşdiyi qlobal təhdidlərdən biri məhz irqçiliklə, fərqli mədəniyyətlərə və dinlərə dözümsüzlüyün artması ilə bağlıdır. Bu gün Yaxın Şərqdə və Avropada müxtəlif sivilizasiyaların qarşı-qarşıya gəlməsinin insanlığa zidd olan acı fəsadlarına şahidlik etmək dərin təəssüf hissi doğurur. Demokratik dəyərləri ilə öyünən bir sıra ölkələrdə məhz dərisinin rənginə və fərqli inanclarına görə insanların qətlə yetirilmələri, onların təhsil və digər hüquqlarının müxtəlif qadağalarla məhdudlaşdırılması, xaricdən gələn məqsədyönlü ssenarilər əsasında öz ölkələrində rahat həyatları pozulan miqrantların qarşısına sığınmaq istədikləri dövlətlərdə keçilməz divarlar hörülməsi, uşaqların, qocaların, qadınların zorla geriyə - müharibənin, od-alovun içinə göndərilməsi bizi bəşəriyyətin gələcəyi barədə daha ciddi düşünməyə sövq edir.
Dünyadakı belə kədərli mənzərə fonunda tolerantlıq çağırışlarının aktuallığı daha da artıb. Xalqları, dinləri, mədəniyyətləri ayıran deyil, birləşdirən cəhətləri təbliğ etməklə dünyanı yeni qütbləşmələrdən xilas etmək mümkündür.
Azərbaycan mədəni və dini müxtəlifliyə yüksək dözümlülük nümayiş etdirir
Dünyada milli-dini-irqi müxtəlifliyə münasibətdə müşahidə edilən neqativ mənzərə ilə müqayisədə Azərbaycandakı vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır.
Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, bu gün Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvlərinə öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir.
Deyilənlərdən də aydın olduğu kimi, dünyaya yüksək tolerantlıq, mədəni müxtəliflik, dini dözümlülük nümayiş etdirməsi ölkəmizin mənzərəsini fərqləndirən əsas cəhətlərdən biridir. Əlamətdar haldır ki, Azərbaycanda tarixi ənənələrlə, milli-dini-mədəni müxtəlifliyə münasibətdə cəmiyyətdən gələn sosial sifarişlərlə dövlətin həyata keçirdiyi siyasət bir-birini tamamlayır. Ölkənin ayrı-ayrı regionlarında müxtəlif mədəniyyətlərin daşıyıcısı olan ailələr o qədər qaynayıb-qarışıblar ki, onları fərqləndirmək belə çox çətindir.
Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər dəfələrlə bəyan etmişdi ki, milli-dini müxtəlifliyə dözümlü yanaşma, ölkənin bütün vətəndaşlarına bərabər hüquqların verilməsi Azərbaycanın demokratiya yolu ilə inkişafının əsas prinsiplərindən birini təşkil edir.
Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə verdiyi önəmi və bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir.
Ölkəmiz qlobal miqyasda həmrəyliyin dərinləşməsində mühüm rol oynayır
Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da multikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Prezident İlham Əliyev bu xüsusda Azərbaycanın niyyətini ifadə edərək deyib: “Biz istəyirik ki, dünyada müsbət meyillər üstünlük təşkil etsin. Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə aparır. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik”.
Məlumdur ki, son illərdə Azərbaycan multikultural dəyərlərin təbliğ olunduğu müxtəlif beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən bir məkana çevrilib. Ölkəmizdə davamlı olaraq mədəniyyətlərarası dialoq və humanitar forumlar keçirilir. Dünyanın iki yüzdən artıq ölkəsini əhatə edən Avropa və Asiya təşkilatlarının üzvü olan Azərbaycan sivilizasiyalararası əlaqələrin gücləndirilməsində nadir rol oynayır. Məhz Azərbaycanın təşəbbüsü əsasında Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyət və digər sahələrdə dialoqun əsasını təşkil edən “Bakı prosesi”nə uğurla start verilib. Azərbaycan “Eurovision-2012” beynəlxalq mahnı yarışmasına, ötən ilin yayında dünyanın 50 ölkəsindən gələn 6 min atletin qatıldığı birinci Avropa Oyunlarına böyük uğurla ev sahibliyi edib. Qarşıda ölkəmizi bu il keçiriləcək Formula-1 yarışları, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları gözləyir. Cari ildə Bakıda həmçinin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də beynəlxalq miqyasda dözümlülük ideyalarının təbliğinə sanballı töhfədir
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrində keçirilən silsilə tədbirlər tolerantlıqla bağlı Azərbaycanın ənənələrinin təbliğində müstəsna rol oynayır. Tolerantlıq ənənələrinin qorunması işinə xüsusi əhəmiyyət verən Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılıb, eyni zamanda, “Or-Avner” Beynəlxalq Fondu ilə birgə Bakıda yaşayan yəhudi uşaqları üçün 600 yerlik təhsil mərkəzi inşa edilib. Heydər Əliyev Fondunun bir sıra xarici ölkələrdə reallaşdırdığı layihələr də dünyada hümanizm prinsiplərinin təbliği nöqteyi-nəzərindən çox əlamətdardır. Fond “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Pakistan, Gürcüstan, Misir, Rusiyada bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Fondun dəstəyi ilə 2012-ci ildə Parisdəki məşhur Luvr muzeyində İslam mədəniyyəti bölməsi açılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə Romada müqəddəs katakombalar bərpa edilir. Son illərdə Heydər Əliyev Fondu Fransada bir neçə iri layihə həyata keçirib. 2005-ci ildə Fond Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə yardımı göstərib. Eyni zamanda, Heydər Əliyev Fondu Fransanın müxtəlif regionlarında qədim kilsələrin bərpasında iştirak edir. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına Fond öz dəstəyini göstərib.
Ötən ilin sentyabrında isə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda konfrans keçirilib və “Parisin ürəyində Azərbaycan musiqisi” adlı konsert təşkil olunub. Fondun prezidenti Mehriban xanım Əliyevanın vurğuladığı kimi, bütün bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin təbliği və təşviqinə, xalqlararası və dinlərarası əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Mübariz ABDULLAYEV
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”

Paylaş:
Baxılıb: 632 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31