Azərbaycanda özəl bölmənin inkişafına güclü dəstək verilir
24.02.2016 [10:04]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir
Artıq bir neçə ildir ki, qlobal iqtisadiyyatda müşahidə olunan mənfi tendensiyalara baxmayaraq, Azərbaycan ölkə daxilində sosial-iqtisadi inkişafın ardıcıllığını təmin etməyə nail olur. Son 12 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Ötən il isə ölkəmiz öz iqtisadiyyatını 1 faizdən çox genişləndirməyə nail olub ki, bu da qlobal təhdidlərin artdığı və iqtisadi tənəzzülün daha da dərinləşdiyi bir şəraitdə böyük uğur kimi dəyərləndirilir. Eyni zamanda, Azərbaycan indiki çətin vəziyyətdə də özünün sosial dövlət siyasətinə sadiqlik nümayiş etdirərək bu sahədə bütün proqramları həyata keçirir, əhalinin rifah halının daha da yaxşılaşdırılmasına hesablanan yeni təşəbbüslərlə çıxış edir. Azərbaycanın son illərdə qlobal miqyasda müşahidə edilən bir sıra arzuolunmaz tendensiyalar, o cümlədən də dünya birjalarında neftin kəskin şəkildə ucuzlaşması fonunda yaranan yeni iqtisadi şəraitə uğurla adaptasiya olunması və sosial-iqtisadi inkişafın davamlılığını təmin etməsi bir sıra amillərlə şərtlənir ki, bunların da içərisində ölkəmizdə özəl bölmənin inkişafının davamlı şəkildə dəstəklənməsi mühüm yer tutur. Zamanında iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin inkişafının stimullaşdırılması bu gün etibarlı platforma qismində çıxış edərək ölkəmizin yeni qlobal çağırışlara yüksək dayanıqlılığına möhkəm təminat yaradır.
Hazırda Azərbaycan iqtisadiyyatının 80 faizdən çoxu özəl bölmədə formalaşır
Son 12 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Ötən il fond tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib. Həmin kreditlərin 64 faizi regionların payına düşür.
Ölkədə sahibkarlığın inkişafına digər vasitələrlə də dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçik həcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forum, sərgi, “dəyirmi masa” və bu qəbildən olan digər tədbirlər keçirilib. Bəhs olunan tədbirlərdə ölkənin investisiya mühiti təqdim olunub.
Göründüyü kimi, ölkəmizdə özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində son 12 ildə respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini nəzərə çatdıraraq deyib: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.
Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,5 dəfə artaraq 386 minə çatıb.
Ölkədə sahibkarlığın dəstəklənməsinin həmçinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan iş yerlərinin isə 81 faizi regionların payına düşüb.
Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.
Beləliklə, özəl bölmənin dinamik inkişaf etdirilməsi fonunda ölkə iqtisadiyyatının strukturunda ciddi keyfiyyət dəyişiklikləri baş verib. Prezident İlham Əliyev hazırda ölkə iqtisadiyyatının 80 faizdən çoxunun özəl bölmədə formalaşdığını vurğulayaraq, bunu respublikamızda həyata keçirilən siyasətin nəticəsi kimi səciyyələndirib: “Sahibkarlığın inkişafı üçün çox işlər görülübdür. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi - 80 faizdən çoxu özəl sektorda formalaşır. Bu, son illər ərzində görülmüş işlərin nəticəsidir”.
Yeni dövr yeni yanaşmalar tələb edir
Meydana çıxan yeni trendlər, o cümlədən də dünya birjalarında neftin ucuzlaşması öz növbəsində qlobal iqtisadiyyata açıq olan Azərbaycana da təsirsiz ötüşməyib. Qlobal məkanda müşahidə edilən məlum proseslər fonunda ölkəmizdə yeni iqtisadi vəziyyət yaranıb. Yeni iqtisadi şəraitin diqtə etdiyi əsas şərtlərdən biri ölkənin daxili resurslarından, o cümlədən də neftdənkənar iqtisadiyyatın və özəl bölmənin potensialından daha səmərəli istifadə olunması ilə bağlıdır. Prezident İlham Əliyev bəhs olunan məqamlara diqqət çəkərək vurğulayıb: “Yeni dövr, yeni vəziyyət yeni yanaşmalar tələb edir. Ona görə indiki şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görülməlidir”.
Prezident İlham Əliyevin ölkənin güclü iqtisadi potensialına əsaslanaraq verdiyi tapşırıqlar və sahibkarlığın inkişafı, iqtisadi fəallığın artırılması, daxili istehsalın təşviq edilməsi, islahatların dərinləşdirilməsi, şəffaflığın təmin olunması məqsədi ilə imzaladığı bir sıra mühüm sənədlər onu deməyə əsas verir ki, Azərbaycanda 2016-cı il və perspektiv üçün yeni inkişaf kursu müəyyənləşdirilib. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmalıdır: “Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır, müvafiq göstərişlər, tapşırıqlar, sərəncamlar verilmişdir. Bu sahə mütləq daim diqqət mərkəzində olmalıdır”.
Dövlət başçısının müəyyənləşdirdiyi yeni iqtisadi kurs iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin davamlı inkişafının təmin edilməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı böyük önəm daşıyır. Bu Fərmanla investisiya təşviqi sənədinin verilməsi qaydası təsdiqlənib. Qaydalara əsasən investisiya təşviqi sənədinin verilməsi üçün meyarlar müəyyənləşdirilib. Dövlət başçısının imzaladığı sənədlər arasında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam da xüsusi yer tutur.
Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər də xüsusi aktuallıq kəsb edir. Dövlət başçısının ölkədə biznes mühitinin yaxşılaşdırılmasına hesablanan başqa bir tələbi gömrük rəsmiləşdirilməsinin və bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması, inhisarçılığın qarşısının alınması ilə bağlıdır. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.
Sahibkarlar da sosial məsuliyyətlərini dərk etməlidirlər
Yuxarıda sadalanan faktlar ölkəmizdə özəl bölmənin inkişafına yaradılan əlverişli mühit, bu sahənin davamlı surətdə dövlət qayğısı ilə əhatə olunması barədə konkret təsəvvür yaradır. Buradan da sahibkarların dövlət və cəmiyyət qarşısında sosial məsuliyyət məsələsi gündəmə gəlir. Hərtərəfli dövlət qayğısından bəhrələnən iş adamları da dövlətin, ölkənin qarşısında duran məsələlərin həllinə öz töhfələrini verməlidirlər. Prezident İlham Əliyev sahibkarlıq subyektlərini respublikada yeni iş yerlərinin yaradılması prosesində fəal iştirak etməyə çağırıb. Məlumdur ki, son 12 ildə ölkə miqyasında 1,5 milyon yeni iş yerləri açılıb ki, onların da 1 milyonu daimidir. Bununla belə, ölkədə əhalinin də sayı artır. Əgər 2003-cü ildə Azərbaycan əhalisinin sayı 8,4 milyon nəfər idisə, hazırda 9,7 milyon nəfərə çatıb. Yəni bəhs olunan dövrdə respublika əhalisi 1 milyon 300 min nəfər artıb. Təbii ki, ölkədə yeni iş yerlərinin yaradılması da ölkə əhalisinin artım dinamikasına uyğun olmalıdır və bu ümumi işə sahibkarlar da öz töhfələrini verməlidirlər. Bununla bağlı fikirlərini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: “...Hesab edirəm ki, əgər iş adamları bu məsələyə sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşsalar və işsiz qalan insanları işə götürsələr, yaxud da ki, ixtisar etmək istədikləri insanları ixtisar etməsələr, onlar ümumi işimizə töhfə verərlər. Çünki bu, sosial məsuliyyətdir. Bu, bizim ümumi işimizdir”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

